“Xərçəng tədqiqatlarında ilkin addımlar”
Avropanın üç ölkəsində – Almaniya, Çexiya və İtaliyada aktiv fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Avropada təhsil alan tələbələrimizə dəstək olmağa davam edir. Təşkilat bu məqsədlə fərqli sahələr üzrə layihələr üçün təşəbbüs göstərməklə bərabər, tələbələrin təkliflərini də nəzərdən keçirir və uğurlu layihələrin icrasına müvafiq köməklik göstərir. Bu layihələrdən biri, “Xərçəng tədqiqatlarında ilkin addımlar” adlı azərbaycanlı gənc həkim və bioloqların elmi tədqiqat mühitinə inteqrasiyasını təmin etmək və elmi tədqiqat işlərinin hissəvi maliyyələşməsi üçün Almaniya Azərbaycanlı Həkimlər Birliyi (VAND) tərəfindən başlanılan pilot layihədir.
Bu proqram xərçəng tədqiqatları ilə məşğul olmaq istəyən azərbaycanlı gənclərə başlanğıc (start up) dəstək verir. Proqramda iştirak edən gənc, 6 ay müddətində arzu etdiyi mövzu üzrə laboratoriyada praktiki biliklərə yiyələnmək, həyata keçirmək istədiyi elmi tədqiqat işlərinə uyğun eksperimentlər qoymaq və təcrübəli mütəxəssislərin köməyi ilə öz elmi tədqiqat planını hazırlamaq imkanı əldə edir. Tədqiqatın həyata keçirildiyi laboratoriyaya lazım olan bütün materialların alınması üçün tələb olunan maliyyə “Xərçəng tədqiqatlarında ilkin addımlar” layihəsi tərəfindən təmin edilir.
Hal-hazırda elmi tədqiqatlar aşağıdakı üç istiqamət üzrə aparılır. Birinci xərçəng kök hüceyrələrinin kimyəvi dərmanlara qarşı rezistentlikdə rolu, ikinci İsveçin “Karolinska University Hospital” ilə əməkdaşlıqda Gemsitabin yüklənmiş müasir nanohissəciklərin mədəaltı vəzi xərçənginin eksperimental modelində müalicəvi effektivliyinin tədqiqi və üçüncü cərrahi əməliyyatdan dərhal sonra yoğun bağırsaq xərçənginin ilkin hüceyrə kulturasının əsasında hər xəstə üçün individual xərçəng hüceyrə xəttinin yaradılması.
Bu layihə hazırda Almaniyanın Mannheim Tətbiqi Elmlər Universiteti və Biotexnologiya İnstitutunun, eləcə də Heidelberg Universitetinin Mannheim Tibb Fakültəsinin müasir avadanlıqlarla təmin edilmiş və xərçəng tədqiqatları sahəsində uzun illərin təcrübəsinə malik kollektivi olan eksperimental laboratoriyalarında həyata keçirilir. Hər bir müəssisə ilə əldə edilmiş razılaşmanın fond dəyəri 10.000 avro təşkil edir. Elmi tədqiqat laboratoriyasında bir nəfərin başlanğıc üçün tələb olunan materiallarının dəyəri isə 5000 avrodur. Bura sınaq şüşələri, farmakoloji məhsullar, xərçəng hüceyrə xətləri, heyvanlar üzərində testlər, dərman preparatları, bioloji senzorlar və b. daxildir. Hazırda proqramın büdcəsi 35.000 avro təşkil edir. Bu məbləğin əsas hissəsi (15.000) ASN – in Berlin ofisi tərəfindən ödənilir.
ASN tərəfindən bildirilib ki, Azərbaycandan olan 4 gənc həkimə (Valeh Rüstəmov, Hikmət Həbibov, Yeganə Hacıyeva və Uğur Ağamalıyev) tədqiqat aparmaq üçün belə bir imkan yaradılıb. Yay aylarında daha iki gənc həkimin bu sıraya qoşulması gözlənilir. Gələcəkdə ikitərəfli razılaşma əsasında digər elmi mərkəzlərdə də layihələrin həyata keçirilməsi planlaşdırılır.