Alim Qasımov: «Mən oxuyanda daxilimdə özümlə müharibə edirəm»
Budəfəki həmsöhbətimiz YUNESKO-nun musiqi mükafatının sahibi, Avropanın "Nadir səslər" assambleyasının fəxri üzvü, "Şərqin bülbülü" medallı, "Şöhrət" ordenli... Xalq artistimizdir. O, muğamın bütün incəliklərini duyan və dünyaya duyurmağı bacaran kamil ifaçı, qeyri-adi səsə sahib sənətkardır. İfa etdiyi hər musiqini bütün varlığı ilə anbaan yaşamağa və hisslərini, duyğularını tamaşaçılarına ötürməyə qadir ustaddır. Tanrının seçilmiş bəndələrindəndir... Bənzərsizdir, təkrarolunmazdır... Əslində, onu təqdim etmək üçün uzun-uzadı cümlələrə ehtiyac yoxdur. Onun adı bütün təriflərin, layiq görüldüyü mükafatların, təltif edildiyi medalların, qurulması mümkün ən bərbəzəkli ifadələrin fövqündə dayanır. Yazarkən anladım ki, onun səsini tərif etmək üçün ifasını dinlətmək, təqdim etmək üçün sadəcə "Həmsöhbətimiz Alim Qasımovdur" demək kifayətdir.
- Konsertə hazırlaşırsınız, deyəsən... Sizi məşqlərdən ayırdıq...
- Bəli, iyulun 31-də qızımla və İrandan dəvət olunmuş iki musiqiçi ilə birlikdə muğamsevərlərə musiqi ziyafəti verməyə hazırlaşırıq.
- Necə başladı muğamla iç-içə həyatınız?
- Valideynlərimin mənim musiqiyə, xususilə muğama marağımdan hələ uşaqlıqdan xəbərləri var idi, ancaq mənə musiqi təhsili verməyə imkanları yox idi. Atam mənim üçün ancaq bir dəf düzəltdirə bilmişdi.
Sonralar tale qarşıma aktyor Səyavuş Aslanı çıxardı. O məni Bakıya - Asəf Zeynallı adına musiqi məktəbinə gətirdi. Həmin dövrdə məktəbin direktoru olan professor Vasif Adıgözəlovdan mənim səsimə qulaq asmağı xahiş etdi. Vasif müəllim məni dinlədikdən sonra dərhal musiqi məktəbinə qəbul etdi.
1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olaraq təhsilimi davam etdirdim. Üçüncü kursda oxuyarkən öz muğam üçlüyümü yaratdım. Beş ildən sonra isə Cabbar Qaryağdıoğlu adına musiqi festivalında ilk qələbəmi qazandım. 1988-ci ildən xarici ölkələrə qastrollarım başladı: Amerika, Rusiya, Fransa, Belçika, Almaniya, Niderland, İsveçrə... və başqaları. Sonra təltiflər, mükafatlar, ən əsası milliyyətindən, dinindən asılı olmayaraq insanların sevgisi... Belə başladıq muğamatlı həyata.
- Alim müəllim, sizcə, muğam nədir?
- Muğam insanın daxili aləminə, hisslərinə toxunan fəlsəfi musiqidir. Hər muğam ayrı-ayrılıqda fərqli bir duyğu, fərqli əhval-ruhiyyə yaradır. Muğamı ona vurğun insan ifa edirsə, onun ruhu cismindən ayrılıb ilahi bir məkana düşür. Muğamın vətəni yoxdur, o, xalqların qəlbində, ruhunda yaranıb. Sevindiricidir ki, indi ölkəmizdə Azərbaycan muğamı sürətlə inkişaf edir.
- Muğamın hətta kosmosda eşidildiyini iddia edənlər var. Sizcə, bu nə dərəcədə doğru ola bilər?
- Mən də bu haqda eşitmişəm. Ümumiyyətlə, insanlar sevdikləri, dəyər verdikləri hər şeyi yüksəklərə qaldırmağı çox sevirlər. Tanrının harada olduğunu bilmirik, ancaq Ona üz tutanda əlimizi göylərə açırıq. Həyatımızın ən sevincli anlarını yaşayarkən xoşbəxtlikdən göylərdə uçduğumuzu deyirik. Gözəl səsli xanəndə oxuyanda, gözəl musiqi dinləyəndə deyirlər ki, bu ifa bizi yerdən ayırıb göylər aləminə apardı və s.
Hesab edirəm ki, insanlar muğamı da qeyri-adi mənəvi qida kimi çox sevdiyindən onu göylərə layiq bilir və hətta kosmosda eşidildiyini söyləyirlər.
- Bir çoxları deyirlər ki, kiçik yaşlarda olarkən muğamı heç dinləmək istəmirdim, ancaq indi ondan həzz alıram. Görəsən, necə olur ki, yaşa dolduqca muğamı daha çox sevirik? Sizcə, nədir bunun sirri?
- Əslində, lap körpə yaşlarda olan uşaqlar da muğamı dinləyə bilirlər. Mən dəfələrlə bunun şahidi olmuşam. Elə öz nəvələrim evdə həmişə muğam dinləyiblər, bu musiqi ilə sakitləşiblər. Ancaq o da bir həqiqətdir ki, uşaqlar böyüdükcə, xüsusən də yeniyetmə yaşlarında əsasən əyləncəyə, ritmik musiqilərə, estrada, pop, rok janrına meyl edirlər. Sonradan onların əksər qismi yenidən digər janrlarla yanaşı, həm də muğam dinləyicisinə çevrilir. Mənim dinləyicilərim arasında gənc nəslin nümayəndələrinin çox olması da bunun təsdiqidir.
Heç vaxt demək olmaz ki, gənclər pop musiqi dinləməsin, ya da mütləq muğama qulaq assınlar. İnsan hansı musiqi ilə rahatlanırsa, hansı musiqidən zövq alırsa, onu da dinləməlidir.
Amma elə dünya miqyaslı, fövqəlmilli musiqiçilər var ki, onlar hansı janrda ifa etsələr, milliyyətindən, musiqi zövqündən asılı olmayaraq, hər kəsin daxili dünyasına təsir edə bilirlər. Belə musiqiçinin məkanı, yurdu yoxdur. Allahın ona qıydığı istedadla bütün insanların könlünü fəth edən insanlardır onlar.
- Alim Qasımov kimi...
- Alim Qasımovu niyə deyirsiniz, başqaları da var.
- Muğam ifaçılarımız kifayət qədər çoxdur. Deməli, sizin istər Azərbaycanda, istərsə də digər ölkələrdə hədsiz çox sevilməyinizin sirri ancaq muğam deyil. Bəs, Alim Qasımovu başqalarından fərqləndirən və önə keçirən nədir?
- Musiqi ilə ifa bir-birini tamamlamalıdır. Mən oxuyanda daxilimdə özümlə müharibə edirəm. Həmin an canlı aləmdən uzaqlaşmağa, sırf musiqi aləminə qapılıb, orada yaşamağa başlayıram. Əlbəttə ki, bunu tamaşaçı, dinləyici duyur, hisslərə qapılır, hətta gözləri yaşarır, daxilən təmizlənir, paklaşır. Bu, bir sirri-xudadır.
- Səsiniz sizi, yoxsa siz səsinizi idarə edirsiniz? Güclü tərəf hansıdır?
- Düşünürəm ki, hər iki tərəf bir yerdə güclüdür. Daxilimdəki mən və səsim qoç kimi döyüşür. Onlardan birinin digərindən zəif olmamasının hesabına Alim Qasımov yaranıb.
- Allah sizə qeyri-adi istedad, milyonların sevgisini, gözəl ailə qismət edib. Tanrı sizdən sahib olmaq istədiyiniz nəyi əsirgəyib?
- Düşünürəm ki, Allah məndən çox şeyi əsirgəyib.
- Məsələn...
- (təbəssümlə) Məsələn, boy-buxun, yaraşıq, cansağlığı və digər sadalamaq istəmədiyim şeylər. Ancaq onu da bilirəm ki, əgər arzuladığım, sahib olmaq istədiyim şeyləri Tanrı qismət etsəydi, onlar mənə ancaq zərər verərdi. O zaman Alim Qasımov olmazdım. Bəlkə də heç ailəm də olmazdı. Bir yaxşı misal var: "Allah dağına baxıb, qar yağdırıb". Bu, əsl mənə aiddir.
- Yəni yaraşıqlı olmaq sizin həyatınıza bu qədər təsir edərdi?
- Bəli, çox təsir edərdi.
Əslində, sahib olduğum heç nəyi özüm qazanmamışam. Allah məni buna məcbur edib.
- Sizin məsuliyyətinizi, sənətə sevginizi inkar etmək olmaz axı...
- (zarafatyana) Axı, əli hər şeydən üzülən adam nə edə bilərdi? Məcburən bütün gücümü muğama, onun sirlərini öyrənməyə sərf etmişəm.
- Necə fikirləşirsiniz, sənətinizin zirvəsini fəth etmisiniz, yoxsa hələ qalxırsınız?
- Hərdən ağılla, şüurlu şəkildə düşünəndə belə nəticəyə gəlirəm ki, artıq burada dayanmaq lazımdır. Ancaq mütaliə etdiyim zaman, yeni musiqilər üzərində işlədiyim zaman, görürəm ki, davam etmək gərəkdir. Bəzən səsimin elə gözəl vaxtı olur ki, düşünürəm ki, mütləq yeni bir şey yaratmaq lazımdır. Hər yaşın özünəməxsus yaradıcılıq nümunəsi olur. Bir də qızım Fərqanəni hələ meydanda tək qoymaq istəmirəm.
- Hər kəsi heyrətləndirən Alim Qasımovu özünün hansı ifası heyrətləndirib?
- Mən, demək olar ki, kiçik bir yenilik etdiyim hər bir ifanı, zənguləni, oxumaq tərzini yüksək səviyyədə qarşılamışam. Bəzi şeyləri mən özüm-özümdən öyrənmişəm və sonra onu konsertlərdə, proqramlarda təkrarlamışam.
- Ən çox sevdiyiniz, sizin daxili dünyanızın, hisslərinizin tərcümanı olan muğam hansıdır?
- Muğamlar arasında fərq qoymuram. Pis muğam yoxdur, onu pis ifa edənlər var. Muğamların hamısı mənə əzizdir və hər birini çox sevərək ifa edirəm.
- Kimləri dinləyirsiniz?
- Məndən əvvəlki nəsillərin hamısına sevərək qulaq asıram. İstər-istəməz məndən sonra gələn nəsilləri də dinləyirəm. Amma yeni nəsil ifaçıların sənətdə hələ tam yetişmədiklərini, muğamda yad olmalarını hiss edirəm. Onların sonra lazımi səviyyəyə çatıb-çatmayacaqlarını deyə bilmərəm.
- Dinləyici kimi musiqi janrları arasında ayrı-seçkilik edirsiniz?
- Mən, demək olar ki, özünün dəst-xətti, səsinin özünəməxsus aurası olan ifaçıları - hansı janrda oxumasından asılı olmayaraq - sevərək dinləyirəm. Belə ifaçılardan istər-istəməz mənə müəyyən hisslər keçir.
- Muğamın digər janrlarla sintezi bir sıra mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Sizin buna münasibətiniz necədir?
- Bu məsələdə nə qədər ki, qərəzli münasibət yoxdur, hər iki tərəfi haqlı hesab etmək olar. 30 il məşğul olduğun sənət sahəsində bir cavan gəlib yenilik edir, onu başqa şəklə salır. İstər-istəməz daxilində həm bir qorxu, muğamın gələcəyi ilə bağlı nigarançılıq, digər tərəfdən isə paxıllıq, qibtə yaranır. Ancaq biz razılaşmalıyıq ki, zaman dəyişir. Hər dövrün öz hökmü var. Biz də özümüzdən əvvəlki nəsillərdən istər yaşayış, geyim, istərsə də oxu tərzimizə görə fərqlənirik, axı. Biz də çox dəyişmişik və dəyişdirmişik. Ona görə insan bəzən hisslərini cilovlamağı, müasirliklə barışmağı bacarmalıdır.
Artıq muğamla hansısa xarici musiqilərin, ritmlərin sintezi vərdiş halını alıb. Əgər musiqilərin sintezi professionallıqla yerinə yetirilir və icra olunursa, mən buna çox yaxşı baxıram, alqışlayıram. Sintez olunmuş musiqilər əkiz doğulduğu zaman, dinləyiciyə xoş gəlir. Əks halda, onsuz da taleyi uğursuz olur.
- Əksər hallarda milli musiqilər məhz aid olduğu xalq tərəfindən çox sevilir, qəbul edilir. Necə oldu ki, muğamı dünyaya sevdirə bildiniz?
- Xarici ölkələrdə caz, rok, pop və s. janrlarda ifa edən çox sənətkarlar var. Amma bir sıra xalqların içərisindən elə ifaçılar çıxır ki, onlar özünəməxsus, fərqli tərzləri ilə milli musiqilərini dünyəviləşdirə, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq, insan olan hər kəsə sevdirə bilirlər. Məsələn, Hindistanlı Ravi Şankarı bütün dünya tanıyır və qəbul edir. Belə ifaçılar daxili aləmlərini sənətlə birləşdirməyi bacardıqları üçün uğur qazanırlar.
- Musiqi ilə insanın sinirləri, psixi durumu arasında bir bağlılıq var. Elə musiqi var ki, insanın ruhunu oxşayır, ancaq eləsi də var ki, onu dinləyəndə daxilində bir gərginlik, əsəb yaranır. Nə ilə əlaqədardır bu?
- Bəli, həqiqətən belə hallar çox olur. Elə musiqi var ki, insana enerji verir, coşdurur, onu dinləyəndə sanki həyat dəyişir, gözəlləşir. Amma bəzi mahnılara qulaq asdıqdan sonra əsəbi, gərgin olursan, insanlara qışqırmağa, dava etməyə bəhanə axtarırsan. Buna həm musiqinin düzgün qurulmaması, həm də ifaçının aurasının pis olması, mənfi enerji ötürməsi səbəb ola bilər.
Bir də elə musiqilər var ki, onlara nə yaxşı demək olar, nə də pis. Onlar qulağının dibində bir sədadır ki, boş qalmayasan.
- Niyə səhnədə yerdə oturaraq ifa edirsiniz? Fərqli görünmək üçün, yoxsa?..
- Belçikada çıxış etdiyimiz konsert proqramlarından birində biz yerdə oturaraq ifa etməli olduq. Çünki səhnə belə hazırlanmışdı. Bundan sonra xoşumuza gəldi, belə davam etdik. Bununla fərqlilik etməyə çalışmamışıq, sadəcə, belə daha rahat olduğu qənaətinə gəldik.
- Konsertlərinizin birində "Kor ərəbin mahnısı"nı Qarabağ problemi ilə əlaqələndirərək heyranedici səviyyədə ifa etdiniz. Amma sonra dinləyicilərinizin gözünü yolda qoydunuz, bir də bu ifanı eşitmədik...
- Bunu mənə çoxları deyib. Ümumiyyətlə, belə ifaların əksəriyyəti bədahətən, həmin anda yaranır. Bəlkə, gələcək konsertlərdə istəyinizi nəzərə alarıq...
- Fərqanə xanımdan başqa ailənizdə bu sənətlə məşğul olan və ya səsi olan varmı?
- Ailəmizdə ancaq yaxşı musiqi həvəskarları, bu sənəti çox gözəl duyan insanlar var.
- Alim müəllim, hər kəsdən uzaqlaşıb tək qalmaq istədiyiniz vaxtlar olub?
- Çox olur. Mənim fikrimin 99 faizi qaçmaq, hər şeydən və hər kəsdən uzaqlaşmaqdır. Amma tək qalanda görürəm ki, əslində istədiyim, arzuladığım bu deyildi. Yenə harasa qaçmaq istəyirəm. Görünür, bizdən asılı olmayaraq, ruh daim bədəni tərk etmək istəyir. Bunun vaxtını isə, nə yaxşı ki, yaradan müəyyənləşdirir.
- Uzun illər Məcnun rolunu ifa edən Alim Qasımov kiməsə, yaxud nəyəsə dəli kimi aşiqdirmi?
- Eeeeehhh...Aşiqlik... Məndə, ümumiyyətlə, çox olan heç nə yoxdur. Heç aşiqlik də. Hisslərimi hər kəsə və hər şeyə bir az paylaşdırmışam. Mənim bir xasiyyətim var ki, çox olan şeydən çox tez bezirəm. Fərqi yoxdur, gözəllikdən də, çirkinlikdən də bezirəm.
O ki qaldı Məcnuna, onun rolunu oynamaq olar, amma hər adamdan Məcnun olmaz.
- Dəyişmək istədiyiniz hansı mənfi xüsusiyyətiniz var?
- Əsəbiyəm, özü də əsəbimi evdə, ailə üzvlərimə daha çox göstərirəm. Amma kənarda məni hər kəs tanıdığı üçün, çalışıram özümü cilovlayım. Bu baxımdan ailəmin üzərinə bir az güc düşür, onlar da məni çox istədiklərinə görə, yola verirlər. Ancaq cavan yaşımla müqayisədə indi daha az əsəbiləşirəm. Yəqin qocaldıqca enerjim azalır. Əsəbləşməyə də güclü enerji lazımdır, axı.
Ağlı olan hər bir insan özündə olan mənfi xüsusiyyətləri bilir və hər dəqiqə çalışmalıdır ki, onları düzəltsin. Bu, insanın içərisində ölənə qədər davam edəcək özünü islah etmək uğrunda daxili mübarizədir. Hesab edirəm ki, mən bu daxili mübarizədə 80 faiz qalibəm. Ola bilər ki, 20 faiz şeytana məğlub oluram. Allah ömr versə, bütün səhvlərimi, mənfi xüsusiyyətlərimi düzəltməyə çalışaram.
- Bəs, xarakterinizdə nəyi bəyənirsiniz?
- Səhvimi etiraf etməyi bacarıram və onu dərhal düzəltməyə çalışıram. Çalışıram ki, insanların xətrinə dəyməyim, onlara kömək edim, müsbət enerji ötürüm, yaxşı əhval-ruhiyyə yaradım.
- Yaxşı insanın tərifini necə verərdiniz?
- İnsafı və imanı olan yaxşı insandır.
- Siz yaxşı insansınız?
- Mən həm insaflı, həm də imanlı insanam. Allaha inanıram. Bizlərə bəxş etdiyi gözəlliklərə görə yaradana daim şükr edirəm. Allaha bağlanmadan yaşamaq çox çətindir, bunun sonu uçurumdur. Allaha bağlanmadan yaşayan insan məhv ola bilər.
- Həyatınızı gözünüzün önündən keçirdikdə cənnəti qazandığınızı deyə bilərsiniz?
- Cənnətin müəyyən pillələri var. Cənnətin üst pilləsində olmasa da, künc-bucağında bir yerdə oturmaq nəsib olar, inşallah.
- Bayaq qeyd etdiniz ki, Allah sizdən bir çox şeyi əsirgəyib, o cümlədən sağlam canı. Sağlamlığınızdan niyə şikayətçisiniz?
- Mən lap uşaqlıqdan zəif, tez-tez xəstələnən olmuşam. Allah mənə elə sağlamlıq verib ki, həmişə onun "üstündə əsməliyəm".
- Səsinizi necə qoruyursunuz?
- Mən ümumiyyətlə çox üşüyən adamam. İfaçılıqla məşğul olmağa başlayandan sonra həmişə gedib oxumuşam, sonra isə gəlib ayağımı isti su ilə vanna etmişəm, özümü masaj etdirib, girmişəm yorğanın altına.
Dünyanın əksər ölkələrində həkimlərə səhhətimlə bağlı problemlərimi, əlamətləri demişəm, ancaq dərdimə çarə tapılmayıb. Mənə baxan həkimlər deyiblər ki, heç bir problemin yoxdur. Neyniyim, bu da Allahın bir işidir. Mən bunu belə qəbul edirəm.
- İdman etməklə aranız necədir?
- Cavan vaxtı idman etmək heç ağlımdan da keçmirdi. Yaşlanandan sonra hər gün yüngülvari gimnastika edirəm, əyilib qalxıram, asılıram.
- Həkimə mütəmadi olaraq müraciət edirsiniz, yoxsa ancaq məcbur olanda gedirsiniz?
- Həkimə getmək üçün mənə xanımım təzyiq göstərir. Özümə qalsa, mən yıxılmayana qədər həkimə gedən deyiləm.
- Həkimə getməyi sevməyən Alim Qasımov səhiyyəmizin bugünkü vəziyyətini necə qiymətləndirir?
- Mənə elə gəlir Azərbaycanda bu sahədə mövcud problemlərin kökündə sovet dövründən qalma ənənələr dayanır. Elə sənət sahələri var ki, onlar nə alınmalı, nə də satılmalıdır. Həkimlik sahəsində yüz faiz istedadlı, savadlı insanlar çalışmalıdır. Kiminsə xalası oğlu və ya əmisi qızı olduğuna görə işə qəbul etmək, ona insan həyatı həvalə etmək qəbul olunmazdır. Təəssüf ki, sovet dövründən bu iş düzgün qurulmayıb və bu gün də müəyyən problemlər qalıb.
Amma cəmi 21 ildir müstəqillik qazanan ölkədən Türkiyə, ABŞ səviyyəsində uğur gözləmək də haqsızlıq olar. Bu nə başqa sahələrdə, nə səhiyyədə mümkün deyil. Problemlərin aradan qalxması üçün vaxt və zəhmət lazımdır.
- Ən böyük arzunuz?
- Xalqım əmin-amanlıq şəraitində yaşasın.
- Cəmiyyətdə sizi ən çox nə narahat edir?
- Qayğısızlıq və yollardakı acınacaqlı vəziyyət.
- Sonda həkimlərimizə arzularınızı eşitmək istərdik.
- Arzum budur ki, həkimlərimiz üçün elə şərait yaradılsın ki, onlar heç nəyin qayğısını çəkmədən, sırf öz sənətləri ilə məşğul olsunlar.
Ü.FƏRZƏLİYEVA
28 iyul 2012-ci il. №13-14