“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.
Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri əlaqələndirmə tədbirləri görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirsin;
3.2. Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
5. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2022-ci il
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair
I Dövlət Proqramı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ilə yaxın müddət ərzində dövlətimizin güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi məqsədi ilə hazırlanıb. Dövlət Proqramı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasını təmin edəcək.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.
Sənədin “Qlobal trendlər” bölməsində bildirilir ki, 2019-cu ilin dekabr ayından etibarən koronavirus (COVID-19) xəstəliyinin yayılması və qlobal pandemiyanın elan edilməsi, dünyada baş verən siyasi münaqişələr, eləcə də digər geosiyasi və iqtisadi proseslər beynəlxalq münasibətlərə, qlobal iqtisadiyyata, maliyyə və əmtəə bazarlarına kəskin təsir göstərməklə suverenlik və müstəqil xarici siyasət, ərazi bütövlüyü, sülh və təhlükəsizlik, güclü iqtisadiyyat, vətəndaşyönümlü sosial siyasət kimi amillərin əhəmiyyətini önə çıxarıb. Bu qlobal proseslər fonunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi ilə sadalanan istiqamətlər üzrə ölkənin daha da güclənməsi üçün tarixi şərait yaranıb.
İnkişaf etmiş ölkələrdə son onilliklər ərzində inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, dairəvi iqtisadiyyat və yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxıb. Proqramın hazırlanması zamanı bu amillər ətraflı araşdırılıb, onların mümkün təsirləri təhlil edilib. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılıb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” səhiyyə ilə bağlı bəzi məqamları da əhatə edir.
Belə ki, sənədin “Hədəf göstəricilər” bölməsində 2026-cı ilədək həyata keçirilməsi nəzərdə tutulan tədbirlər qruplaşdırılıb. Sosial inkişafla bağlı hədəf göstəricilərindən biri də təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunmasıdır.
“Dövlət Proqramının məqsədləri” bölməsində bildirilir ki, proqramın əsas məqsədləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı təsbit olunmuş 2 məqsəd: əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib. Bu məqsədlər arasında ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək; şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək; müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək; ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək; əhalinin məşğulluq imkanlarını artırmaq; sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və sair məqsədlər var.
Bu məqsədlərə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində əhalinin dayanıqlı məskunlaşması istiqamətində digər vəzifələrlə yanaşı, qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması üçün tədbirlər həyata keçirilməsi, onların əlçatanlığının təmin edilməsi də nəzərdə tutulur.
Belə ki, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin (səhiyyə, sosial müdafiə, mədəniyyət və idman, məktəblər və məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin qurulması və digər ictimai xidmətlərin təşkili) yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.
Dövlət Proqramında müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planı da hazırlanıb.
Tədbirlər Planının “Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini” prioritet istiqaməti üzrə “Yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması” fəaliyyət istiqamətində 2.4.7-ci bənd “Regional tibbi təhsil müəssisələrinin tikintisi” adlanır. Əsas icraçısı Səhiyyə Nazirliyi, digər icraçıları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi olan bu tədbir 2022-2026-cı illərdə həyata keçiriləcək. Bu müddətdə tibbi təhsil müəssisələrinin yaradılması ilə bağlı təkliflər hazırlanması, 1 tibbi təhsil müəssisəsinin tikintisi və fəaliyyətə başlaması nəzərdə tutulur.
Bu prioritet istiqamətin digər fəaliyyət istiqaməti “Yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması”dır. Onun “Qəsəbə və kəndlərdə ailə sağlamlıq mərkəzləri və tibb məntəqələrinin tikintisi və tibbi xidmətin təşkili” bəndi 2023-2026-cı illəri əhatə edir. Əsas icraçısı Səhiyyə Nazirliyi, digər icraçıları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi olan bu tədbir mərhələlər üzrə ailə sağlamlıq mərkəzləri və tibb məntəqələrinin tikintisi ilə bağlı təkliflər hazırlanmasını, 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin layihələndirilməsini, 41 ailə sağlamlıq mərkəzinin və 33 tibb məntəqəsinin tikintisinin başa çatdırılmasını, son nəticədə 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin başa çatdırılmasını və tibbi xidmətin təşkilini ehtiva edir.
Bu bəndin “Zəngilan rayonunun Ağalı kəndində və Xocavənd rayonunun Hadrut qəsəbəsində ailə sağlamlıq mərkəzlərinin fəaliyyətinin təşkili” yarımbəndi artıq icra edilib. Əsas icraçısı TƏBİB, digər icraçılar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi olan bu yarımbənd üzrə həmin ailə sağlamlıq mərkəzlərinin fəaliyyəti təşkil olunub, zəruri tibbi avadanlıqlarla təmin edilib və tibb personalı işə cəlb olunub.
Həmin istiqamətin “Çoxprofilli modul tipli xəstəxananın (poliklinika da daxil olmaqla) tikintisi və tibbi xidmətin təşkili” adlanan 2.5.2-ci bəndi 2022-2026-cı illəri əhatə edir. Əsas icraçısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər icraçılar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi olan bənddə modul tipli xəstəxananın tikintisi ilə bağlı təkliflər hazırlanması, xəstəxananın tikintisinin layihələndirilməsi və inşası, tikintinin başa çatdırılması və tibbi xidmətin təşkili yer alıb.
Bu bəndin “Zəngilan, Ağdam rayonlarında və Hadrut qəsəbəsində çoxprofilli modul tipli xəstəxanalar” yarımbəndi artıq icra edilib. Əsas icraçısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər icraçılar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) olan bu yarımbənd üzrə müvafiq tədbirin icrası çərçivəsində Zəngilanda tikinti işləri 50% tamamlanıb, 2022-ci ilin sonunadək hər 3 modul tipli xəstəxana istifadəyə veriləcək. TİKA ilə əməkdaşlıq çərçivəsində 2 modul tipli xəstəxana üçün tibbi avadanlıq və digər əsas vəsait formasında ianə cəlb olunub, 2022-ci il noyabr ayının sonunadək təhvil verilməsi nəzərdə tutulur.
Növbəti 11 bənd üzrə tədbirlərin əsas icraçısı Səhiyyə Nazirliyi, digər icraçılar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyidir.
2.5.3-cü bənd Rayon Mərkəzi Xəstəxanalarının (RMX) tikintisi və tibbi xidmətin təşkili” adlanır. Buraya RMX tikintisi ilə bağlı təkliflər hazırlanması, 4 RMX-nin tikinti layihəsinin hazırlanması və 6 RMX-nin tikintisinin başa çatdırılması, yekun nəticə olaraq isə 8 RMX-nin tikintisinin başa çatdırılması və orada tibbi xidmətin təşkili daxildir.
“Gigiyena və Epidemiologiya Mərkəzlərinin (GEM) tikintisi və tibbi xidmətin təşkili” adlanan növbəti bənd isə GEM-lərin tikintisi ilə bağlı təkliflər hazırlanmasını, 6 GEM-in tikinti layihəsinin hazırlanması və həyata keçirilməsini, yekun olaraq 8 GEM-in tikintisinin başa çatdırılması və tibbi xidmətin təşkilini nəzərdə tutur. Hər iki tədbir 2022-2026-cı illərdə həyata keçiriləcək.
“Psixiatriya xəstəxanasının tikintisi və tibbi xidmətin təşkili” adlanan 2.5.5-ci bənd bu xəstəxananın tikintisi ilə bağlı təkliflər hazırlanmasını, binanın layihələndirilməsi və tikintisini, eləcə də tikintinin başa çatdırılması və tibbi xidmətin təşkilini ehtiva edir.
Növbəti bəndlə onkologiya xəstəxanasının tikintisi və tibbi xidmətin təşkili planlaşdırılır. Burada onkologiya xəstəxanasının tikintisi ilə bağlı təkliflər hazırlanması, layihələndirilməsi və tikintisi, eləcə də tikintinin başa çatdırılması və tibbi xidmətin təşkili yer alıb.
Daha bir bənd vərəm əleyhinə xəstəxanaların tikintisini və tibbi xidmətin təşkilini nəzərdə tutur. Bu bənddə belə xəstəxanaların tikintisi ilə bağlı təkliflər hazırlanması, onların layihələndirilməsi və tikintisi, son nəticədə isə xəstəxanaların tikintisinin başa çatdırılması və tibbi xidmətin təşkili planlaşdırılır.
Regional Perinatal Mərkəzinin tikintisini və tibbi xidmətin təşkilini nəzərdə tutan bənd tikinti ilə bağlı təklif hazırlanması, Mərkəzin layihələndirilməsi və tikintisi, tikintinin başa çatdırılması və tibbi xidmətin təşkili kimi dövrləri əhatə edir.
Bu dörd bənd 2024-2026-cı illərdə icra ediləcək.
“Təcili tibbi yardım stansiyalarının (TTYS) tikintisi və tibbi xidmətin təşkili” adlanan 2.5.8-ci bənd gələn ildən həyata keçirilməyə başlayacaq. 2026-cı ilədək davam edəcək bəndə görə TTYS-lərin tikintisi ilə bağlı təkliflər hazırlanması, 3 stansiyanın layihələndirilməsi və tikintisi, yekunda tikintinin başa çatdırılması və tibbi xidmətin təşkili nəzərdə tutulur.
Fəaliyyət istiqamətinin növbəti dörd bəndində Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) rayon şöbələrinin, Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, QİÇS-lə Mübarizə Mərkəzinin və Narkoloji dispanserin tikintisi və tibbi xidmətin təşkili planlaşdırılır. Hər bir bənd üzrə işin mərhələləri – təkliflər hazırlanması, layihələndirilmə və tikinti, tikintinin başa çatdırılması və tibbi xidmətin təşkili müddəti müəyyən edilir. MTEPAB-la bağlı bənd 2022-2026-cı, qalan 3 bənd 2023-2026-cı illəri əhatə edir.
Tədbirlər Planının “Hərbi hospitalların tikintisi və tibbi xidmətin təşkili” adlanan növbəti – 2.5.14-cü bəndinin əsas icraçısı Müdafiə Nazirliyi, digər icraçılar isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyidir. Yekun nəticə olaraq 1 ədəd 182 çarpayılıq və 1 ədəd 80 çarpayılıq hərbi hospitalın tikintisinin başa çatdırılması və tibbi xidmətin təşkili nəzərdə tutulur.
Fəaliyyət istiqamətinin növbəti üç tədbirinin də əsas icraçısı Səhiyyə Nazirliyi müəyyən edilib. Bunlardan biri ərazilərdə psixo-sosial reabilitasiya, o cümlədən köçürüləcək şəxslərin əvvəlcədən tibbi yoxlanışdan keçirilməsi üçün tədbirlərin təşkilidir (2022-2026). Müvafiq sahədə təkliflər hazırlanmasının və həyata keçirilməsinin yekun nəticəsi geri qayıdan şəxslərin reabilitasiyası olacaq. Tədbirin icrası Səhiyyə Nazirliyi ilə yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, Fövqəladə Hallar Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinə və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə həvalə olunub.
Mərkəzi Qan Bankının regional bölməsinin tikintisi bəndi (2023-2026) Səhiyyə Nazirliyi ilə yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinə tapşırılıb. Tədbir illər üzrə tikinti ilə bağlı təklif hazırlanması, layihələndirilmə və tikinti, tikintinin başa çatdırılması kimi mərhələlərə bölünüb.
Tədbirlər Planının Səhiyyə Nazirliyinə aid olan son bəndi “Sanatoriyaların və düşərgələrin tikintisi” adlanır. Bu müəssisələrin tikintisi ilə bağlı təkliflər hazırlanmasına, onların layihələndirilməsi və tikintisinə tədbirin əsas icraçısı olan Səhiyyə Nazirliyindən başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da cəlb ediləcək.