Müğənni və ginekoloq Flora Kərimova: “Yeni doğulan hər körpəyə «bu dünyaya xoş gəldin» deyirdim”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Flora Ələkbər qızı Kərimovanı Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edib. Dövlət başçısı həmçinin Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam da imzalayıb.
2021-ci il iyulun 23-də Azərbaycan estradasının korifeyi, Azərbaycan Respublikasının Xalq artisti, həyatının 67 ilini səhnəyə həsr etmiş Flora Kərimovanın 80 yaşı tamam oldu.
1993-cü ilin həmin tarixində Ağdam işğal olunduqdan sonra o, 27 il ərzində doğum gününü qeyd etməmişdi. Keçən il Azərbaycan Prezidentinin əzmi sayəsində Vətən müharibəsindəki möhtəşəm Qələbəmizlə Xalq artistinin 80 illik yubileyi də “işğaldan azad oldu”. Əslində, o, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bu il də ad gününü qeyd etmədi. Flora xanımın təbirincə desək, məhz Prezidentimiz – “Ağ atlı sərkərdə” - bu sevinci xalqımıza yaşatdı, ömrünün ahıl çağında onun ana yurdu olan Şuşa həsrətinə son qoydu.
Səhnə fəaliyyətinə 13 yaşından başlayan ifaçı sonralar Azərbaycan Dövlət Filarmoniyasının və AzTV-nin solisti olub. Yaradıcılığında klassik və milli operaların, romansların, bəstəkar və xalq mahnılarının minlərlə nümunəsi yer alan sənətkar Azərbaycan estrada janrının görkəmli nümayəndələrindəndir. Kinomuzda və cizgi filmlərimizdə də xüsusi iz qoymuş Flora xanım "Qanun naminə" bədii filmində aktrisa kimi baş rolu ifa edib, 50-dən çox bədii və televiziya filmində, ona yaxın cizgi filmində mahnı və dublyaj səsləndirib.
Əsrarəngiz səs tembrinə, dörd oktavanı aşan səs diapazonuna sahib olan Xalq artisti səsinin çalarına və ifa tərzinə görə həm opera, həm estrada musiqisi, həm də muğam ifa edə bilən nadir müğənnilərdəndir. Əksər Azərbaycan bəstəkar və şairlərinin əsərlərini ifa etmiş F.Kərimova səsinin sehri, səhnədəki obrazı, ifa mədəniyyəti ilə tamaşaçıların sevgisini qazanıb, bir neçə nəsil istedadlı sənətçinin yetişməsində böyük rol oynayıb.
Flora xanım yaradıcılığının bütün dövrlərində millət təəssübkeşi olub. Hələ sovet dönəmində İrəvanda konsert zamanı proqramda Azərbaycan dilində mahnı nəzərdə tutulmasa da, tarixi torpağımızda ana dilində mahnılar ifa edib və bu səbəbdən yaradıcılığına bir illik efir qadağası qoyulub. O, 20 yanvar 1990-cı ildə ölkənin ağır günlərində, yolu bağlamaq üçün öz həyatını təhlükəyə ataraq tankların qarşısına çıxıb. Qarabağ müharibəsi başlayandan bu günə qədər Qarabağ mövzusunda bir silsilə mahnı ifa edib.
Bugünkü “Həmsöhbət” rubrikamızın qonağı Flora Kərimovadır.
- Siz ixtisasca həkim və musiqiçisiniz, “müalicə işi” ixtisası üzrə Tibb İnstitutunu və Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfini bitirmisiniz. Flora xanım, niyə məhz Tibb Universiteti?
- Atamın arzusu idi. Anam isə səhnədə olmağımı istəyirdi, çünki rəhmətlik babamın, xalamın beyin səsi vardı…
- Beyin səsi?
- Yəni hündür səs, beyindən gələn səs. Dayımın, anamın isə sinə səsi vardı – indi mənim bəmdə səsim var ha, elə - pəsdən çox gözəl oxuyurdular. Babam muğamatı peşəkar səviyyədə bilirdi.
- Maraqlı həyatdır: həm atanızın istəyini yerinə yetirdiniz, həm də ananızla öz arzunuzu…
- Bəli. 1971-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra mən Konservatoriyada oxuya-oxuya 3 il Əzizbəyov adına Doğum Evində mama-ginekoloq işləmişəm, doğuş qəbul etmişəm...
- Xəbərimiz var ki, dünyaya gəlməyinə ginekoloq Flora Kərimovanın kömək etdiyi körpələrdən ikisi illər sonra sizi tapıb...
- Doğrudur.
- Hazırda ailəsi ilə İsraildə yaşayan Səidə adlı bir qız sosial şəbəkədə yazıb ki, onun anası çətin doğuş zamanı qızının dünyaya gəlməsinə yardımçı olmuş mama-ginekoloq Flora Kərimovanı tez-tez minnətdarlıqla xatırlayır.
- Doğuşlar heç vaxt asan olmur. Müəyyən gərginlik, stres həmişə var. Ancaq körpənin dünyaya gəlməsi nurdur, sevincdir. Mən o vaxt yeni doğulan hər körpəyə «bu dünyaya xoş gəldin» deyirdim.
- “Sizin körpələrdən” biri də Samirdir. Onun anası Gözəl xanım bizə onun ağır doğuşunu necə qəbul eləməyinizi danışdı: “Oğlum doğulanda həyat əlamətləri yox idi. Cift boynuna dolanmışdı. Görəydiniz ki, həkimim Flora Kərimova onun həyatı uğrunda necə mübarizə aparırdı. Mübaliğəsiz deyim ki, oğlum onda onun sayəsində həyatda qaldı. Və o vaxt Flora Kərimova birinci dəfə ona “qəhrəman” dedi. İllər sonra onun dediyi gerçək oldu. Oğlum doğulanda sağ qaldı ki, sonradan şəhid olsun, Vətəni xilas etmək üçün həyatını qurban versin. Prezident Heydər Əliyevin Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsün. Bu gün keçmiş Nərimanov parkı onun adını daşıyır”...
- Mən bu barədə çox sonralar öyrəndim. Gözəl xanım mənə bu barədə Rəşid Behbudov teatrında çıxışımdan sonra danışdı. Həmin hadisələri xatırlayıb xeyli ağladıq...
- Bəs, öz uşaqlığınızı necə xatırlayırsınız?
- Nə deyim… Uşaqlığım ağır keçib, ağlım kəsəndən həyat üşütdü məni. Əziyyət çəkirdim, ağlamaq tuturdu; iradəm güclü idi deyə, ağlamırdım, ancaq göz yaşım sinəmdən yandıra-yandıra qalxıb, boğazımı göynədirdi, için-için sızıldayırdım.
- Nə idi sizi bu qədər kədərləndirən?
- Bilmirəm. Bəlkə də dünyanın fikri… Özüm kasıb idim, ancaq kasıblara ürəyim yanırdı, özgə dərdini öz dərdim sayırdım.
- Səhnəyə çox tez gəlmisiniz...
- 13 yaşımda ilk dəfə səhnəyə çıxmışam – Həkimlər Evində. Festival keçirilirdi, Səid Rüstəmov münsiflər heyətinin sədri idi. Elə orada da səsimi bəyəndilər, özfəaliyyətə cəlb etdilər - Həkimlər Evində, Leytenant Şmidt zavodunda özfəaliyyətdə çıxış edirdim.
- Bu, Bakıda "sehirli qutu"nun – televiziyanın yeni-yeni yarandığı vaxtlar idi...
- Hə, qonşumuzda televizor var idi, ekranın qarşısına da görüntünü böyütmək üçün linza qoyulurdu. Yığışıb gedirdik baxmağa. Ev yiyəsi bizə üz vermişdi, biz də istifadə edirdik... (gülür)
- Bəs Flora xanım özü "sehirli qutu"da nə vaxt göründü?
- Elə həmin illərdə.
- Televiziyada oxuduğunuz ilk mahnı yadınızdadır?
- Əlbəttə - Şəfiqə Axundovanın "Hind qızı" mahnısı. O vaxt rus məktəbində oxuyurdum, sözlərin fərqinə varmırdım, "hind qızı"na "it qızlı" deyirdim. Bəşir Səfəroğluna səsimin sorağı çatmışdı, gəlib qulaq asandan sonra qucaqladı, bağrına basdı məni, dedi ki, qızım, "it qızlı" yox, "hind qızı"! Ancaq mənim dilimə "it qızlı" daha çox yatırdı… (gülür)
- Necə oldu ki, "Qanun naminə" filminə çəkildiniz?
- İlk filmim idi, Muxtar Dadaşov dəvət eləmişdi. Əvvəlcə Balış roluna çağırdılar. Bəhanə gətirirdim ki, yoldaşım Yaponiyadadır, onsuz çəkilə bilmərəm – halbuki, mən özgür insanam, verdiyim qərarı icra edirəm. Dedilər ki, xırda roldur, narahat olma. Razılaşdım. Sınaq çəkilişinə gedəndə isə mənə Züleyxanın sözlərini verdilər, sonra da həmin rola təsdiqlədilər.
- Muxtar Dadaşov harada görüb bəyənmişdi sizi?
- Operada. Muxtar Dadaşovun qardaşı Soltan müəllim "Leyli və Məcnun"da mənə Leyli rolunu vermişdi. Arif Babayev Məcnun idi, mən Leyli – hər ikimizin ilk çıxışı idi operada, 1966-cı ildə. 9 tamaşa oxudum. Əruzu bilməsəm də, bu vəzndə çox yaxşı şeir deyirdim. Soltan müəllim bunu görmüşdü, "Şam səhnəsini" xüsusi olaraq mənimçün qurmuşdu… Ondan əvvəl isə "Böyük dayaq" filmində "Pərişanın mahnısı"nı oxumuşdum.
- Bəs, onu Şövkət xanım oxumayıb?
- Yox, mən oxumuşam. Sadəcə, mənə olan qadağalar dövründə adım titrlərdən çıxarıldığı üçün çox adam bunu bilmir.
- Görəsən, Flora xanımı yalandan çəkindirən nədir?
- Həqiqət, fakt. Bilirəm ki, yalan sonda məğlub olur, ən azı mənəvi baxımdan.
- Bəlkə, Allahdan qorxursunuz? Axı, yalan danışmağı O qadağan eləyib…
- Yox, Allahdan qorxmuram. Qismətimi O yazıb, mən öz seçimimlə yaşamıram – necə ki, bu dünyaya öz seçimimlə gəlməmişəm və öz istəyimlə də getməyəcəyəm.
- Maraqlı yanaşmadır… Sizin 4 oktavalıq səsiniz var…
- İma Sumak adlı çox məşhur bir Perulu müğənninin belə səsi olub. Tofiq Quliyev məni səsimə görə "İma Sumak" çağırırdı...
- Sizin tembrınizdə və səsinizdə Azərbaycanda ikinci müğənni yoxdur. Bir məsələ də var: opera səsiniz estrada səsinizdən fərqlənir...
- O artıq məndən asılı deyil – yəqin, yuxarıdan gəlir (gülür)... Qoy, bunu da deyim sizə – mən Şıx Babanın nəslindənəm. Nənəm Zöhrənisə – el arasında ona "Qəmzəlcan nənə" deyirdilər – övliya idi. Onun qəbrini atam mərmərlə örtmüşdü. O mərmərin içindən ağac bitdi, ancaq sinə daşını parçalamadı, təsəvvür edirsiniz? Sanki mərməri həmin diametrdə yonub ağacı orada əkmisən. İndi əhali həmin ağaca düyün vurub niyyət eləyir.
- Əsasən, qeyri-adi istedadlar ocaqlara bağlanır.
- Mən özümü çox silkələdim ki, bəlkə, öncəgörən çıxdı məndən, olmadı (gülür)…
- Sizin sehriniz səsinizdir…
- Sizə bir hadisə danışım. İlk həyat yoldaşım İbrahim Topçubaşov Türkiyədə restoranlardan birində olarkən müğənni Nəsrin Sipahi onun bəstələdiyi mahnını oxuyur. Sonra mahnı müəllifinin zalda olduğunu deyirlər və müğənni onun adını elan edir, elə orada da münasibət yaranır. İlk dəfə yoldaşım cəhd elədi ki, Türkiyə ilə mədəni əlaqələr qurulsun və Nəsrin Sipahi Azərbaycana gəlsin. Üç il çalışdı - 1967-dən 1970-ə qədər və nail də oldu, ancaq Nəsrini qarşılaya bilmədi. İbrahim Topçubaşov 1970-ci ilin fevralında ürək tutmasından rəhmətə getdi, mayda isə Nəsrin xanım gəldi. Mən onunla İbrahimin qəbrini ziyarət elədik, Quran oxundu…
Nəsrin xanımın gəlişindən sonra Türkiyəyə Azərbaycan nümayəndə heyəti gedirdi, məni də o qrupa saldılar. Oqtay Kazımov mənə mahnı da yazdı - "Ey həyat, sən nə qəribəsən".
- Deyirlər, şir bürcü ictimaiyyətçidir, həm də tərifi sevir…
- Şir bürcündənəm, amma tərifi sevmirəm. O qədər saxtakarlıq görmüşəm ki, tərifin səmimiliyinə inanmıram. Ümumiyyətlə, mənim üçün insan səmimiyyəti anlayışı yoxdur. Şekspir deyir ki, bu gün kim olduğumuzu bilirik, sabah kim olacağımız isə bəlli deyil…
- Əgər insan səmimiyyətini qəbul etmirsinizsə, yəqin, özünüz də səmimi deyilsiniz.
- Yox, mən mərd dostam – məndən dostuma qarşı istifadə etmək, sözümdən döndərmək olmaz, satqınlıqla aram yoxdur… Bilirsiniz niyə öz qürurumu saxlaya bildim? Atasız böyüdüm – anamla atam ayrılmışdı – amma anam pis ovqatının acığını məndən çıxmadı, məni çərçivəyə salmadı, təbiətimə toxunmadı və mənim təbiətim qorxub gizlənmədi, ikiüzlülüyə öyrəşmədi.
- Ancaq bu dəqiqə mənim səmimiyyətimə inanmırsınız, axı!
- Əvvəla, siz mənim qüsurlarımı üzümə deməzsiniz, çünki etika var. İkincisi, siz mənə münasibətinizi sabah hansısa təzyiq altında dəyişə bilərsiniz, çünki can şirindir. Üçüncüsü, sizin səmimiyyətinizdən asılı deyiləm, o vəziyyətə düşmürəm ki, müdafiəyə ehtiyac duyum.
- Yəqin, xəyanət çox görmüsünüz…
- Qadını sındıran ailə xəyanətidir – onu görməmişəm. Dostum da yoxdur ki, ondan xəyanət görüm. Ancaq həyat təcrübəm var…
- Flora xanım, siz özünüzü çiçəklərdən hansına bənzədirsiniz?
- Heç birinə – bu müqayisəni aparmaq ağlıma gəlməyib.
- Bəs, özünüzü musiqiyə çevirsəydiniz, Flora Kərimova hansı nəğmə olardı?
- "Gedəcəyəm, göylər məni çağırır". Bir də "Yaradanda demişdin ki, sürünmə. Bir dəvəyəm yerdə gəzən süründə…" Bu nəğmələr həyatımın leytmotividir.
- Flora xanım, biz də sizi yubileyiniz və layiq olaraq təltif edildiyiniz mükafatlarınız münasibətilə təbrik edir, sizə uzun, sağlam ömür arzulayırıq.
Anar