Emil Əfrasiyab: «Mən sağlam musiqiyə öyrəşməyimizi istəyirəm»
Budəfəki həmsöhbətimiz müasir Azərbaycan caz musiqisinin layiqli təmsilçisi, öz heyranedici ifası ilə milli mədəniyyətimizi ən yüksək səviyyədə dünyaya təqdim etməyi bacaran gənc və istedadlı pianoçu, ənənələrlə müasirliyin - klassik əsərlərimizlə, xalq mahnılarımızla, muğamlarımızla cazın dinləyiciləri ovsunlayacaq səviyyədə vəhdətinə nail olan bəstəkar, özünəməxsus interpretasiyaları ilə milliyyətindən və dilindən asılı olmayaraq hər bir dinləyicisinə zövqlü musiqinin ünvanını göstərən sənətkar, tək sənəti ilə deyil, daxili mədəniyyəti, üstün mənəvi keyfiyyətləri ilə də qürurlandıran həmvətənimiz Emil Əfrasiyabdır. Azərbaycanın Əməkdar Artisti Emil Əfrasiyab.
- Emil bəy, Vətənə xoş gəlmisiniz. Son vaxtlar səsiniz-sorağınız daha çox xaricdən gəlir. Eşitdik ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cəmi bir şəxsə verilən təqaüdə min nəfər arasından məhz siz layiq görülmüsünüz...
- Bəli, artıq 6 aydır təhsilimlə bağlı ABŞ-ın Massaçusets ştatında, Boston şəhərində yaşayıram. Orada sənət aləmində məşhur olan Berkli Musiqi Kollecində təhsilimi dövlət hesabına davam etdirirəm. Çox böyük qürur hissi duyuram ki, orada təhsil almaq şansı məhz mənə nəsib olub.
Qeyd edim ki, mən sənət fəaliyyətimdə hər zaman caz musiqisini, klassik musiqini və milli muğamımızı bir bütün olaraq görmüşəm. Amma Berkli Musiqi Kollecində dərslər sırf caz üslubunda keçilir. Burada film musiqisi, dirijorluq, böyük və ya kiçik orkestrin qurulması və s. kimi önəmli sahələri əhatə edən fənlər tədris edilir ki, onlar da mənim üçün çox gərəkli və maraqlıdır.
Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan üçün çox darıxıram. Bəlkə də 18 yaşımda olsaydım, yeni mühitə daha rahat alışardım. Artıq 31 yaşına çatmış insan üçün, şəxsən mənim üçün Vətənimdən ayrı yaşamaq çox çətindir. Vətən, əlbəttə ki, əvəzolunmazdır. Ölkəmdən başqa bütün ölkələr mənə yaddır. Amma təhsil çox önəmli olduğu üçün dözməliyəm.
- Necə oldu ki, bütün digər musiqi janrları arasından məhz cazı seçdiniz?
- Doğrudur, ölkəmizdə klassik, muğam və digər musiqi sahələri ilə müqayisədə, caza daha az maraq göstərilir. Amma bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Çünki caz azad musiqidir və daim insanları fikirləşməyə cəlb edir. Statistika göstərir ki, ən çox estrada, pop musiqisi dinlənilir. Bu belə olub və belə də olacaq. Çünki işdən, gündəlik qayğılardan yorulan insanlar beyinlərini yükləmək, fikirləşmək istəmirlər.
O ki qaldı mənim bu sahəni seçməyimə, mən 13 yaşımdan caz musiqisi ilə maraqlanmağa başlamışam. Ancaq bu o demək deyil ki, mən klassik və ya milli musiqimizdən imtina etmişəm. Klassik musiqi başqa janrların açarıdır. Hər gün klassik musiqi ifa edirəm. 2009-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən solo konsertimdə də birinci bölmədə simfonik orkestrlə klassik musiqi, ikinci bölmədə isə caz musiqisi ifa etmişdim.
- Xarici ölkələrə çoxsaylı səfərləriniz, müxtəlif yerlərdə çıxışlarınız olur. Azərbaycan cazı başqa millətlərin nümayəndələri tərəfindən necə qəbul edilir?
- Çox yüksək səviyyədə maraq göstərirlər. Bizim hər il xarici ölkələrə 15-dən çox qastrol səfərmiz olur və hər bir konsertimiz anşlaqla keçir. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, tamaşaçılar bizi ayaq üstə alqışlayırlar. Bu, Azərbaycan musiqisinin uğurudur. Bizim işimiz isə mədəniyyətimizi, musiqimizi tanıtmaq, təbliğ etməkdir.
- Sizcə, caz musiqisinin vətəni sayılan ölkələrdə, böyük inkişaf yolu keçdiyi qərb dövlətlərində Azərbaycan cazı insanların marağını niyə cəlb edir?
- Standart caz musiqisi uzun illər boyu çalınıb və çalınacaq. Bizim isə özümüzə məxsus - muğamla, xalq mahnıları ilə, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev kimi sənətkarların əsərləri ilə sintez edilmiş cazımız var. Muğam da caz musiqisi kimi azaddır. Azərbaycan milli musiqisi ilə cazın sintezi insanları yaxşı musiqi dinləməyə çağırış formasıdır.
Ancaq onu da xüsusi vurğulamalıyam ki, caz deyil, sırf Azərbaycan musiqisi ifa etmək belə, xarici dövlətlərdə insanların marağını və müsbət rəyini qazanmağa yetir.
Yeri gəlmişkən qeyd edim ki, mənim Bostonda piano dərslərim çox maraqlı keçir. Çünki bir gün müəllimim mənə dərs keçirsə, növbəti gün mən ona muğamlarımızı göstərirəm. O məni tanıdıqdan sonra ölkəmizlə maraqlanmağa başladı və necə zəngin musiqi mədəniyyətimiz, yüksək səviyyəli, istedadlı sənətkarlarımız olduğunu araşdırdı, öyrəndi. Çox qürürverici haldır ki, o hər dərs mənə internet vasitəsilə ifasını dinlədiyi bir muğam ustamızın adını deyir, onunla bağlı öz fikirlərini bölüşür. Biz hətta onunla birgə improvizələr edirik.
- 2011-ci ildə İsveçrədə Montre caz pianoçuları müsabiqəsində «Tamaşaçı rəğbəti» diplomu ilə təltif edildiniz. Bu müsabiqə sizə daha nələr qazandırdı?
- Mən Montre caz pianoçuları müsabiqəsinə qatılana qədər heç vaxt öz ifamdan razı qalmırdım. Özümə inam üçün belə bir müsabiqəyə çox ehtiyacım var idi. 666 nəfərin içərisindən yarımfinala keçmək, onluğa daxil olmaq mənim üçün çox böyük nəticə idi. Finala isə cəmi 3 nəfər keçməli idi. Amma Montre festivalında heç vaxt yaşanmayan hadisə baş verdi. Finala 4 nəfər keçdi və onlardan biri mən oldum. Zalda çox az sayda azərbaycanlı tamaşaçı olmasına baxmayaraq, 83,7 faiz səslə «Tamaşaçı rəğbəti» diplomuna layiq görüldüm. Hətta mən səhnədən enəndə zalda əyləşənlər birincilik diplomunun da mənə verilməsini istədiklərini deyirdilər. Əlbəttə ki, bu mənə həm qürur hissləri yaşatdı, həm də üzərimdə daha çox işləmək üçün böyük stimul verdi.
- Sizin «İki dünya» layihəniz musiqi aləmində kifayət qədər maraqla qarşılandı...
- «İki dünya» böyük proyektdir. Bu layihəyə xalq mahnıları, məsələn, «Sarı gəlin», «Laçın», «Qarabağ şikəstəsi», «Azərbaycan» kapriççiosu kimi çox dəyərli əsərlər daxildir. Digər maraqlı məqam odur ki, bu proyektdə musiqilərimizi standart caz qrupuna daxil olan alətlərlə deyil, həm də ud, tar, zurna, tütək, hətta nağara ilə ifa edirik. Bununla biz həm gözəl sənət nümayiş etdirir, həm də milli musiqimizi və alətlərimizi təbliğ edirik.
Demək olar ki, bütün ölkələrdə konsert bitdikdən sonra yüzlərlə insan diskimizi istəyir, internet vasitəsilə bizi tapırlar, hətta yeni dəvətlər alırıq. Məsələn, ötən il Fransada konsert verdik. İki ay sonra Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət etdilər və Fransada məşhur bir festivala dəvət olunduq. Hətta televiziya kanallarından birində 5 il müddətdə Azərbaycan musiqisinin təbliği ilə bağlı müqavilə bağladıq.
- Ötən il məşhur fransız aktyoru Jerar Depardyenin sizi öz çəkəcəyi filmə aktyor və bəstəkar kimi dəvət etməsi haqqında məlumat verilmişdi. Bu layihə ilə bağlı işlər nə yerdədir?
- Bizim Jerar Depardye ilə tanışlığımız təsadüfi oldu. Hazırda bu tanışlıq dostluq əlaqələrinə çevrilib. O, çəkəcəyi filmin musiqisini bəstələməyi mənə həvalə etmişdi. Ancaq Jerar Depardyenin bir sıra şəxsi problemləri, Fransa vətəndaşlığından imtina edərək, Moskvaya köçməsi və s. məsələlərlə əlaqədar bu layihə bir qədər gecikir. Buna baxmayaraq, Jerar Depardyenin prodüseri filmin ssenarisinin çoxdan hazır olduğunu, yaxın zamanda necə, hansı tipli musiqi yazılacağını müəyyənləşdirməmiz üçün onun bizə göndəriləcəyini deyib. Mən filmə musiqi yazmaqla yanaşı, həm də aktyor kimi çəkiləcəyəm.
Çox zaman soruşurlar ki, filmdə Azərbaycan musiqisinin çalarları hiss ediləcəkmi? Necə ola bilər ki, azərbaycanlı olasan, musiqi bəstələyəsən və orada Azərbaycan musiqisinin çalarları duyulmasın, milli musiqi alətlərimiz səslənməsin? Bu mümkünsüzdür.
- Bəstəkarlıq, yoxsa ifaçılıq sizə daha yaxındır?
- Mən Motsart, Bax, Bethoven, Çaykovski, Q. Qarayev, F.Əmirov kimi bəstəkarlardan sonra özümə bu adı verməyə bir az qorxuram. Onlar tarix yazıblar, elə dahiyanə əsərlər yaradıblar ki, insan heyrətlənməyə bilmir. Biri var istedadlı insan, biri də var dahi. Onlar dahidirlər.
Mənə də Allah tərəfindən hansısa istedad verilibsə, bunu hər iki tərəfdən layiqincə dəyərləndirməyə çalışıram və ifaçılıqla bəstəkarlığı bir-birindən ayırmıram. Gənc insanla yaş həddi 60-ı keçən insanın piano ifaçılığı arasında texniki baxımdan böyük fərq var. Əlbəttə, bir gün mənim də əllərim, ifaçılıq qabiliyyətim indiki səviyyədə olmayacaq, o zaman bəstələmək imkanımdan daha çox istifadə edərəm.
- Yaradıcılıq insanın özünüifadə formasıdır. İndiyə qədər ifa etdiyiniz və ya müəllifi olduğunuz hansı əsərlə özünüzü daha çox ifadə etdiyinizi düşünürsünüz?
- «İki dünya» əsərində özümü görürəm. Burada 3 janrın birləşməsi var. Həm klassik musiqi ornametləri səslənir, həm milli musiqi, həm də caz. Bu 3 janr vasitəsilə mən öz dəst-xəttimi göstərməyə çalışmışam.
- Fərhad Bədəlbəyli məktəbi keçmiş Emil Əfrasiyab özü müəllim olmaq, məktəb yaratmaq istəmir ki?
- Yaxşı sənətçi, ifaçı olmaq hələ yaxşı müəllim olmaq demək deyil. Elə insanlar var ki, özünü ifaçı, sənətçi kimi görmür, amma çox gözəl müəllim kimi tanınır. Bəziləri də yaxşı sənətçidir, ancaq öyrədə bilmir. Həm ifaçılığı, həm də müəllimliyi mükəmməl bacarmaq nadir rast gəlinən haldır. Hazırda çox gəncəm və müəllimlik mənim üçün böyük məsuliyyətdir, yüksək pillədir. Bəlkə gələcəkdə bu da qismət olar.
- «Emil Əfrasiyab və dostları» qrupu bu gün də fəaliyyətini davam etdirirmi?
- Bəli, bu qrup yaşayır və yaşayacaq. Yaranma tarixi qısa olsa da, biz birlikdə, demək olar ki, dünyanın yarısını gəzmişik. Qrupun üzvləri çox istedadlı musiqiçilərdir. Biz ilk yaranan gündən hiss etdik ki, birlikdə uğur qazanacağıq. Bu qrup mənim ikinci ailəmdir. Biz bütün sahələrdə bir-birimizlə məsləhətləşirik, problemlərimizi bölüşürük, birlikdə həlli yollarını axtarırıq.
Amma oktyabr ayında Azərbaycanda keçiriləcək caz festivalına «Emil və onun yeni dostları» qrupu qatılacaq. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəvət aldığım festivala Berkli Musiqi Kollecinin tələbələri ilə gələcəyəm.
- Necə düşünürsünüz, Azərbaycanda caz məktəbinə ehtiyac varmı?
- Çox maraqlı və eyni zamanda ağrıdıcı sualdır. Azərbaycanda caz məktəbinin açılması mənim arzumdur. Bu janrla maraqlanan gənclərimiz çoxdur. Mən istərdim ki, onlar bizim yaşadığımız çətinliklərlə rastlaşmasınlar.
- Azərbaycan cazının hazırkı səviyyəsi sizi qane edirmi?
- Sovet dövrü ilə müqayisədə, təbii ki, cazın inkişaf tendensiyasından razıyam. Böyük irəliləyiş var. Vaqif Mustafazadə nə qədər böyük əziyyətlər hesabına Azərbaycan caz-muğamını yaradıb. Bu gün qadağalar, maneələr yoxdur. İnsanların da caza, ümumiyyətlə, sağlam musiqiyə qulaq asmaq istəyi artır.
Mədəniyyət və Turizm Nazirliyi 2005-ci ildən etibarən ölkəmizdə caz festivallarını təşkil edir və ildən-ilə tədbirin təşkili səviyyəsi yüksəlir, daha da maraqlı keçir. Mən xarici ölkələrdə olarkən insanlara Azərbaycanda keçirilən caz festivalına kimlərin qatıldığını deyəndə çox təəccüblənirlər. Sevindirici faktdır ki, belə festivalların ildə 2 dəfə keçirilməsi planlaşdırılır. Mən bunun nə qədər çətin, məsuliyyətli iş olduğunu bilirəm və Azərbaycan cazının, ümumilikdə, milli mədəniyyətimizin inkişafı üçün çalışan insanlara təşəkkür edirəm.
Amma bütün bunlarla yanaşı, kifayət qədər problemlər də var. Festivallar dövründə caz mərkəzində ayaq üstə yer tapmaq olmur, amma təəssüf ki, başqa vaxt mərkəz boşdur. Bu gün insanlar sanki qəsdən bayağı musiqilər dinləməyə yönləndirilirlər. Doğrudur, yaxşı pop-musiqi də yazılır, ancaq aşağı səviyyəli mahnılar daha çoxdur.
Əvvəllər efirə Xan Şuşinski, Şövkət Ələkbərova, Rəşid Behbudov kimi sənətkarlar çıxırdı, tamaşaçı da keyfiyyətli musiqi dinləyirdi. İndi isə kim istəyir, efirlərə yol tapır. Kimliyindən asılı olmayaraq, bir musiqiyə 20 dəqiqə qulaq asan hər kəs istər-istəməz ona öyrəşir. Belə mahnılar bizim musiqi tariximizdə qalmamalıdır. Onlara heç mahnı da demək olmaz. Mən “sırf caza və ya klassik musiqiyə öyrəşək” demirəm, sağlam musiqiyə öyrəşməyimizi istəyirəm.
- Emil Əfrasiyab özü hansı musiqiləri dinləyir?
- Mən həm muğam, həm caz, həm də klassik musiqilər dinləyirəm. Yorğun olanda ballada janrında musiqiyə, muğama qulaq asmağı sevirəm. Səhərlər gözəl klassik musiqi, caz dinləmək istəyirəm. Estrada musiqisi də dinləyirəm, ancaq nadir hallarda. Ümumiyyətlə, mən uşaq vaxtından muğamla, klassik musiqilərlə böyümüşəm. Valideynlərim musiqiçi olmasalar da, musiqini seviblər və daim dinləyirlər. Onu da etiraf edim ki, anam hər zaman caz yox, klassik musiqi ifaçısı olmamı arzu edib.
- Bəs siz övladlarınızın hansı sənət sahibi olmasını istərdiniz - musiqiçi, yoxsa?..
- Mənim iki oğlum var. Hesab edirəm ki, onların sənət seçimi mənim deyil, Allahın istəyi ilə olmalıdır. Mən musiqini çox sevirəm, musiqi mənim həyatımdır. Heç vaxt deyə bilmərəm ki, övladlarım musiqiçi olmasın. Amma musiqi duyumları olmasa, istəmərəm. Bu sahədə gərək Allah vergisi olsun. Əgər yaxşı həkim olacaqlarsa, qoy həkim olsunlar. Ya da hüquqşünas, siyasətçi, iqtisadçı və s.
- Bildiyimizə görə, Heydər Əliyev Mərkəzində ilk solo konserti siz verəcəksiniz. Nə vaxta planlaşdırılır?
- Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcəyimə görə çox şadam. Bu mənim üçün böyük şərəfdir. Sentyabrın 6-na planlaşdırılan bu konsert Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Komitənin yaranmasının 15 illiyi münasibətilə keçiriləcək.
- Bir az da sağlamlığınızdan danışaq. Səhhətinizə diqqət edirsinizmi?
- Düzünü desəm, səhhətimə xüsusi fikir vermirəm. Deyirlər insanlar əlində olanın qədrini bilmir. Mən də sağlamlığının qədrini bilməyənlərdənəm. Çox şükür ki, hələ heç bir yerim ağrımır. Ona görə çox nadir hallarda həkimə ehtiyacım olur. Özümə, səhhətimə o qədər də fikir vermirəm. Sağlam həyat tərzindən uzağam. Məsələn, idmanın insan sağlamlığı üçün nə qədər önəmli olduğunu bilsəm də, buna vaxt ayırmıram. Siqaretin sağlamlığa hədsiz zərərindən xəbərim var, ancaq siqaret çəkirəm. İçki də içirəm.
Amma bir müsbət məqam var ki, mən belə zərərli vərdişləri olan bir çox digər insanlardan fərqli olaraq, səhərlər siqareti, içkini görmək belə istəmirəm. Sağlamlığıma günortadan, yemək yedikdən, çay içdikdən sonra ziyan verməyə başlayıram (gülür). Ancaq siqareti atmağı düşünürəm və heç kimə də siqaret çəkməyi məsləhət görmürəm.
- Bəzi sahələrdə çalışan insanlar peşə xəstəliklərindən əziyyət çəkirlər. Pianoçuların belə peşə xəstəliyi varmı?
- Var. Belə bir xəstəlikdən əziyyət çəkmədiyim üçün Bülbül adına musiqi məktəbinin müəllimi Gülya Namazovaya çox minnətdaram. Mən bu məktəbə yeni gələndə bəzi uşaqların əllərində, qollarında ağrılardan şikayət etdiyini görürdüm.
Əlin deformasiyasına imkan vermək olmaz. Gülya xanım bu sahədə çox böyük mütəxəssisdir. Alətə düzgün yanaşma da ifaçılıq qədər mühüm amildir. Əks halda, heç bir yüksək ifaçılıq qabiliyyətindən söhbət gedə bilməz. Bu baxımdan mən Gülya Namazovaya həyatımı borcluyam. Çünki nə qədər çox musiqi ifa etsəm də, qollarımda heç bir ağrı, göyərmə-qaralma olmur. Yəni düzgün yanaşma peşə xəstəliyi problemini aradan qaldırır.
- Həkimlərə arzularınızı eşitmək istərdik...
- Həkim həyatın ayrılmaz bir hissəsidir. Mən həkimlərə indiyədək çarəsi tapılmayan bütün xəstəliklərə əlac edə bilmələrini arzulayıram. Atamın 63 yaşı var və artıq 5 ildir ki, yataq xəstəsidir. Ayaqları yerimir. Müalicəsi mümkün deyil. Mən o yaşda insanları görəndə kövrəlirəm. Çox istərdim ki, atam da ayağa qalxsın, gəzsin. Çox istərdim ki, biz hansısa xəstəlik səbəbindən çox dəyərli insanlarımızı itirməyək.
Hesab edirəm həkimlərimizin üzərində böyük öhdəçiliklər var. Onlar insanlara ikinci nəfəs verirlər, ömürlərini uzadırlar. Arzu edirəm ki, həkimlərimiz öz peşələrinə ən mükəmməl şəkildə yiyələnsinlər. Böyük tibb məktəbi olan Azərbaycandan xəstələrin başqa ölkələrə müalicəyə getməsini istəmirəm. O gün olsun ki, ən yaxşı mütəxəssislər bizim ölkəmizdə hazırlansın. O gün olsun ki, müalicə üçün üz tutduğumuz dövlətlərdən Azərbaycana müalicəyə gəlsinlər. Bizim insanlarımız çox istedadlıdırlar və mən inanıram ki, səhiyyə sahəsində də böyük uğurlara nail olacağıq.
Ü.FƏRZƏLİYEVA
31 avqust 2013-cü il. № 15-16