Bakı şəhər təcili yardım xidməti COVID-19-la mübarizədə

Bakı şəhər təcili yardım xidməti COVID-19-la mübarizədə

Son dövrlər koronavirus kimi təhlükəli “düşmənlə” mübarizədə insanların ümid yeri olan tibb işçilərinin gördükləri işlər, çəkdikləri əziyyətlər hər kəsə məlumdur. Bu baxımdan, artıq neçə aylardır davam edən bu “müharibənin” ön cəbhəsində “döyüşən” təcili yardım xidmətinin tibb heyətinin zəhməti xüsusi qeyd olunmalıdır. COVID-19-la mübarizə istiqamətində ötən müddət ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyəti ilə bağlı stansiyanın baş həkimi Rauf Nağıyevlə söhbət etdik.
- Fevral ayının 28-dən etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) COVID-19 ilə bağlı ilk müraciətlər daxil olmağa başladı. İlkin mərhələdə xəstələrin aşkarlanması, onların təcrid olunması məqsədilə hər bölmədə bir nəqliyyat vasitəsi ayırmışdıq. Virusla bağlı məlumatın azlığı, xüsusi geyim dəstlərinin çatışmazlığı kimi bir çox problemlər var idi.
Əvvəl koronavirus xəstələri Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilirdi. Tədricən yoluxma dinamikası artdıqca dövlət tərəfindən COVID-19 xəstələrinə xidmət göstərən müəssisələrin sayı da çoxaldıldı. Biz isə öz növbəmizdə intensivliyi saxlamaq, xəstələri vaxtında təcrid etmək məqsədilə koronavirusa yoluxmuş şəxslər üçün nəzərdə tutulan briqadaların sayını artırdıq. Tibb heyətinə qısa müddət ərzində müayinə materiallarının götürülməsi, sənədləşmə işlərinin aparılması qaydaları öyrədildi. Gün ərzində 1000-1500 müayinə materialı götürülür və laboratoriyaya təhvil verilirdi.
İlkin dövrlərdə vətəndaşların xəstəliklə bağlı təsəvvürlərinin olmaması, ciddi yanaşmama, hətta belə bir virusun varlığına inamsızlıq, sonradan isə, əksinə, əhali arasında xəstəliklə bağlı fobiya yaranması bizə müəyyən çətinliklər yaratdı. Bəzən vətəndaşı özünün razılığı ilə ünvandan çıxarmağa saatlarla vaxt sərf olunurdu və bu da, istər-istəməz, bizim iş ahəngimizə təsir edirdi.

- Sizcə, bu məsuliyyətli və çətin dövrdə paytaxtın təcili yardım xidməti öz işinin öhdəsindən gələ bildimi?
- Bakı şəhər TTTYS bütün hallara hazırlıqlıdır, verilən tapşırıqları çevik və qüsursuz icra etmək qabiliyyətinə malikdir və bu situasiyada da ötən aylar ərzində gücümüzü səfərbər edərək, çiynimizə düşən ağır yükü layiqincə daşımağa çalışdıq. Amma, təbii ki, təcili yardım xidmətinin imkanları da sonsuz deyil. Təsəvvür edin ki, əgər adətən 103 xidmətinə gündə maksimum 2000-2400 arası çağırış daxil olurdusa, o vaxt bu rəqəm bəzi günlərdə 2800-ə qədər artdı. Bu, çox böyük yük idi. Vətəndaşlar 103 xidmətinə onun iş funksiyasına aid olmayan tələblərlə də müraciət edirdilər. Sərtləşdirilmiş karantin günlərində bizə aptekdən dərman alınması və çatdırılması, böyrək çatışmazlığı olan şəxslərin dializ üçün xəstəxanaya aparılması, evə gələrək, təyin olunan sistemin damara köçürülməsi və s. tələblərlə də müraciət edirdilər. Müraciətlər artdıqca xətlər o qədər yüklənirdi ki, bəzən vətəndaşlar 103-ə düşə bilmirdilər, müəyyən şikayətlər, narazılıqlar ortaya çıxırdı.

- Və bu şikayətlərin, narazılıqların qarşısını təcili yardım xidməti təcili ala bilmədi...

- Sadəcə, vəziyyəti düzgün qiymətləndirməklə buna obyektiv cavab vermək olar. Bakı şəhər TTTYS-da 139 təcili yardım briqadası fəaliyyət göstərir. Biz istədiyimiz vaxt onların sayını istənilən qədər artıra bilmərik. Sadəcə, əlimizdən gələn o oldu ki, briqadaları bölməklə əlavə feldşer briqadaları yaratdıq və bu sayı 170-ə çatdırdıq. Buna baxmayaraq, yenə gecikmələr qeydə alınırdı. Heç bir təcili yardım xidməti həkimi istəməz ki, ünvana gec çatsın, vəziyyəti ağırlaşmış xəstəyə gecikmə ilə yardım etsin. Bəs, bu hallar niyə baş verirdi? Nəzərə almaq lazımdır ki, təcili yardımın imkanları sonsuz deyil, onun normativləri var və bu normativlər əsasında fəaliyyət göstərir. Hətta bu gün, vəziyyətin stabilləşdiyi dövrdə də boş qalan briqadamız yoxdur. Yəni təcili yardım gücləndirilmiş rejimdə işləyir, hələ də bu mübarizənin ön cəbhəsindədir.
Sadəcə, həmin dövrdə digər qurumların bir çoxu fəaliyyətsiz qalmışdı, təcili yardım isə yüklənmişdi. Həmin şərtlər daxilində Bakıda yaşayan əhaliyə təcili yardım xidməti çatdırmaq qeyri-mümkün idi, ona görə də gecikmələr baş verirdi. İş düzgün təşkil olunmamış, iş yükü işçi sayına uyğun müəyyənləşdirilməmişdi. Bakı şəhərində COVID-19-la mübarizəyə cəmi bir neçə müəssisə - klinikalar və təcili yardım xidməti cəlb olunmuşdu. Bakı, Sumqayıt şəhərlərinin, ətraf qəsəbələrin, demək olar ki, bütün yarımadanın yükü bizim üzərimizdə idi və başqa kömək də yox idi.
Mən COVID-19-la əlaqədar təşkil olunan görüşlərdə bir neçə dəfə TƏBİB-in rəhbərliyinə təklif etdim ki, mütləq ilkin səhiyyəni, poliklinikaları bu işə cəlb etmək lazımdır. Biz prosesi başlamışıq, mübarizə aparırıq, bütün gücümüzlə çalışırıq, ancaq fiziki baxımdan çatdıra bilmirik. Lakin, təəssüf ki, təklifim qəbul edilmədi. Təsəvvür edin ki, bizim tibbi heyət iyun ayının 29-a qədər həm psixoloji, həm də fiziki cəhətdən belə gərgin vəziyyətdə çalışdı.
Onu da qeyd edim ki, çətinliklərə baxmayaraq, kollektivimiz öz işini mütəşəkkil şəkildə qurdu, hər bir işçimiz nə tapşırıq verdiksə, məmnuniyyətlə icra etdi. Təbii ki, mən onların fiziki cəhətdən nə qədər zəiflədiklərini, gərgin vəziyyətdə çalışdıqlarını görürdüm. İsti hava şəraitində həkimlərimiz çağırışa gedərkən geyindikləri havasız xüsusi geyimlərin içərisində saatlara qalmağa məcbur idilər.
Buna baxmayaraq, işçilərimiz o çətin günlərdə “yoruldum” demədilər, müəssisənin daxili nizam-intizam qaydalarını gözləmək şərtilə, hər kəs ağırlığına baxmayaraq, öz üzərinə düşən vəzifəni yüksək səviyyədə icra etdi, bu gün də edir. Mən bu baxımdan TTTYS-nın tibb heyətinin fəaliyyətini bir rəhbər kimi çox yüksək qiymətləndirirəm.

- İlkin səhiyyənin COVID-lə mübarizə prosesinə qoşulması nəyi dəyişdi?
- Səhiyyə Nazirliyi bu işlərə müdaxilə edənədək, təxminən 5 ay müddətində təcili yardım çox çətin vəziyyətdə fəaliyyət göstərdi. Amma məhz 29 iyundan – poliklinikalar COVID-lə mübarizə işinə qoşulduqdan sonra həm əhali psixoloji cəhətdən sakitləşdi, gərginlik azaldı, həm də təcili yardımın iş yükü yüngülləşdi.
İlkin səhiyyə böyük qüvvədir. Sahə həkimlərinin bu sahədə fəaliyyətinin nəticələri çox qısa zamanda özünü göstərməyə başladı, əhalinin maarifləndirilməsi işi gücləndi, vəziyyət stabilləşdi. 87 tibb müəssisəsini əhatə edən 39 ərazi tibb məntəqəsində müayinə materiallarının götürülməsi işi də təşkil olundu.
Görülən bu işlər nəticəsində cəmi bir ay ərzində TTTYS-na çağırışların sayında 30 faizdən artıq azalma qeydə alındı.
Artıq TTTYS-nın tibb heyəti vəziyyəti yalnız ağırlaşmış COVID xəstələrinin çağırışlarına gedir, onların hospitalizasiyası ilə məşğul olur. Yüksək hərarət, tənəffüs çatışmazlığı, ağırlaşmaya səbəb olacaq hər hansı digər yanaşı xəstəliklər varsa, xəstə stasionara aparılır. Həmçinin qanın oksigenlə təchiz olunmasının faiz göstəricisinə görə xəstənin vəziyyəti qiymətləndirilir və ehtiyac olduqda o, xəstəxanaya yerləşdirilir. Həmin şəxslərin ailə üzvlərindən də müayinə materialları götürülür.
Koronavirus infeksiyası ilə yanaşı, digər xəstəliklərlə bağlı çağırışlara da gedirik və artıq bu müraciətlərə də vaxtında çata bilirik. Bundan əvvəl isə biz seçim etməyə məcbur olurduq. İlk növbədə daha ağır xəstələrə yardım göstərirdik, nisbətən yüngül xəstələri sonrakı mərhələyə saxlayırdıq. Nəhayət, təcili yardım yenidən gündəlik iş rejimində bütün tapşırıqları rahat şəkildə icra edir.

- Təcili yardımın tibb heyəti arasında koronavirusa yoluxma halları oldumu?
- Bəli, tibb işçilərimiz arasında fevral ayının 28-dən indiyədək 296 nəfərdə virusa yoluxma halları qeydə alınıb. Onlardan 138 nəfəri həkim, 123 nəfəri orta tibb işçisi, 35 nəfəri isə digər işçilərdir. Təəssüf ki, virusa yoluxanlardan 4 nəfəri dünyasını dəyişib.
Sonda qeyd edim ki, mən Səhiyyə Nazirliyinə bizim öz vəzifə funksiyamızı lazımi səviyyədə yerinə yetirməyimizə şərait yaratdığına görə minnətdaram. Biz də öz növbəmizdə bundan sonra da əhalinin sağlamlığı yolunda çalışacaq, COVID-lə mübarizədə əlimizdən gələni edəcək, vəzifələrimizi yüksək səviyyədə yerinə yetirməyə davam edəcəyik.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova