İstanbulda Türk Dünyası Tibb Konqresi keçirilib

İstanbulda Türk Dünyası Tibb Konqresi keçirilib
İstanbulda Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi, Türk Dövlətləri Təşkilatı (TDT) və Türkiyə Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Türk Dünyası Tibb Konqresi keçirilib.
Beynəlxalq tədbirdə TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, tibb universitetlərinin rəhbərləri, müxtəlif ölkələrdən xüsusi olaraq dəvət olunmuş təbabət alimləri iştirak ediblər.
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, konqresdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Qeyd edək ki, hər il oktyabr ayında TDT ölkələrinin nümayəndə heyətlərinin iştirakı ilə Türk Dünyası Tibb Konqresinin keçirilməsi haqqında qərar 2021-ci il noyabrın 12-də İstanbulda TDT-nın “Rəqəmsal əsrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda VIII Zirvə Görüşündə qəbul edilib. Sammitdə dövlət başçılarının imzaladığı “Türk dünyasına baxış 2040” sənədində TDT-yə üzv və müşahidəçi statusunda olan dövlətlərin səhiyyə nazirləri və alimlərinin iştirakı ilə belə toplantıların təşkili nəzərdə tutulub.


Panel sessiyalar



Türk Dünyası Tibb Konqresinin ilk günündə “Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusunda panel sessiyalar keçirilib. Türkiyəli professor Hasan Hüseyin Yıldırımın moderatorluğu ilə “Dayanıqlı qlobal təchizat zənciri idarəetmə modellərinə töhfə” mövzusunda panel müzakirələr aparılıb.
Sessiyada çıxış edən Azərbaycan səhiyyə nazirinin müavini Rasim İsmayılov ilk olaraq koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər və əldə olunan uğurlu nəticələr barədə məlumat verib.
R.İsmayılov koronavirus pandemiyasının istehsalçı və istehlakçı davranışına əhəmiyyətli dərəcədə təsirini, mövcud vəziyyətdə təchizat zəncirlərinin fasiləsiz işləməsi üçün yeni yanaşmaların və alətlərin vacibliyini vurğulayıb. Bildirib ki, bir çox ekspertlər və bazar iştirakçılarının qənaətinə əsasən, tədarük zəncirlərinin yenidən qurulması üçün əsas yanaşmalardan biri təchizat zəncirinin xəritələnməsi, yəni vizuallaşdırılması olmalıdır: “Təchizat zəncirlərinin xəritələnməsi təchizatçıları, paylama mərkəzlərini, nəqliyyat marşrutlarını və əsas bazarların coğrafi yerini sistematik şəkildə qiymətləndirməyə imkan verir. Təchizatçıların seçimini apararkən diqqəti xərcləri minimuma endirməyə deyil, riskləri minimuma endirməyə yönəltmək lazımdır”.
Rasim İsmayılov həmçinin iştirakçılara Azərbaycanın iqtisadi inkişaf göstəriciləri və investisiya imkanları barədə məlumat verib.
Panel sessiyada Qazaxıstan Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq və inteqrasiya departamentinin direktoru Gülnara Muxanova, Özbəkistan Səhiyyə Nazirliyinin İqtisadi təhlil və proqnozlaşdırma Baş İdarəsinin rəis müavini Dilmurod Asatullayev, Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyinin sədr müavini Sevil Azak Sunqur və digərləri təqdimatlarla çıxış ediblər.
Sonra türkiyəli professorlar Songül Varlı, Utkan Demirci və Ulaş Bağcının moderatorluğu ilə “Səhiyyədə rəqəmsal transformasiya və süni intellekt” mövzusunda panel sessiya keçirilib.
Sessiyada məruzə ilə çıxış edən Azərbaycan səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov rəqəmsallaşmanın səhiyyənin effektiv idarəetməsini şərtləndirən ən mühüm alətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, bu məqsədlə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən “2023-2027-ci illər üçün Rəqəmsal Səhiyyə Strategiyası” sənədi hazırlanıb.
R.Hacıəlibəyov qeyd edib ki, rəqəmsal səhiyyə strategiyasının hazırlanmasının əsas məqsədləri, azad edilən ərazilər də daxil olmaqla, ölkənin bütün ərazisində vətəndaşların tibbi xidmətlərin keyfiyyətindən məmnunluğu, göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına birbaşa cəlb olunması, eləcə də digər dövlət qurumları ilə inteqrasiya olunmuş rəqəmsal səhiyyə infrastrukturunun yaradılmasıdır. Eyni zamanda, sənəddə müasir standartlara uyğun tibbi-statistik məlumatlar bazasının formalaşdırılması və məqsədyönlü təhlili, səhiyyədə iqtisadi şəffaflığın və səmərəliliyin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması və digər məsələlər də əks olunub.
Sessiyada Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrin səhiyyə üzrə nümayəndələri təqdimatlarla çıxış ediblər.
Türkiyəli professorlar Rabiya Koç və Murat Sinkanın moderatorluğu ilə “Nadir irsi xəstəliklər” mövzusunda panel müzakirələrdə Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov çıxış edərək, nadir irsi xəstəliklərlə bağlı ölkəmizdəki vəziyyət haqqında məlumat verib, bu xəstəliklərdən əziyyət çəkənlərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün atılan və atılacaq addımlardan danışıb.
Tədbir “Pandemiya və peyvənd”, “Tədqiqat və inkişaf” (Research and Development, R&D), “Xərçəng”, “Beynəlxalq əlaqələrdə səhiyyənin rolu” və digər mövzularda panel iclaslarla davam edib. Sessiyalarda Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin direktor müavini Fuad Quliyev, eləcə də Qazaxıstan, Özbəkistan nümayəndələri çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Səhiyyə nazirlərinin iclası



Türk Dünyası Tibb Konqresinin ikinci günündə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin iclası baş tutub.
Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev konqresin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb. Bildirib ki, bu formatda ilk dəfə keçirilən konqres ölkələr arasındakı münasibətlərin yeni mərhələyə yüksəlməsinin, çoxşaxəli istiqamətlərdə inkişafının, həmçinin dayanıqlı platforma kimi təşkilatın nüfuzunun artmasının göstəricisidir.
TDT çərçivəsində səhiyyə sektorundakı perspektiv imkanlardan danışarkən Teymur Musayev vurğulayıb ki, üzv və müşahidəçi ölkələrin coğrafi mövqeyi, demoqrafik göstəriciləri, əmək ehtiyatları, ixtisaslı işçi qüvvəsi, bazar həcmi, investisiya şərtləri nəzərə alınmalı mühüm amillərdir.
“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin ilkin istiqamətləri kimi düşünülə bilər. Xüsusən COVID-19 pandemiyası hər bir ölkənin əczaçılıq məhsullarına və tibbi avadanlıqlara olan tələbatını tam təmin etməsinin strateji məsələ olduğunu önə çıxardı. Bu baxımdan, təşkilat çərçivəsində birgə dərman və tibbi avadanlıq istehsalı imkanlarını nəzərdən keçirməyi yüksək qiymətləndiririk”, – deyə Teymur Musayev qeyd edib.
Öz çıxışlarında Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri Ajar Giniyat, Qırğızıstanın səhiyyə naziri Gülnara Baatırova və Özbəkistanın səhiyyə naziri Bexzod Musayev beynəlxalq tədbirin tərəfdaşlar arasında səhiyyə sahəsindəki əməkdaşlığın inkişafına, həmrəyliyin təşviqinə və möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini, həmçinin iştirakçıların səhiyyə sahəsindəki bilik və təcrübələrini qarşılıqlı olaraq bölüşmələri üçün əvəzsiz fürsət yaradacağını vurğulayıblar.
Görüşdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sahəsində əməkdaşlığı, onların dərman, peyvənd tələbatlarının alternativ qarşılanması mexanizminin hazırlanması, birgə layihələrin və istehsal imkanlarının öyrənilməsi, təcrübə mübadiləsi və səhiyyə kadrlarının hazırlanması, TDT üzv dövlətlərində "Birgə sağlamlıq həftəsi"nin, növbəti konqresdə isə birgə səhiyyə biznes forumunun və səhiyyə sərgisinin təşkili kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, səhiyyə nazirlərinin toplantısında növbəti konqresin keçiriləcəyi ölkə müəyyənləşib. Qərara əsasən, növbəti Türk Dünyası Tibb Konqresi Özbəkistanda keçiriləcək.
İclasın sonunda Türk Dünyası Tibb Konqresinin yekun sənədi – Birgə Bəyannamə qəbul edilib.


Mükafatlandırma mərasimi



Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri “Tibb tarixinə və ümumi irsə hörmət” mükafatına layiq görülüblər.
Türk Dünyası Tibb Konqresi çərçivəsində mükafatların nazirlərə təqdim olunması mərasimi keçirilib. Mükafata layiq görülənlər arasında Azərbaycanın səhiyyə naziri Teymur Musayev də var.
Təqdimetmə mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türkiyənin səhiyyə naziri Fahrettin Koca və digərləri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən TDT Baş katibi Bağdad Amreyev vurğulayıb ki, son illərdə əldə edilən uğurlar sayəsində türk dünyası çərçivəsində birgə addımlar atılıb, türk birliyinin əsası qoyulub. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı siyasət, iqtisadiyyat, mədəniyyat, ticarət, gömrük kimi, digər sahələri də əhatə edən bir beynəlxalq təşkilatdır.
Bağdad Amreyev TDT-nin noyabrda Səmərqənddə keçiriləcək Zirvə Toplantısında qurumun yeni bir mərhələyə qədəm qoyacağına əminliyini ifadə edib: “Bunun arxasında xalqlarımızın iradəsi və təşkilatın üzv ölkələri liderlərinin qərarlılığı dayanır”.
TDT-nin Baş katibi həmçinin pandemiya dövründə təşkilat tərəfindən məqsədyönlü və uğurlu addımların atıldığını diqqətə çatdırıb.
Öz növbəsində çıxış edən Türkiyə səhiyyə naziri Fahrettin Koca bildirib ki, COVID-19 pandemiyası səhiyyə sahəsi ilə bərabər, ölkələr arasında dostluğun da sınağı oldu: “Böyük türk dünyasının bir hissəsi olan Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstanla birgə daha da güclüyük. Qardaş ölkələrimiz bu mübarizədə bizimlə birgə öndə oldular. Pandemiya səhiyyə sisteminin güclü olmasının vacibliyini göstərdi. İstehsal gücümüzü birləşdirərək, öz dərman və tibbi ləvazimatlarımızı istehsal edə biləcək böyük ailə olmalıyıq. 20 ildə Türkiyə səhiyyə sisteminə edilən yatırımlar göz qabağındadır – şəhər xəstəxanalarımızda göstərdiyimiz xidmətlər dünya ölkələri tərəfindən təqdir olunur”.
Türk Dünyası Tibb Konqresində "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatının təltifetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdan gələn yüz ilə baxışımızı qardaş və dost ölkələrlə birgə təsəvvür edirik: “Hazırda biz dünyanın yalnız iqtisadiyyat kimi məsələlərdə deyil, artıq insanın var olma anlayışı çərçivəsində inkişaf etdiyini görürük”.
COVID-19 pandemiyasının ortaya çıxardığı problemlər haqqında danışan Türkiyə Prezidenti insanlığı bu bəladan qurtarmaq üçün göstərilən səylərdə İbn Sinanın verdiyi tövsiyələrin yada düşdüyünü qeyd edib: “Dünyanın fərqli bölgələrində insanı bir vasitə deyil, şəxsiyyət kimi qəbul edən səylərin arxasında ortaq mədəniyyətimizin yer aldığını görürük. Türk tibb dünyası olaraq bu təfəkkürü öz sahəmiz üzrə hər an, hər vəsilə ilə həyata keçirməliyik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı üzv ölkələrinin səhiyyə nazirlərinə Türk Tibb Dünyası Konqresinin "Tibb tarixinə və ümumi irsə hörmət" mükafatını təqdim edib.
Daha sonra konqres çərçivəsində keçirilən “Türk dünyası səhiyyə biznesi sərgisi”nə baxış keçirilib. Qonaqlar sərgi stendləri ilə tanış olub, iştirakçı şirkətlərin nümayəndələri ilə əldə etdikləri nailiyyətlər və gələcək inkişaf planları barədə söhbət ediblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova