Şeyxülislam Allahşükür Paşazadə: «Həkim xəstə ilə Allah arasında bir vəsilədir»
İslam dinində insanın öz sağlamlığının qayğısına qalması ibadət sayılır. Müqəddəs Quranda insanın sağlamlığının qorunmasına dair çox sayda ayələr var. Həzrəti Peyğəmbər (s.ə.s.) də hədislərindən birində buyurur ki, "Xəstəlik gəlməmiş sağlamlığınızın qədrini bilin".
Sağlamlığın qorunması baxımından islam dininin insanlar qarşısında qoyduğu tələblər, tibbin müasir inkişafı dövründə ortaya çıxan bəzi ziddiyyətli fikirlər bu gün çox müzakirə edilən mövzulardandır. Biz də bu sahədə insanları maraqlandıran bir sıra suallara cavab tapmaq, birmənalı qarşılanmayan məqamlara dair mövqeyini öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə həmsöhbət olduq.
- Şeyxülislam həzrətləri, səhhətiniz necədir?
- Bismillahir-rəhmanir-rəhim! Əlhəmdülillah, yaxşıyam.
- Hər bir müsəlman üçün vacib buyurulan namazın, orucun insan sağlamlığına da çox böyük faydalarının olması məlumdur. Bu haqda oxucularımıza daha geniş məlumat vermənizi istərdik.
- Sağlamlıq sahib olduğumuz ən əhəmiyyətli nemətlərdən biridir. Sağlamlığımızı qorumaq dinimizin vacib bir əmridir və onu pozmaq böyük günah sayılır.
İslam dinində hər bir müsəlman üçün vacib buyurulanlardan birincisi namaz, ikincisi isə orucdur. Hər ikisinin insan üçün mənəvi və fiziki faydaları vardır. Namaz bəndə ilə Allah arasında ilahi bir rabitədir. Həzrət Peyğəmbər: "Namaz ümmətimin meracıdır" buyurmuşdur. Heç şübhəsiz, gündə beş dəfə Allah-Təala ilə birbaşa rabitədə olmaq insanı həm ruhən, həm də cismən saflaşdırır, sağlam edir.
Oruc Allahın verdiyi nemətlərə şükr etmə, şəfqət və mərhəmət duyğularını inkişaf etdirən, insanın iradəsini gücləndirən, insanlar arasında zəngin-kasıb mübarizəsini azaldan, ən başlıcası, Allaha olan səmimiyyətin və imanın ölçüsünü təyin edən bir əməldir. Oruc ibadəti Allahın rəhmət və məğfirətini qazanmaq, dünya və axirət səadətini təmin etməklə yanaşı, həm də insan bədəninin səhhət qaynağıdır. Kainatda hərəkətdə olan hər şeyin istirahət etməyə ehtiyacı vardır. On bir ay dayanmadan çalışan orqanizmin də, əlbəttə, dincəlmək ehtiyacı var. Həzrəti Peyğəmbər (s) bir hədisində belə buyurur: "Oruc tutun ki, sağlam olasınız". Ona görə də Allaha və Peyğəmbərə inanan müsəlmanlar bu əmrin gerçəkləşməsi üçün həmin ibadəti Allah rizasına görə yerinə yetirirlər.
Allah-Təalanın hər bir əmrində neçə-neçə hikmətlər vardır. Namaz qılarkən əmr edilən hər hərəkətin həm ruhi, həm də cismi faydaları həddən artıq çoxdur. Lakin inanan insanlar Rəbbimizin bu fərmanına onun fiziki faydalarından daha çox, mənəvi yüksəlişə görə əməl edirlər. Müsəlman nəinki namaz və oruca, habelə digər vacib buyurulan əmrlərə də mütəmadi olaraq əməl etməlidir. Müsəlmanın ildə bir dəfə malının xümsünü, zəkatını verməsi Allaha ibadətlə yanaşı, bütün ətrafındakıların, bütövlükdə cəmiyyətin mənəvi sağlamlığına və iqtisadi rifahına xidmət etməsi deməkdir.
- İman insanın psixoloji sağlamlığına yardım edirmi?
- Uca Yaradan tərəfindən faili-muxtar, yəni əməllərində azad xəlq olunmuş insan Onun vacib buyurduqlarına əməl etsə, haram buyurduqlarından uzaq olsa, dəyərli şəxsiyyət olaraq formalaşar və cəmiyyət üçün faydalı bir fərdə çevrilər. Allaha iman gətirmək, Ona təvəkkül edib sığınmaq insan həyatına müsbət istiqamətdə təsir edən ən güclü vasitədir. İman insanda həyat sevgisi, həyata bağlanma duyğusu meydana gətirir. İman gətirən insan həyatın Allahın bir lütfü olduğuna inanır və ömrünün sonuna qədər iman əmanətinin haqqını verərək yaşamağa çalışır.
Allaha inanan bir insan, eyni zamanda, həyatın bir imtahan, qarşılaşdığı çətinliklərin də bu imtahanın bir parçası olduğuna inanır və bu nöqtədə çətinliklərə sinə gərməyi, ağrı-acılara qarşı səbir etməyi özünün xarakterinə çevirir. Ruhun gücü imandadır. İmanlı insan daim Allahına güvənir və Ona təvəkkül edir. Mömin müsəlmanın gücü imanında və ağlındadır. İmanın ağılla vəhdəti mütləqdir.
İman həm də Axirət dünyası üçün bir nurlu körpüdür. O, eyni zamanda, insandakı tənhalıq duyğusunu aradan qaldıran bir xüsusiyyətə malikdir. İman vasitəsilə Allahı dost bilən insan çətin vəziyyətlərində qüdrət sahibi olan Allahın yardımından ümidini kəsməz, Onun dərgahına sığınar. Allah-Təala Qurani-Kərimdə buyurur: "Allahı qəlbinizdə yaşatmaqla qəlblər xatircəm olur, aramlıq tapır".
- Sağlamlıq baxımından insanların gigiyena qaydalarına riayət etməsi çox mühüm məsələdir. İslam dinində də təmizlik amili xüsusi əhəmiyyət daşıyır. İslam şəriətində gigiyena məsələlərinə verilən xüsusi önəmlə insan sağlamlığının qorunması amilini nə dərəcədə əlaqələndirmək olar?
- Bədən sağlamlığı üçün təmizlik, şübhəsiz, zəruridir. Gigiyena qaydalarına əməl etmək insanın sağlamlığına rəvac verdiyindən, Allah-Təala bunu insanlara təlqin edir. Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur: "Şübhəsiz ki, Allah çox tövbə edənləri və təmizlənənləri sevər". Allahın sevdiyi kəslərdən ola bilməyimiz üçün təmizliyə diqqət yetirməyimiz şərtdir. Həzrəti Peyğəmbər (s) "Təmizlik imandandır" deyə buyuraraq, dinimizin təmizliyə verdiyi əhəmiyyəti ifadə etmişdir. İslam şəriətində yüzlərlə maddələr gigiyenik qaydalara həsr olunmuşdur.
Təmizlik səhhətin imtina edilməz ünsürü olduğu kimi, bəzi ibadətlərin də əsas şərtidir. O, eyni zamanda, ruzinin artmasına da səbəbdir. Həzrəti Peyğəmbər (s) bir hədisində "Təmizliyə davam edin ki, ruziniz artsın..." buyurmuşdur. Belə bir deyim var: "Evini təmiz saxla, qəfləti qonağın gələr, bədənini təmiz saxla, qəfləti ölümün gələr".
Peyğəmbər Salavatullahın dişlərin yuyulmasının əhəmiyyəti ilə bağlı çox sayda hədisləri mövcuddur. Dişləri yumağın insana 12 xeyrini sadalayan Həzrəti Mühəmməd bunun damağı möhkəmləndirdiyini, dişlərin ömrünü uzatdığını, hətta gözün görmə qabiliyyətini artırdığını, habelə xeyirxahlığı çoxaltdığını xüsusi vurğulamış, misvakdan istifadəni tövsiyə etmişdir. Saç və bığın vaxtaşırı qısaldılması, saqqal və başın daranması İslamın tövsiyə etdiyi gigiyena və ədəb qaydalarındandır. Hədislərdə möminlərin ətirlərdən istifadə etməsi məsləhət görülməklə yanaşı, bununla onların böyük savaba nail olacaqları haqda da xitablar vardır.
Lakin təmizliyi yalnız bədən təmizliyi ilə məhdudlaşdırmaq doğru deyil. Bədən təmizliyi qədər, hətta ondan da önəmli qəlb təmizliyi, niyyət dürüstlüyü, əxlaq gözəlliyi gərəkdir. Cismən təmiz olmayanın ibadəti xalis olmadığı kimi, niyyəti təmiz olmayanın da ibadəti xalis olmaz, dolayısı ilə, Allah dərgahında onların ibadəti qəbul olunmaz.
Əlbəttə, hər bir insanın cismani paklığı ruhi paklıq üçün bir zəmindir. Bədən təmizliyi və qəlb saflığı İslamın təməl və ən mühüm əsaslarından biridir. Necə ki, Həzrəti Peyğəmbər (s) mübarək hədisdə buyurur: "İslam təmizlik təməli üzərində bina edildi". İslam dini həm maddi, həm də mənəvi təmizliyə böyük əhəmiyyət verərək, onu ibadət sayır. Dəstəmaz və qüsl alınması həm maddi, həm də mənəvi bir təmizlikdir.
- Quranda insanın intihar etməsi günah sayılır. Siqaretin insanları tədricən öldürdüyünü nəzərə alsaq, siqaret çəkməyin günah sayıldığını, islam dininin bu zərərli vərdişi qadağan etdiyini demək olarmı?
- Müqəddəs Quran baxımından, intihar birmənalı böyük günahlardandır. Siqaret çəkməyi isə intiharla qarışdırmaq olmaz, onlar bir-birindən tam fərqlidir. Demək olmaz ki, siqaret çəkməklə insan intihar edir. Amma bununla insan bilə-bilə özünü təhlükəyə atır, buna görə də İslam şəriəti siqaretdən istifadəni bəyənilməyən pis vərdiş kimi dəyərləndirir.
Müqəddəs Quranda uyuşduruculardan və məstedicilərdən istifadə haram buyurulur. Tütün bu qəbil tərkiblərə aid edilmir. Alkoqolizm və narkomaniya kimi ictimai bəlalar isə intihara bərabər əməllərdir və təkcə ayrı-ayrı fərdlər deyil, bütün cəmiyyət üçün fəsadları ağırdır.
- Bir müddət əvvəl Milli Məclisdə müzakirə olunan "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsindəki bəzi məsələlər həm bir sıra millət vəkilləri, həm cəmiyyət, həm də elə sizin özünüz tərəfindən birmənalı qarşılanmamışdı. Nə idi sizi narahat edən əsas məsələlər?
- Bu qanunda məni narahat edən məqamlar dini və milli-mənəvi dəyərlərlə bir araya sığmayan məsələlərlə bağlı idi. Belə ki, ailə ən mühüm ictimai dəyər olmaqla yanaşı, Allahın bizə bəxş etdiyi böyuk nemətlərdəndir. Ailənin sağlamlığı ilə yanaşı, onun təməlində halallığın qorunması ümdə məsələlərdəndir. Süni mayalanma məsələsi ilə bağlı birmənalı fikrimi bir neçə dəfə bildirmişəm, indi də təkrar edirəm: ailənin övladı yalnız öz qanuni, halal atasından mayalanmalıdır. Övladın bu və ya digər səbəbdən təbii yolla mayalanması ərsəyə gəlməyən ailələrdə yalnız bu şərtlə tibbin köməyindən yararlanmaq olar. Qadının bətninə yalnız halal atanın dölünü qoymaq olar, başqa kişinin dölü haramdır. Bu, Allahın buyurduğu vacib şərtdir, əks təqdirdə, zatı bilinməyən övlad dünyaya gələr. Elm və onun nailiyyətlərindən sui-istifadə etmək, dini-əxlaqi sərhədləri, mənəvi hüdudları aşmaq olmaz. Bunun çox fəsadlı nəticələri ola bilər. Allah-Təalanın insana bəxş etdiyi idrak sayəsində elm inkişaf edir və onun nəticələrindən insanların nəfinə istifadə olunması çox önəmlidir. Lakin Allah-Təala hər bir məsələdə hədd qoymuşdur - buna da insanın mənafeyi baxımından qərar verilmişdir. Bu həddi aşanlar xeyir görə bilməzlər.
Düşünürəm ki, hörmətli millət vəkillərimiz milli kimliyimizin qorunması baxımından böyük önəm kəsb edən bu qanun layihəsinin müzakirələri və qəbulu zamanı vurğuladığım məqamları nəzərdən qaçırmayacaq və mükəmməl bir qanun qəbul etməyə müvəffəq olacaqlar.
- Ailə planlaşdırılması ilə bağlı digər bir məsələyə - hamiləliyin süni surətdə dayandırılmasına, oğlan uşaqlarının qızlardan üstün tutulması ilə əlaqədar həyata keçirilən selektiv abortlara dini nöqteyi-nəzərdən necə münasibət bəsləyirsiniz?
- Ana bətnində qərar tutan döl doqquz aylıq müddətin heç bir mərhələsində abort edilə bilməz - dinimiz bunu haram sayır. Abort etmək üçün heç bir səbəb, bəhanə gətirilməməlidir. İslam alimləri birmənalı olaraq nütfənin ana bətnində qərarlaşmasından sonra onun məhv edilməsini və ana bətnindən xaric olunmasını qadağan edirlər. Bu mövzuda dinimizdə üzürlü səbəb yalnız ananın həyatının təhlükədə olmasıdır ki, bu xüsusda uşağın cisminə ruh daxil olmazdan qabaq onu saldırmağa icazə verilir. Əgər uşağın cisminə ruh artıq daxil olubsa, yəni hamiləlik dörd aylıqdan çoxdursa, bu qadağada yalnız bir halda istisna ola bilər: hamiləliyin davam etməsi həm ana üçün, həm də onun bətnində olan körpə üçün təhlükəlidirsə və uşağın xilas edilməsi qeyri-mümkündürsə, ananı ölümdən qurtarmaq üçün uşağın abort olunmasına icazə verilir.
Selektiv abortlara gəlincə, buna dinimizin münasibəti birmənalıdır. Cahiliyyə, yəni İslamdan əvvəlki dövrdə qız uşaqlarının diri-diri torpağa gömülməsi kimi Allah tərəfindən bəyənilməyən bir əməlin indi selektiv abortlar şəklində həyata keçirilməsi böyük günahdır. İnsanların əksəriyyəti bu cinayətlərin fərqinə varmır. Bunun qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilməlidir. Qurani-Kərimdə bu barədə belə buyurulur: "Yoxsulluqdan qorxub (Cahiliyyə dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!" (əl-İsra surəsi, 31). Dinimiz ailədə qız uşağının doğulmasını böyük bir savab və ilahi mükafat kimi dəyərləndirir. Həzrət Peyğəmbərimiz (s) buyurur: "Övladlarınızın ən yaxşısı qızlarınızdır". İmam Cəfəri-Sadiq (ə) də bu mövzuda buyurmuşdur: "Qız övladları rəhmət, oğlan övladları isə nemətdir".
- Səhiyyənin inkişafı bir sıra dünya ölkələrində, o cümlədən Azərbaycanda orqan transplantasiyası əməliyyatlarının həyata keçirilməsinə imkan verir. Bu cür əməliyyatların aparılması günahdırmı? Dini baxımdan, hansı hallarda və hansı şərtlər daxilində belə əməliyyatları aparmaq olar?
- Öncə onu deyim ki, tibbin inkişafı, hər keçən gün yeni nailiyyətlərin əldə edilməsi hamı kimi məni də sevindirir. Peyğəmbərimizin (s) hədislərindən bizə göstərilən işarələrə görə, tibb elmi daha da inkişaf edəcək, nəhayət, əksər dərdlərə dərman olacaq. Təbii ki, iki şey müstəsnadır: biri qocalıq, biri də ölüm!
Peyğəmbərimiz (s) insanları tibb elminə təşviq etdiyi hədisində belə buyurmuşdur: "Allah dərmanını yaratmadığı dərdi yaratmamışdır. Bir yerdə dərd varsa, mütləq onun dərmanı da vardır. Yetər ki, insan ümidini kəsməsin, dərdinə dərman axtarmağa davam etsin!" Məhz bu çarələrin biri də orqan transplantasiyasının kəşfidir.
Yeni tətbiq olunduğundan, İslam dünyasının nüfuzlu alimləri orqan nəqlinin (şərtlərinə uyğun gəlindiyi təqdirdə) caiz olduğu qərarına gəlmişlər.
Ölüdən orqan nəql edildiyi kimi, yaşayandan da orqan nəql oluna bilər. Əlbəttə, burada mühüm şərtlər mövcuddur.
Ölüdən ediləcək orqan nəqlinin caiz ola bilməsi üçün xəstəyə orqan nəqlindən başqa çarə tapılmadığı barədə səlahiyyətli tibb işçilərinin qərar vermələri, xəstənin bu nəqllə sağalacağı barədə qənaət sahibi olmaları gərəkdir. Bundan əlavə, ölümündən əvvəl, qəfil ölüm deyilsə, xəstənin özünün, ölümündən sonra isə varislərinin orqanın transplantasiyasına icazə vermələri mümkündür. Habelə orqan nəqli nəyinsə müqabilində qarşılıqlı razılaşma əsasında həyata keçirilə bilər.
Yaşayan insandan nəql ediləcək orqanla bağlı şərtlərə gəlincə, orqanı öz istəyi ilə hədiyyə edən insanın transplantasiyadan sonra sağlamlığına zərər gəlməyəcəyi barədə həkimlərin qəti fikirləri olmalıdır.
Verilən orqan transplantasiya edildiyi digər bədəndə yalnız bioloji vəzifəsini yerinə yetirər. O şəxsin xasiyyətindəki dəyişikliklər həmin orqanla bağlı ola bilməz. Çünki günahı işlədən orqan deyil, orqana istiqamət verən insanın öz iradəsidir. Orqan nəqlində dini, milli və cinsi mənsubiyyət önəm kəsb etmir.
İslam dini bir insana həyat verməyi bütün bəşəriyyəti xilas etməyə bərabər dəyərləndirir. Bu baxımdan, bu və ya digər orqanın köçürülməsi ilə hər hansı insanın həyatı xilas olunursa, bu, böyük savabdır. Lakin burada sadaladığım şərtlərə əməl olunması vacibdir. Beləliklə, İslam dinində orqan nəqli əməliyyatına müəyyən qanunlar çərçivəsində icazə verilir.
- Bəs, insanların öz xarici görünüşlərini dəyişmək üçün plastik əməliyyatlar etdirməsi günah sayılırmı?
- Təbii ki, insan Allah-Təala tərəfindən xəlq olunduğu görkəmi dəyişməyə meyil etməməlidir. Allah insanın zahiri görünüşünə baxmaz, qəlbində bəslədiyi niyyətinə və hərəkətlərinə baxar. Estetik əməliyyatla hər hansı əzanın şəklini dəyişdirmək olar. Ümumiyyətlə, bu və ya digər əzanın quruluşu insanın həyat tərzini çətinləşdirirsə, onun sağlamlığına zərər verir, cəmiyyətə qaynayıb-qarışmasına əngəl olursa, əmək qabiliyyətini məhdudlaşdırırsa və ya gözəl görünməkdən ötrü estetik cərrahiyyə əməliyyatı etmək istəyirsə, bu zaman tibb elminin imkanlarından istifadə etməklə qüsurları aradan qaldırmağa icazə var. Tibb mütəxəssisləri tərəfindən təminat verildiyi halda və həyati təhlükə yoxdursa, şəriət estetik əməliyyatları qadağan etmir.
Bir məqamı unutmamalıyıq ki, Allah Öz yaratdıqlarında sirlərini və hikmətlərini gizləmişdir.
- Sizcə, xəstəlik insana Allahın göndərdiyi cəza, yoxsa imtahandır, yaxud insanın, sadəcə, öz əməllərinin, davranışının nəticəsidir?
- Xəstəlikləri təkcə cəza kimi qəbul etmək doğru deyil. Allah insanı yaşadığı həyatda imtahan etməkdədir. Xəstəliklər müəyyən səbəblərdən, o cümlədən ehtiyatsızlıqdan və düzgün qidalanmamaqdan da baş verir. Hər şey kimi, xəstəliklər də bir sınaqdır və onların bildiyimiz və bilmədiyimiz böyük hikmətləri vardır. Xəstəlik möminin səbrini və Allaha olan şükür və təvəkkülünü sınayan bir imtahandır.
Xəstəliklər inanan insanların Allah qatındakı dərəcəsinin yüksəlməsinə və günahlarının əfv edilməsinə dəlalət edə bilər. Başımıza gələn xəstəlik və müsibətlərdən hansının imtahan, hansının xətamızın qarşılığı olduğunu bilmək imkanımız xaricindədir. Dinimizə görə, xəstəlikdən qurtulmaq üçün səbirli olmaq və onun müalicəsi üçün səy göstərmək lazımdır, yəni həkimə getmək, dərmanlardan istifadə etmək lazımdır. Mübarək hədisdə buyurulur ki, "Xəstəliyinizi müalicə edin! Çünki Allah-Təala ölümdən başqa hər xəstəlik üçün əlac olaraq dərman yaratmışdır". Ona görə də insanlar davamlı olaraq xəstəliklərin müalicə yollarını kəşf etməyə çalışmalıdırlar. Dava-dərmandan doğru istifadə etmək, həkimlərin məsləhətinə qulaq asmaq, əslində, Allahın sınağına, imtahanına feli olaraq əməl etmək deməkdir. Bu da insana yalnız savab qazandırar.
Dində belə qəbul edilir ki, hər bir xəstənin şəfası Allah yanındadır. Sadəcə olaraq, o şəfa həkimin əli ilə xəstəyə çatdırılır. Yəni həkim xəstə ilə Allah arasında bir vəsilədir. Allahdan şəfası olmayan xəstəni heç bir təbib sağalda bilməz.
- Bugünkü Azərbaycan səhiyyəsini necə qiymətləndirirsiniz?
- Şükürlər olsun ki, dövlətimiz müstəqillik illərində həyatın bütün sahələrində inkişaf etməkdədir. Ölkə başçımızın daim diqqət və qayğı göstərdiyi sahələr arasında səhiyyə xüsusi yer tutur. Bu gün səhiyyə sahəsində qazanılan uğurlar göz qabağındadır. Bu istər yeni səhiyyə müəssisələrinin tikintisində, istər xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatında, istərsə də həkimlərimizin ən qabaqcıl tibbi təcrübəyə yiyələnməsində özünü büruzə verir. Təkcə paytaxt Bakıda deyil, bütün bölgələrdə müasir müalicə-diaqnostika mərkəzlərinin inşa olunması Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunması işinə verdiyi dəyəri təcəssüm etdirir və xalqımıza böyük töhfədir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən tibbi-humanitar xarakterli layihələr xüsusi dəyər kəsb edir.
Hörmətli səhiyyə naziri cənab Oqtay Şirəliyevin peşəkar fəaliyyəti sayəsində Azərbaycan səhiyyəsinin, Azərbaycanda tibb elminin yeni nailiyyətlər qazanmasının şahidiyik. Cənab nazirə bu nəcib fəaliyyətində daha böyük uğurlar arzulayır, Allahdan xeyir-dualar diləyirəm.
Fürsətdən istifadə edərək, Səhiyyə Nazirliyi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında illərdən bəri davam edən əməkdaşlıq nümunələrindən söhbət açmaq istərdim. Bildiyiniz kimi, son illər müsəlmanlar üçün xüsusi həssasiyyət kəsb edən Aşura günlərində dindarlar tibbi ehtiyaclar üçün qan vermək məqsədi ilə məscid və ziyarətgahlara üz tuturlar. Məhz Səhiyyə Nazirliyinin birbaşa və yaxından iştirakı ilə həyata keçirilən və artıq nümunəvi ənənəyə çevrilmiş bu savab iş, eyni zamanda, ictimai əhəmiyyətli sosial aksiya minlərlə xəstə insana həyat verməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda islami dəyərlərə ehtiramla yanaşan dünyəvi dövlət imicini daha da möhkəmləndirir. Hər il səhiyyə nazirinin göstərişi ilə peşəkar həkim briqadaları səyyar şəkildə məscid və ziyarətgahlarda insanlardan qan alınaraq ehtiyacı olan şəxslərə çatdırılması işini yüksək səviyyədə təşkil edirlər.
Səhiyyə Nazirliyinin müqəddəs Həcc ziyarəti həyata keçirildiyi zamanlarda Qafqaz Müsəlmanları İdarəsinə göstərdiyi diqqəti xüsusi vurğulamaq istərdim. Belə ki, hər il Azərbaycanlı zəvvar qruplarını müqəddəs məkanlara müşayiət etmək üçün ən səriştəli və peşəkar həkim briqadaları ayıran, onları bütün lazımi dərman vasitələri və preparatlarla təmin edən Səhiyyə Nazirliyimizin fəaliyyətindən olduqca razıyıq və dərin minnətdarlığımızı bildiririk.
Həcc ziyarəti uzun və çətin səfər olduğundan, zəvvarlar arasında xəstələnən, dünyasını dəyişən insanlar olur. Belə hallarda səhiyyə işçilərinin fədakarlığı, həssasiyyəti olduqca böyük rol oynayır. Keçən il zəvvarlarımızı Vətənə gətirən avtobusun Türkiyə ərazisində qəzaya uğraması nəticəsində bir neçə zəvvarın həlak olması, onlarla insanın yaralanması səbəbindən çətin anlar yaşadığımız zamanlarda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xətti ilə göstərilmiş qayğı və diqqəti isə biz heç zaman unuda bilmərik. Dövlət başçımızın məxsusən zəvvarlarımızı Vətənə gətirmək üçün ayırdığı təyyarədə hadisə yerinə uçan həkim briqadası xəstələri ən yüksək səviyyədə tibbi yardımla təmin etdi. Yaralı zəvvarları hava limanında şəxsən qarşılayan səhiyyə nazirinin birbaşa göstərişi ilə yaralı zəvvarlar həkim nəzarəti altında müvafiq xəstəxanalara və evlərinə yola salındı və uzun müddət tibbi nəzarət altında oldular. O zaman bu diqqət və qayğıya görə Oqtay müəllimin ünvanına geniş təşəkkür məktubu göndərdik. Yaralı zəvvarların ehtiyaclarının qarşılanması yönündə yüksək insanpərvərlik və peşəkarlıq nümayiş etdirmiş tibb işçilərinə dərin minnətdarlığımı bir daha bildirmək imkanından şadam.
- Ailənizdə tibb işçisi, həkim varmı?
- Bəli, qızlarımdan ikisi özünü tibb sahəsinə həsr edib. Nəcib peşə olaraq həkimlik sənətinə yiyələndikləri, bu sahəni ürəkdən sevərək gəldikləri və kifayət qədər uğur qazandıqları üçün qızlarımın seçiminə görə şadam.
- Həkimlərimizə nə tövsiyə edərdiniz? Onlarda görmək istədiyiniz və görmək istəmədiyiniz cəhətlər hansılardır?
- Həkimlərə tövsiyə edərdim ki, bilik və bacarıqlarını, peşəkar vərdişlərini səfərbər edərək, Allah-Təalanın insanlara əmanət etdiyi həyat nemətinin keşiyində ayıq-sayıq dursunlar. Bütün hallarda ehtiyacı olan xəstələrə köməyi əsirgəməsinlər. Ölüm ayağında olan xəstəni belə ümidlə müalicə etsinlər.
Qəzetinizin yaratdığı fürsətdən istifadə edərək Azərbaycanın bütün səhiyyə işçilərinə cansağlığı və şərəfli peşələrində böyük nailiyyətlər arzulayır, Allahdan hər birinizə səadət və xeyir-dualar diləyirəm. Qoy Uca Yaradan daim köməyiniz olsun! Amin!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Ü.FƏRZƏLİYEVA
21 iyun 2011-ci il. №11