Milli standartlaşdırma sistemi üzrə Dövlət Proqramı qəbul edildi

Milli standartlaşdırma sistemi üzrə Dövlət Proqramı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndləri rəhbər tutularaq, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunur. Bu nazirlik Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini isə İqtisadiyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” qlobal trendləri, ölkəmizdə müvafiq sahədə mövcud vəziyyəti, hədəf göstəricilərini, məqsədləri, prioritet istiqamətləri, maliyyələşmə mənbələrini və tədbirlər planını özündə ehtiva edir.
Proqramda insan sağlamlığı ilə bağlı bəzi məsələlər də yer alıb.
Belə ki, sənədin “Prioritet istiqamətlər” bölməsinin “Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmə sisteminin formalaşdırılması” bəndində insan sağlamlığını təhlükəli qidalardan (əsasən qida məhsullarındakı qida əlavələrindən, çirkləndiricilərdən, zəhərli maddələrdən və ya xəstəlik törədən orqanizmlərdən yaranan risklərdən), heyvan və insan sağlamlığını heyvan xəstəliklərindən, təhlükəli yemlərdən, bitki sağlamlığını zərərli orqanizmlərdən, həmçinin zərərvericilər nəticəsində yarana biləcək digər zərərdən qorumaq məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair standartlaşdırma üzrə normativ sənədlərdən məcburi tələblərin çıxarılması nəzərdə tutulur.
“Texniki tənzimləmənin şamil olunduğu malların təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması” prioritet istiqaməti üzrə isə insan sağlamlığı üçün təhlükəli hesab edilən texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qanunvericilik bazasının formalaşdırılması planlaşdırılır.
Dövlət Proqramına dair Tədbirlər Planında Səhiyyə Nazirliyinin icraçılardan biri olduğu bəndlər var. Bu tədbirlərin hər birində əsas icraçı orqan İqtisadiyyat Nazirliyidir, Səhiyyə Nazirliyi isə digər icraçılardan biridir.
“Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla texniki tənzimləmə sisteminin formalaşdırılması” bəndi üzrə “Texniki tənzimləmənin şamil olunduğu malların əhatə dairəsinin müəyyənləşdirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi” tədbiri 2023-cü ildə yerinə yetirilməlidir. Onun icraçıları arasında Fövqəladə Hallar, Səhiyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi var. Tədbir texniki reqlamentlərin layihələrinin hazırlanması məqsədilə texniki tənzimləmənin şamil olunduğu malların siyahısına dair aidiyyəti dövlət orqanlarından rəy və təkliflərin əldə edilməsini, bu təkliflər nəzərə alınmaqla texniki tənzimləmənin şamil olunduğu malların siyahısının hazırlanmasını, həmin malların siyahısının təsdiqi üçün aidiyyəti üzrə təqdim edilməsini nəzərdə tutur.
“Texniki tənzimləmənin şamil olunduğu mallara dair texniki reqlamentlərin qəbulu” tədbirinin icraçıları arasında Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB də yer alır. 2023-2025-ci illəri əhatə edən bu tədbirin nəticə indikatorları texniki tənzimləmənin şamil olunduğu malların siyahısına uyğun olaraq Avropa İttifaqında qüvvədə olan direktivlərin müəyyən edilməsi, həmin mallara dair dövlət siyasətini və tənzimləməsini həyata keçirən aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq texniki reqlamentlərin layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi, həmin malların siyahısına uyğun olaraq, Avropa İttifaqının direktivləri əsasında texniki reqlamentlərin qəbuludur.
Tədbirlər planının daha bir bölməsi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması” adlanır. Bu bölmənin “Texniki tənzimləmənin şamil olunduğu mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair standartlaşdırma üzrə normativ sənədlərdən məcburi tələblərin çıxarılması” (2023–2025), “Standartlaşdırma üzrə dövlət fondunda mövcud olan və istinad standartları kimi istifadə olunacaq standartların beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi” (2023–2024), “Milli standartlaşdırma çərçivəsinin hazırlanması” (2023), “Beynəlxalq təcrübə nəzərə alınmaqla, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi” (2023–2025) tədbirlərində Səhiyyə Nazirliyi icraçılardan biridir. Sonuncu bəndin icrasına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB də cəlb olunacaq.
“Texniki tənzimləmə sahəsində infrastruktur təminatının yaxşılaşdırılması” bölməsi üzrə “Texniki tənzimləmə sahəsində laboratoriyaların diaqnostik qiymətləndirilməsinin aparılması” (2023), “Texniki tənzimləmə sahəsində laboratoriyalar şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni laboratoriyaların yaradılması və maddi-texniki təchizatının təmin edilməsi” (2023–2025) tədbirlərinin icrasında da Səhiyyə Nazirliyi iştirak edəcək.
Tədbirlər planında həyata keçirilməsində Səhiyyə Nazirliyinin iştirakı nəzərdə tutulan sonuncu tədbir “Texniki tənzimləmənin şamil olunduğu malların təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması” bölməsinin “İnsan sağlamlığı üçün təhlükəli hesab edilən texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qanunvericilik bazasının formalaşdırılması” (2023–2024) bəndidir. Bu tədbir üzrə texniki reqlamentlərin tələblərinə cavab verməyən malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı təkliflər hazırlanması, onların aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması, eləcə də bununla bağlı qanunvericilik bazasının formalaşdırılması planlaşdırılır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova