Sağlamlığa nəzarət edən “ağıllı” cərrahi tikiş materialları yaradılıb
ABŞ alimləri yaranı sağaltmağa kömək edən və xəstənin vəziyyəti barədə informasiyanı kompüterə translyasiya etməyə imkan verən cərrahi tikiş materialları və bintlər hazırlayıblar.
Rusiyanın argumenti.ru və ufatime.ru, Ukraynanın finance.ua saytlarının verdiyi məlumata görə, bintin və cərrahi sapların lifləri ilə bərabər toxunmuş nanosensor və elektrodlar xəstənin vəziyyətinə nəzarət etməyə, kimyəvi və fiziki göstəriciləri müşahidə altında saxlamağa şərait yaradır.
Nanoölçülü sensorların və xüsusi elektronikanın cərrahi saplarla inteqrasiyası sayəsində tikiş və sarğı materialları yeni diaqnostik alətə çevrilib. Pasiyentin qan təzyiqi, bədən temperaturu, turşuluğun, qanda şəkərin səviyyəsi və s. göstəricilər bu nanosensor ötürücülər vasitəsilə real vaxt rejimində istənilən qəbuledici qurğuya, məsələn, smartfona və ya kompüterə ötürülür.
Araşdırma ABŞ-ın Massaçusets ştatının Tafts Universitetinin mühəndislik məktəbində (fakültəsində) həyata keçirilir. Tədqiqat haqqında “Microsystems & Nanoengineering” jurnalında dərc edilən məqalədə bildirilir ki, bu kəşf tibb işçilərinin işini xeyli asanlaşdıracaq. Xüsusi tikiş və sarğı materialları çətin sağalan yaralarda dərinin vəziyyətinə nəzarət edəcək, iltihab prosesinin başlanmasını xəbər verəcək və ümumiyyətlə, xəstənin göstəricilərini müşahidə altında saxlayacaq.
Tədqiqatçılardan biri – Nanotexnologiyalar laboratoriyasının direktoru Samir Sonkusalın sözlərinə görə, “ağıllı” cərrahi sapların və bintlərin sayəsində xəstə daim analizlər verməkdən və temperaturunu ölçməkdən azad olur. Onun tibb müəssisəsinə gəlməsi, yaxud həkimin pasiyentinin bilavasitə özünü görməsi də vacib deyil. Belə ki, yüksək texnoloji tikişlər və sarğı materiallarından alınan məlumatlar simsiz üsulla xəstənin qurğusuna və oradan avtomatik olaraq həkimə göndərilir. Beləliklə, həkim onlayn rejimdə xəstənin vəziyyətinə nəzarət edir.
Hazırda alimlər yeni materialları yalnız siçovullar üzərində müvəffəqiyyətlə sınaqdan keçiriblər, lakin insanlar üzərində sınaqların da uğurlu olacağına əmindirlər.
Gələcəkdə yeni texnologiyanın tək cərrahi tikiş və sarğı materiallarında deyil, müxtəlif implantlarda da istifadə olunması nəzərdə tutulur.