Akademik Bəkir Nəbiyev: «Həkimlərə hər zaman xilaskar kimi baxmışam»

Akademik Bəkir Nəbiyev: «Həkimlərə hər zaman xilaskar kimi baxmışam»
Həmsöhbətim gözəl nitq qabiliyyəti, ali ünsiyyət mədəniyyəti, nəcib ziyalı əxlaqı ilə çoxlarına örnək olan, ədəbiyyatın əbədiliyinə inandığı gündən bu yolun yolçusuna çevrilmiş görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, əməlləri də əsərləri qədər dəyərli olan müdrik insan, qayğıkeş ailə başçısı, layiqli vətəndaşdır. O, məktəbdir. Ötən il Allahın ona bəxş etdiyi ömrün 80-ci ilini geridə qoyan, "Şöhrət" və "İstiqlal" ordenli Əməkdar Elm Xadimi, dövlət mükafatları laureatı, 60-dan çox kitabın, yüzlərlə elmi məqalənin müəllifi, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev.

- Ötən il 80 illik yubileyinizi qeyd etməyinizə baxmayaraq, yenə də gərgin iş rejimi ilə çalışırsınız. Bu sizin səhhətinizdə problemlər yaratmır ki?
- Bəlkə də, mənim yaşımda başqa kimdənsə müsahibə alsanız, "Yaş heç vecimə də deyil, əvvəlkindən bir az da böyük enerji ilə işləyirəm" deyər. Mən bunu deyə bilmərəm. Xüsusən də son vaxtlarda hiss edirəm ki, əvvəlki qüvvəm, fiziki imkanlarım yoxdur. Hərdən bununla bağlı bir az pərt də oluram. Amma sonra təmkin öz sözünü deyir, düşünürəm ki, bu yaşda elə belə də olmalıdır.
İşləmək həvəsim və ehtirasım isə əvvəlkindən də artıqdır. Mənim işsiz bir günüm olmayıb. İşləmək deyəndə təkcə Ədəbiyyat İnstitutunun rəhbəri kimi onun problemləri ilə məşğul olmağı deyil, eyni zamanda, əlimdə qələm müntəzəm şəkildə yazı yazmağı, əsərləri redaktə etməyi, hesabatlar hazırlamağı, məktublaşmaları nəzərdə tuturam.
- Həkimlərə tez-tez müraciət edirsiniz?
- Son vaxtlar müraciətlər intensivləşib. Görkəmli şairlərimizdən birinin dili ilə desək, insanın "saçından dırnağına qədər" bütün vücudunu idarə edən ürəyin müəyyən işləmə müddəti var. Allaha şükürlər olsun ki, ürəyim mənə yetərincə xidmət edib və edir. Amma bəzən dinməz-söyləməz deyir ki, "mənimlə də məşğul ol, ehtiyaclarımı nəzərə al".
- Sizi daim nəzarətdə saxlayan həkiminiz varmı?
- Bəli. Çox yüksək həkimlik qabiliyyəti, mədəniyyəti, qayğıkeşliyi olan Sevda xanım Rəfizadə. Bir də qızım Leyla. O da həkimdir, tibb elmləri namizədidir, mənim daimi həkimimdir. Qızım olduğuna görə demirəm, ümumiyyətlə, şəfqət, mehribanlıq, mərhəmət, ehtiyacı olana dərhal kömək etmək eşqi onun vücuduna hakim kəsilib. Bütün bu keyfiyyətlərin üzərinə də həkimlik sənəti gələndə, bakılıların dialekti ilə desək, olur "çim yağ". Səhhətimdə hər hansı bir narahatlıq olanda, "yanımdan yel keçməmiş" Leyla gəlir, əlindən gələni edir.
- Həkimlərlə yanaşı, insanın özünün də sağlamlığının qeydinə qalması çox vacibdir. Bu baxımdan, sağlam həyat tərzi yaşadığınızı, siqaret, içki kimi zərərli vərdişlərdən uzaq olduğunuzu deyə bilərsinizmi?
- Mən imanlı, etiqadlı, dini qayda-qanunlara əməl edən ailədə doğulmuşam. Bizim ailədə içki olmayıb. Mənim atam, babam qəlyan, siqaret çəkməyiblər. Şükürlər olsun ki, bu müsbət cəhətlər mənə də sirayət edib. Mənim prinsipcə sağlam insan olmağımın birinci səbəbi zərərli vərdişlərdən uzaq durmağımdır. Cavan vaxtı "dəstədən geridə qalmamaq üçün" bəzən məclislərdə içki içirdim, amma neçə onillərdir, xüsusən də Həcc ziyarətindən sonra, heç içmirəm.
- Sağlam həyat tərzindən söz düşmüşkən, idmana münasibətiniz necədir?
- Çox yaxşı. İdman bir qədər böyük anlayışdır, mən bədən tərbiyəsi ilə məşğul oluram. Əgər heç bir maneə yoxdursa, səhər yerimdən qalxıb idman etmədiyim hansısa günü yadıma sala bilmirəm. Bununla bağlı sizə maraqlı bir epizod danışım. Cavan vaxtımda ailəmlə birlikdə qatarla Bakıdan Ağdaşa gedirdik (o vaxt Ağdaşa ancaq qatarla gedirdilər). Səhər idmanımızın vaxtı idi. Qatar Ucarda bir qədər çox dayanırdı. Fürsətdən istifadə edib oğlum və qızımla vaqondan düşdük, təəccüblü baxışlar altında perronda idman etdik...
- Qələm əhlinin sağlamlıq baxımından "dərdi" oturaq işdir. Hərəkətə olan ehtiyacı nə ilə ödəyirsiniz?
- Mən hər gün səhər saat 9-da işdə oluram. Bir müddət işləyib oturaq işdən yorulanda gəzintiyə çıxıram. Amma açıq havada yox, Akademiyanın yeni təmir olunmuş 10 mərtəbəli binasının 5-ci mərtəbəsində. Böyük binanın 4 dəhlizi mənim sərəncamımdadır. Arada götürdüyüm bu növbədənkənar fasilədə həmin dəhlizdə bir neçə yüz metr yeriyirəm, əməkdaşlarımla rastlaşıram, görüşürəm, söhbət edirəm, həm problemləri həll edirəm, həm hərəkət edirəm, həm də əlavə enerji toplayıram.
Bir də bilyard oynamağı xoşlayıram. Ovçunun silahı tüfəng olan kimi, mənim silahım da bilyard oynadığım kiydir. Öz kiyim var, həftədə 2-3 dəfə onu götürüb, məni tək buraxmayan həvəskar dostlarımla birgə bilyard oynamağa gedirəm.
- Ədəbiyyatşünas olmağı uşaqlıqdan istəmisiniz? Nə vaxtsa həkimlik arzunuz olubmu?
- Uşaqlıqda heç vaxt ədəbiyyatşünas olmaq haqqında fikirləşməmişəm. Ümumiyyətlə, mən o vaxtlar böyüyəndə nə olacağımı düşünmürdüm. Amma məndə oxumağa, mütaliə etməyə böyük ehtiras olub. Kim olacağımın fərqinə varmadan hey oxumuşam. Oxuya-oxuya öz zövqümü cilalayır, maraq dairəmi müəyyənləşdirirdim.
Təhsil aldığım orta məktəbin kitabxanasında mənə lazım olan ədəbiyyat qurtaranda həmin dövrdə pedaqoji texnikumun kitabxanasında işləyən bir qohumum, orta məktəb şagirdi olmağıma baxmayaraq, mənə oradan kitablar verməyə başladı. Bu mənim mütaliə dairəmi bir qədər də genişləndirdi, o vaxt Azərbaycan dilinə tərcümə olunmuş bir çox rus, Avropa müəlliflərinin romanlarını oxudum. O zaman mütaliə etdiyim əsərlər potensial material kimi indi də lazım olan məqamda çox köməyimə gəlir.
Həkim olmaq haqqında isə heç vaxt fikirləşməmişəm. Ancaq həkimlərə hər zaman xilaskar kimi baxmışam, onları fetişləşdirmişəm. Həkimlərdən bir az da qorxmuşam. Bununla bağlı bir xatirəni unutmuram. 10 yaşım var idi. Biz Göyçayda yaşayırdıq. Dişim dözülməz dərəcədə bərk ağrıyırdı. Onu çəkdirmək üçün poliklinikaya getdim. Qapının ağzında növbə gözləyərkən eşitdiklərim və gördüklərim - dişi çəkilən xəstənin bağırması, əli ilə ağzını tutan xəstənin barmaqlarının arasından qanın süzülməsi və s. mənə elə təsir etdi ki, dişimin ağrısı kəsdi, mən evə qayıtdım.
- Uşaqlıq dövrünüzün həkimlərini necə xatırlayırsınız?
- Ailəmizin məndən böyük üzvlərini müayinə və müalicə etmək üçün gələn həkimləri xatırlayıram. Onlardan biri alicənab, mədəni, olduqca aristokrat həkim Tarxov idi. Gərək ki, Ağdaşa sürgün olunmuşdu, ana dilimizdə də babat danışırdı. Onun sadəcə əli ilə və fonendoskopla müayinə edəndən sonra qoyduğu diaqnoz heç vaxt səhv çıxmazdı. Bir də Ənvər həkim, Cəlal həkim var idi. Həmin dövrdə kinədən və streptositdən başqa hazır dərman da yox idi. Digər dərmanları aptekdə hazırlayırdılar və deyim ki, yaxşı da təsir edirdi. Mənə elə gəlir ki, indi apteklərdə göz oxşayan qutularda satılan rəngarəng dərmanlar heç o qədər kara gəlmir.
- Həyatda qazandığınız uğurları necə dəyərləndirirsiniz?
- Allahın verdiklərindən istifadə etməklə 5-10 nəfərdən fərqlənmək kimi. Mənim kimi 10-15 adamdan da qeyriləri fərqlənir, daha irəli gedir.
Ən pis hal odur ki, bəzi insanlar Al lahın onlara verdiklərinin fərqinə varanda özlərinə az pay düşməsindən faciə yaşayırlar. Mən bunun əleyhinəyəm. Mən sabah səhər çörək tapıb-tapmayacağım sual altında olanda da bundan faciə yaratmamışam. Həmişə Allaha şükür etmişəm. Elə bir dövrdə yaşamışam ki, gözümün qabağında 9-10 yaşlı uşaqlar acından ölüb. Nənəm, anam, böyük qardaşım mənə təlqin edirdilər ki, sənə çatanla razı ol, bəlkə, sabah Allah bundan yaxşısını qismət etdi. Qismət etməsə, yenə asi düşmə.
Bir bayatı misal çəkmək istərdim. Bu bayatını mənə bir türk nənə - bir qohumumun qaynanası demişdi. Mən aspiranturaya 3 dəfə imtahan vermişəm. "Xalq düşməni"nin oğlu olduğuma görə, imtahanlarda nə qədər yüksək qiymət alsam da, nə qədər yaxşı cavab versəm də, axırıncı imtahanda "yaxşı" yazıb məni kəsirdilər. Uğursuz imtahanlarımdan birindən çıxdıqdan sonra yenə qohumumgilə getmişdim. Nənə məndən nə olduğunu soruşdu. Dedim ki, yenə qıraqda qaldım. Onda nənə mənə bir bayatı dedi:
Oğlan, naçar ağlama,
Gündür keçər, ağlama,
Qapıyı bağlayan fələk
Bir gün açar, ağlama.
Elə də oldu. Üçüncü dəfə imtahan ərəfəsində böyük hadisələr baş verdi. Vaxtilə məhbəsdə həlak olmuş atama ölümündən sonra bəraət kağızı aldıq. Onun surətini sənədlərimin arasına qoydum. Bundan sonra mənim "əla"larım "əla" kimi yazıldı, aspiranturaya qəbul olundum.
- Bəkir müəllim, bu günlərdə qələminiz nə yazır?
- Mən yerlibaz deyiləm, amma böyük iftixar duyğusu yaşayıram ki, ağdaşlıyam. Ağdaş ölkəmizin çox gözəl istedadlar yetirmiş Şirvan bölgəsinə daxildir. Şirvanın bugünkü durumu, gələcəyi, mədəniyyəti, özəlliklə ədəbiyyatı məni hər zaman maraqlandırır.
Bir ay öncə Şamaxı şəhərində Seyid Əzim Şirvaninin abadlaşdırılmış məzarının təqdimat mərasimində iştirak etdim. Burada Milli Məclisin deputatı Elxan Süleymanov mənə Şirvan torpağının yetirməsi olan şairlər haqqında məlumatların toplandığı internet saytı yaratmaq istədiyini bildirdi. O saytda yerləşdirmək üçün beş böyük sənətkar - Əfzələddin Xaqani Şirvani, İmadəddin Nəsimi Şirvani, Hacı Seyid Əzim Şirvani, Məhəmməd Hadi Əbdülsəlimzadə Şirvani, Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani haqqında sanballı portret oçerklər hazırlamağımı xahiş etdi. Mən tərəddüd etmədən razılaşdım. Hazırda Əfzələddin Xaqani ilə bağlı belə bir yazı üzərində işləyirəm.
- "Azərbaycan sovet ədəbiyyatı tarixi" çoxcildliyinin müəlliflərindən biri olmusunuz. İndi isə "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin baş redaktorusunuz. Yeni çoxcildliyin əvvəlkilərdən fərqi və üstünlüyü nədən ibarətdir? Sizcə, gələcəkdə Azərbaycan ədəbiyyatı tarixini bir daha yazmağa ehtiyac olmayacaq ki?
- Nəinki fiziki baxımdan, eyni zamanda daşıdığı mənalar toplusu baxımından heç bir elmi əsər əbədi deyil. Bütün dövrlərdə, bütün nəsillərin zaman-zaman vacib mənəvi dəyərlərə, o cümlədən də ədəbiyyat tarixinə yenidən müraciət etməyə əsası var. Bu həmişə belə olub. 1925-ci ildə Firidun bəy Köçərlinin ilk "Azərbaycan ədəbiyyatı tarixi" əsəri 2 cilddə nəşr olunub. Ondan təxminən 30 il sonra, 1955-1957-ci illərdə 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" çap edilib. Hazırda isə 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" üzərində iş davam edir. Bu toplunun ilk 3 cildi artıq işıq üzü görüb, digər 3 cildi isə yaxın zamanda cəmiyyətin ixtiyarına veriləcək.
Bu çoxcildliyin əvvəlkilərdən ən böyük fərqi odur ki, biz ilk dəfə müstəqil Azərbaycanın bu həcmdə ədəbiyyat tarixini yazırıq. Bu gün biz bundan öncəki nəşrlərdə əl-qolumuzu bağlayan, yaradıcı təfəkkürə, onun uçuşuna mane olan qadağalardan azadıq. Sözün həqiqi mənasında, ədəbiyyatın özünəməxsusluqlarının, qanunauyğunluqlarının tarixini yazmışıq. Bu cəhətdən yeni nəşr sovet dövrü ədəbiyyat tarixlərindən köklü şəkildə fərqlənir. Ən vacib məqamlardan biri isə odur ki, 6 cildlikdə daxili işlər orqanlarının zirzəmilərində, sürgünlərdə həlak olmuş Azərbaycan şair və yazıçılarının həyatı və yaradıcılığı geniş şəkildə əksini tapıb.
Yeni çoxcildliyin bir üstünlüyü də odur ki, ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq Azərbaycan ədəbiyyatının tarixi folklorun tədqiqinə həsr edilmiş bütöv bir cildlə başlayır.
- Müasir ədəbi mühiti necə qiymətləndirirsiniz? Hansı problemlər sizi narahat edir?
- Bizim ədəbiyyatımız heç vaxt indiki kimi azad olmayıb. Ümumiyyətlə, ölkədə demokratiyanın çox geniş pərvəriş tapdığı bir vaxtda onun ən böyük təzahürü bədii ədəbiyyatı yaradanların əməllərindədir. Çünki əsrlər boyu, feodal-patriarxal münasibətlər dövründən bəri bəzi şairlər məcburən hökmdarları mədh ediblər. O qədər də uzaq olmayan sovet keçmişimiz dövründə şairlər məcbur olub partiyanı, inqilabı, Stalini, Lenini, qurultayları, ayrı-ayrı siyasi tədbirləri tərifləyiblər. Yaşadığımız dövrdə belə məcburiyyətlər yoxdur. Heç kim heç kimin əlindən tutub zorla nəsə yazdırmır. Hamı ürəyindən, ağlından keçəni, canı, varlığı ilə hiss etdiklərini yazır. Bu cəhətdən ədəbiyyatımız çox böyük imkanlar qazanıb.
Ancaq təəssüf ki, belə geniş imkanlar vüsətində ədəbi məkana tez-tez istedadsız, səriştəsiz qələmin məhsulu olan əsərlər də daxil olur. Onların qarşısını almaq isə mümkün deyil. Bu gün kimin pulu varsa, istedadsız "ədəbi əsəri"ni istədiyi kimi - qalın cildlərdə, yüksək poliqrafik keyfiyyətdə çap etdirir.
Doğrudur, bu cür əsərlər ildə bir dəfə Nizami adına Ədəbiyyat İnstitutunun geniş, açıq yığıncaqlarında təhlil və tənqid olunur. Biz bu il də aprel ayında 2010-cu ildə Azərbaycanda ədəbi prosesin gedişatını təhlil etmişik. Bu barədə qəzetlərə də yazılar verilib. Ötən illərin ədəbi yekunlarına həsr olunmuş müşavirələrin bütün materialları kitab şəklində də nəşr olunur. Bunlar müəyyən dərəcədə ədəbi prosesə təsir göstərməyimizə kömək edir. Amma bir zamanlar kiminsə kitabı haqqında qəzetdə məqalə çıxardısa və onu bərk tənqid edərdilərsə, həmin adam ya daha əsər yazmazdı, ya da çalışardı yaxşı yazsın, özünü, öz qələm vərdişlərini təkmilləşdirsin. İndi isə belə yazılara çox fikir verən yoxdur. Bəzən ədəbi tənqid yığıncağında tənqid olunmuş, qəzet səhifələrində az qala biabır edilmiş müəllif yenə pezəvəng bir "əsərini" çap etdirir.
Bu mənada, bizim ədəbi mühitdə ikili proses gedir. Boz ədəbiyyat axın kimi yayılır, amma bu axında tək-tək sanballı, yüksək istedadın məhsulu olan əsərlər də meydana çıxır, özünə yol tapır.
Akademik Bəkir Nəbiyev: «Həkimlərə hər zaman xilaskar kimi baxmışam»
- Deyirlər, dahiyanə əsərlər avtoritar rejimlərdə, senzura dövründə yaranır. Bu fikrə münasibətiniz necədir?
- Yaradıcılıq istedadı Allahın insana bəxş etdiyi bir vergidir ki, onun qarşısını heç cür almaq mümkün deyil. Çeşmənin suyunu kəsmək olmaz. İstedad da - qadağalar olmasına baxmayaraq - həmişə sözünü deyib.
Ancaq əgər bir dövlətdə söz deməyə imkan varsa, sənətkar nə isə yazmaq üçün özünü süni surətdə qadağalar mühitinə soxmaz. Hazırda müasir şəraitin bu və ya digər tərəflərindən razı olmayan istənilən şəxs ürəyindən keçəni yazır və çap etdirir. Artıq "çəlləyə girib" xəlvət yazı yazmağa ehtiyac yoxdur.
Digər tərəfdən, mövcud şəraitə, quruluşa meydan oxumaq hələ dahiyanə əsər yaratmaq demək deyil. Dahiyanə əsərlər tez-tez yaranmır. "Xəmsə" kimi əsərlər hər epoxada bir dəfə yazılır.
- Bu gün, maşallah, belə gümrah olmağınızda, gərgin iş rejimi ilə çalışa bilməyinizdə, ümumiyyətlə, elmi yaradıcılıq fəaliyyətinizdə ailənizin, həyat yoldaşınızın rolunu necə dəyərləndirirsiniz?
- (Gülə-gülə) Onu qiymətləndirməyə gərək söz tapasan. Onu elə-belə demək olmaz...
Bütün yazı-pozu adamlarının birinci vergisi Allahdandır. Bizim hamımızın genimizdə, daxili imkanlarımızda Allahın bizim varlığımıza, iliyimizdə hopdurduğu keyfiyyətlər var. Biz çox mürəkkəb, xüsusilə maddi cəhətdən çətin şəraitdə tələbəlik illəri yaşamışıq. Mənim kimi ailəsinin başçısı məhbəslərdə çürümüş bir adam bu dövrü daha ağır keçirib. Tələbə ikən ədəbiyyatla bağlı yazı-pozu ilə də məşğul olmuşam. İmtahana hazırlaşmaqla, maddi imkanları təmin etmək üçün çabalamaqla yanaşı, məqalələr yazmışam, tərcümələr etmişəm. Aspirant olarkən respublika miqyaslı qəzetdə şöbə müdiri işləyirdim və rayonlara ezamiyyətə gedirdim. Mən qatarda gecə başqa sərnişinləri narahat etməmək üçün kupedən çıxıb, dəhlizdə dizimin üstündə bloknotuma qəzetin növbəti nömrəsinin yazısını yazırdım. Çətin şəraitdə yaşamağa öyrəşmişəm. Bu, Allahın mənə bəxş etdiyi istedad payındandır.
Amma ev, ailə, şərait elm adamı üçün, jurnalist üçün adi bir şey deyil. Xüsusilə, mənim dissertasiyalarımın üzərində gecə-gündüz işlədiyim vaxtlarda evimdə lazımi şərait, mühit olmasaydı, yəqin ki, bu işlərin öhdəsindən gələ bilməzdim. Bu mənada, həyat yoldaşım Ədalət müəllimənin zəhmətini yüksək qiymətləndirirəm. Həm mənim dissertasiyalarım, həm onun öz dissertasiyası, həm də hərəsi bir dissertasiya olan balalarımız, nəvələrimiz məhz onun sayəsində araya-ərsəyə gəlib. O həmişə mənim qeydimə qalır.
Mənim yazılarımın birinci oxucusu, dinləyicisi, elə birinci tənqidçisi də Ədalət müəllimədir. Bu elə bir həqiqətdir ki, onu inkar etmək olmaz. Heç bir qələm əhlinə də vaxt-bivaxt evsiz-eşiksiz, ailəsiz qalmağı arzulamıram.
- Onda "Şair gərək ac olsun" fikri ilə razı deyilsiniz?
- Mən bu fikri bölüşmürəm. Çətinlik çox olduqca, insan necə daha yaxşı yaza bilər? Çətin şəraitdə işləməklə gözəl əsərlər yaransaydı, nə vardı ki? Elə deyil. Şərait yaxşı olanda yaxşı da yaza bilirsən.
- Dünya ədəbiyyatı tarixində A.P.Çexov kimi, N.Nərimanov kimi həkim yazıçılar var. Sizcə, yazıçılıqla həkimlik arasında hansısa oxşarlıq, əlaqə varmı?
- Mən bu iki sənət arasında nəinki oxşarlıq, eyni zamanda, bir-birini tamamlayan, bir-biri ilə səsləşən cəhətlər görürəm. Həkim də, yazıçı da insan uğrunda mübarizə aparır. Biri insanın həmişə sağlam, güclü olmasına çalışır, o biri mənəviyyatca zəngin, vətənpərvər, iradəli, yaxşı insan olmasını istəyir. Biri fiziki, digəri mənəvi sağlamlıq uğrunda çarpışır. Bu mənada, insan dediyimiz tamın, bütövün təcəllası, böyük qüvvə kəsb etməsi üçün yazıçı və həkim eyni hədəfə işləyirlər.
Həm həkim, həm də yazıçı üçün insan psixologiyasını bilmək ilkin şərtdir. İnsanlar heç kimə, bəzən hətta ən yaxınlarına belə demədiklərini həkimə deyirlər. Bəlkə elə buna görə də həkim yazıçıların əsərlərində insanların hissiyyatı, başqalarına deyə bilmədikləri daha bariz üzə çıxır. Çexovun Kaştankasını yadıma salıram. Çexov nəinki insanın, hətta heyvanın psixologiyasını elə verir ki, itin insan kimi düşündüyünə bizi inandırır.
- Sizin "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" əsəriniz var. Sizcə, niyə "Qarabağ müharibəsi və Azərbaycan ədəbiyyatı" kitabı yazılmadı? Niyə 1990-cı illərdə güclü savaş ədəbiyyatı yaranmadı?
- Ədəbiyyat tarixi bu suala cavab verir. Napoleonun Rusiyaya hücumunun parlaq, geniş bədii inikası müharibədən 10 illər sonra Tolstoyun "Hərb və sülh" əsərində öz əksini tapıb. Bu cür böyük hadisələrin sözün həqiqi mənasında yüksək səviyyədə inikası üçün zaman tələb olunur. Nə idi başımıza gələn, niyə bütün bunlar oldu? İlan xislətli erməni kimlərin köməyi ilə quyruğu üstə qalxdı? Bu suallara hələ indi də cavab vermək çətindir. Bəzi sənədlərin, gizli danışıqların mahiyyəti müəyyən zaman keçəndən sonra ortaya çıxacaq və yalnız onda əsl həqiqi bədii söz demək mümkün olacaq.
Ancaq bu o demək deyil ki, Azərbaycan yazıçıları Qarabağ davasına laqeyd olublar. Xeyr. Çoxlu romanlar, poemalar, bədii əsərlər yazılıb. Zaman onları ələkdən keçirəcək, ən yaxşıları tarixdə qalacaq.
- "Ölümsüzlüyün sirri" kitabının müəllifindən ölümsüzlüyün sirrini soruşmaq istərdim?
- O kitabımda söhbət bədii əsərlərin şairlərə, yazıçılara əta etdiyi ölümsüzlükdən, əbədiyyətdən söhbət gedir. Bizim kimi sadə insanlar elə ölümsüzlükdən ancaq yaza, danışa bilərik. Biz öləri, ötəri, keçəri bəndələrik. Buna da şükranlarımızı bildiririk.
- Uşaqlığınızı, gəncliyinizi və yaşlılıq dönəminizi hansı rənglərlə boyayardınız?
- (Təbəssümlə) Bunun üçün şair olmaq lazımdır...
Mənim üçün həyatımın ən şəffaf dövrü, bu gün də xırdaca hadisələrinə qədər yaddaşımın künc-bucağında ilişib qalmış uşaqlığımdır. O uşaqlıqda nələr varmış? Artıq həyatımızı tərk edib dünyasını dəyişmiş əzizlərimin mənimlə ünsiyyətlərində elə psixoloji məqamlar var ki, onlara daxili şəffaf ekranda baxıb, hər dəfə nə isə təzə, ibrətamiz bir şey görürəm.
Gənclik illərim gəncliyin özü kimi rəngarəngdir, o dövrdəki xəyallarım, arzularım qədər parlaqdır.
Nəhayət, heç bir əlavə rəngi olmayan bu günüm, yaşlılığım var. Ancaq Allah müdriklik verib ki, mən bu adilikdə, rəngsizlikdə də rəng görürəm. Bu rənglərin ən parlağı gələcək nəsillə bağlıdır, xalqımın, millətimin, dövlətimin gələcək ucalığı ilə, balalarımın, nəvələrimin, nəticələrimin böyük səadəti ilə bağlıdır.
- Ən böyük arzunuz nədir?
- Yaxın gələcək üçün ən böyük arzum Qarabağ probleminin həllidir. Mən çox istərdim ki, ən qısa müddətdə bu məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərtilə həll olunsun.
Uzaq gələcək üçün də arzumu deyim. Bilirəm ki, bundan sonra çox da uzun ömrüm yoxdur. Amma arzuya kim sərhəd qoya bilər ki? Allahdan mənə nəticələrimin xoşbəxtliyini göstərməsini istərdim.
- Azərbaycan səhiyyəsinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Mən səhiyyənin bugünkü vəziyyətindən razıyam. 81 yaşlı biri kimi, həm Allahın mənə verdiyi limiti yaşayıram, həm də hərdən pozulan səhhətimi bərqərar etmək üçün səhiyyə işçilərinin çəkdikləri zəhmətin barını görürəm. Bu mənada, şəxsən öz timsalımda da səhiyyəmizin vəziyyətini məqbul hesab edirəm.
Gözlərimin önündə səhiyyəmiz sürətlə inkişaf edir. Ölkənin hər yerində çox gözəl tibb müəssisələri inşa edilir. Onlardan biri də Ağdaşda tikilir. Onun təməlqoyma mərasimində Prezident İlham Əliyev şəxsən iştirak edib və bu şəfa ocağı da, yəqin ki, qısa müddətdə tikilib istifadəyə veriləcək.
Son vaxtlar sayı artan yol qəzalarında zərər çəkənlər qısa müddətdə hadisənin baş verdiyi ərazidəki tibb müəssisəsinə çatdırılır. Ümumiyyətlə, elə öz təcrübəmdən çıxış edərək deyim ki, təcili həkim müdaxiləsinə ehtiyacı olanlara çox tez tibbi yardım göstərilir. Səhiyyəmizin inkişafı baxımından müsbət qiymətləndirdiyim bu cəhət təcili yardım xidmətinin lazımi avadanlıqla, gözəl maşınlarla təchiz edilməsi sayəsində mümkün olub.
Hər axşam televiziyada müxtəlif bölgələrdən verilən reportajlarda səhiyyəmizin uğurlarını görürük. Bu gün nəinki Bakıdakı şəfaxanalar, ölkəmizin bütün bölgələrindəki tibb müəssisələri müasir cihazlarla təchiz olunur. Hətta rayon xəstəxanalarında uşaqlar üzərində açıq ürək əməliyyatları aparılır. Bütün bunlar çox böyük uğurlardır. Təbii ki, bu görünənlərin araya-ərsəyə gəlməsi üçün ilk baxışdan görünməyən böyük fəaliyyət tələb olunur və bu işdə başda səhiyyə naziri Oqtay Şirəliyev olmaqla, tibb işçilərinin, səhiyyə təşkilatçılarının böyük zəhməti var.
- Həkimlərə nə arzu edərdiniz?
- Mənim həkimlərlə bağlı ən böyük arzum onların əmək haqlarının artırılmasıdır. Etiraf edək ki, indi həkimlərimizin əmək haqqı azdır. Səhiyyənin inkişafı elmlə, texnika ilə, dövlətin yaratdığı yüksək şəraitlə, sayı sürətlə artan xəstəxanalarla yanaşı, ilk növbədə, həkim kontingentinə əsaslanır. Səhiyyə siyasətinin yerlərdə icraçıları həkimlərimizdir.
Dövlət tibb müəssisələri çox gözəldir və əhali bu səhiyyə ocaqlarında pulsuz müalicə olunur, bir sıra hallarda dərmanlarla təchiz edilir, cərrahiyyə əməliyyatı olunur. Bu, çox yaxşıdır. Amma həm özəl, həm də dövlət tibb müəssisələrində çalışan həkimlər Azərbaycan həkimidir, hər biri Vətənini, xalqını sevir, insanların sağlamlığı uğrunda çalışır. Çox istərdim ki, onların əmək haqları bir-birinə yaxın olsun ki, tibb işçiləri seçim qarşısında qalmasınlar. Hesab edirəm ki, həkimlərin məvacibi çalışdıqları tibb müəssisəsinə görə yox, ancaq bacarığına, gördüyü işə, çəkdikləri zəhmətə görə fərqləndirilməlidir.
Ü.FƏRZƏLİYEVA
30 iyun 2011-ci il. №12





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova