Ölkəmizdə bütün növ göz əməliyyatları aparılır
“Bu gün Azərbaycanda təbabətin oftalmologiya sahəsi öz inkişaf həddinə görə hansısa dövlətdən zərrə qədər də geri qalmır. Klinikalarımızda elə aparatlar var ki, dünya ölkələrinin yarısından çoxunda onlar yoxdur. Oftalmologiyamız çox müasirləşib. Xaricdə təhsil alıb qayıtmış, savadlı həkimlərimiz var. Hazırda təkcə bizim klinikada bütün növ göz əməliyyatları həyata keçirilir. Qeyd edilənlər kifayət qədər önəmli məsələlərdir”. Bu fikirləri bizə müsahibəsində Respublika Müalicə Diaqnostika Mərkəzinin (RMDM) Oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov bildirdi.
- Sizinlə qış fəslinin astanasında görüşməyimizi nəzərə alaraq, söhbətimizə mövsümi problemlərdən başlamaq istərdim...
- Hər fəslə xas olan hava şəraitinin gözə müəyyən təsiri var. Yaşadığımız ərazinin iqliminə uyğun olaraq, indiki mövsümdə müşahidə edilən küləkli, soyuq və tozlu hava ilə əlaqədar quru göz sindromuna tez-tez təsadüf edirik. Bu sindrom gözün təbii mayesinin və nəmləndirilməsinin xroniki çatışmazlığı nəticəsində meydana gəlir. Quru göz sindromu zamanı göz yaşı vəziləri və ya göz ətrafı vəzilər kifayət qədər maye ifraz etmir, ya da göz qapaqlarındakı vəzilərin disfunksiyası yağ ifrazını azaldır. Bu da mayenin tez buxarlanmasına səbəb olur. Daimi quruluq, göynəmə, qızartı və yanma hissi quru gözün əsas simptomlarıdır. Qəribə səslənsə də, quru göz sindromu gözün sulanmasına səbəb ola bilir. Xəstələr həkimlərə şikayət edirlər ki, küləkli havada bayıra çıxanda gözümüzdən su axır. Belə insanlara mütəxəssislər tərəfindən müəyyən göz damcılarından istifadə məsləhət görülür. Nəticədə, onların gözlərində soyuq, küləkli hava şəraitində yaranan bu əlamətlər qat-qat azalır.
- Bəs, ümumilikdə, sizə daha çox hansı göz xəstəlikləri ilə əlaqədar müraciət edirlər?
- Təkcə Azərbaycanda deyil, bütün dünyada ən geniş yayılmış göz xəstəliyi kataraktadır. Gözün içərisindəki büllurun şəffaflığını itirərək bulanıqlaşmasına və tədricən görmənin itməsinə səbəb olan bu xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığı üçün, xalq arasında ona “mirvari suyu” da deyilir.
Kataraktaya əhalinin 10 faizində rast gəlinir. Bu əsasən yaşla bağlı xəstəlik olub, çox vaxt orta yaşdan yuxarı şəxslərdə əmələ gəlir. Ancaq şəkərli diabet xəstələrində, göz nahiyəsindən travma alanlarda, uzun müddət kortizolla müalicə olunanlarda da yarana bilər. Təəssüf ki, elə hallar var ki, müxtəlif səbəblərdən xəstələrə kömək etmək mümkün olmur. Ona görə də katarakta dünyada korluğa gətirib çıxaran patologiyalar arasında birinci yer tutur. İkinci yerdə qara su, üçüncü yerdə refraksiya problemləri, dördüncü yerdə isə əsasən uşaqlarda təsadüf olunan çəpgözlük dayanır.
Katarakta dərman və ya eynəklə müalicə oluna bilən xəstəlik deyil. Onun müalicəsi cərrahi yolla mümkündür. Qeyd edim ki, bu əməliyyatların həyata keçirilməsinə XIV – XV əsrlərdən başlanıb. Həmin dövrdə mirvari suyunu sadə yolla gözün içərisinə ötürürdülər. Zaman keçdikcə bu sahədə ciddi uğurlar qazanıldı və hazırda cəmi 5-7 dəqiqəyə müasir əməliyyatlar icra olunur. Xəstə əməliyyatın səhəri gün işə çıxır.
- Təxminən 40 yaşdan sonra bir çox insanlar gözlərinin zəifləməsindən şikayət edirlər...
- Buna səbəb fizioloji problemlərdir. Sadə dillə desək, gözümüzdəki müəyyən bir əzələ 40-45 yaşdan sonra öz keyfiyyətini itirir. Ona görə də həyatında heç vaxt eynək taxmayan, gözlərindən şikayət etməyən insanlar da yaxın məsafəni yaxşı görmək üçün eynək taxmaq məcburiyyətində qalırlar.
- Bir sıra hallarda istər gənclər, istərsə də uşaqlar, onlara mütəxəssis tərəfindən təyin olunsa da, eynək taxmaqdan imtina edirlər. Bunun hansısa fəsadları ola bilərmi?
- Təəssüf ki, belə hallar olur və bu yolverilməzdir. Valideynlər belə məsələlərdə çox diqqətli olmalıdırlar. Əgər eynək təyin olunubsa, nə qədər tez taxılsa, o qədər faydalıdır. Çünki 7 yaşa qədər uşaqlarda inkişaf gözlə beyin arasında gedir. Uşaqda problem aşkarlanan kimi eynək taxmasa, onun görmə qabiliyyəti getdikcə daha da zəifləyəcək. Bunu nəzərə alaraq, uşaqların görmə imkanlarını eynək və ya müəyyən aparatlar vasitəsilə maksimum nə qədər mümkündürsə, artırmağa çalışmalıyıq. Təbii ki, bu təkcə uşaqlara aid deyil. İstənilən yaş qrupunda həkimin təyinatına uyğun davranmaq lazımdır ki, gələcəkdə daha ciddi problemlər yaranmasın.
- Uşaqlarda görmə probleminin olduğunu vaxtında necə aşkarlamaq olar?
- Çox önəmli problemə toxundunuz. Bir sıra hallarda uşaqlar bizə çox gec müraciət edirlər və nəticədə, onların görməsini bərpa etmək çətin olur. Məsələn, uşaqlarda göz xəstəlikləri içərisində çəpgözlük geniş yayılıb. Bu, gözlərin paralelliyinin pozulduğu göz qüsurudur. Digər xəstəliklər kimi, çəpgözlüyün müalicəsində də erkən diaqnoz çox vacibdir. Əgər gözün ilk müayinəsi gecikibsə, uşağın gözünün zəif görməsindən başqa, estetik problemlər də meydana çıxa bilir.
- Uşaqlarda çəpgözlük hansı səbəblərdən yaranır?
- Bunun bir çox səbəbləri var. Mürəkkəb hamiləlik dövrü, doğuş travmaları, körpə yaşlarda keçirilmiş infeksion xəstəliklər, kəllə-beyin travmaları, sinir sistemi xəstəlikləri, psixi travma – qorxu, güclü stress çəpgözlüyə gətirib çıxara bilər. Bu qüsurun yaranmasında genetik meyillilik, irsi faktor da rol oynaya bilər. Şübhəsiz ki, erkən yaşlarda çəpgözlükdən əziyyət çəkmiş valideynlərin övladlarında, qohum nikahlardan doğulan körpələrdə çəpgözlük riski daha yüksəkdir.
Bəzən körpələrdə yalançı çəpgözlük müşahidə edilir. Amma bununla bağlı qərarın həkim müayinəsi ilə verilməsi vacibdir.
Çəpgözlüyün səbəbləri müxtəlif olduğu üçün, onun müalicəsi də xəstədən xəstəyə fərqlənir. Amma bütün hallarda, o, müalicə oluna bilən göz xəstəliyidir. Çəpgözlük bir çox hallarda təxminən 2-3 yaşlı uşaqlarda yaranır və eynək vasitəsi ilə əlamətləri tam aradan qaldırılır. Cərrahi müdaxilə yalnız eynəklə sağala bilməyən çəpgözlük halları üçündür. Amma əməliyyat hələ belə uşaqların eynəkdən azad olması demək deyil. Kimdə ehtiyac olarsa, 18 yaşa qədər eynək taxmalıdır.
- Bu gün bir sıra hallarda eynəkləri linzalarla əvəz edirlər. Amma insanlar arasında linzaların gözə zərərli olması ilə bağlı fikirlər də dolaşır...
- Biz hər kəsə linzalardan istifadəni məsləhət görmürük. Çünki kənd təsərrüfatı, maldarlıq və s. kimi fəaliyyətlə məşğul olan insanlara linza təklif etmək düzgün deyil. Linzalar onlar üçün risk faktoru sayılır, çünki gözlərinə infeksiya düşə bilər.
Sözsüz ki, hansısa tələbə və ya ofis işçisinin gigiyenik qaydalara riayət etmək şərti ilə linzalardan istifadə etməsində heç bir problem yoxdur. Ümumiyyətlə isə, linzaların məhdud saatlarda taxılması məsləhətdir. Yəni işdən evə gələn zaman linza çıxarılmalı və onun yerinə eynək taxılmalıdır ki, gözlər dincəlsin. Düzdür, elə linzalar var ki, onlar həftəlik və ya 15 günlükdür. Amma mən linzadan belə istifadə ilə razı deyiləm. Bu, buynuz qişanın nazikləşməsinə, deformasiya olmasına gətirib çıxara, müəyyən problemlər yarada bilər.
Mən gündəlik linzalardan istifadəyə üstünlük verilməsinin tərəfdarıyam. Bu linzalar səhər taxılır, axşam çıxarılıb atılır. Bəziləri bir aylıq linza alırlar, onu konteynerdə saxlayırlar. Bu zaman konteynerin suyunu təmiz saxlamaq, gigiyenik qaydalara riayət etmək lazımdır ki, çirklənmə olmasın, gözə infeksiya düşməsin.
- Bu ildən ölkəmizdə buynuz qişanın köçürülməsi əməliyyatlarına başlanıldı. Azərbaycanda bu əməliyyatı həyata keçirməyə icazəsi olan beş həkimdən biri də sizsiniz...
- Qeyd edim ki, mən 2004-cü ildə Bakıya gələndən 2011-ci ilə qədər buynuz qişanın transplantasiyasını həyata keçirirdik. 2011-ci ildən sonra Milli Məclisin qərarı ilə buynuz qişanın Bakıya gətirilməsi qadağan edildi. Sevindirici haldır ki, ötən il səhiyyə nazirinin və Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) səyi ilə bu proses yenidən başladı. Əvvəlcə qanunvericilik səviyyəsində həmin qadağa aradan götürüldü. Sonradan bir sıra hüquqi və təşkilati məsələlər həll edildi. Hazırda MOM-də artıq buynuz qişanın transplantasiya əməliyyatlarına başlanıb. RMDM-də isə buynuz qişanın köçürülməsi əməliyyatlarını yanvarın əvvəlindən etibarən həyata keçirəcəyik.
Onu da bildirim ki, donor toxuması xaricdən alınır və o, çox baha olduğuna görə, bu əməliyyat çox məsrəf tələb edir. Təbii ki, bütün xəstələrə kömək etmək istərdik, amma təəssüf ki, bu, qeyri-mümkündür. Əvvəllər birgə çalışdığımız göz bankı onlardan aldığımız hər 10 toxumaya bir toxumanı əlavə hədiyyə verirdi. Biz də həmin toxumanı ehtiyacı olanlar üçün təmənnasız istifadə edirdik. Bundan sonra da eyni prinsiplə işləməyə çalışacağıq.
- Bu əməliyyatların uğursuz olması ehtimalı varmı?
- Bəli, əməliyyatların bütün hallarda uğurlu olması mümkün deyil. Buynuz qişa ilə əlaqəli ən uğurlu əməliyyat keratokonus xəstəliyinin müalicəsidir. Çünki bu zaman gözün buynuz qişası təmiz olur. Əməliyyat zamanı təmiz buynuz qişa toxuması eyni qaydada təmiz, heç bir xəstəliyi, problemi olmayan buynuz qişanın üzərinə qoyulur. Hətta bu halda belə, 5-10 faiz bədənin donoru qəbul etməmək riski var. Bu zaman gərək buynuz qişa bir neçə vaxtdan sonra dəyişdirilsin. Amma 90-95 faiz nəticə uğurlu olur.
Qalan hallarda – əməliyyat xoraya və ya hansısa digər xəstəliyə görə aparıldıqda təxminən 50 faiz uğurlu nəticə əldə edilir. Bəzən xəstə ilk aylarda çox xoşbəxt olur, çünki gözü açılır. Amma bir az sonra birdən-birə buynuz qişa öz keyfiyyətini itirməyə başlayır. Çünki bədən onu qəbul etmir. Bu risk əməliyyatdan əvvəl xəstəyə izah edilir.
- Bu gün elmi-texniki tərəqqi insanın həyat və fəaliyyətinin hər sahəsinə nüfuz edir. Sizcə, həyatımızın ayrılmaz parçasına çevrilən ağıllı telefonlar, kompüterlər, planşetlər gözlərimizə nə dərəcədə ziyan vurur?
- Öncə qeyd edim ki, XXI əsrdə yaşayırıq və indi istehsal olunan müasir kompüterlərin monitorları ötən əsrdəkilərdən fərqlidir, gözlərimizə o dərəcədə də zərər vermir. Sadəcə, günün 6-10 saatını kompüter önündə keçirən insanların gözündə yorğunluq və quruluq hissi olur. Bu problemləri aradan qaldırmaq üçün isə insanlara 1-2 saat işlədikdən sonra 15 dəqiqə fasilə vermək tövsiyə edilir. Normal halda gözlərimiz bir dəqiqədə 15-16 dəfə qırpılır. Biz kompüterə, televizora, kitaba baxanda isə qırpılma 2-3 dəfə azalır. Bu zaman gözdə quruluq sindromu yaranır. İşdə kompüterlə çox işləyən insanlara göz üçün spesifik dərmanlardan – göz quruluq sindromunu aradan götürən göz damcılarından istifadə etmək məsləhətdir.
Uşaqlara gəldikdə isə, mən onların telefondan çox istifadə etməsinin əleyhinəyəm. Amma düşünürəm ki, 3 yaşdan sonra onlara planşet vermək olar. Müasir dövrdə bunları qadağan etmək qeyri-mümkündür. Ola bilər ki, əksər həkimlər bu fikirlə razılaşmasınlar. Amma elə dövrdə yaşayırıq ki, uşaqları müasir texnologiyalardan təcrid etmək olmaz.
- Yeni il arzularınızı eşitmək istərdik.
- İnsanlarımıza sağlam, firavan həyat arzulayıram.
Ü.FƏRZƏLİYEVA