Prezident İlham Əliyev: "COVID-lə bağlı ölkələrə göstərdiyimiz dəstək beynəlxalq nüfuzumuzu artırdı"

Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.
Dövlət başçısı müşavirədə giriş nitqi söyləyib, o cümlədən səhiyyə ilə bağlı bəzi məsələlərə toxunub.
Əvvəlcə xarici siyasətdən danışan ölkə rəhbəri bu il bu siyasətin çox fəal olduğunu, bu istiqamətdə yeni önəmli addımlar atıldığını, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını deyib: “Beynəlxalq arenada oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır”.
Hərbçilərin sosial müdafiəsi məsələlərindən danışan Prezident İlham Əliyev Azərbaycanda bunun yüksək səviyyədə təmin edildiyini deyib. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti yaxşılaşdırılır: “Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”.
Dövlət başçısı reabilitasiya mərkəzlərinin yaradıldığını, ən müasir texnologiyalarla təchiz edildiyini, orada minlərlə xidmət göstərildiyini xatırladıb. Qarabağı, Zəngəzuru öz hesabımıza yenidən qurduğumuzu, ordumuzu gücləndirdiyimizi, bununla paralel olaraq, sosial məsələləri həll etdiyimizi deyib.
Azərbaycan Prezidenti vurğulayıb ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əsas amillərdən biridir, siyasi müstəqilliyin təməl daşıdır və burada da böyük nailiyyətlər var.
İqtisadi inkişaf üzrə əldə olunan uğurlardan söz açan dövlət başçısı xüsusi qeyd edib ki, bütün bunları pandemiyadan təzə çıxmış ölkə əldə edir: “Halbuki, əfsuslar olsun, yeni məlumat var, Ümumdünya Səhiyyə Təşkilatı məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açılırdıq. Yəni bu, canlı bir prosesdir. Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur”. Ölkə rəhbəri COVID dövründə problemlərin həllinə milyardlarla vəsait ayrıldığını xatırladıb.
Qarabağın bərpası məsələlərinə toxunan Prezident İlham Əliyev bütün işlərin plan üzrə getdiyini deyib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırığı ilə təkcə bu ilin birinci yarısı ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşımızı əhatə edən böyük bir islahatlar paketinin icra olunduğunu deyib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında qeyd edib ki, qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, 2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub. Nazir bildirib ki, bu ilin yanvar-iyun aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 112 faiz, işsizlikdən sığorta haqları üzrə 118 faiz və icbari tibbi sığorta haqları üzrə 107 faiz icra edilib.
Müşavirəyə yekun vuran Prezident İlham Əliyevin sözlərinə görə, altı ayın yekunları onu göstərir ki, biz istədiyimizə nail olacağıq. O, gələn ilin büdcəsi ilə bağlı hökumətə tapşırıqlar verib. Gələn ilin büdcəsində əsas istiqamət olaraq yenə də sosial siyasət müəyyənləşdirilib: “Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq. Ona görə baxın, təkliflər verin, hansı əlavə addımlar atıla bilər ki, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin edilsin, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial məsələləri həll olunsun”.
Qarabağ və Şərqi Zəngəzurda artıq daimi iş yerləri yaradıldığını deyən dövlət başçısı vurğulayıb ki, hər bir sahə üzrə cavabdeh qurumlar o iş yerlərində o rayonlardan olan insanların - o rayonların nümayəndələrinin, onların uşaqlarının, nəvələrinin işləməsinə çalışmalıdırlar: “Keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçim aparılmalıdır. Məsələn, energetika, xidmət sektoru, sosial sahə, həkimlər, müəllimlər. İndi Ağdam şəhərində sürətlə məktəb tikilir. Orada kim dərs deyəcək? Ağdamdan olan, orada yaşamış müəllimlər və yaxud onların uşaqları, onların nəvələri. Bax, buna xüsusilə fikir vermək lazımdır. Biz bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda, onları iş yerləri ilə təmin edəcəyik. İndi Şuşa şəhərində xəstəxana, məktəb, bir neçə mədəniyyət obyekti tikilir. Orada çalışacaq insanların, əlbəttə ki, əksəriyyəti şuşalılar olmalıdır”.
Çıxışının sonunda Azərbaycan Prezidenti əminliyini bildirib ki, gələn il görüləcək işlər ölkəmizi daha da gücləndirəcək: “Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın”.