Bakı Təcili Yardım Stansiyası pandemiya dövründə fədakarlıqla çalışır

Bakı Təcili Yardım Stansiyası pandemiya dövründə fədakarlıqla çalışır

Müsahibimiz Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevdir


Deyilənə görə, XX əsrin əvvəllərində Bakıda Ağ şəhər, Ramana, Qara şəhər və Bibiheybətdə təcili tibbi yardım göstərmək üçün at arabalarından istifadə edilirmiş. Hətta Sabunçu ərazisində bir həkim və iki mamanın çalışdığı tibbi yardım xidmətinin fəaliyyət göstərdiyi vaxtlar da olub.
Bəs, aradan təxminən 100 il keçəndən sonra, bu gün Bakıda təcili tibbi yardım sistemi əhaliyə necə xidmət edir? Digər qəfil ağırlaşma halları ilə yanaşı, yeni növ koronavirus (COVİD-19) pandemiyasının da “at oynatdığı” vaxtda ağır bir yükü öz üzərinə götürən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) öz işini necə qurub? Bu qurumun tibbi personalı vəzifə borcunu yerinə yetirərkən hansı problem və çətinliklərlə üzləşir? Bu və digər suallara cavab almaq üçün BŞTTTYS-nin baş həkimi Rauf Nağıyevə müraciət elədik.
– Artıq 2021-ci ili başa vurmaq üzrəyik. Əlbəttə, təcili yardımın işi həmişə mürəkkəb və məsuliyyətlidir. Bir yandan da COVİD-19 pandemiyasının ortaya çıxması bu sahədə hansı çətinliklər yaradıb?
– Əvvəla, “Tibb qəzeti”nin kollektivinə öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, təcili tibbi yardımın fəaliyyətini daim diqqət mərkəzində saxlayır, müvafiq araşdırmalar aparır, maraqlı yazılar dərc edir, ictimaiyyəti maarifləndirirsiniz.
Sözün düzü, təcili yardımın işi elə həmişə çətin və məsuliyyətli olub, bu gün də belədir. Çağırışların sayı onsuz da həddindən artıq çox idi, üstəlik də, COVİD-19 pandemiyasının tüğyan etməsi işimizi daha da artırdı. Xüsusilə virusun yayılmağa başladığı ilk günlərdə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının üzərinə çox ağır yük düşmüşdü. Çünki bu qəfil bəlaya nəinki əhali, heç təcili yardım stansiyası, poliklinikalar, xəstəxanalar da hazır deyildi. Ümumiyyətlə, bütün dünya səhiyyəsi çətin bir sınaq qarşısında qalmışdı. Ərazi prinsiplərini gözləmək mümkün olmurdu, tibbi personal üçün xüsusi geyimlər yox idi... Bir yandan da insanlar arasında COVİD-19-a qarşı laqeydlik hökm sürürdü. Böyük əksəriyyət belə bir virusun olduğuna inanmır, qoruyucu maskalardan istifadə etmir, sosial məsafə saxlamırdı. Bu da son nəticədə ağırlaşma hallarının artmasına və bizim işimizin daha da gərginləşməsinə səbəb olurdu.
Təsəvvür edin ki, tək Bakı və onun qəsəbələrində deyil, eləcə də Sumqayıt və Xırdalan şəhərlərində, bütün Abşeron zonasında xidmət göstərib, pasiyentləri vaxtında xəstəxanaya çatdırmaq bizim quruma həvalə olunmuşdu. Sonradan Səhiyyə Nazirliyi tərəfindən ilkin səhiyyə müəssisələri – poliklinikalar da işə cəlb olundu. Lakin karantinlə əlaqədar poliklinikalara müraciət edənlər az idi, üstəlik, hamı ehtiyat edirdi. Həmçinin bu işə cəlb olunan tibb işçilərinin sayı o qədər də çox deyildi. Bir sözlə, əsas yük təcili yardımın çiynində idi. Belə bir çətin vaxtda məsuliyyəti öz üzərimizə götürdük və çox şükür ki, bizə tapşırılan bu çətin vəzifənin öhdəsindən lazımınca gələ bildik.
Sevindirici haldır ki, indi insanların pandemiya ilə bağlı təsəvvürlərində müsbət dəyişikliklər baş verib, böyük əksəriyyət reallığı dərk edir. Artıq ikinci ildir ki, pandemiya ilə yaşayırıq. Ölkəmizdə dövlət səviyyəsində aparılan işlər, o cümlədən Səhiyyə Nazirliyinin gördüyü tədbirlər öz bəhrəsini verməkdədir. Təkcə tibb işçiləri yox, eləcə də əhali pandemiya ilə bağlı xeyli maariflənib, bu baxımdan nizam-intizam müşahidə olunur.
Hazırda səhiyyə müəssisələri arasında müvafiq vəzifə bölgüsü aparıldığından bizim işimiz də nisbətən yüngülləşib.
– Yəqin, siz də razılaşarsınız ki, əhali arasında təcili yardım xidmətindən haqlı-haqsız narazılıq edənlər də var. Bu, nədən qaynaqlanır?
– Təəssüflə qeyd etməliyəm ki, nəinki əhali, hətta bəzi tibb işçiləri də təcili yardımın fəaliyyət sahəsini bilmədiklərinə görə bizdən poliklinikanın da işini tələb edirlər. Halbuki səhiyyədə vəzifə bölgüsü var – hər bir tibb müəssisəsinin qarşısına onun profilinə uyğun vəzifələr qoyulub. Təcili yardımın, poliklinikanın və xəstəxananın funksiyaları fərqlidir. Məsələn, kəskin hallar – qəzalar, qəfləti ağırlaşmalar, sinədə kəskin ağrılar, infarkt, insult, qıcolma, qanaxma, o cümlədən hamiləliklə bağlı qanaxmalar, kəskin cərrahi hallar, travmalar, yanıqlar və sair bu kimi hallarda əhaliyə xidmət göstərmək birbaşa təcili yardıma aiddir. Profilaktik işlər, evdə müalicələr, evdə xəstəyə nəzarət olunması, erkən dövrdə xəstəliyin aşkarlanması isə bilavasitə poliklinikaların vəzifəsidir. Bir sözlə, hər səhiyyə müəssisəsinin işinin harada başlayıb harada bitdiyinə dəqiq riayət olunmalıdır ki, hərə öz vəzifəsinin öhdəsindən gələ bilsin. Amma biz bir çox hallarda öz funksiyamıza aid olmayan işlərlə məşğul olmaq məcburiyyətində qalırıq. Gün ərzində daxil olan 2500-2700 arası çağırışın təxminən 50 faizdən çoxu təcili yardıma aidiyyəti olmayan müraciətlərdir. Bu da, təbii ki, bizə xeyli çətinlik yaradır.
Planlı xəstələr, yaxud diaqnozu təyin olunmayanlar diaqnozun təyini üçün, sadəcə, həkimdən məsləhət almaq üçün təcili yardım çağırırsa, bizim vaxtımızı almış olurlar. Nəticədə, biz əsas vəzifəmizin icrasında – hər hansı bir ağır xəstəyə vaxtında yardım etməkdə kecikirik. Ağır hallarda biz 15-20 dəqiqə ərzində ünvana çatmalıyıq, çünki qısa müddətdə müdaxilə etməsək, xəstənin vəziyyəti ağırlaşa və o, həyatını itirə bilər. Təbii ki, belə məqamda gecikmələr narazılıqlara səbəb olur.
Eyni sözləri koronavirusla bağlı hallara da aid etmək olar. Biz yaxmaları götürürük, bu işdə poliklinikalara kömək edirik. Ancaq yalnız ağır hallarda. Bilirik ki, vaxtında müayinə aparılıb COVİD, yaxud başqa bir respirator xəstəlik olduğu aşkarlanmasa, pasiyentin vəziyyəti ağırlaşa bilər. Bu zaman məsələyə ciddi yanaşırıq. Qalan hallar bilavasitə poliklinikanın funksiyasına aiddir.
Təəssüf ki, vətəndaşlar poliklinikalara az müraciət edirlər. Çoxları ərazi poliklinikasının yerini bilmir. Bəzən isə ərazi poliklinikalarının həkimləri öz vəzifə borclarını yerinə yetirmək əvəzinə, xəstəyə təcili yardım çağırılmasını tövsiyə edirlər. Bakı şəhərində yaşayan əhalinin böyük bir hissəsi qeydiyyatsızdır, sahə həkimləri həmin vətəndaşları heç tanımırlar. Əksər vətəndaşlar ən adi halda da sahə həkiminə müraciət etmək, onunla əlaqə saxlamaq əvəzinə, təcili yardım çağırır ki, dövlət tərəfindən ayrılmış xidmətdir, gəlib yardım göstərsin. Gedib görürük ki, yüngülvari qızdırması var, yaxud azacıq təzyiqi qalxıb. Belələri düşünmürlər ki, hansısa bir ağır xəstənin haqqına girirlər. Çünki ağır xəstəyə vaxtında yardım göstərərək vəziyyətdən çıxardıb xəstəxanaya aparmaq o şəxsin həyatını xilas etmək deməkdir. Bu əsassız çağırışların yükümüzü ağırlaşdırması ilə yanaşı, buna görə təcili yardım haqsız yerə ikitərəfli günahkar olur: biri çağırır, lakin funksiyamıza daxil olmadığı üçün ona yardım etməyəndə narazı qalır, digəri də aidiyyəti olmayan xəstəyə vaxt itirib gecikdiyimiz üçün təcili yardımı məzəmmət edir. Hesab edirəm ki, təcili yardıma münasibət təcili dəyişməlidir! Digər tibb müəssisələri öz üzərinə düşən vəzifəni vaxtında yerinə yetirsə, vətəndaşlar hansı hallarda kimə müraciət etmək lazım olduğunu dəqiq bilsələr, təcili yardım da öz konkret işi ilə məşğul olar, heç bir narazılıq da ortaya çıxmaz.
Digər tərəfdən, xəstələrin vaxtında aşkarlanması, qeydiyyata alınması, xroniki vəziyyətə keçmədən onu müalicə edib xəstəliyin qarşısını alması həm səhiyyə sisteminə sərf eləyər, həm də vətəndaşlara. Əks təqdirdə, xəstəni vaxtında sağlamlığına qovuşdurmadıqda, xəstəlik xroniki hala keçdikdə, bu həm vətəndaşa, həm də dövlətə ziyan vurur. Bu nöqteyi-nəzərdən yanaşsaq, ilkin səhiyyəni, profilaktikanı, qeydiyyata alınmanı, xəstələrin erkən dövrdə aşkarlanmasını gücləndirmək lazımdır. Ağırlaşmanın qarşısı erkən dövrdə alınarsa, heç təcili yardıma ehtiyac da qalmaz. Ağır xəstə o deməkdir ki, onu vaxtında aşkarlayıb, vaxtında müayinə etməyiblər. Düzdür, insan qəfildən xəstələnə bilər, ancaq onu erkən dövrdə aşkarlayıb, vaxtında müalicə etmək olduqca zəruridir. Belə olarsa, təcili yardımdan sui-istifadə halları da azalar.
– Təcili tibbi yardımın gec gəlməsinin daha hansı səbəbləri olur? Çağırışların çoxalması, yol-tıxac problemi, başqa səbəblər?
– Öncə onu qeyd edim ki, xəstələrə təcili tibbi yardımın vaxtında göstərilməsinə həm əhali, həm də digər səhiyyə müəssisələri kömək etməlidir. Biz xəstəni xəstəliyin erkən dövründə yox, ağırlaşma hallarında görürük. Erkən dövrdə görsək, ən azından, onu məlumatlandırarıq ki, sizdə bu hal var və ağırlaşma ola bilər. Bilirsiniz, erkən dövrdə xəstənin vəziyyəti ailə həkiminin nəzarətində olmalıdır. Belə bir misal var, xəstə öz həkimi ilə dost olmalıdır. İnsan təkcə xəstələnəndə yox, həmişə öz həkimi ilə əlaqə saxlamalı, lazımi məsləhətlər almalıdır. Təəssüflər olsun ki, bizdə həkimə ağırlaşmadan sonra müraciət edirlər. Bu, məsələnin bir tərəfi. İkincisi, mən özüm də dəfələrlə şahidi olmuşam ki, təcili yardım maşını səs və işıq siqnalından istifadə etməsinə baxmayaraq, ona yol vermirlər, şərait yaratmırlar ki, ünvana vaxtında çatsın. Bu, qəbahətdir, qeyri-etik davranışdır. Sivil ölkələrdə sürücülər vəziyyətdən asılı olmayaraq, hətta keçilməz bir şəraitdə də imkan tapıb yolu açır, təcili yardıma, eləcə də digər operativ nəqliyyat vasitələrinə yol verirlər. Bizdə isə belə bir ənənə hələ tam formalaşmayıb. Bu da işimizdə gecikmələrə səbəb olur.
Bununla yanaşı, Bakıda çox sayda müvəqqəti yaşayan insanlar var. Əksəriyyəti öz yaşadığı ünvanı bilmir. Elə yerlər də var ki, ümumiyyətlə, ünvan yoxdur, gecəqondulardır, nömrələnməyib. Qarşılayan olmasa, həmin ünvanları tapmaq çox çətindir. Belə hallarla tez-tez rastlaşırıq, bu da, təbii ki, vaxt itkisinə səbəb olur. Nəticədə, təcili yardım briqadası növbəti çağırış yerinə gecikir.
Onu da qeyd edim ki, Bakı şəhərində həddindən artıq çox insan məskunlaşıb. Paytaxtda qeydiyyatda olan əhali təxminən 2 milyon 300 min nəfərdir. Halbuki əhalinin faktiki sayı bundan ikiqat çoxdur. Bu, əlbəttə ki, bizə problem yaradır. Təcili yardımda 139 briqada fəaliyyət göstərir. Fərz edək ki, eyni vaxtda 139 çağırış gəldi və briqadalar hamısı eyni vaxtda çağırışlara təhkim olundu. Bu zaman 140-cı çağırış avtomatik olaraq gecikəcək. Deməli, hansısa briqada boşalmalıdır ki, 140-cı çağırış icra olunsun. Bizim tibbi personalın isə sayı məhduddur, sonsuz deyil. Buna görə də bəzən çatdıra bilmirik.
Yeri gəlmişkən onu da vurğulayım ki, bir müddət öncə həkimlərimizin sayı ştat cədvəlində nəzərdə tutulandan az idi. Səhiyyə Nazirliyi tərəfindən dərhal tədbirlər görüldü və biz son bir neçə ay ərzində təqribən 80-dən çox həkim, eləcə də xeyli sayda orta tibb işçisini işə qəbul elədik. Bu da işimizi bir qədər yüngülləşdirdi. İndi nisbətən vəziyyətdən çıxmışıq.
Əlbəttə, heç bir təcili yardım briqadası istəməz ki, hadisə yerinə geciksin. Onlar hamısı çalışır ki, ünvana mümkün qədər tez çatsın, xəstələrə vaxtında tibbi yardım göstərsin ki, heç bir narazılıq da olmasın.
– Bəzən mətbuatda təcili tibbi yardım briqadasının fiziki təzyiqə, təhqirə məruz qalması ilə bağlı xəbərlərə rast gəlirik...
– Belə hallarla, demək olar ki, hər gün rastlaşırıq. Bəzən həkimlər xəstələrin vəziyyətini dərk eləyib bunu soyuqqanlılıqla qarşılayırlar, bəzən də məcbur olub polis orqanlarına müraciət edirik. Hətta elə də olur ki, özümüzü qorumaq üçün polis çağırıb çağırışa onlarla birlikdə gedirik. Bir sözlə, fiziki təzyiqə, təhqirə tez-tez məruz qalırıq. Necə deyərlər, yanan da biz, yaman da biz!
Biz mümkün qədər vətəndaşları anlayışla qarşılayırıq. Həkimlər çox humanist insanlardır, yaxın adamlarının ağır xəstə olduğunu nəzərə alıb, kobudluq edən vətəndaşları çox vaxt bağışlayırlar. Amma buna baxmayaraq, işçilərimizə qarşı zor tətbiq edildikdə polisə də müraciət edirik, məhkəməyə də. Həkimlərə qarşı qeyri-insani, qeyri-etik davranışlar yolverilməzdir.
Düzdür, dövlətimiz hər bir vətəndaşın hüquqlarını qoruyur. Amma yenə də istər həkimlər, istərsə də xəstələr və onların yaxınları bir-birinə hörmətlə yanaşmalı, hər şey qanun çərçivəsində həllini tapmalıdır. Əlbəttə, qanun pozuntusu varsa, qanun bunun cəzasını verəcək. Bununla yanaşı, həkimlərin toxunulmazlığı, vətəndaşların davranışı barədə bir qərar qəbul edilsə və buna yanaşma ciddi olsa, o halda hərə öz yerini bilərdi.
İnsanlar başa düşməlidirlər ki, həkim onların düşməni deyil. Həkim də bu millətin övladıdır və öz funksiyasını yerinə yetirir. Düşünməsinlər ki, təcili yardım gəlmirsə, deməli, onlar səhlənkardır. Hər kəs anlamalıdır ki, təcili yardım gecikirsə, deməli, o, başqa bir ağır xəstə ilə məşğuldur. Briqadalar stansiyada gözləmirlər, vaxt itirmirlər. Növbəyə gələn həkim geyimini dəyişib, çantasını götürür, sanitar avtomobildə radiorabitə vasitəsilə çağırışları qəbul və icra edir. Həkim yalnız o halda gəlib stansiyaya daxil olur ki, dərmanı qurtarıb, dərman götürməlidir, yaxud oksigen tükənib, oksigen balonu doldurmalıdır. Növbə ərzində onun bekar vaxtı yoxdur.
Hər bir COVİD xəstəsini ünvandan götürmək, xəstəxanaya çatdırmaq, təhvil vermək və qayıdıb növbəti çağırışa hazır olmaq orta hesabla 2 saat yarım, 3 saat vaxt aparır. Ancaq adi çağırışlarda təcili yardım təxminən 40-45 dəqiqə, ağır xəstələr olduqda 1 saat vaxt sərf edir. Yəni bütün bu işlər zəncir kimi bir-biri ilə bağlıdır. Məsələn, pasiyenti apardığımız xəstəxananın qəbul şəbəsində briqada ləngiyirsə, bu halda biz növbəti çağırışa gecikirik. Bunlar hamısı şərtdir. Ona görə də mən bayaq qeyd elədim ki, hər bir xəstə, hər bir həkim öz işini düzgün qurmaqla təcili yardıma kömək etməlidir.
– Sizcə, yol-nəqliyyat hadisələrində ölüm hallarını minimuma endirmək, eləcə də evlərdə xəstələrə vaxtında yardım göstərib onların həyatını xilas etmək üçün bu istiqamətdə hansı addımlar atılmalıdır?
– Bildiyiniz kimi, Bakıda ictimai nəqliyyat vasitələri üçün xüsusi yollar ayrılıb. Qanuna görə, həmin yollara ictimai nəqliyyatla yanaşı, xüsusi qurumlara məxsus avtomobillər, o cümlədən təcili tibbi yardım maşınları da daxil ola bilər. Amma gəlin görək biz o yollardan təyinatı üzrə istifadə edə bilirikmi? Təəssüf ki, yox. Digər nəqliyyat vasitələri həmin yollara girir, nəticədə tıxaclar yaranır. Bu da, təbii ki, təcili yardımın hadisə yerinə vaxtında gəlməsinə və xəstəni müvafiq tibb müəssisəsinə çatdırmasına mane olur.
Azərbaycanda yol infrastrukturu, doğrudan da, çox inkişaf edib. Həm Bakıda, həm də regionlarda müasir yollar salınır. Lakin sürücülər intizamsızlıq edərsə, o yollar 5 dəfə də genişləndirilsə, yenə tıxaclar yaranacaq. Bütün sürücülərdə yol mədəniyyəti olmalıdır. Heç kimin yolunu kəsmədən, bir-birimizin ardınca hərəkətimizi tənzimləməliyik. Sükan arxasındakı insanın əsəbləri mütləq normal olmalıdır. Əks təqdirdə, insanın getdiyi yerə sağ-salamat çatma ehtimalı azalır. Üstəlik, o, başqaları üçün də təhlükə yaradır.
Bir sözlə, təcili yardımın öz işini vaxtında və yüksək səviyyədə həyata keçirməsi, xəstələrin həyatını xilas edə bilməsi üçün hər bir insan, hər bir sürücü əlindən gələni etməlidir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova