Səhiyyə naziri Teymur Musayev: “Vətən müharibəsində Azərbaycanın tibb işçiləri əsl qəhrəmanlıq nümayiş etdirdilər”
Azərbaycan Tibb Universitetində (ATU) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Vətən müharibəsində qələbəmizin ikinci ildönümünə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə Azərbaycan Tibb Universitetində şəhid məzunların xatirəsinə ucaldılmış abidə kompleksinin önünə güllər düzüblər.
Toplantının əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Zəfər Günü 44-günlük Vətən müharibəsində xalqımızın birliyinin rəmzi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli ordumuzun parlaq qələbəsinin simvoludur: “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də şücaət və qəhrəmanlıq salnaməsi olan Zəfər Günüdür. Hər bir azərbaycanlının qürur və fəxr mənbəyi olan bu gün milli ləyaqətimizi özümüzə qaytardı, başımızı dik tutmağa imkan verdi”.
Nazir bildirib ki, ərazilərimizin işğaldan azad edilməsi məqsədilə aparılan əks-hücum əməliyyatları ölkə səhiyyəsinin də üzləşdiyi ciddi sınaq oldu: “Qırx dörd günlük Vətən müharibəsində yaralananların həyatı uğrunda savaşda bütün tibb işçiləri səfərbər oldular, vəzifə borclarını peşəkarcasına, ləyaqətlə, vicdanla yerinə yetirdilər. Azərbaycanın tibb işçiləri əsl qəhrəmanlıq və öz peşələrinə sədaqət nümayiş etdirdilər. Həm hərbi, həm də mülki həkimlər ön və arxa cəbhədə yüzlərlə yaralı hərbçimizin həyatının xilası, onların tam sağalması, normal həyata qayıtması uğrunda əzmkarlıqla vuruşdular və hazırda da bunu davam etdirirlər. Həkimlər və orta tibb işçiləri paytaxt və regionlarda yerləşən tibb müəssisələrində gecə-gündüz əməliyyatxanalardan çıxmadılar, bununla yanaşı, Vətənin çağırışı ilə könüllü olaraq cəbhə bölgəsinə də getdilər. Onların arasında qadın həkimlər və tibb bacıları da var idi. Həyatlarını təhlükəyə ataraq güllə və mərmi yağışları altında təcili yardım maşınlarında yaralıları xəstəxanalara çatdıran, cəbhə bölgəsində çətin şəraitdə yaralılara ilkin tibbi yardım göstərən, hətta mürəkkəb əməliyyatlar icra edən, həyatları xilas edən hər bir igid tibb işçisinə minnətdarlığımı bildirirəm.
Öz vəzifə borcunu yerinə yetirən həkimlər və digər tibb işçiləri arasında, təəssüf ki, şəhid olanlar və yaralananlar oldu. Doqquz həkim, 7 feldşer, 26 tibbi təlimatçı hərbçilərin sağlamlığını qorumaq üçün nəcib vəzifələrini yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı. Şəhid tibb işçilərinin xatirəsi daim bizim üçün əzizdir. Əksəriyyəti Tibb Universitetinin məzunları olan həmin şəhid həkimlərin xatirəsi, nə yaxşı ki, burada əbədiləşdirilib və həmişə yad ediləcək”.
T.Musayev vurğulayıb ki, yaralı əsgər və zabitlərimizin sağlamlıqlarının bərpası zamanı son dövrlərdə ölkə səhiyyəsinin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi üçün görülən işlərin böyük rolu olub. O bildirilib ki, paytaxtda və regionlarda yeni tibb müəssisələrinin açılması, xüsusilə cəbhəyanı bölgələrdə ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş rayon mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzlərinin yaradılması lazımi məqamda yaralılara yardım göstərilməsi üçün vaxtında atılmış zəruri addım idi.
Səhiyyə nazirinin sözlərinə görə, müharibə dövründə və ondan sonra yaralıların həyatı və sağlamlığı uğrunda mübarizədə digər tibb işçilərinin sırasında Azərbaycan Tibb Universiteti, onun klinikaları, professor-müəllim heyəti, əməkdaşları, rezidentləri və tələbələri də var qüvvə ilə çalışdılar, əllərindən gələni əsirgəmədilər, öz vəzifə və vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirdilər: “ATU-da işləyən 50-dən çox həkim və orta tibb işçisi Tədris Cərrahiyyə Klinikasında, eləcə də cəbhə bölgəsinə yaxın tibb müəssisələrində yüzlərlə yaralı hərbçimizə tibbi yardım göstərib. ATU-nun Tədris Cərrahiyyə Klinikasında 550 nəfərdən çox qazi stasionar, 250 nəfərdən çoxu ambulator müalicə alıb. İrihəcmli rekonstruktiv cərrahi əməliyyatlar, endoprotezlərin qoyulması, dəri və əzələ plastikaları, üz cərrahiyyəsi, oftalmoloji, neyrotravmatoloji, uroloji və s. sahələrdə ciddi əməliyyatlar icra olunub.
Bundan başqa, qazilərə psixoloji dəstək, nevropatoloq müayinə və müalicəsi də göstərilib. Mən böyük fədakarlıqla hər bir xəstənin, yaralının həyatı uğrunda əlindən gələni əsirgəməyən bütün tibb işçilərinə minnətdarlığımı bildirirəm”.
Tədbirdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi xüsusi qəhrəmanlığın müasir hərb tarixinə qızıl hərflərlə yazıldığını bildirib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı qarış-qarış, kənd-kənd azad etdi və 8 noyabr Azərbaycan tarixinə Qələbə günü kimi daxil oldu. Həmin gün Qarabağın tacı Şuşa işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda üçrəngli bayrağımız ucaldıldı. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək Türkiyə - Azərbaycan qardaşlığının bariz nümunəsi oldu.Təəssüf ki, Zəfərimiz bizə itkisiz, xəsarətsiz başa gəlmədi. Savaş meydanında yüzlərlə Azərbaycan gənci canını, sağlamlığını qurban verməli oldu.
Müharibədə şəhid olmuş 18 hərbi həkim və feldşer Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin yetirmələridir. Onlar əllərinə silah almasalar da, bu müharibənin cəsarətli döyüşçüləri olublar. Öz həyatlarını təhlükə altına ataraq yaralılara qulluq ediblər və qəhrəmanlıqla şəhid olublar.
Xalqımız mərdlik göstərən tibb işçilərinin xatirəsini heç zaman unutmayacaq. ATU-nun məzunları, əməkdaşları, həkim və tibb işçilərinin Vətən müharibəsi zamanı və sonrakı dövrdə qazilərin reabilitasiyası və müalicəsində göstərdikləri peşəkar yardımları və xüsusi xidmətləri xalqımız tərəfindən yüksək qiymətləndirilir. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq”.
Sonra “Qan yaddaşımız” və “Zəfər tarixçəsi” videoçarxları nümayiş olunub.
Sonda ATU tələbələrinin ifasında musiqi nömrələri səsləndirilib, “Şəhid anası” tamaşası təqdim edilib.