Təranə Muradova: “Mənim bütün xəstəliklərimi səhnə müalicə edir”

Təranə Muradova: “Mənim bütün xəstəliklərimi səhnə müalicə edir”

Həmsöhbətim Azərbaycanın və digər xalqların milli rəqslərinin mahir ifaçısı, dünyanın əksər ölkələrində mədəniyyətimizi yüksək səviyyədə təmsil edən istedadlı sənətkar, zərif xanım, gözəl ana, güclü qadındır. Konsertlərdə, xarici ölkələrdə keçirilən mədəniyyət günlərində, qastrol səfərlərində “Naz eləmə”, “Vağzalı”, “Mirzeyi”... kimi xalq rəqslərimizi özünəməxsus ustalıqla və incəliklə təqdim edərək, izləyicilərini Azərbaycan mədəniyyəti önündə ayağa qaldıran ifaçıdır. Azərbaycan Dövlət Rəqs Ansamblının baletmeystri, Xalq artisti Təranə Muradovadır.

- Təranə xanım, necə oldu bu sənətə gəldiniz? Ailənizdə incəsənət adamı var idimi?
- Xeyr, ailəmizdə incəsənət sahəsində çalışan heç kim yox idi. Anam isə heç vaxt rəqqasə olmağımı istəməyib. Çünki bu sənətə ciddi baxmırdı. Doğrudur, məni 4 yaşımda uşaq rəqs ansamblına yazdırmışdılar. Anamla tez-tez Azərbaycan Dövlət Opera və Balet Teatrına tamaşa izləməyə gedirdik. Televiziyada baletlərə baxmağı da çox sevirdim və getdikcə bu sənətə marağım artırdı. Ancaq anam düşünürdü ki, mən gələcəkdə mütləq hüquqşünas olmalıyam. Ürəyim isə məni musiqiyə, rəqsə çəkirdi.
Beləcə, günlərin birində balerina olmaq sevdasına düşdüm. Anamın narazılığına baxmayaraq, böyük bacımın dəstəyi ilə gizlin imtahan verib xoreoqrafiya məktəbinə daxil oldum. Bəzi fiziki göstəricilərə görə balerina ola bilməsəm də, sevdiyim sənətə yiyələndim. Zaman keçdikcə sevə-sevə öz peşəmdə peşəkara çevrildim.
- Ancaq ananızın da arzusunu reallaşdırdınız...
- Bəli. Həyat yoldaşım dedi ki, sən ananın arzusunu yerinə yetirməlisən. Mən qızım Zeynəblə eyni vaxtda hüquq fakültəsində təhsil aldım.
- Siz də ananız kimi övladlarınızın rəqs sənətinə yiyələnməsini istəmirdiniz?
- Yox, əksinə. Mən öz sənətimi çox sevirəm. Bu sənətlə yaşamışam, Azərbaycan rəqs sənətini dünyada yüksək səviyyədə təmsil etməyin qürurunu və xoşbəxtliyini duymuşam. Ona görə də valideynlərimdən fərqli olaraq, çox istəyərdim ki, övladlarım mənim sənətimi seçsinlər. Onları 4-5 yaşlarında özfəaliyyət dərnəyinə yazdırdım. Həmin dövrdə rəhbərlik etdiyim uşaq “Səyyah” ansamblında oynayırdılar. Ancaq mənim üçün rəqsə xüsusi sevginin və istedadın olması çox önəmlidir. Bilirəm ki, sənəti sevməyən sənətkar ola bilməz. Uşaqlarımda bu sənətə məhəbbət hissi duymadım. Onlar davam etmək istəmədilər, mən də məcbur etmədim.
Fikirləşirəm ki, bəlkə gələcəkdə nəvələrim nənələrinin yolu ilə gedər.
- Sizin sənətə gəldiyiniz dövrlə müqayisədə indiki gənclərin rəqsə marağını necə qiymətləndirirsiniz?
- İndi də gənclər rəqsə böyük maraq göstərirlər. Amma bir məqamı qeyd etməliyəm ki, indi tələbələr rəqsə bir qədər fərqli, daha çox kommersiya tərəfdən yanaşırlar. Cavanları sənətkarlıqdan çox, sənətin gəlir gətirən tərəfləri maraqlandırır. Halbuki, xoreoqrafiya olduqca ciddi, məsuliyyətli peşədir və ona kommersiya sahəsi kimi baxmaq olmaz.
- Bu gün rəqs sahəsində ümumi mənzərə sizi qane edirmi?
- Yalandan deyə bilmərəm ki, tam qane edir. Ancaq hazırda Azərbaycan Dövlət Rəqs Ansamblı, Mahnı Rəqs Ansamblı, “Cəngi” ansamblı kimi bir çox peşəkar milli rəqs kollektivləri fəaliyyət göstərir. Hər kollektivin də öz dəsti-xətti, yolu var. Məsələn, Mahnı Rəqs Ansamblı sırf milli rəqsləri ifa edir. Dövlət Rəqs Ansamblı isə bütün rəqsləri bilməli və oynamalıdr. Biz zamanla ayaqlaşmağa, rəqs hərəkətlərini müasirləşdirməyə çalışırıq. Ancaq milli rəqslərimizi müasirləşdirərkən onları korlamırıq, əksinə, inkişaf etdiririk.
Dövr dəyişir, tamaşaçı dəyişir, zövqlər dəyişir, deməli tələblər də dəyişir. Milli rəqslərimizi yaşatmaq üçün tələblərlə hesablaşmağa məcburuq. İnkişaf mütləqdir. Dəyişmədən isə inkişaf etmək mümkün deyil.
- Qeyd etdiyiniz peşəkar rəqs kollektivləri ilə yanaşı, ölkəmizdə çox sayda rəqs dərnəkləri də var. Sizcə, dərnəkdə məşğul olmaqla peşəkar olmaq mümkündürmü?
- Heç vaxt. Peşəkar olmaq üçün mütləq məktəb keçmək lazımdır. Xoreoqrafiya məktəbi məhz peşəkarlıq prinsipləri üzərində qurulub. Dərnəklər professional rəqqas, rəqqasə hazırlaya bilməz. Rəqsin də öz əlifbası var. Rəqs özünə qarşı ciddi münasibət tələb edir.
- Rəqqasələrin səhnə ömrü qısa olur...
- Təəssüf ki, bu belədir. Rəqs canlı sənətdir. Daim onunla məşğul olmaq, öz üzərində işləmək lazımdır. 40-45 yaşında biz sənətimizlə vidalaşmalı oluruq. Bu yaşa qədər nə elədinsə, elədin. Rəqs, səhnə cavanları tələb edir.
Bir məsələ də var ki, 40-45 yaşda təqaüdə çıxsaq da, təqaüd almırıq. Gözləyirik 62 yaşımız olsun. Gəncləri bu sənətə kommersiya marağı ilə yanaşmağa sövq edən səbəblərdən biri də elə budur. Belə amillər onları rəqsdən uzaqlaşdırır.
Bu problemin hansısa formada yoluna qoyulması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik və çox ümid edirik ki, məsələ öz həllini tapacaq. Rəqsə və yaşla əlaqəli olan digər sənət sahələrinə fərqli yanaşmaq lazımdır. Səhnədən gedən hər kəs müəllim ola bilməz axı.
- Siz “Xalq artisti” fəxri adına birbaşa layiq görülən sənətkarsınız...
- Görkəmli dövlət xadimi Heydər Əliyev mənim rəqslərimi çox bəyənirdi. Həmişə konsertdən sonra pərdə arxasına keçərək incəsənət ustaları ilə görüşəndə haqqımda xoş sözlər deyirdi. Yadımdadır, 1997-ci ildə məhz Heydər Əliyevin tövsiyəsi ilə biz kamera orkestri ilə milli rəqsimiz olan “Uzundərə”ni sintez edərək yeni ovqatda hazırladıq. 1998-ci ildə isə Prezident gözləmədiyim məqamda mənə “Xalq artisti” fəxri adını verdi. Bunlar mənim həyatımın unudulmaz anlarıdır.
- Sizi sənətdə ən çox nə narahat edir?
- Uşaq kollektivlərinin vəziyyəti. Bəzən ayrı-ayrı ölkələrin festivallarında dövlətimizi təmsil edən uşaq kollektivlərini izləyirəm və aşağı səviyyəli çıxışları görüb təəssüflənirəm. Çox istərdim ki, xarici ölkələrə göndərəndə ən gözəl qrupları seçsinlər. Uşaqlarla daha yüksək səviyyədə işləmək lazımdır. Belə qruplarda müəllimlər professional olmalıdır. Çünki uşaqlar rəqsə necə başlayırlarsa, sona qədər elə də davam edirlər. Demək olar ki, Azərbaycanda özfəaliyyət uşaq dərnəkləri çox bərbad vəziyyətdədir. Səviyyəli kollektivlər barmaqla sayılacaq qədərdir.
- Rəqs sənətində uğurun formulu nədir?
- Güc, səbr, çalışqanlıq.
- Güclü qadınsınız...
- Həddən artıq güclüyəm. Məndə böyük dözüm, iradə var. Heç vaxt çətinliklərdən çəkinməmişəm. Həyatda kimdənsə nəsə xahiş etməmişəm. Çalışmışam ki, hər şeyə özüm nail olum və bunu bacarmışam.
- Çətinlikləriniz çox olub?
- Bəli, çox olub. Ancaq keçmiş çətin günləri xatırlamaq, bu haqda danışmaq istəmirəm. Çünki onlar şəxsi həyatımla, ailəmlə bağlıdır. Çətinlikləri sınaq kimi qəbul edirəm və məni həyata qarşı dayanıqlı insana çevirən ağır imtahanlardan başıuca çıxdığımı düşünürəm. Mən heç nəyi asan əldə etməyi sevmirəm. Həyatda hər şeyi zəhmətlə qazanmışam və bundan narazı deyiləm. Bəlkə də çətinlikləri yaşamasaydım, bu gün belə gözəl həyatım olmazdı.
- İmanlı insansınız?
- Bəli, qismətə, alın yazısına inanıram. Düşünürəm ki, Allah bəzi insanlar doğulanda onları mükafatlandırır. Mənim mükafatım sənətimdir.
- Sizə xoşbəxt qadın demək olarmı?
- Əlbəttə. Sevdiyim sənətim, iki balam, gözəl ailəm, dostlarım var. Həyat yoldaşım mənimçün həm sevimli insandır, həm də yaxın dostumdur. O, mənə kömək edir, məsləhətlər verir, hər zaman dəstəkləyir.
- Təranə xanımı nə sevindirər?
- Çox şey. Ən çox nəvəmin olması, uşaqların səadəti, qızımı özüm kimi xoşbəxt görmək...
- Bəs, nəsə ağlada bilər?
- Çox əziz insanlarımı – anamı, mənə ana əvəzi olan bacımı, 25 yaşlı bacım oğlunu itirmişəm. Ən çox onların xatirəsi məni ağladır. Bəzən isə insanlar nəsə haqsızlıq edəndə dözməyib ağlayıram.
Ümumiyyətlə, kövrək insanam. Hətta film izləyəndə də qəhərlənə, ağlaya bilərəm.
- Hüquqşünas kimi çalışsaydınız, kimin hüquqlarını qoruyardınız?
- Konkret kimlərisə deyə bilmərəm. Əminliklə qeyd edə bilərəm ki, hər zaman haqqın, ədalətin, düzgünlüyün yanında olardım. Vəzifəsindən, kimliyindən asılı olmayaraq, haqlı olanı qoruyardım. Mən şox prinsipial adamam və əgər hüquqşünas işləsəydim, bu sahədə də uğur qazanardım.
- İnsanlara nəyi bağışlaya bilmirsiniz?
- Mən hər şeyi bağışlayaram. Təkcə insanın üzünə gülüb arxasınca danışanlardan başqa. Ümumiyyətlə isə, kinli deyiləm. Kimdənsə nəyə görəsə inciyəndə də tez unuduram.
- Bəs sizi nə təəccübləndirir?
- Bizim millətin bir-birinə paxıllıq hissi.
- Ev işləri bacarırsınız?
- Mən xörək də bişirirəm, uşaqlara da baxıram, evləri də yığışdırıram. Və hər şeyi sevgi ilə edirəm. Düzdür, köməkçim var, ancaq özüm də nəsə etməyi sevirəm. Mən hər şeyi çatdırıram. Gün ərzində cəmi 4-5 saat yatıram, qalan vaxtı isə hərəkətdəyəm. 5-6 saat rəqs edirəm. Çalışqan insanam, işsiz dayana bilmirəm.
Çox istirahət etməyi sevmirəm. Ancaq məzuniyyətə çıxanda dincəlirəm.
- Haradandır bu qədər enerji?
- Bilmirəm. Hərdən fikirləşirəm ki, enerjim birdən tükənəcək. Onda necə yaşayacağam? Səhnəsiz necə yaşayacağımı ağlıma gətirə bilmirəm.
- Dünyanın əksər ölkələrində Azərbaycanın milli rəqslərini ifa etmisiniz. Tamaşaçılar çıxışlarınızı necə qarşılayırdı?
- 35 ildir ki, Dövlət Rəqs Ansamblı ilə saysız-hesabsız səfərlərdə olmuşam. Bizim rəqslərə istənilən ölkədə çox böyük zövqlə tamaşa ediblər, ayaq üstə alqışlayıblar. Bir çox hallarda yenidən səhnəyə qayıdıb çıxışımızı təkrarlamışıq. Ümumiyyətlə, rəqslərimiz, hətta milli geyimlərimiz çox bəyənilir.
- Noyabr ayının 11-də yubileyiniz münasibətilə Heydər Əliyev Sarayında yaradıcılıq gecəniz keçiriləcək. Hazırlıq işləri necə gedir?
- 50 illik yubileyim munasibətilə təşkil olunan bu tədbirə dünyanın bir çox ölkələrindən – Rusiyadan, Avstriyadan, Türkiyədən, Gürcüstandan, Dağıstandan... 200 nəfərdən artıq dostlarım qonaq gələcək. Dünyanın tanınmış rəqs kollektivləri yaradıcılıq gecəmdə çıxış edəcəklər. Buna görə özümü çox xoşbəxt hiss edirəm.
Tədbirdə mən də iki rəqs ifa edəcəyəm. Biri yeni rəqs olacaq, o biri isə Dövlət Rəqs Ansamblı ilə hər zaman konsertləri bitirdiyimiz “Odlar yurdu” rəqsi.
Demək olar ki, bütün hazırlıq işləri tamamlanıb. Buna baxmayaraq, konsert yaxınlaşdıqca həyəcanım daha da artır.
Bundan sonra mənim bir arzum qalır. O da Azərbaycanda dünyanın bütün ölkələrindən olan rəqs qruplarının iştirak etdiyi böyük rəqs festivalı keçirmək. Ümidvaram ki, bu arzuma da çataram.
- İnşallah. Əksər sənət növlərinə xas peşə xəstəlikləri olur. Sizin sahədə necə, belə xəstəliklər var?
- Əlbəttə. Bizim işimiz elədir ki, vaxtlı-vaxtında yemək yeyə bilmirik, normal qida rejimimiz yoxdur, çox vaxt pəhriz saxlayırıq. Bunlar hamısı mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur.
Bizim rəqqasların, demək olar ki, hamısının diz qapağı əməliyyat olunub. Bununla yanaşı, onurğa sütununun xəstəliklərinə, fəqərəarası disk yırtığı probleminə çox təsadüf olunur. Bütün rəqqaslar ayaqlarından travma alır. Sənətdən ayrılandan sonra isə xəstəliklər daha çox üzə çıxmağa başlayır.
Biz çox şeyə dözürük. Sənətimizin ömrü qısa, çətinliyi çoxdur. Bəs nəyə görə deyirlər incəsənət qurban tələb edir? Amma sevgi hissi bu qurbanlardan yüksəkdə dayanmalıdır.
- Bəs, rəqslə hansısa xəstəliyi müalicə etmək olarmı?
- Olar. Həmişə demişəm ki, mənim bütün xəstəliklərimi səhnə müalicə edir. Özümü yenidən doğulmuş kimi hiss edirəm. Başım və ya dişim ağrıyırsa, qəlbimdə nəsə ağırlıq varsa, səhnəyə çıxanda hamısı keçib gedir. Rəqsim bitəndə artıq ağrı hiss etmirəm. Mən səhnədə elə bil başqa ömür yaşayıram. İnanın ki, bunu sözlərlə ifadə etmək mümkün deyil.
Səhnədə olarkən insanları görməsən də, sənə baxan gözləri hiss edirsən. Xoşbəxtəm ki, mən illərdir o baxışlarda ancaq məhəbbət duymuşam.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova