Eldar Mansurov: “Gözəl musiqi insanı ruhən sağaldır”

Eldar Mansurov: “Gözəl musiqi insanı ruhən sağaldır”

Budəfəki həmsöhbətimiz, özünün dili ilə desək, canı, qanı, bütün varlığı ilə musiqiyə bağlı olan, sənətlə yaşayan dəyərli bəstəkar, “Yeddi gözəl” rok-operasının, “Kleopatra” və “Olimp” kimi rok-baletlərin, 5 simfoniyanın, “Mahur-hindi” simfonik muğamının, bir çox simfonik, kamera və xor əsərlərinin, minlərlə mahnı və instrumental musiqinin, ən nəhayət, sorağı dünyanın 70-dən artıq ölkəsindən gələn “Bayatılar”ın müəllifi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Eldar Mansurovdur.

- Eldar müəllim, necəsiniz, səhhətiniz necədir?

- Yaxşıyam, sağlamlığımdan şikayətim yoxdur. Ümumiyyətlə, mən şikayət edən adamlardan deyiləm. Həm də özümə yaxşı baxıram ki, xəstələnməyim.

- Bunun üçün nə edirsiniz?
- Məncə, əksər xəstəliklərin səbəbi əsəb, stresdir. Ona görə də ilk növbədə əsəblərimi qorumağa çalışıram. Hansısa insanla görüşəndə, hansısa yerə gedəndə əhvalım korlanacaqsa, həmin adamla görüşmürəm və ya belə dəvətlərdən imtina edirəm. Çalışıram ki, ətrafımda ünsiyyətindən zövq aldığım xoş auralı insanlar olsun. Mənfi enerjili adamlardan uzaqlaşıram.
Bir də düşünürəm ki, sağlamlığıma mühüm təsiri olan əsas faktor musiqidir. Melodiyalar, nəğmələr, ümumiyyətlə, gözəl musiqi insanı ruhən sağaldır, bir sıra mütəxəssislərin qənaətincə isə xəstəliklərin müalicəsində də effektiv rol oynayır. Hətta IX-XIV əsrlərdə yaşamış Azərbaycan və digər müsəlman xalqlarının alimlərinin, məsələn, Səfiəddin Urməvinin, əl-Fərabinin, İbn Sinanın traktatlarında da musiqi ilə müalicə barədə maraqlı məlumatlar yer alıb. Məşhur cərrah, professor İbrahim Topçubaşovun xəstələr üzərində cərrahi əməliyyatlar aparan zaman ağrı hisslərini azaldan musiqi parçaları səsləndirməsi, yəqin ki, hər kəsə məlumdur. Bu ənənə tibbin yüksək inkişaf etdiyi müasir dövrümüzdə də yaşayır. Hətta Türkiyədə tibb müəssisələrindən birində xəstələrin musiqi ilə müalicə olunduğunu görmüşəm və bir müddət onlarla çalışmışam. İlk vaxtlar bu mənə çox təəccüblü gəlirdi. Məsələn, uzanmış xəstənin yanında ney çalırdılar. Deyirdilər ki, bununla xəstənin mədəsindəki problemi müalicə edirik.
Ümumiyyətlə, musiqinin gücünü sözlərlə ifadə etmək çətindir, insan onu ancaq yaşayaraq anlaya bilər. Təsəvvür edin ki, ən kövrək anında elə musiqi dinləyərsən ki, əhvalın düzələr, gülümsəyərsən, bəzən isə tam əksinə. Musiqisiz kino, teatr da boş, maraqsız olar, ona heç kim baxmaz. Musiqi həyatımızın ayrılmaz hissəsidir. Hətta mən daha irəli gedərək demək istəyirəm ki, musiqisiz yaşamaq olmaz. Biz həyatın əsas komponentlərinin hava, od, su, torpaq olduğunu deyirik. Məncə, bu sıraya musiqi də əlavə olunmalıdır.

- Eldar müəllim, musiqiçi ailəsində doğulmusunuz...
- Bəli, gözümü açandan muğam, tar səsi eşitmişəm. Özümü dərk etdiyim vaxtdan musiqi canıma, qanıma hopub. Bizim evdə hamı musiqi alətində ifa etməyi bacarırdı. Anamla atam tar məktəbində tanış olublar. İllər keçdikdən sonra biz övladları da hərəmiz musiqinin bir sahəsinə meyil göstərdik. Mən pianonu seçdim, bəstəkar oldum.
Xoşbəxt adamam ki, evimizdə Seyid Şuşinski, Fikrət Əmirov, Qurban Pirimov, Mirzə Mansur, Yavər Kələntərli, Əlövsət Sadıqov kimi böyük sənətkarları görmüşəm. Ailənin ilki olduğuma görə, ad günlərim təmtəraqlı keçirdi. On altı kvadratmetrlik otağımıza 30-40 nəfər adam yığışırdı. Bəlkə də həmin dövrün tanınmış elə musiqiçisi yoxdur ki, vaxtilə bizim evdə olmasın. Evimizə qonaq gələndə atam bizi divanda oturdurdu və deyirdi ki, qulaq asın. Mənim Eldar Mansurov kimi yetişməyimdə belə şeylərin böyük rolu olub.

- Babalarınızdan sizə qədər ötürülən yaradıcılıq ənənəsini övladlarınız davam etdirirlərmi?
- Yox, onlar bu sahədən uzaqdırlar. Düzdür, istedadları var, böyük oğlum 8 il musiqi məktəbinə də gedib. Amma başqa sahələri seçdilər.
1950-1960-cı illərdə insanların içində musiqiyə, sənətə böyük maraq, sevgi var idi. Əfsus ki, bu gün musiqi yaradıcılığı bir növ hörmətsiz peşəyə çevrilib. Telekanallarımızı izləsəniz, radiolarımızı dinləsəniz, nə demək istədiyimi biləcəksiniz. Onların düzgün mədəniyyət siyasətinin olmaması ciddi problemdir. Sovet dövründə bədii şuralar var idi və onların üzvləri nəyin efirə layiq olub-olmadığını müəyyənləşdirirdilər. Bədii şuralarda Aqşin Əlizadə, Cahangir Cahangirov, Rauf Hacıyev, Arif Məlikov kimi bəstəkarlar sənin mahnına qiymət verirdilər, iradlarını bildirirdilər, yol göstərirdilər. Hər yoldan keçən adamın əsərini və ya səsi olmayan ifaçını efirə buraxmırdılar. Azərbaycan müstəqillik qazandıqdan sonra isə bu sahədə hər şey dəyişdi. Qapılar açıldı və aləm bir-birinə qarışdı. Zəif, bayağı mahnılarla insanların beyinlərinə təcavüz etdilər, camaatın zövqünü korladılar. Hər şeyin həddi olmalıdır. Əfsus ki, bizim radio və telekanallarda bu həddi bilən yoxdur. Adamları qalmaqal yaratsın deyə efirə buraxırlar. Özünü tamamilə sənətə həsr edən, musiqi ilə nəfəs alan, yaşayan adamlar belə şeylərdən həmişə uzaqdırlar, ona görə də efirlərdə görsənmirlər.

- Sizcə, yaxşı bəstəkar olmaq üçün istedad kifayət edir?
- Həm istedad olmalıdır, həm də təhsil. Bu formuldur, birmənalı şəkildə qəbul etməliyik. Əslində, istənilən sahədə yaxşı mütəxəssis olmaq üçün bu iki faktor bir-birini tamamlamalıdır.

- Bəs, bir vaxtlar sizin və sizin kimi digər professional bəstəkarların əsərlərini oxuyan və həmin nəğmələrlə məşhurlaşan, sevilən müğənnilər niyə bu gün peşəkarlara müraciət etmirlər?
- Mən Mirzə Babayev, Flora Kərimova, Elmira Rəhimova, Akif İslamzadə, Yalçın Rzazadədən başlayaraq, Brilliant Dadaşova, Mübariz Tağıyev, İlqar Muradov, Ağadadaş Ağayev, Aygün Kazımova, Faiq Ağayev, Manana kimi ifaçılarla çalışmışam. Vaxtilə professional musiqi sayəsində məşhurlaşanların da bəziləri indi ümumi axına qoşulub, əldəqayırma “bəstəkarlara” müraciət edirlər.
Hazırda nəinki bəstəkarlığa, heç musiqiyə aidiyyəti olmayan adamlar da mahnı yazırlar. Bu gün hər sənət sahəsindən bəstəkarlıq iddiasına düşən şəxslərlə rastlaşa bilərsiniz. Onlar nə gördükləri işin qanunauyğunluğunu, nə melodiyanı necə qurmaq lazım olduğunu və s. bilirlər. Sadəcə, bir az səndən, bir az da başqasından oğurlayıb, ikisini bir-birinə calayıb deyirlər ki, təzə əsər yazmışam. Belələri sadəcə həvəskar ola bilərlər, amma özlərini professional kimi təqdim edirlər. Mən də çəkilmişəm kənara, heç kimə baş qoşmuram.
Müğənninin böyüklüyü onun özünə dəyər verməsindədir. Özünə hörmət edən müğənni hər mahnını oxumaz, seçim edər. Məsələn, elə olub ki, Flora xanıma mahnı vermişəm, o isə dinlədikdən sonra deyib ki, bu mənim mahnım deyil, Yalçına ver, onda daha yaxşı alınar.

- Amma bu tendensiya bütün dünyada müşahidə olunur. Niyə insanlar qeyri-ciddi şeylərə, bayağılığa daha çox meyil edirlər?
- Çünki sənət çoxdan ölüb və hər yerdə şou hökmranlıq edir. Pul elə şeydir ki, ona görə insanlar nəinki sənəti, çox vaxt özlərini də satırlar. Ciddi musiqinin renessans dövrü ötən əsrdə başa çatdı. Hazırda, demək olar ki, melodiyaya önəm verən yoxdur, yalnız ritmə diqqət göstərilir. Buna da günün tələbi deyirlər. Ona görə də indi dillərdən düşməyən melodik musiqi tapmaq çox çətindir.
Mən musiqimizlə bağlı mənfi istiqamətdə gedən proseslərdən danışdım. Amma işin müsbət tərəfini də mütləq qeyd etməliyəm.
Birincisi odur ki, özünə bəstəkar deyən həvəskarların mahnıları çox yaşamır, tez unudulur. Tofiq Quliyev, Cahangir Cahangirov, Emin Sabitoğlu kimi bəstəkarların musiqiləri isə hər zaman yaşayacaq.
İkinci qeyd etmək istədiyim müsbət hal isə odur ki, hazırda Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bütün janrlar üzrə musiqimizin inkişafı, Azərbaycanın musiqi sənətinin dünyaya tanıdılması istiqamətində müstəsna xidmətlər göstərir. Mehriban xanım flaqmanlıq etməsəydi, musiqi, incəsənət sahəsində ölkəmiz adına bu qədər uğurlar qazanılması mümkün olmazdı.

- Maraqlıdır, Eldar Mansurov nə dinləyir, hansı musiqi janrlarına üstünlük verir?
- Nə televiziyaya baxıram, nə radio dinləyirəm. Ancaq internet vasitəsilə zövqümə uyğun filmləri, musiqiləri tapıram. Mənim üçün janr, üslub fərqi yoxdur. Hər cür gözəl, professional səviyyədə yazılmış əsərləri dinləyirəm.
Mən xarakter etibarilə özümə qarşı çox tələbkar insanam. Heç vaxt özümdən razı qalmamışam, arxayınlaşmamışam. Ona görə bu yaşımda da nəsə öyrənməyə çalışıram.

- Həvəskar bəstəkarlıqdan danışdınız. Bəs, sizin həvəskarı olduğunuz hansısa sahə varmı?
- Bəli, fotoqraflıq. İndi olmasa da, əvvəllər çoxlu şəkillər çəkirdim. Bunun üçün xüsusi kompozisiyalar da qururdum. Amma mən heç vaxt həvəskar ola-ola professionallığa iddia etməmişəm.

- Müxtəlif illərdə “Bəhramnamə” və “Bəhramnamə 2” layihələrini həyata keçirdiniz və kifayət qədər bəyənildi, sözün yaxşı mənasında, səs-küy yaratdı. Bunun davamı olacaqmı?
- “Bəhramnamə” mənim daxili tələbatım idi. Belə bir janra müraciət etmək istəyirdim. Burada simfoniya, rok, caz və muğam harmonik şəkildə vəhdət təşkil edir və onu yazdığım əsərlər içərisində ən uğurlu layihə sayıram. Doğrudur, başqa uğurlu əsərlərim, kompozisiyalarım da var, amma “Bəhramnamə”nin qəlbimdəki yeri xüsusidir.
Davamının olub-olmayacağı ilə bağlı isə hələ heç nə deyə bilmərəm. Yaradıcılıq planla olmur. Düzdür, bəzən rejissor film və ya tamaşa üçün sifariş verirsə, onu müəyyən vaxtda yazmalı oluram. Amma onda da konkret tarix demirəm, müəyyən qədər zaman istəyirəm. Ümumiyyətlə isə, heç vaxt planla yaşamamışam, beynimə nə düşdüsə, onu da etmişəm. Mən həyatda hər şeyə real baxıram. Həvəs, istək olsa, davam edəcəyəm. Gərək sənə ilham gələ ki, oturub işləyəsən. Əks halda, nə yazsan, uğursuz alınar.

- Yaradıcılığınızla dərindən maraqlananda çoxşaxəli səmərəli fəaliyyətiniz insanı təəccübləndirir. Amma Eldar Mansurov deyəndə ağıla ilk “Bayatılar” gəlir...
- Hərdən özüm də düşünürəm ki, bu musiqidə camaat nə görüb?! Axı, filan əsər bundan yaxşıdır. Mənim “Bayatılar”dan daha güclü əsərlərim var. Amma reallıq odur ki, bu nəğmə artıq dünyanın çox ölkəsində müxtəlif dillərdə səslənib. Bir sözlə, “Bayatılar” ayaq açıb gedib.
Məncə, yaranmış əsərlər də insanlar kimidir. Onların da bəxti gətirəni, ulduzu parlayanı, bir də bəxtsizi var. Məsələn, Leonardo da Vinçinin tək əsəri “Mona Liza” deyil, amma əsrlərdir hamı ondan danışır. Bethoven saysız-hesabsız əsərlərin müəllifidir, amma hamı “5-ci simfoniya” deyir. Fikrət Əmirovun adı çəkiləndə istər-istəməz “Şur” simfonik muğamı yada düşür. Əslində, onların əsərlərinin hansınınsa digərindən aşağı səviyyəli olduğunu deyə bilmərik. Sadəcə, hər sənətkarın daha çox bəxti gətirən, ulduzu parlayan bir əsəri olur. Mənim “Cakonda”m da “Bayatılar”dır.

- Eldar müəllim, bəs siz özünüzü bəstəkar kimi bəxti gətirən sayırsınızmı?
- Əgər bu gün siz məndən müsahibə götürmək istəmisinizsə, bir bəstəkar kimi sevilirəmsə, qəbul edilirəmsə, musiqilərim yadda qalırsa, deməli, həyatda nəyəsə nail olmuşam. Bu baxımdan özümü xoşbəxt və əməlli-başlı bəxti gətirən, ulduzu parlayan insan sayıram.

- Bu gün bir qisim adamlar muğamların adlarını, tarixi köklərini əsas gətirərək, onların Azərbaycan musiqisi olmadığını iddia edirlər. Muğamatın kədər, bədbinlik, düşkünlük yaratdığını və bu baxımdan türkün döyüşkən ruhuna uyğun olmadığını deyənlər də var. Məncə, muğam tarixinin araşdırıcısı kimi, bu məsələyə aydınlıq gətirəcək ən doğru ünvanlardan biri də elə sizsiniz.
- Əgər kimsə muğamın bizim musiqi olmadığını iddia edirsə, o düz danışmır. Deyirlər ki, muğam Şərq xalqlarına məxsusdur. Məgər biz Şərq xalqı deyilik?! Bəziləri də konkretləşdirərək muğamın bizə farslardan, yaxud hindlilərdən gəldiyini bildirirlər. Bəli, mən də başa düşürəm ki, muğamımız fars, hind, türk, hətta ərəb musiqisindən nələrisə əxz edib. Amma Bayatı-Şiraz bizdə bir cür, İranda başqa cür çalınır.
Ümumiyyətlə, müxtəlif janrlar ayrı-ayrı millətlər tərəfindən yaradıla bilər. Amma hər xalq o janrı öz milli musiqisinə uyğunlaşdırır. Məsələn, cazı zəncilərin yaratdığını bilirik. Buna baxmayaraq, bizim də öz cazımız var. Vaqif Mustafazadə, Əzizə Mustafazadə, İsfar Sarabski və başqaları cazı Azərbaycan “dilinə” çeviriblər.
Daha bəsit bir nümunə gətirmək istəyirəm. Düyüdən müxtəlif yerlərdə ayrı-ayrı millətlər saysız-hesabsız yemək növləri, plovlar hazırlayırlar, amma hamısı fərqli xalqların milli xörəkləri, fərqli ləzzətlərdir. Onların arasında özünəməxsusluğu ilə seçilən Azərbaycan plovları məhz bizim milli mətbəximizdir.
Muğamın bədbinlik yaradan musiqi janrı kimi xarakterizə olunmasını da qəbul etmirəm. Bütün musiqi növləri insanda müxtəlif hiss və emosiyalar doğurur, o cümlədən də muğamlar. Məsələn, Segaha qulaq asırsınızsa, müəyyən qədər qəm, kədər hissləri yaranacaq. Bu da təbiidir. Xalqımız tarix boyu o qədər həmlələrə məruz qalıb, elə əzablar yaşayıb ki, onun ağrı-acısını ifadə edən musiqisi olmalıdır. Amma Mahur-Hindi, Rast dinləyən, onun emosional təsirini, fəlsəfəsini duyan insan muğamların hamısının ruh düşkünlüyünə səbəb olduğunu düşünə bilməz. Bunu ancaq savadsız adamlar iddia edərlər.

- Eldar müəllim, söhbətə başlamazdan əvvəl çoxlu həkim dostlarınızın olduğunu dediniz...
- Bəli. Həkimlər musiqiyə bağlı adamlardır. Azərbaycan Tibb İnstitutunda 1964-1965-ci illərdə “Eskulap” musiqi qrupu yaranmışdı. Həmin qrupda Abbas Vəlibəyov, Emin Seyidəliyev, Əli Babayev ifa edirdilər. Hazırda səhiyyə nazirinin müavini vəzifəsində çalışan Abbas Vəlibəyov həm də yaxşı musiqiçidir. O, musiqi məktəbində tar sinfində təhsil alıb, gözəl caz improvizələri edib. Bu gün Urologiya Xəstəxanasının baş həkimi olan Əli Babayev isə fortepiano çalırdı. Müəyyən vaxtdan sonra Tibb İnstitutunda yeni “Alov” ansamblı yarandı. O qrupda çıxış edənlərin də çoxu həkimlər idi. Onlar hamısı musiqi məktəbində təhsil almışdılar. Həm “Eskulap”, həm də “Alov” qrupunun üzvləri ilə, eyni zamanda, başqa həkimlərlə bu günə qədər çox gözəl münasibətim var. Mənim heç bir məclisim onlarsız keçmir. Onlar da məni unutmurlar. Bizlər bir-birimizə ruhən yaxın insanlarıq. Həkimlərlə söhbət həmişə maraqlı, xoş olur. Çünki savadlı, elmli, intellektual insanlardır. Bu gün belə adamlara çox böyük ehtiyac var.
Qəzetiniz vasitəsilə həkim dostlarıma, bütün həkimlərə möhkəm cansağlığı arzulayıram. Kaş dünyada bütün xəstəliklərin əlacı tapılsın, həkimlərlə yalnız dostluq münasibətləri qalsın.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova