“Dünya bu gün: Çağırışlar və ümidlər”

“Dünya bu gün: Çağırışlar və ümidlər”

Prezident İlham Əliyev bu mövzuda X Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilib.
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin indiki ağır zəmanədə insanların bir araya gəlməsinin, tarixdən götürülmüş dərslərin bir daha nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb: “Biz bir-birimizi ayıran xətləri aşaraq, etnik, irqi və digər cəhətlərə baxmayaraq, ümumbəşəri məqsədlər üçün çalışmalı, mübarizə aparmalıyıq. Çünki hamımız bu fikirdəyik. Bildiyiniz kimi, BMT 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərini, 2015-ci ildə isə Dayanıqlı İnkişaf Məqsədlərini qəbul edərək hamımız üçün, bütün bəşəriyyət üçün ümumi bir gündəlik müəyyənləşdirmişdir. İndi bizim qarşımızda ümumi çağırışlar var. Biz bilirik ki, pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Bu cür çağırışların həlli yolları tapılmalıdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.
Dövlət başçısı qonaqları salamlayıb və X Qlobal Bakı Forumunda iştiraka görə təşəkkür edib. Həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyəti sayəsində 60-dan çox ölkədən 350-dən artıq nümayəndənin, o cümlədən 50-dən artıq hazırkı və sabiq prezident və baş nazirin iştirak etdiyi tədbirdə iştirakçıların təmsilçilik səviyyəsinin və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun olduğunu söyləyən Prezident müzakirələrin səviyyəsinin kifayət qədər yüksək olacağını təxmin etdiyini deyib.
Panellərdən birinin multilateralizmə həsr olunmasını xatırladan dövlət başçısı bundan məmnunluğunu ifadə edib: “Xüsusilə ona görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində, təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını canlandırmağa çalışdıq. Bu məqsədlə beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik”.
Prezident İlham Əliyev həmçinin Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılan addımlardan, Qoşulmama Hərəkatının sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı kimi təməl prinsiplərinə əməl olunmasının vacibliyindən, Azərbaycanın Ermənistanla münaqişənin həlli üçün gördüyü işlərdən danışıb. Dövlət başçısı çıxışında enerji və daşımalar dəhlizləri, enerji keçidi məsələlərinə də toxunub, “Biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq” deyib.
Sonra Latviya Respublikasının Prezidenti Egils Levits çıxış edərək Latviya ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışıb, ölkəmizin son illərdə beynəlxalq münasibətlərdə oynadığı mühüm rolu vurğulayıb: “Azərbaycan Qoşulmama Hərəkatında aparıcı rol oynayır. Azərbaycan COVID-19 pandemiyasından sonrakı qlobal diskussiyalara aparıcılıq edir. Xüsusən, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun bu yaxınlarda keçirilən Zirvə görüşünü qeyd edərdim”.
Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta qlobal dünya nizamını təhdid edən mühüm problemlərdən, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlərdən danışmağın vacibliyini vurğulayıb.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəyə çevirdiyi bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib, Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsini səmimiyyətlə arzuladığını söyləyib.
BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima pandemiyadan sonrakı dövrdə beynəlxalq səviyyədə inteqrasiyanı gücləndirməyin və əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıb, belə bir platformada və müzakirələrdə iştirakdan şad olduğunu deyib.
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusun videomüraciəti iştirakçılara təqdim olunub. ÜST rəhbəri çıxışında deyib ki, səhiyyəyə investisiya dayanıqlı inkişafa da təsirini göstərir. Biz bunu insan hüquqlarının müdafiəsi istiqamətində də istifadə edə bilərik. Tedros Gebreyesus forumun səmərəli olacağına və müzakirə edilən problemlərin həllinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Forumun təşkilinə görə Azərbaycanın Prezidentinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib.
Tədbirdə həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubları oxunub.
Sonda Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike–Freyberqa çıxış edərək, dünyada hazırkı geosiyasi vəziyyət haqqında danışıb, müharibə və təhdidlərin beynəlxalq səviyyədə bir sıra ciddi problemlər doğurduğunu bildirib. Həmsədr bir çox münaqişələrin həlli yollarının tapılması baxımından Forumun işini yüksək qiymətləndirib.
Forum işini panel iclaslarla davam etdirib.
Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınıb, qarşıda duran çağırışların həlli yolları müzakirə olunub, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulub, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova