Milli Məclis səhiyyə ilə bağlı qanunlara dəyişikliklər edib

Milli Məclis səhiyyə ilə bağlı qanunlara dəyişikliklər edib

Noyabr ayında Milli Məclisin payız sessiyasının növbəti plenar iclasları keçirilib.
AZƏRTAC-ın verdiyi xəbərə görə, ilk iclasda parlament “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə edib.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Zahid Oruc, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Tahir Rzayev, Hicran Hüseynova, komissiya sədrləri Eldar İbrahimov, Eldar Quliyev, deputatlar çıxış ediblər. Onlar 2023-cü ilin dövlət büdcəsini müstəqillik tariximizin ən böyük dövlət büdcəsi kimi xarakterizə ediblər. Büdcə layihəsində əvvəlki illərdə olduğu kimi, sosialyönümlü xərclərinin artırılması müsbət qiymətləndirilib. Bildirilib ki, tarixdə ilk dəfədir dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 30 milyard manatı keçib.
Deputatlar səhiyyəyə, təhsilə, ailə institutunun qorunmasına, qadın və uşaqların müdafiəsinə ayrılan vəsaitlərin artırılmasını təqdir etməklə yanaşı, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, büdcə vəsaitlərinin nəticə yönümlülüyünün yüksəldilməsi kimi məsələlərlə bağlı fikirlərini bölüşüblər, rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Geniş müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyulub və qəbul edilib.
Sonra iclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, Məcəlləyə müxtəlif istiqamətlər üzrə dəyişikliklər təklif olunur. Bunlardan birincisi investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə vergi yükünün azaldılması ilə bağlıdır. Burada ən böyük həcm işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi barədədir.
İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddəti də 2024-cü il yanvarın 1-dək uzadılacaq.
Layihə ilə bağlı Milli Məclisin komitə sədri Zahid Orucun, deputatlardan Azər Badamovun və Bəhruz Məhərrəmovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) haqqında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. O bildirib ki, dəyişiklik qanuna 15-21.1-1-ci maddənin əlavə edilməsini nəzərdə tutur. Maddədə bildirilir ki, İcbari Tibbi Sığorta Fondunun büdcəsi hər il üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq olunur.
Layihə birinci oxunuşda qəbul edilib.
Sonra komitə sədri Tahir Mirkişili bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) icmal büdcənin tərkib hissəsi olacaq İcbari Tibbi Sığorta Fondunun gəlir və xərclərinin icmal büdcənin gəlir və xərclərində nəzərə alınması qaydasını müəyyən edir.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Tahir Mirkişili bildirib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliyə əsasən, bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də əlavə edilir. Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.
Layihə birinci oxunuşda təsdiqlənib.
Milli Məclisin növbəti plenar iclasında 2023-cü ilin dövlət büdcəsi ikinci oxunuşda müzakirə olunub. Qanun layihəsini təqdim edən komitə sədri Tahir Mirkişili bildirib ki, büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 289,2 milyon manat artırılaraq 15 milyard 218,9 milyon manata çatdırılıb. Təhsil xərclərinin 4 milyard 423 milyon manat, səhiyyə xərclərinin 1 milyard 906 milyon manat olacağı proqnozlaşdırılır.
İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək, növbəti ilin dövlət büdcəsinin Milli Məclisin komitələrində və plenar iclasda birinci oxunuşda müzakirələri zamanı deputatlar tərəfindən verilən təklif və tövsiyələrin təhlil edildiyini, büdcə xərclərinin artırılması ilə bağlı təkliflər üçün əlavə maliyyə təminatının yaradılmasına 2023-cü il və sonrakı 3 ildə makroiqtisadi sabitliyin qorunub saxlanması, makrofiskal uyğunluğun təmin edilməsi baxımından yanaşıldığını bildirib. Nazir vurğulayıb ki, növbəti ilin dövlət büdcəsi layihəsində həssas və aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat sahələrində islahatların davam etdirilməsini təmin edən proqram və tədbirlər üçün maliyyə təminatı yaradılıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
"Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, qanun layihəsinin birinci oxunuşundan sonra sənədlə bağlı komitəyə əlavə, təklif və irad daxil olmayıb. O, deputatlardan qanun layihəsini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
"Büdcə sistemi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, “Tibbi sığorta haqqında" Qanuna əsasən, icbari tibbi sığorta fondunun yaradılması nəzərdə tutulub. İcbari tibbi sığorta fondu büdcədənkənar fond olduğu üçün bu qanun layihəsi onun gəlir və xərclərinin icmal büdcənin gəlir və xərclərində nəzərə alınması qaydasını müəyyən edir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
"Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı da komitə sədri Tahir Mirkişili təqdim edib. O, deyib ki, mövcud qanunvericiliyə əsasən, tibb müəssisələrində tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər nağdsız qaydada həyata keçirilir. Bu qanun layihəsi tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə də eyni müddəanın təsbit olunmasını özündə ehtiva edir. Bununla da bütün özəl tibb fəaliyyətinə (hüquqi şəxs yaradıb-yaratmamasından asılı olmayaraq) nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda baxılıb.
Qanun layihəsini təqdim edən komitə sədri Tahir Mirkişili bildirib ki, adıçəkilən qanunlara təklif olunan dəyişikliklər vergitutma məqsədi ilə davranışların dəqiqləşdirilməsi ilə bağlıdır. Sənəd Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli Qanuna uyğun olaraq hazırlanıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənəd barədə bu komitələrin müsbət rəy verdiyini söyləyiblər.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova