“İnfeksiyaya həssaslıq və vaksinə reaksiya yuxunun keyfiyyətindən asılıdır”

“İnfeksiyaya həssaslıq və vaksinə reaksiya yuxunun keyfiyyətindən asılıdır”

Somnoloq alim COVID-19-un səbəb olduğu yuxu problemləri haqqında

Pandemiya həyatın adi gedişini dəyişdi və bir sıra çətinliklər yaratdı. Bütün bunlar sağlam yuxuya mane olur, insanın normal yatmaması isə onun sağlamlığına mənfi təsir edir. Pandemiya dövründə yuxumuz necə dəyişib? Onu normal hala qaytarmaq üçün nə etmək lazımdır? M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tibbi Elmi Təhsil Mərkəzinin Yuxu təbabəti mərkəzinin rəhbəri, «СОН» (“Yuxu”) beynəlxalq forumunun təsisçisi, tibb elmləri namizədi Aleksandr Kalinkin bu barədə müsahibəsində danışıb.

- Bu gün çox söhbət gedir ki, pandemiya yuxunun keyfiyyətinə təsir edib. Buna səbəb nədir?
- İlk növbədə, ondan başlayaq ki, müasir insanlar bütün dünyada, bütün bəşəriyyət miqyasında müxtəlif səbəblərdən yuxu problemi yaşayırlar. Belə ki, son 100 il ərzində orta yuxu müddəti 8 saatdan 6 saatadək, bəzi meqapolislərdə isə 6 saatdan da azadək qısalıb. İşədək yolun uzunluğu, işlərin, maraqların çoxluğu, qacetlər, kompüterlər və ümumiyyətlə, vaxtın azlığı səbəbindən xroniki olaraq kifayət qədər yatmamaq ona gətirib çıxarıb ki, xroniki yuxu deprivasiyası - pozulması, çatışmazlığı, itməsi yaşanır.
Pandemiya, ilk növbədə, qorxu, həyəcan, depressiyadır. Dünyada aparılmış metatəhlillər bunu göstərir. Bu vəziyyət xüsusilə pandemiyanın əvvəlində hiss olunurdu, çünki heç kim nə etmək lazım olduğunu, nəyin gözlənildiyini bilmirdi. İndi insanlar bu vəziyyətə artıq bir az öyrəşiblər, bəziləri xəstələnib-sağalıblar və xəstəliyə daha sakit yanaşırlar. Hərçənd ölüm göstəricisi xeyli yüksəkdir. Koronavirusla işləyən tibb işçiləri başqalarından daha çox əziyyət çəkirlər: onların iş qrafiki normasızdır, gecə və gündüz növbələridir, stres çox böyükdür. Stresin yüksək səviyyəsi isə yuxu keyfiyyətinin pozulmasının səbəblərindən biridir.

- Pandemiya və lokdaunlar hamıya eyni dərəcədəmi mənfi təsir göstərdi?
- M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Yuxu təbabəti mərkəzinin məlumatına görə, yuxusu yaxşılaşan adamlar da var. Söhbət əvvəllər işə görə, əyləncələrə və toplantılara həvəs göstərdiklərinə görə doyunca yata bilməyənlərdən gedir. Distant çalışanda onlar tezdən durmaq məcburiyyətində qalmadıqlarına görə yuxuya daha çox vaxtları qalır və daha yaxşı yatırlar. Ancaq lokdaunda olanların və ya sərbəst qrafiklə çalışanların əksəriyyətinin yuxu ilə bağlı problemləri yaranıb.

- Səbəb nədir?
- Daha çox sərbəst vaxt əmələ gəlib, kompüter və ya televizor arxasında daha çox oturmaq, qacetlərdən və smartfonlardan daha çox istifadə etmək imkanı yaranıb.

- Bunlardan istifadə zamanı yuxuya təsir edən nədir? Yuxudan qabaq televizora baxmaq, qacetdən istifadə etmək niyə ziyandır?

- Kompüterin qısa dalğalı mavi işıq şüaları gecə hormonu adlandırılan melatonin ifrazına mənfi təsir edir, bu hormondan isə yuxunun keyfiyyəti əhəmiyyətli dərəcədə asılıdır. Əslində, istənilən işıq melatonin ifrazının qarşısını alır, ancaq kompüterin işığı bunu bir neçə dəfə daha artıq dərəcədə edir. Müasir monitorlarda mavi şüalanma kəskin azaldılsa da, onlar da mənfi təsir edir.
2017-ci ildə insanın bioloji saatının iş mexanizminin kəşfinə görə Nobel mükafatı təqdim olunub. Kəşfin mahiyyəti ondan ibarətdir ki, insan yuxulayanda genomun aktivliyi dəyişir, bəzi genlər sönür, o biriləri işə düşür. Odur ki, yuxu adicə uzanıb dincəlmək deyil. Genomun aktivliyinin dəyişməsi böyük əhəmiyyət daşıyır.
İnsanın bioloji saatı hipotalamusun ön hissəsinin supraxiazmatik nüvələrində yerləşir. Beynin cəmi 20 min hüceyrədən ibarət bu mərkəzi işığa reaksiya verir.

- Bəs yuxu qabağı filmə baxmaq, xəbərləri oxumaq, videooyunlar, sosial şəbəkələr yuxunun keyfiyyətinə necə təsir edir?
- Burada iki əsas amil var. Birincisi – artıq haqqında danışdığımız işıqdır. İkincisi isə yuxulama prokrastinasiyası adlandırılan haldır. Bu halda seriala
baxan, yaxud qacetdə nə iləsə məşğul olan adam yuxuya getməyi get-gedə daha çox ləngidir.

- Qərb mənbələri xüsusi qeyd edirlər ki, yuxuya ən çox mənfi təsir edən sosial şəbəkələr kimi interaktiv məşğuliyyətlər, döyüş kompüter oyunları və qəddarlıq səhnələri olan filmlərdir. Yazırlar ki, həyəcanlandıran kontent nəbzi və təzyiqi qaldırır, bu isə yuxulamanı çətinləşdirir.
- Təbii ki, insanı həyəcanlandıran xəbərlər, oyunlar və sair yuxulamağa mane olur. Aktivlik yuxunun keyfiyyətinə də mənfi təsir edir, aqressivlik isə bu təsiri gücləndirir.

- Bəs kompüterdə pasyans açmaq? O ki sakitləşdirir, fikri yayındırır.
- Yox, istənilən halda, bu işıqdır. Pasyans açmaqdırsa, bunu adi kartlarla etmək daha yaxşıdır.

- Yəni qacetlər istənilən halda pisdir?
- Gecədən keçənədək qacetdə oturub qalan adamlarda yuxulama vaxtı daha gec saatlara sürüşür. Buna yuxu fazasının ləngiməsi sindromu deyilir. Belə insanlarda yuxu özü pozulmur, yuxulama fazası və müvafiq olaraq, oyanma vaxtı geriyə çəkilir.

- Mənə elə gəlir ki, yuxu vaxtı kəskin ləngiyirsə, hətta 8 saat yatanda da yuxudan doymursan. Vaxtilə mən işlədiyim redaksiyada nömrəni gecə 2-də, 3-də təhvil verirdik. Gecə 3-dən saat 11-dək, yəni 8 saat yatsam da, davamlı surətdə yuxudan doymamaq məni əldən salırdı.
- Həqiqətən, gec yatmağın əvəzini heç də həmişə gec durmaqla çıxmaq olmur. Beşdə-altıda yatıb 12-də durmaq yaxşı yatmaq demək deyil. Ancaq əsas problemlər böyüklər işə, uşaqlar məktəbə getməli olanda başlayır. Qrafikin bərpası bir neçə gündən bir neçə həftəyədək vaxt ala bilər.

- Doğrudanmı, kimsə özü istəyərək səhər 5-6-dək oyaq qalır?
- 2010-cu ildə biz bir tədqiqat apardıq. Moskva ali məktəblərindən birinin 1500 tələbəsi arasında sorğu keçirdik. Məlum oldu ki, respondentlərin 80%-i yatmağa gecə 12-dən 3-dək gedir. Müasir gənclər üçün bu çox səciyyəvidir. Təbii ki, onlar görüşmək, ünsiyyətdə olmaq, oynamaq və s. istəyirlər. Yaş artdıqca vəziyyət dəyişir. Əgər uşaqlar əksər hallarda tez yatıb tez duran, yeniyetmələr gec yatıb gec duran olurlarsa, böyüklər yenidən tez yatıb tez durmağa üstünlük verə bilərlər. Bəzi insanlar qəti müəyyənləşmiş, həyat boyu dəyişməyən ritmə malik olurlar. Lakin əksəriyyət aralıq mövqe tutur, gec yatanlardan bir az tez yatıb, tez duranlardan bir az gec dururlar. Ən normal yatan insanlar da məhz onlardır.

- Bəs, COVID özü yuxu pozuntusuna səbəb ola bilərmi?
- COVID praktik olaraq bütün orqanlara təsir edir, ancaq ən çox ağciyərləri və mədə-bağırsağı zədələyir. Təbii ki, ağciyər xəstəlikləri, yuxu vaxtı xorultu, apnoe kimi tənəffüs pozuntuları olan adamlarda ağciyərlərin əlavə zədələnməsi hipoksiyanın inkişafına səbəb olur. Hipoksiya hava çatışmazlığı hissiyyatı ilə müşayiət olunur ki, bu da yuxunun keyfiyyətini daha da korlayır.

- Hansısa xəstəliklərin kəskinləşməsi yuxunun korlanmasına gətirib çıxara bilərmi?
- Bəli, COVID fonunda bəzi pasiyentlərdə narahat ayaqlar sindromu deyilən hal inkişaf edə və ya ağırlaşa bilər. Bu halda insan yatağa uzanan kimi ayaqlarında diskomfort hissi yaranır. Bu, qıcolma deyil, məhz diskomfort hissidir. Bəziləri bunu yanğı kimi, bəziləri həşərat gəzməsi kimi, damarlarda qaz qabarcıqları kimi, ağrı kimi təsvir edir. İnsan hərəkət etməyə başlayanda bu hissiyyat keçir, uzananda yenidən peyda olur. COVID-dən sonra pasiyentlərin xeyli faizində bu vəziyyət yaranır və yatmağa mane olur.

- Bu xəstəliyə nə səbəb olur? Stresmi?
- Xeyr, bu, nevroloji xəstəlikdir, ancaq onun dəqiq mexanizmi tam tədqiq edilməyib. Bu halların yarısında səbəb dəmir çatışmazlığı ola bilər.

- COVID-dən sonra yuxu problemləri ilə üzləşənlər çoxdurmu?
- Elmi ədəbiyyata görə, COVID keçirmiş pasiyentlərin 28%-ində xəstəlikdən sonra yuxu pozuntusu olur. Ancaq bu məlumata inanmaq çətindir, çünki çox vaxt xəstəlikdən əvvəl hansı yuxu pozuntusunun olması nəzərə alınmır.
Mənim hesablamalarıma görə, COVID ona yoluxub sağalmış insanların 5%-nin, maksimum 10%-nin yuxusuna təsir edir.

- Az yatmaq, yaxud pis yatmaq sağlamlıq üçün nə dərəcədə təhlükəlidir?
- Kifayət qədər yatmamağın görünən nəticələri yuxululuq, əmək qabiliyyətinin aşağı düşməsi, əqli funksiyaların, o cümlədən yaddaşın korlanması, aqressivlik, həyəcan əlamətləri, insanlarla münasibətlərin pozulması ola bilər. Ancaq daha dərin nəticələrin olması da mümkündür.
Somnoloq alim, biologiya elmləri doktoru, professor İvan Piqaryov heyvanlar üzərində təcrübə yolu ilə sübut eləyib ki, yuxu zamanı beyin yatmır, aktiv işləyir, daxili orqanlardan məlumatları alır, kompüter dili ilə desək, orqanizmi skan edir, pozuntu varsa, onu müəyyənləşdirir və aradan qaldırır. Yəni bərpa prosesləri məhz yuxu vaxtı baş verir.
Əgər biz hansısa canlı orqanizmi yuxudan məhrum etsək, bir həftədən sonra o ölər.

- Niyə?
- Ola bilər ki, yuxunun əsas funksiyası immun cavabın təmin edilməsidir. Güman edirəm ki, yuxudan məhrum edilən hər kəs sepsisdən ölür. Axı insanda nə onkoloji proses, nə infarkt, nə insult, nə ateroskleroz yoxdursa, bir həftə ərzində bunlar inkişaf etməyə çatdırmaz. Sadəcə, bizi əhatə edən, dəridə, selikli qişada, mədə-bağırsaq yolunda yaşayan bakteriyalar bütün baryerlərdən nüfuz edir, immunitet isə onların öhdəsindən gələ bilmir. Nəticədə, sepsis yaranır və insan ölür.

- Belə çıxır ki, yuxu immunitetə bu dərəcədə təsir edir?
- Yuxu sağlamlığın və uzunömürlülüyün elə fundamental əsasıdır ki, əgər insan bir-iki həftə ərzində gündə öz normasından cəmi bir saat az yatsa, onun nəinki özünü hiss etməsi, hətta genom aktivliyi dəyişir, onda ürək-damar, onkoloji, endokrin xəstəliklər inkişaf edə bilər, immun sistemin fəaliyyətində pozuntular əmələ gələ bilər və sair. Yuxu pozulması bir sıra həm somatik, həm də psixi xəstəliklərin mexanizmini işə sala bilər.
2015-ci ildə “Sleep” tibb jurnalında unikal bir eksperimentin nəticələri dərc olunmuşdu. Alimlər yuxunun uzunluğu ilə kəskin respirator virus infeksiyaları ilə xəstələnmə göstəricisi arasında əlaqəni müəyyənləşdirmək istəmişdilər. Tədqiqatda 18 yaşdan 55 yaşadək tam sağlam insanlar iştirak etmişdilər. Onlar əvvəl bir həftə ərzində öz yuxularının uzunluğunu qeydə almışdılar, sonra isə rinovirus infeksiyasına yoluxdurulmuşdular. Sutka ərzində beş saatdan az yatanlarda xəstələnmə göstəricisi xeyli çox olmuşdu. Məsləhət görülən normadan cəmi üç saat az yatmaq xəstəlik riskini 250% (!) artırmışdı.

- Deməli, kim pis yatırsa, koronavirusa yoluxma riskinə də daha çox məruz qalır?
- Yuxu pozulması immunitet pozuntusuna səbəb olaraq, istənilən infeksion xəstəliyin inkişafı üçün fon yaradır, o cümlədən də koronavirus infeksiyası üçün. Hətta vaksinasiyanın keyfiyyəti də yuxunun keyfiyyətindən asılıdır. İnsan nə dərəcədə sağlam yuxu yatırsa, peyvəndləmə bir o qədər yaxşı keçir, anticisimlər bir o qədər çox yaranır. Buna görə də infeksiyaya həssaslıq da, bədənin vaksinə reaksiyası da yuxunun keyfiyyəti ilə müəyyən olunur. Bununla bağlı tədqiqatlar həyata keçirilib, o cümlədən çox nüfuzlu tibb nəşri olan “The Lancet” jurnalında “Keyfiyyətli gecə yuxusu COVID-19-a qarşı vaksinasiyanın effektivliyini artıra bilərmi?” adı altında dərc edilib.

- Bəs pandemiya uşaqlara, onların yuxusuna necə təsir edir?
- Eynilə böyüklərə təsir etdiyi kimi. Uşaqlar da kompüter və smartfonla daha çox vaxt keçirtmək imkanı qazanırlar, onlarda da yuxu ilə bağlı ciddi problemlər yaranır. Lokdaun vaxtı yanıma valideynlər gəlir və deyirdilər ki, bilmirik uşaqlarımızla nə edək, səhərə yaxın yuxulayırlar və bütün gün yatırlar. Bu, dərslərə də mənfi təsir edir, ailədə münasibətləri də korlayır. Bəzən adama elə gəlir ki, uşağın aqressiv davranışı, xuliqan hərəkətləri tərbiyə ilə əlaqədardır, əslində isə, o, sadəcə, pis yatır. Yuxu nə qədər pis olursa, aqressivlik də o qədər çox təzahür edir.

- Gec yatmaq böyüklərlə müqayisədə uşaqlar üçün nə dərəcədə təhlükəlidir?
- Əhəmiyyətli dərəcədə daha təhlükəlidir, çünki uşaqların fiziki inkişafı somatotrop hormonun ifrazı ilə bağlıdır. Əzələlərin və sümüklərin böyüməsinə cavabdeh olan bu hormon gecənin ilk üçdəbirində, məhz dərin yuxu halında yaranır. Əgər dərin yuxu pozulubsa, bu hormonun əmələ gəlməsi də azalır. Buna görə də yatmağa gec gedən uşaqlar həm fiziki, həm də mental inkişafdan geri qala bilərlər.

- Lokdaunlar, distant təhsil və ümumiyyətlə pandemiyanın səbəb olduğu yuxu pozuntuları elə psixi və psixoloji dəyişikliklərə gətirib çıxara bilərmi ki, uşaq gələcəkdə yaxşı oxuya, işdə irəliləyə bilməsin, yaxud başqa insanlarla münasibət qurmaqda çətinlik çəksin?
- Əgər bu, uzunmüddətli problemdirsə, koqnitiv, idrak funksiyası, öyrədilə bilmək qabiliyyəti pozulur, yaddaşa, əhval-ruhiyyəyə, iş qabiliyyətinə mənfi təsir edir. Ancaq bu pozuntuların çoxunu bərpa etmək olur, yetər ki, insan bunu istəsin və kömək üçün həkimlərə müraciət etsin.

- Uşağı necə məcbur etmək olar ki, rejimə riayət eləsin? Valideynlər bunun üçün nə etməlidirlər?
- İlk növbədə, axşamlar televizora baxmağı, qacetlərdən istifadəni məhdudlaşdırmalıdırlar. Məsələn, Çində uşaqların ekran vaxtı qanunvericiliklə gündə iki saat müəyyənləşdirilib. Məncə, bu, çox düzgün, millətin sağlamlığını düşünən addımdır.

- Çinlilər intizamlıdırlar, biz isə deyilik. Uşağa təzyiq etməklə onu sındırmaq, ya da onunla münasibətləri həmişəlik korlamaq olar. Bəlkə, çıxış yolu onunla məşğul olmaqda, yuxu qabağı birlikdə kitab oxumaqda, stolüstü oyunlar oynamaqdadır?
- Əlbəttə, uşağı hansısa birgə fəaliyyətə - oxumağa, sakit oyunlara cəlb etmək, bununla kompüterdən fikrini yayındırmaq lazımdır. Ancaq, təəssüf ki, böyüklərin adətən buna vaxtı yoxdur, onlar həmişə məşğuldurlar.
Nəticədə, kifayət qədər yatmayanda yaradıcı potensial kəskin aşağı düşür. Belə insan hansısa rutin işi görə bilər, amma düşünməyə, yaratmağa, fikir yürütməyə qadir deyil. İnsan zombiləşir, robota çevrilir. Mənim fikrimcə, ən qorxulu olan budur. İnsanın zombiyə çevrilməsindən dəhşətli nə ola bilər ki?!

Yelena Tuyeva
«Коммерсантъ»





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova