Səhiyyə naziri planlaşdırılan strateji addımları açıqladı

Səhiyyə naziri planlaşdırılan strateji addımları açıqladı

Səhiyyə Nazirliyində səhiyyə sisteminin təkmilləşdirilməsi və optimallaşdırılması üçün gələcək inkişafın istiqamətlərinə, vətəndaşların göstərilən tibbi xidmətlərdən məmnunluğunu təmin etmək məqsədilə atılacaq addımlara həsr olunan mətbuat konfransı keçirilib.
Toplantıda çıxış edən səhiyyə naziri Teymur Musayev ilk növbədə mətbuat konfransında iştiraka görə media nümayəndələrinə təşəkkürünü bildirib. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması durur. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı zəruri addımlar atıldığını qeyd edən nazir bunlardan əmək haqlarının və təqaüdlərin ilbəil artırılmasını, şəhid ailələrinə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə göstərilən diqqət və qayğını xatırladıb. Bildirib ki, əhalinin sağlamlığının qorunması da dövlətimizin prioritetləri sırasındadır: “Təsadüfi deyil ki, koronavirus pandemiyasının ilk günlərindən əhalinin sağlamlığının qorunması ölkə rəhbərimiz tərəfindən hökumətin əsas vəzifəsi elan edilib. Ən müasir səhiyyə ocaqları koronaviruslu xəstələrin ixtiyarına verilib, müxtəlif platformalarda hazırlanmış vaksinlərin vətəndaşlarımız üçün əlçatan olması qısa müddətdə təmin edilib. Pandemiya bir daha göstərdi ki, səhiyyə sistemlərinin yeni çağırışlara cavab verə bilməsi sistemin davamlı inkişafını şərtləndirir. Bu baxımdan, Azərbaycan səhiyyə sisteminin dayanıqlı inkişafını təmin etmək üçün planlaşdırılan strateji addımları sizlərlə paylaşmaq istərdim”.
Teymur Musayev xatırladıb ki, hazırda Səhiyyə Nazirliyi ilə yanaşı, digər dövlət qurumları da səhiyyə sisteminin iştirakçılarıdır: “Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğuna görə, biz qurumlar arasındakı koordinasiyalı fəaliyyətin və sahəvi idarəetmənin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bu baxımdan, yaxın günlərdə Səhiyyə Nazirliyində müvafiq səhiyyə qurumlarının da səlahiyyətli nümayəndələrinin iştirakı ilə “Səhiyyənin Transformasiyası Ofisi”nin yaradılması nəzərdə tutulur”.
Səhiyyə naziri bildirib ki, səhiyyənin keyfiyyətcə yeni müstəviyə çıxarılması məqsədi ilə atılacaq addımların bir qismi qısa müddətdə, digər qismi isə orta müddətdə icra üçün planlaşdırılır. Qısamüddətli addımlar effektiv səhiyyə idarəetməsinin formalaşdırılması və dövlət qurumları ilə əməkdaşlığın daha aktiv fazaya keçirilməsidir. Səhiyyədə insan kapitalının gücləndirilməsi, səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, ölkənin yerli dərman vasitələri və tibbi avadanlıqlarla təchizatı, eləcə də səhiyyənin maliyyələşdirilməsinin optimallaşdırılması ortamüddətli addımların əsas hədəfləridir.
Sonra nazir qeyd etdiyi hər bir hədəf üzrə qısa aydınlaşdırıcı izahat verib. Bildirib ki, effektiv səhiyyə idarəetməsinin formalaşdırılması dedikdə, həm səhiyyənin inzibati idarəetmə xüsusiyyətlərinin, həm infrastruktur bazasının inkişafı nəzərdə tutulur: “İnzibati idarəetmə dedikdə, səhiyyə qurumlarının təsis konsepsiyalarına uyğun idarəetmə modellərinin formalaşdırılmalı olduğunu düşünürük. Apardığımız araşdırmaların nəticələrinə istinadən deyə bilərik ki, bir sıra inkişaf etmiş ölkələrdə də ümumilikdə səhiyyə ekosisteminin strateji inkişafına məsul mərkəzi orqanla yanaşı, digər səhiyyə qurumları da fəaliyyət göstərir. Bu baxımdan, qeyd etdiyim “Səhiyyənin Transformasiyası Ofisi”nin dəstəyi ilə beynəlxalq təcrübə təhlil olunacaq, sonda Azərbaycan vətəndaşının səhiyyə sistemindən məmnuniyyətinin artırılmasına yönəlmiş addımlar atılacaq”.
Müasir çağırışlara cavab verən infrastruktur bazasının mövcudluğunu effektiv səhiyyə idarəetməsinə mühüm dəstək adlandıran Teymur Musayev deyib: “Səhiyyə xidmətinin vətəndaşlarımız üçün əlçatanlığını təmin etmək prioritet istiqamətlərdən olduğuna görə, qısa müddətdə səhiyyədə vahid “Çağrı Mərkəzi”nin yaradılmasını zəruri hesab edirik. Bu Mərkəz hər bir vətəndaşın səhiyyə ilə bağlı istənilən müraciətini cavablandıracaq. Eyni zamanda, Səhiyyə Nazirliyinin yenicə istifadəyə verilmiş internet səhifəsi vasitəsilə də istifadəçilər nazirliyə müraciət edə bilərlər. Bu platforma üzərindən edilmiş müraciətlər də operativ qaydada araşdırılaraq cavablandırılacaq. Ənənəvi qaydada kağız daşıyıcıda müraciətlər də davam etdiriləcək.
Məlumdur ki, rəqəmsallaşma effektiv idarəetməni şərtləndirən ən mühüm alətlərdən biridir, müasir dövrdə bəlkə də birincisidir. Ölkə prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, rəqəmsallaşma vətəndaşların həyat keyfiyyətinin artmasına birbaşa təsir edən amildir. Bunu nəzərə alaraq hazırladığımız növbəti 5 il üçün “Rəqəmsal Səhiyyə Strategiyası” sənədi yekunlaşmaq üzrədir. Bu strategiyanın hazırlanmasında məqsəd vətəndaş məmnunluğunu təmin etmək, bununla yanaşı, göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına vətəndaşları birbaşa cəlb etmək, digər dövlət qurumları ilə inteqrasiya olunmuş rəqəmsal səhiyyə infrastrukturu yaratmaq, müasir standartlara uyğun tibbi-statistik məlumatlar bazasını formalaşdırmaq və məqsədyönlü təhlil etməkdir. Bu strategiya həmçinin səhiyyədə iqtisadi şəffaflığı və səmərəliliyi artırmağa, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla, ölkə üzrə tibbi xidmətlərin həcmini müəyyənləşdirməyə xidmət edəcək. Tədris kurikulumuna səhiyyədə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin daxil edilməsi və tibb işçilərinin rəqəmsal bacarıqlarının artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması da strategiyanın məqsədləri sırasındadır”.
Səhiyyə naziri bildirib ki, səhiyyənin rəqəmsallaşdırılması istiqamətində bir sıra irihəcmli layihələr həyata keçiriləcək. Onlardan biri haqqında məlumat verərək deyib ki, hər bir vətəndaşın tibbi rəqəmsal əkizi sistemi yaradılacaq: “Bunu başqa sözlə “fərdin sağlamlıq məlumatlarının yer aldığı elektron profillər” də adlandırmaq olar. Bu sistemdə şəxsin anasının hamiləlik dövründən başlayaraq özünün vəfatınadək onun sağlamlığına dair bütün məlumatlar toplanacaq. Bu məlumatlar hər bir şəxsin sistemli və keyfiyyətli müalicə almasını, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağı və buna uyğun gələcək səhiyyə strategiyasının formalaşdırılmasını təmin edəcək”.
Effektiv səhiyyə idarəetməsinin formalaşdırılması üçün digər istiqamətin tibb müəssisələrinin qiymətləndirilməsi üzərində qurulacağını söyləyən Teymur Musayev bildirib ki, dünya ölkələrində tibb müəssisələri tərəfindən göstərilən xidmətlərin yüksək keyfiyyətli olmasını təmin edən ən effektiv metod kimi akkreditasiya qəbul olunur: “Müasir səhiyyə sistemlərində akkreditasiya pasiyentlərin təhlükəsizliyinə və göstərilən xidmətlərin səviyyəsinə təsir edən məsələləri nəzarətdə saxlamaq məqsədi daşıyır. Tibb müəssisələrinin qiymətləndirilməsi üçün “akkreditasiya standartları” adlanan və ölçülə bilən meyarlar hazırlanır. Standartlar dinamikdir, onlara vaxtaşırı dəyişikliklər oluna bilər. Akkreditasiya sisteminin ən əhəmiyyətli elementi odur ki, istənilən tibb müəssisəsi öz fəaliyyətini yaxşı nümunələr kimi qəbul olunmuş akkreditasiya standartlarına əsasən qiymətləndirə bilir. Çatışmazlıqların aşkar olunması müəssisə daxilində proseslərin təkmilləşdirmə yollarının araşdırılmasına şərait yaradır. Hazırda Səhiyyə Nazirliyində yaradılmış İşçi qrup tərəfindən tibb müəssisələrinin akkreditasiyası ilə bağlı normativ-hüquqi baza yenidən işlənməkdədir”.
Nazir vurğulayıb ki, qısa müddətdə reallaşdırılması nəzərdə tutulan tədbirlərin digər ana xəttini dövlət qurumları ilə əməkdaşlığın aktiv fazaya keçirilməsi təşkil edir: “Artıq bu məqsədlə Səhiyyə Nazirliyi ilə Dövlət Vergi Xidməti arasında ilkin müzakirələr aparılıb, funksional fəaliyyət ehtiyaclarından irəli gələrək məlumat bazalarının qarşılıqlı inteqrasiyası, birgə nəzarət tədbirlərinin həyata keçirilməsi, rəqəmsal inzibatçılığın gücləndirilməsi sahələrində əməkdaşlığa dair razılığa gəlinib. Bu məqsədlə hazırda Dövlət Vergi Xidməti ilə
Səhiyyə Nazirliyi arasında əməkdaşlığa dair Tədbirlər Planı hazırlanır. Eləcə də digər qurumlarla – Təhsil Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə təhsil müəssisələrində sağlam həyat tərzinin təşviqi sahəsində, Dövlət Statistika Komitəsi ilə səhiyyə statistikası mövzusunda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə geoinformasiya sistemlərinin tətbiqi istiqamətində, Maliyyə Nazirliyi ilə səhiyyənin maliyyələşdirilməsi mövzusunda və digər qurumlarla yaxından əməkdaşlıq aparılması planlaşdırılır”.
Əsaslı hədəflərə çatmaq üçün müəyyən vaxt və sistemli tədbirlərin görülməsi tələb olunduğunu qeyd edən səhiyyə naziri planlaşdırılan ortamüddətli hədəflərdən də danışıb. Səhiyyədə insan kapitalının gücləndirilməsi məsələsinə toxunan nazir qeyd edib ki, ixtisaslı işçi qüvvəsi bizim ən əsas resursumuzdur: “Fikrimizcə, bu sahədə insan resursları üzrə strategiyanın hazırlanmasına ehtiyac vardır. COVID-19 pandemiyası da səhiyyənin istənilən səviyyəsində, ən başlanğıc səviyyədən səhiyyə idarəçiliyinədək ixtisaslı insan kapitalına ehtiyac olduğunu bir daha göstərdi. Səhiyyədə insan kapitalının gücləndirilməsi alətləri həm təhsilə, həm də tibb işçilərinin gündəlik praktiki fəaliyyətini dəstəkləməyə yönəlik ola bilir. Təhsil baxımından, tibb işçilərinin davamlı peşəkar inkişaf proqramlarına cəlb edilməsi, təhsildə simulyasiya metodlarından geniş istifadə olunması, akademik və kliniki tədqiqatların sayının və keyfiyyətinin artırılması, beynəlxalq elmi araşdırmalarda aktiv şəkildə iştirak etmək qarşımıza qoyduğumuz ortamüddətli tədbirlər sırasındadır.
Tibb işçilərinin davamlı peşəkar inkişafı həm pasiyentlər üçün, həm tibb işçilərinin özləri üçün, həm də çalışdıqları tibb müəssisələri üçün çox önəmlidir. Bu baxımdan, sertifikasiya imtahanlarının keçirilməsi və sertifikasiyayadək olan dövrdə lazımi kreditlərin toplanılması prosesinin təkmilləşdirilməsinə ehtiyac var. Sertifikasiya imtahanları ilə bağlı səsləndirilən fikirlər, o cümlədən nazirliyə edilmiş müraciətlər ciddi təhlil olunub. Əsas 2 ixtisas – radiologiya və stomatologiya üzrə müraciət hallarının çoxluğu müəyyən edilib. Bunun da əsas səbəbi tərtib olunmuş sualların ünvanlı olmaması, ümumi sahəni əhatə etməsidir. Artıq alt ixtisaslar üzrə sahəvi suallar bütün sualların əksəriyyətini təşkil edir.
Səhiyyədə insan kapitalının gücləndirilməsi məqsədilə tibb işçilərinin təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılması, onların hüquqlarının müdafiəsi, həkim çatışmazlığı olan regionlara müxtəlif təşviqedici tədbirlərlə tibb işçilərinin cəlb olunması nəzərdə tutulur. Burada həkimlərin yerli və xarici təhsil müəssisələrini bitirməsinə münasibətdə hər hansı ayrı-seçkilik edilməyəcək. Xaricdə biliklərini təkmilləşdirmiş tibb işçilərimizdən daha çox tədris prosesində faydalanmağı düşünürük. Belə olarsa, daha çox tibb işçisini, sonradan daha çox əhali qrupunu əhatə etmiş olarıq. Eyni zamanda, tədrisin keyfiyyəti də artar.
Tibb təhsili sahəsində beynəlxalq reytinqlərdə ön sıralarda qərarlaşmış dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramlarının təşkili də nəzərdə tutulur. Azərbaycan Tibb Universitetində müasir dövrün tələblərinə uyğun yeni ixtisasların yaradılması planlaşdırılır”.
Ortamüddətli hədəflərdən səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi barədə danışan Teymur Musayev bildirib ki, hər bir ölkənin səhiyyə qanunvericiliyi səhiyyə sisteminin təşkili, idarə olunması və maliyyələşdirilməsi üçün əsasları müəyyən edir: “Təbii ki, qanunvericilik səhiyyə strategiyasının reallaşması üçün əsas icra mexanizmidir. Bu qanunvericiliyin təkmilləşdirilməsini həm mövcud normativ-hüquqi bazanın dövrün tələblərinə uyğunlaşdırılmasında, həm də yeni qanunvericilik sənədlərinin hazırlanmasında görürük. Hazırlanacaq qanunvericilik sənədləri həm səhiyyə sisteminin birbaşa iştirakçıları, həm də digər aidiyyəti dövlət qurumları ilə razılaşdırılacaq. Səhiyyə qurumlarının təsis sənədlərində üst-üstə düşən məqamlar yenidən nəzərdən keçiriləcək və ziddiyyətli hallar aradan qaldırılacaq”.
Ölkənin yerli dərman vasitələri və tibbi avadanlıqlarla təchizatı məsələsinə də toxunan nazir bildirib ki, göstərilən səhiyyə xidmətlərinin əsas keyfiyyət indikatorlarından biri uyğun qiymətə effektiv dərman vasitələrinin mövcudluğudur. Əczaçılıq məhsullarının yerli istehsalı dərman vasitələrinə əlçatanlığı artırmaqla yanaşı, elmi, texnoloji bacarıqları formalaşdırır və səhiyyə sistemini xarici təsirlərə qarşı daha davamlı edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya” yaradıldığını söyləyən nazir Komissiyanın qarşısına dərman vasitələri sahəsində siyasətin və idarəetmə mexanizmlərinin, o cümlədən qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, əczaçılıq məhsullarının yerli istehsalının artırılması və digər tapşırıqlar qoyulduğunu bildirib. Qeyd edib ki, yaxın vaxtlarda Komissiyanın fəaliyyətinin yekunlarına əsasən yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər təqdim olunacaq.
Teymur Musayev vurğulayıb ki, əczaçılıq sektorunun inkişafı, dərman preparatları ilə ölkəmizin özünü təmin edə bilməsi ölkə rəhbərliyinin diqqət və nəzarətində olan məsələdir: “Son dövrlərdə Pirallahı Sənaye Parkında “RPharm” şirkətlər qrupunun istehsal kompleksinin istifadəyə verilməsi, Diamed-Co şpris istehsalı zavodunun yaradılması, Türkiyənin “Dəmirörən Holdinq”i ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında dərman istehsalı sahəsində investisiya yatırımına dair sazişin imzalanması bu sahənin inkişafında müşahidə olunan müsbət hadisələrdir”.
Ortamüddətli hədəflərdən səhiyyənin maliyyələşdirilməsinin optimallaşdırılması məsələsindən söz açan səhiyyə naziri qeyd edib ki, səhiyyə sisteminin effektiv şəkildə fəaliyyət göstərə bilməsi onun maliyyələşmə formasından asılıdır: “Ötən il ölkəmizin sosial-iqtisadi həyatında baş verən ən əhəmiyyətli hadisələrdən biri icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi oldu. Bildiyiniz kimi, icbari tibbi sığorta 2021-ci ilin aprel ayının 1-dən etibarən bütün ölkə ərazisini əhatə edir. İcbari tibbi sığortanın tətbiqi ilə ölkədə səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsasları yaradılıb. Düşünürük ki, icbari tibbi sığorta sisteminin idarə olunması, yəni iştirakçıların, təsisatların rolu, hesabatlılıq mexanizmlərinin mövcudluğu sistemin davamlılığı və effektiv fəaliyyəti baxımından önəmlidir.
Səhiyyənin maliyyələşdirilməsinin optimallaşdırılması sahəsində diqqət yetirəcəyimiz digər məsələ səhiyyədə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsidir. Hazırda diaqnostika və müalicə sahəsində təkmil texnologiyaların artan istifadəsi tək bir qurumun institusional tərəfdaşlıq olmadan tibbi xidmətlər göstərməsini, praktiki olaraq, mümkünsüz edir. Sosial sektorda dövlət-özəl tərəfdaşlığının uğurlu olması üçün müvafiq dövlət siyasəti, qanunvericilik çərçivəsi, şəffaflıq və hesabatlılıq olmalıdır. Səhiyyədə özəl maliyyə alətlərinin tətbiqinin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlərə dair aidiyyəti qurumlarla müzakirələr aparılacaq”.
Çıxışının sonunda Teymur Musayev xüsusi vurğulayıb ki, bütün sadalanan tədbirlərlə yanaşı, müharibə yaralıları, əlilləri və şəhid ailələrinin tibbi ehtiyaclarının qarşılanması, reabilitasiya proqramlarının təşkili hər zaman səhiyyə qurumlarımızın diqqət mərkəzində olacaq. Əvvəldə qeyd edilən “Səhiyyənin Transformasiyası Ofisi”nin yaradılmasında da əsas məqsəd ölkə rəhbərinin qarşıya qoyduğu tapşırıqların layiqincə icra edilməsi, səhiyyədə vətəndaş məmnunluğunun təmin olunmasıdır.
Sonra səhiyyə naziri mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Ölkəmizdə və dünyada COVİD-19 virusuna yoluxma hallarında son günlər müşahidə edilən kəskin artımla bağlı suala cavabında nazir deyib ki, bunun əsas səbəbi ilk dəfə Cənubi Afrikada aşkarlanmış omikron ştamının daha yoluxdurucu olmasıdır. O bildirib ki, ötən 10 həftə ərzində dünyada 90 milyon insan omikron ştamına yoluxub. Elmi araşdırmalar omikron ştamına yoluxmuş şəxslərin xəstəliyi digər ştamlara nisbətən yüngül keçirdiyini göstərir. Lakin ehtiyatı əldən vermək olmaz, çünki omikron ştamı tamamilə təhlükəsiz deyil. Digər tərəfdən, xüsusilə qeyd etmək lazımdır ki, hazırda omikronla yanaşı, delta ştamına yoluxma hallarına da rast gəlinir, bu ştamın klinik gedişatı isə omikron ştamından daha ağırdır. Nazir hazırda Azərbaycanda xəstəxanaya, xüsusilə də reanimasiyaya yerləşdirilənlər arasında omikron və delta ştamları ilə əlaqədar tədqiqatlar aparıldığını, rəqəmlərin ictimaiyyətə açıqlanacağını deyib.
Teymur Musayev vurğulayıb ki, hazırda Azərbaycanda koronovirusla bağlı vəziyyət idarəolunandır. Qeyd edib ki, sərt karantin tədbirləri ilə bağlı qərarlar xəstəxanaya yerləşdirilənlərin sayının kəskin artması və çarpayı fondunun dolması əsasında verilir: “Hazırda ölkəmizdə virusa yoluxmuş şəxslərin xəstəxanaya yerləşdirilməsində və ölüm hallarında kəskin artım müşahidə edilmir. Ümumi çarpayı fondunun yalnız 20, reanimasiya şöbələrinin çarpayı fondunun isə cəmi 10 faizi istifadə olunur. Sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir. Məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı indidən fikir söyləmək istəməzdim. Əlavə məhdudiyyətlərə dair qərarların nəzərdən keçirilməsi yaxın günlərdə xəstəliyin gedişatından asılı olacaq”.
Fevralın 15-dən etibarən 2 doza vaksin olunmasından 6 ay keçmiş şəxslərin COVİD sertifikatlarının etibarsız sayılacağını xatırladan nazir hər bir vətəndaşı virusun yayılmasına qarşı effektiv vasitə olan vaksinasiyada iştirak etməyə və immunitetini buster doza ilə gücləndirməyə çağırıb. Qeyd edib ki, müşahidələr vaksinasiyadan keçənlərin xəstəliyi əsasən yüngül keçirdiklərini, peyvənd vurdurmayanlarda isə ağırlaşma və ciddi fəsadlar qeydə alındığını göstərir. “Vaksin ehtiyatı kifayət qədərdir. Əhalini buster dozanın qəbulunda daha fəal olmağa səsləyirəm", - deyə nazir bildirib.
Yeniyetmələrin vaksinasiyası ilə bağlı suala cavab verərkən Teymur Musayev deyib ki, Azərbaycanda 12-18 yaşlı yeniyetmələr arasında 601 nəfər COVID-19 əleyhinə peyvənd olunub. Nazir bildirib ki, yeniyetmələr hər iki valideyninin razılığı ilə, yalnız “Pfizer/Biontech” peyvəndini qəbul edirlər. İndiyədək onlar arasında heç bir ağırlaşma qeydə alınmayıb. Vaksinasiya yaşının endirilməsinə isə lüzum yoxdur.
Digər ölkələrdə karantin tədbirləri ilə bağlı suala cavabında səhiyyə naziri qeyd edib ki, omikron ştamının yayıldığı ölkələrin karantin tədbirlərinə yanaşmaları fərqlidir. Bəzi ölkələr məhdudiyyətlərdə yumşalmalara gedir, amma tam tərsinə COVID siyasəti tətbiq edən ölkələr də var. Yumşalmalara gedən ölkələr artıq omikron mutasiyasının pik həddini yaşamış ölkələrdir. O bildirib ki, yumşalmaya dair hər hansı qərar verilərkən vaksinasiya və buster doza alanların faizi, yoluxma sayı, xəstəxanaya yerləşdirilməsi faizi nəzərə alınmalı məsələlərdir.
Meyitdən orqan köçürülməsi barədə danışan səhiyyə naziri bildirib ki, meyitdən orqan və toxumaların transplantasiyası ilə əlaqədar Koordinasiya Mərkəzi yaradılıb. Səhiyyə Nazirliyinin birbaşa tabeçiliyində olan bir müəssisədə idxal və ixracı, donorların reyestri, pasiyentlərin qeydiyyatı nəzərdə tutulub. Mərkəzin Əsasnaməsi Nazirlər Kabinetinə təqdim olunub və yenidən baxılıb. Həmin mərkəzin yerləşəcəyi yer də məlumdur. Hazırda son hazırlıq işləri görülür. Eyni zamanda, mərkəzin nəzdində Etika Komissiyası da fəaliyyət göstərəcək. Orada ictimai nəzarət çox güclü olacaq. Həmin komissiyada qeyri-hökumət təşkilatlarının, hüquq-mühafizə orqanlarının, tibb qurumlarının nümayəndələri təmsil olunacaqlar. Mərkəz tam şəffaf şəkildə fəaliyyət göstərəcək. Məxfilik qorunmaqla aktiv olaraq internet səhifəsindən də bütün məlumatları əldə etmək mümkün olacaq.
Teymur Musayev bildirib ki, hazırda on dörd səhiyyə müəssisəsinin müəyyən orqanların transplantasiyasını həyata keçirmək üçün lisenziyası olsa da, həmin müəssisələr transplantasiya üçün akkreditasiyadan da keçməlidirlər: “Bu da sürətlə baş tutacaq. İstər tibb heyəti üçün, istər maddi-texniki baza ilə bağlı meyarlar və standartlar mövcuddur. Həmin müəssisələr akkreditasiyadan keçdikdən sonra onlar ümumi transplantasiya ilə bağlı müəssisələr reyestrinə daxil olacaqlar”.
Nazir qeyd edib ki, bu istiqamətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində İşçi Qrupu fəaliyyət göstərir və transplantasiyanın xidmətlər zərfində öz əksini tapması ən yüksək səviyyədə müzakirə olunur: “Ümidvarıq ki, transplantasiya xidmətlər zərfinə daxil ediləcək”.
Mətbuat konfransının sonunda səhiyyə naziri Teymur Musayev media nümayəndələrinə pandemiyanın ilk günlərindən göstərdikləri vətəndaşlıq məsuliyyətinə görə təşəkkür edib.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova