Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev transplantasiya ilə əlaqədar qanunvericilik aktlarına dəyişikliklər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev transplantasiya ilə əlaqədar qanunvericilik aktlarına dəyişikliklər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin 22 iyun 2022-ci il tarixdə qəbul etdiyi “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli Qanununun icrası ilə əlaqədar qəbul edilən sənədə əsasən, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda 39-cu maddənin birinci hissəsinə “həkim,” sözündən əvvəl “həkim konsiliumu və ya” sözləri əlavə edilib.
“İnsan orqanlarının və toxumalarının donorluğu və transplantasiyası” adlanan 40-cı maddə aşağıdakı redaksiyada verilir:
“İnsan orqanlarının və toxumalarının donorluğu və onların transplantasiyası sahəsində münasibətlər “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir”.
Sənədin 2-ci maddəsinə əsasən, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunun 12-ci maddəsində “gözün buynuz qişası istisna olmaqla” sözləri “alqı-satqısına münasibətdə” sözləri ilə əvəz edilib.
Həmçinin “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunun 19-cu maddəsi aşağıdakı redaksiyada verilib:
“19. İnsan orqanı və (və ya) toxumaları (alqı-satqısı istisna olmaqla).”.
Sənəddə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 1.0.2-ci maddəsində “çıxarılması” sözünün “götürülməsi” sözü ilə əvəz edilməsi də yer alıb.
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində 29.4-cü bənddə “tibbi texnika, insan orqan və (və ya) toxumalarının transplantasiyası” sözləri “və tibbi texnika” sözləri ilə əvəz edilib, eləcə də aşağıdakı məzmunda 29.4-1-ci maddə əlavə olunub:
“29.4-1. Azərbaycan Respublikasında donor orqanların reklamı qadağandır. İnsan orqanlarının və toxumalarının donorluğunun təbliği məqsədilə tibb müəssisələri və qeyri-hökumət təşkilatları tərəfindən bu Qanuna uyğun olaraq sosial reklamlar nümayiş etdirilə bilər.”.
Bu Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Dövlət başçısı “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 555-VIQD nömrəli Qanununun tətbiqi və “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman da imzalayıb.
Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqini təmin etmək məqsədilə qərara alınıb ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 18-ci hissəsinin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar” sütununda “Gözün buynuz qişası” sözləri “İnsan orqanı və (və ya) toxumaları (alqı-satqısı istisna olmaqla)” sözləri ilə əvəz edilsin. Nazirlər Kabineti Qanundan irəli gələn məsələləri həll etsin.
İnsan orqan və toxumalarının transplantasiyası ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilib. Bununla bağlı qəbul edilmiş Qanuna görə, Məcəlləyə aşağıdakı məzmunda 162-1-ci maddə əlavə edilib:
“Maddə 162-1. İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması
162-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə –
vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir.
162-1.2. Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə –
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
162-1.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə –
vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
162-1.4. Canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsinə görə –
beş yüz manatadək məbləğdə cərimə edilir.
162-1.5. Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılmasına görə –
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 162-1.1-ci və 162-1.3-cü maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 554-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman da verib. Bu sənəd həmin Qanunun tətbiqini təmin etmək məqsədilə müəyyən edir ki, Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; orada “orqan (qurum)” dedikdə isə Nazirlər Kabineti nəzərdə tutulur.
Dövlət başçısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu da imzalayıb.
Dəyişikliklərə görə, Cinayət Məcəlləsində 137-ci maddə aşağıdakı redaksiyada verilir:
“Maddə 137. İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası
137.1. İnsan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı –
altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi –
on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137.3. Şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə –
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137.4. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi –
doqquz min manatdan on beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137.5. Bu Məcəllənin 137.1–137.4-cü maddələrində nəzərdə tutulmuş əməllər:
137.5.1. təkrar törədildikdə;
137.5.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
137.5.3. zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137.6. Bu Məcəllənin 137.1–137.4-cü maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
Həmçinin Məcəllənin 144-1-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində “çıxarılması” sözü “götürülməsi” sözü ilə əvəz edilib.
Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 553-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman da verib.
Bu sənədlə müəyyən edilib ki, Cinayət Məcəlləsinin 137.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin maddədə “orqan (qurum)” dedikdə Nazirlər Kabineti nəzərdə tutulur.
Dövlət başçısı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrası ilə əlaqədar daha bir sənəd imzalayıb.
Bu sənədə - Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 614 nömrəli, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasından “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin üçüncü abzasında,” sözləri çıxarılıb.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.14-1-ci bənd əlavə edilib:
“8.14-1. orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq;”.
Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda yarımbənd əlavə edilib:
“3.1.9-1. insan orqanlarının və toxumalarının donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarəti və tibbi fəaliyyətin təhlükəsizliyini, habelə bu sahədə əhalinin məlumatlandırılmasını təmin edir;”.
Fərmanın 4-cü bəndi ilə “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanı ləğv edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova