“Nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz”

“Nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz”

Prezident İlham Əliyev Davosda Çin televiziya kanalına müsahibə verib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda iştirak edərkən Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.
Söhbət zamanı dövlət başçısı səhiyyə ilə bağlı bəzi məqamlara da toxunub.
Müxbir xatırladıb ki, Dünya İqtisadi Forumunun mövzusu “Parçalanmış dünyada əməkdaşlıq”dır: “Bu mövzunun seçilməsinin səbəbi ondan ibarətdir ki, əməkdaşlıq etmək çətindir. Bu mənada, ölkənizin lideri olaraq və hazırda dünyanın çağırışlarına qarşı konstruktiv rol oynayarkən Siz əməkdaşlığın mənasını nədə görürsünüz? Əməkdaşlığı çətinləşdirən nədir?”
Prezident İlham Əliyev bildirib ki, buna bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada liderlik uğrunda mübarizə, öz potensialının düzgün hesablanmaması, qarşıdakı opponentin olduğundan aşağı qiymətləndirilməsi səbəb olur: “Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub”.
Müxbirin “Bu, həyat kimidir” sözlərinə cavab olaraq Prezident İlham Əliyev siyasətlə həyatın çox oxşar olduğunu deyib, ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi səylərini misal çəkib: “Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz, həqiqətən də, nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik. Çünki böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Böyük güclərin maraqları arasındakı uçurum, ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər.
Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar”.
Müxbir məsələnin bu cür qoyuluşunu təqdir edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova