Nurəddin Mehdixanlı: «Həkimlərimizin xəstələri az, maddi imkanları çox olsun»
Budəfəki həmsöhbətim ömrünün 36 ilini Akademik Milli Dram Teatrının səhnəsində yaşamış və yaratmış aktyor, pafoslu danışıq tərzi, coşğun təbiəti, xarici görünüşü ilə seçilən, xalqının sevimlisinə çevrilməyi bacaran sənətkardır. O, M.F.Axundovun «Lənkəran xanının vəziri»əsərində xanın avamlığını, İ.Əfəndiyevin «Xurşidbanu Natəvan»ında Hidayət xanın zəhmini, ötkəmliyini, C.Cabbarlının «Aydın»ında Aydının başına gələn bədbəxt hadisələri, Mir Cəlalın «Dirilən adam»ında Bəbir bəyin namussuzluğunu, ikiüzlülüyünü… yüksək səviyyədə canlandıraraq, tamaşaçısını öz istedadı qarşısında hər zaman ayağa qaldıran səhnə adamıdır. «Unuda bilmirəm»in unudulmaz Kamranı, Xalq Artisti Nurəddin Mehdixanlı…
- Səhhətiniz necədir, Nurəddin müəllim?
- Şükür, yaxşıyam, şikayətim yoxdur.
- Bəs, teatrımızın «səhhəti» necədir? Həqiqətənmi bu gün teatrlara tamaşaçı marağı azalıb?
- Azərbaycan teatrının «səhhəti»ndə problemlərin olmasından danışanlar əksər hallarda teatr barədə anlayışı olmayan, ssenari ilə pyesin fərqini bilməyən, teatra getməyən insanlardır. Həmin şəxslərdən soruşursan ki, sonuncu dəfə nə vaxt teatrda olmusan, deyir “10-15 il əvvəl”. Onların Azərbaycan teatrı haqqında nə dərəcədə fikir söyləmək haqqı var? Teatr haqqında bu cür danışanların fikri özünü yüksək səviyyənin, elitar təbəqənin adamı kimi göstərmək cəhdindən başqa bir şey deyil. Bu gün teatrlarımız da var, teatrlarımızın tamaşaçıları da.
Yeri gəlmişkən, qeyd edim ki, elə bu yaxınlarda Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Əli Əmirlinin «Hasarın o üzündə» pyesi əsasında hazırladığı tamaşanın rollarını mənə və Həmidə Ömərovaya etibar etmişdi. Teatrın 400 nəfərlik zalı tam dolu idi. Və bizi səhnədə sürəkli alqışladılar. Mən bu münasibəti gördükdən sonra necə deyə bilərəm ki, teatrlarımıza maraq azalıb, ya da tamaşaçımız yoxdur?
Təbii ki, müəyyən problemlərimiz var. Teatrlarda çalışan insanların maaşları çox azdır. Teatrımız kiçik maddi imkanlarla onu yaşadan insanların çiyinləri üzərində dayanır və inkişaf edir. Amma nədənsə, Azərbaycan teatrının bugünkü səviyyəsi ilə qane olmayan «canıyananlar» bu barədə nə yazırlar, nə də danışırlar.
- Bəs, demək olarmı ki, tamaşalarımız beynəlxalq səviyyədə də qəbul olunur?
- Bəli, bu gün Akademik Milli Dram Teatrı beynəlxalq festivallarda iştirak edir, mükafatlar alır. Biz «Xəcalət» tamaşası ilə 4 beynəlxalq festivala qatılmışıq. Və 140 illik tarixində teatrımız ilk dəfə bu tamaşa ilə “Ən yüksək aktyor ustalığı”, “Ən yaxşı tamaşa” nominasiyaları üzrə mükafatlar və “Qızıl gözlü mələk” beynəlxalq mükafatını qazanıb. Akademik Milli Dram Teatrının aktyorları İspaniya, İtaliya, Fransa, İngiltərə, Portuqaliya, Ukrayna, Rusiya, Yaponiya və s. kimi ölkələrin dünyada tanınmış 35 teatrının gətirdiyi tamaşaların içərisindən seçilərək, bu mükafatlara layiq görülüb.
Təəssüf ki, kütləvi informasiya vasitələri Azərbaycan teatrının bu uğurunu işıqlandırmadı.
- Sizcə, bu gün müharibə şəraitində yaşayan ölkəmizdə vətənpərvərlik mövzusunda tamaşalara, filmlərə niyə çox az rast gəlirik?
- Bu sahədə müəyyən işlər görülür, bir çox filmlər çəkilir, tamaşalar oynanılır. Ancaq həqiqətən, onların nə sayı, nə də keyfiyyəti istənilən səviyyədə deyil.
Akademik Milli Dram Teatrının səhnəsində biz vaxtilə «Hələ «sevirəm» deməmişdilər» tamaşasını oynayırdıq. O tamaşa ilə bütün Azərbaycanı gəzmişdik. Qarabağ mövzusunda hazırlanmış «Xəcalət» tamaşası ilə bir çox Avropa və MDB ölkələrində qastrol səfərlərində olmuşuq.
Amma bunlar çox azdır. Başqa tamaşalar da oynanılıb. Onların isə keyfiyyəti aşağıdır. Bu mövzuda 5-6 film çəkilib. Təəssüf ki, «Əsgər atası», «Əsgər haqqında ballada», «İnsanın taleyi» səviyyəsində filmlər çəkə bilməmişik. Bunu bizim çatışmayan cəhətimiz hesab edirəm.
- Sizcə teatr, kino cəmiyyətə nə verir?
- Səhiyyə o qədər inkişaf edib ki, hətta müəyyən dərəcəyə qədər xərçəng xəstəliyini də sağaltmaq mümkündür. Amma təbabət mənəvi xəstəliklərin öhdəsindən gələ bilməz. İnsanların mənəvi sağlamlığında teatrın, kinonun, musiqinin, ədəbiyyatın, mətbuatın müstəsna rolu var. Hətta deyərdim ki, bunlarsız mümkün deyil. Ölkə varlı ola bilər, amma onun mənəviyyatı zəngin olan insanları yoxdursa, dayanıqlı və davamlı olmayacaq.
Konkret teatr haqqında isə deyə bilərəm ki, o, insanları dünyagörüşcə, əxlaqca yaxınlaşdıran bir yerdir. Teatr məbəddir. Herodotun bir sözü var, deyir ki, şəhər o zaman əsl şəhərə çevrilir ki, orada teatr olur.
- Gənc aktyorların səviyyəsi sizi qane edirmi? Bu sahədə istedadlı davamçılarınızın olduğunu deyə bilərsinizmi?
- Azərbaycan xalqı qısır xalq deyil, istedadlıdır. Doğrudur, Ələsgər Ələkbərov, Həsənağa Turabov, Adil İsgəndərov, Mehdi Məmmədov… kimi istedadlar hər gün doğulmur. Təbiətdə qabarma-çəkilmə olduğu kimi, cəmiyyətdə də qalxma və enmə mərhələləri yaşanır. Amma bizdə bir “ölüsevərlik xəstəliyi” var. Sağ ikən insanların dəyərini vermirik, öləndən sonra isə onlara heykəllər qoyuruq, sevməyə başlayırıq.
Həqiqətən də, Azərbaycan teatr və kino tarixində böyük şəxsiyyətlər, istedadlar olub. Amma bu o demək deyil ki, onlardan sonra Azərbaycan teatrı çökdü. Xeyr, çökmədi, inkişafdadır. İstedadlı gənclərimiz də var. Bəzən insanlar dünəni göylərə qaldırıb, bu günü inkar edirlər. Bu, çox yanlış yanaşmadır. Onu da qeyd edim ki, sənət baxımından müqayisə etsək, heç də hər şey dünənin xeyrinə olmaz.
Keçmiş hər zaman ona görə maraqlı deyil ki, bu gündən yaxşıdır. Çox zaman ona görə maraqlı və dəyərlidir ki, artıq keçib, geri qayıtmayacaq.
Bakı bu gün çox gözəl şəhərə çevrilib, 5 il sonra daha da gözəl olacaq. Amma bu günün gözəl Bakısı mənim 30 il öncəki şəhərim deyil. Mən heç vaxt bu şəhəri gəncliyimin Bakısı qədər sevə bilməyəcəyəm.
- Qeyd etdiniz ki, Azərbaycanda istedadlı gənclər var, zaman keçdikcə bu sahə daha da inkişaf edir. Bəs, nə üçün çəkilən çoxsaylı seriallar tamaşaçıların marağını cəlb etmir?
- Gözəl bir fikir var: «Bizdən öndədir avropalılar. İşi işbilənə tapşırır onlar». Bizdə bu gün peşəsindən asılı olmayaraq hər kəs serial çəkir. Həmin seriallara cəmi bir-iki nəfər professional aktyor dəvət edilir. Qalanları tibb bacıları, gözətçilər, idmançılardır.
Ssenari peşəkar ssenarist tərəfindən yazılmalı, peşəkar rejissor peşəkar aktyor və aktrisaları çəkməlidir ki, keyfiyyətli iş alınsın.
Türkiyə 20 il əvvəl bu sahədə çox gülməli vəziyyətdə idi. Ancaq bu gün türk aktyor və aktrisaları ölkələrinin simasına çevrilib. Bütün ərəb ölkələri, Avropa, Asiya dövlətləri Türkiyə seriallarını alıb, öz tamaşaçısına təqdim edir. Çünki bu seriallar peşəkar komanda işi hesabına ərsəyə gəlir.
Mən bilirəm ki, Azərbaycan seriallarını peşəkarlar çəksə, aktyor və aktrisalar da peşəkarlardan ibarət olsa, nəticə bugünkündən müsbət mənada tamamilə fərqlənər.
- «Həkimlər» serialında Şahin həkim obrazını yaratmısınız…
- Bəli, bu yaxınlarda 25 seriyalı həkimlər serialı çəkildi. Bu obrazda mənim tanıdığım 3 həkimin xarakteri birləşirilmişdi. Şahin həkim işini bilən, peşəkar, halal, səmimi həkimdir. Belə bir həkim obrazını canlandırmaq çox gözəl duyğu idi.
- Bir müddət öncə sizin də çəkildiyiniz, cəmiyyətdə səs-küy yaradan «İlahi məxluq» filmi barədə də sizin fikirlərinizi eşitmək istərdik…
- Hesab edirəm ki, «İlahi məxluq» filmi Azərbaycan kinosunun son illər əldə etdiyi ən böyük uğurlardan biridir. Ona görə yox ki, orada mən varam. Ona görə ki, filmi peşəkarlar işləyib. Yavər Rzayev Azərbaycan kino rejissorluğu sahəsində unikal bir şəxsiyyət, istedadlı insandır. Ermənilərin və ya gürcülərin belə rejissoru olsaydı, ona ildə iki film verilərdi ki, istedadını reallaşdırsın. Amma nədənsə bizdə 15 ildə bir film verirlər. Dövlətin ayırdığı pulları peşəkarlar almalıdır ki, ortaya ciddi sənət əsərləri çıxsın və bu əsərlərlə dünyanın hər yerində başımız uca olsun.
Təəssüf ki, biz nəinki işi peşəkarlara həvalə etməyi sevmirik, eyni zamanda, ortaya qoyulan az sayda ciddi əsərləri dəstəkləməkdənsə, inkar etməklə məşğuluq. Bu gün bir qrup insanlar var ki, peşəkarları inkar etməklə məşğuldurlar. Onlar əslində millətə, Vətənə xəyanət edirlər. Düşünmürlər ki, böyük sənət əsərləri gələcək nəslə qoyub gedəcəyimiz ən dəyərli sərvətdir.
- Arzuladığınız obrazı yaratmısınızmı və indiyə qədər rollarınız arasında ən çox sevdiyiniz hansı olub?
- Yaratdığım bütün obrazları, rollarımın hər birini sevirəm. Rollar insanın övladları kimidir. Hər övladın da öz özəlliyi, öz gözəlliyi var. Amma «Özümüzü kəsən qılınc» tamaşasındakı Gur Şad rolu mənim idealımdır. Biz bu tamaşanı 12 il oynadıq, onunla dünyanın bir çox ölkələrini gəzdik. Təkcə Türkiyədə bu tamaşa 20 dəfədən artıq oynanılıb.
Mən özüm türkün afşar boyundan, Mehdixanlar nəslindənəm. Gur Şad obrazı isə türk millətinin savaş, qurtuluş rəmzidir. Ona görə də Gur Şadı taleyimin obrazı sayıram.
Ancaq gənclik illərindən ən böyük arzum Şah İsmayıl Xətainin obrazını yaratmaq olub. Təəssüf ki, yaşım keçdi. Ürəyimdə Şah İsmayıl Xətai nisgil olaraq qaldı.
- Bəs, erməni obrazı yaratmaq istərdinizmi?
- İndiyə qədər belə bir imkanım olmayıb. Ancaq olsaydı, böyük məmnuniyyətlə bütün imkanlarımdan istifadə edib erməninin və erməniliyin nə olduğunu göstərməyə çalışardım. Kimliyindən və hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq, mənim canlandırdığım erməni obrazını görənlər erməni millətinə nifrət edərdilər. Hesab edirəm ki, ermənilər bəşərin bədənində xəstəlikdir, qarayaradır. İnanıram ki, dünya bir gün bütün həqiqətləri biləcək və erməni vəhşiliyinin hesabını onlardan soruşacaq. Türk milləti gücləndikcə, dünyada söz sahibi olduqca, onun yanında olanların sayı da artacaq. Artıq bu proses gedir və bu prosesdə Azərbaycan dövlətinin və xalqının müstəsna xidmətləri var.
- Bir vaxtlar tamaşaçıların Kamran («Unuda bilmirəm»), Toğrul («Pəncərədə işıq»), Aydın («Aydın»)… kimi sevdiyi Nurəddin Mehdixanlı bu gün daha çox hansı obrazları ilə sevilir və bizləri hansı obrazlarla sevindirəcək?
- Kino sahəsində tamaşaçılarımızın ən çox sevdiyi və qəbul etdiyi «Cavad xan» filmindəki Cavad xan obrazıdır. «Oliqarx» tamaşasında İgidov obrazı da bu gün çox populyardır.
Hazırda teatrımızda Samuel Bekketin «Kreppin son iddiası» tamaşası hazırlanır. Bu monotamaşada mən oynayıram. Tamaşa həm də xarici ölkələrdə keçiriləcək festivallar üçün nəzərdə tutulur. Hesab edirəm ki, həm mənim, həm də teatrımızın taleyində xüsusi yeri olacaq kifayət qədər ciddi işdir. Bununla yanaşı, Mehriban Ələkbərzadənin quruluş verdiyi, böyük Hüseyn Cavidin «Topal Teymur» əsərində mənə Topal Teymur rolunu etibar ediblər. Bu əsər üzərində də artıq iş gedir.
Eyni zamanda, dini mövzuda Əli Əmirlinin «Hasarın o tayı» əsəri əsasında səhnələşdirilən tamaşanı da tamaşaçıların çox bəyənəcəyinə inanıram. Cəmiyyətimizdə dini mühitdə ikiləşmə, qarşıdurma prosesinin getdiyi bir zamanda bu tamaşa çox önəmli və dəyərlidir.
Qeyd edim ki, gələcəkdə Akademik Milli Dram Teatrında ilk dəfə Şeksprin «Koriolan» əsəri əsasında tamaşa hazırlanacaq.
- Qurani – Kərimin ayələrini səsləndirmisiniz. Bu istək necə yarandı?
- Mən türkəm. Tanrım məni türk yaradıb, burada seçim haqqı yoxdur. Amma din insanın öz seçimidir. Və Allahıma şükürlər olsun ki, müsəlmanam. Hesab edirəm ki, İslamın sonuncu din, Qurani – Kərimin sonuncu kitab, Məhəmməd peyğəmbərin sonuncu peyğəmbər olması özü artıq çox sualların cavabıdır. İslam bütün yaradılmışların son sığınacaq yeri olacaq barış dinidir, işıqdır. Mənim üçün dinimin müqəddəs kitabından ayələri səsləndirmək böyük şərəf, mənəvi zövq idi.
Yeri gəlmişkən qeyd edim ki, dində radikal düşüncələrə rəvac vermək, dindən silah kimi, basqı vasitəsi kimi istifadə etmək qətiyyən qəbuledilməzdir. Mən İslamda ayrı-seçkiliyin, qarşıdurma yaratmağın, məzhəbçiliyin əleyhinəyəm. Özünə sünni deyən də mənim qardaşımdır, şiə deyən də. Amma onlar bir-birinin yanında olanda mənim qardaşlarımdır, bir-birinə qarşı olanda yox. İslam Azərbaycan xalqının taleyində birləşdirici faktora çevrilməlidir, ayırıcı deyil.
- Cəmiyyətdə bu gün sizi daha çox nə narahat edir? Nədən narazısınız?
- Azərbaycan qadını və kişisinin hər gün saatlarla televiziya kanallarımız vasitəsilə dünyaya əcaib şəkildə təqdim olunmasından. Nə bizim qadınlarımız, nə də kişilərimiz efirlərdə təqdim olunduğu kimi aşağı səviyyədə deyil axı… Azərbaycan gəncləri hər gün efirə çıxarılan “şanapipik”lərdən ibarət deyil axı… Telekanallarımız, təəssüf ki, cəmiyyətimizin ailə institutunu, xalqımızın əxlaqi-mənəvi dəyərlər sistemini dağıtmaqla məşğuldur.
Bu gün televiziyalarımız reytinq gətirmədiyini bəhanə edərək ya hərbi-vətənpərvərlik mövzusunda proqramlar hazırlamır, ya da çox aşağı səviyyədə hazırlayır. Təəssüf ki, cəmiyyətimizdə maddiyyat mənəviyyatı üstələyib.
Kütləvi informasiya vasitələrində kriminal xəbərlərin baş alıb getməsi məni çox narahat edir. Bu, cinayətkarlığın qarşısının alınmasına yox, onun təbliğinə xidmət edir.
Televiziya vasitəsilə insanların evlərinə daxil olanların efir mədəniyyətindən xəbərsiz olması məni narahat edir. Onlar göstərir ki, bahalı maşınlarda gəzmək, böyük saraylarda yaşamaq zənginlik, elitarlıq deyil. Elitarlıq böyük mədəniyyətə, əxlaqa, yüksək intellektə, dünyagörüşə sahib olmaq deməkdir. Nədənsə cəmiyyətə belə şəxslər təqdim olunmur.
Unutmamalıyıq ki, KİV çox güclü bir silahdır. Bu silahla bir cəmiyyəti dağıtmaq da olar, güclü dəyərlər sistemi üzərində qurmaq da.
Bu gün mən cəmiyyətdə söyüş söyən, mədəniyyətsiz davranan, şəhəri zibilləyən, yol gedərkən yerə tüpürən insanlardan narazıyam. Şəhərinin üzünə tüpürmək, onu zibilləmək olmaz. Hər kəs bilməlidir ki, insanın evi dörd divardan ibarət deyil. Vətən bizim evimizdir.
- Özünüzü xoşbəxt insan hesab edirsiniz?
- Xoşbəxtlik mücərrəd anlayışdır. Nə tam xoşbəxt cəmiyyət, nə də tam xoşbəxt insan yoxdur. Ona görə də kimsə deyəndə ki, “mən xoşbəxtəm”, mənə bir az gülməli gəlir. Tam xoşbəxt olmaq üçün bir az ağılsız, dünyada baş verənlərin fərqinə varmayan adam olmalısan. Torpağı düşmən tapdağında, qadınları əsirlikdə olan hansı azərbaycanlı özünə xoşbəxt deyə bilər ki? Mən bunu deyə bilən insanın ağlına və əxlaqına şübhə edərəm. Bir cəmiyyətin tam xoşbəxt olması üçün onun bütün fərdləri xoşbəxt olmalıdır. Bu isə mümkünsüzdür. Həyatda kamil olan tək Allahdır.
- Həkimə müraciət edirsinizmi? Səhiyyəmizin bu günü ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Əlbəttə ki, ehtiyac yarandığı zaman həkimə müraciət edirik. Mən idealist deyiləm, sadəcə, reallığı görən insanam. Vaxtilə uçuq-sökük, natəmiz olan tibb müəssisələrimizin indiki vəziyyətini görməmək və bunu dilə gətirməmək insafsızlıq olar. Bu gün istər dövlət, istərsə də özəl səhiyyə ocaqlarımız yüksək səviyyədə təmir və təchiz olunub. Ölkəmizə bu sahədə ən müasir avadanlıqlar gətirilib. Bu yaxınlarda Semaşko adlandırılan xəstəxanada (Kliniki Tibbi Mərkəz – red.) olmuşam. Tamamilə fərqli xəstəxana ilə rastlaşdım.
Bəzən deyirlər ki, Azərbaycan vətəndaşları niyə gedib xarici ölkələrdə müalicə olunurlar? Çünki indi dəmir qapılar yoxdur, sərhədlər açıqdır. Çünki insanların maddi vəziyyəti onların azad seçim etməsinə, xaricdə müalicə olunmasına imkan verir. Onu da qeyd edim ki, biz dövlətçilik tarixi 100 illərlə ölçülən ölkələrin – Amerika, Almaniya, İngiltərə, Fransanın təbabəti ilə 22 illik müstəqillik tarixi olan Azərbaycan səhiyyəsini bir tuta bilmərik. Biz hər şeyi düzgün görməyi və qiymətləndirməyi bacarmalıyıq.
Deyə bilərik ki, zamanın tələblərinə cavab verən mütəxəssislərimiz kifayət qədər deyil. Amma Azərbaycanın xarici ölkələrdə təhsil alan çox sayda gəncləri var. Onların əksəriyyəti təhsillərini başa vurduqdan sonra ölkəmizə qayıdır və bundan sonra da qayıdacaqlar. Zaman keçdikcə mövcud çatışmazlıqlar da aradan qalxacaq. Biz elmimizlə, iqtisadi imkanlarımızla, mədəniyyətimizlə, səhiyyəmizlə… dünyanın önəmli parçası olmağı bacarmışıq.
- Sonda həkimlərimizə nə arzu edərdiniz?
- Arzu edirəm ki, həkimlərimizin xəstələri az, maddi imkanları çox olsun. İstərdim həkimlərimiz ağ xalatdan heç vaxt imtina etməsinlər. Bəzi tibb müəssisələrində həkim xalatlarının rəngi dəyişib. Hərdən fikirləşirəm ki, bəlkə Azərbaycan səhiyyəsində baş verən bəzi neqativ hallar o xalatların rənginin dəyişməsindən sonra baş verdi? Bəlkə həkimlərimiz hamısı ancaq ağ xalat geyinsinlər?!
Ü.FƏRZƏLİYEVA
31 yanvar 2014-cü il №01-02