Bakıda II Azərbaycan Beynəlxalq Hematologiya Konqresi keçirilib

Bakıda II Azərbaycan Beynəlxalq Hematologiya Konqresi keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilati dəstəyi ilə Bakıda II Azərbaycan Beynəlxalq Hematologiya Konqresi keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov toplantı iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və beynəlxalq konqresin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insanların sağlamlığının qorunması istiqamətində məqsədyönlü siyasətin həyata keçirildiyini vurğulayan nazir müavini bildirib ki, əhaliyə göstərilən hematoloji və transfuzioloji yardımın təkmilləşdirilməsi də daim dövlətimizin diqqət mərkəzindədir. Belə ki, Milli Məclis qanın irsi xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı və qan donorluğunun, qan xidmətinin inkişafı barədə qanunlar qəbul edib. Nazirlər Kabineti tərəfindən qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına, hemofiliya və talassemiya ilə mübarizəyə və qanın bədxassəli xəstəlikləri ilə mübarizəyə dair dövlət proqramları təsdiq olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzi inşa edilib. Ən müasir avadanlığın quraşdırıldığı mərkəzin istifadəyə verilməsi ilə Azərbaycanda talassemiyadan əziyyət çəkən uşaqların müasir metodlarla müalicəsinə, onların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, eyni zamanda, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasına nail olunub.
“Əminəm ki, beynəlxalq konqres hematologiya və transfuziologiya sahəsində eksperimental və klinik araşdırmalarda ən son nailiyyətlərlə tanış olmaq imkanı yaradacaq və hematologiya sahəsində beynəlxalq elmi əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək”, - deyə nazir müavini fikirlərinə yekun vurub.
Konqresdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin ənənə halını aldığını bildiriblər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səhiyyə sahəsinə daim diqqət yetirdiyi vurğulanıb, irsi qan xəstəlikləri ilə mübarizədə görülən işlərdən, hematologiya sahəsində gen səviyyəsində elmi tədqiqatlardan, həmçinin qəbul olunan dövlət proqramlarından danışılıb.
Konqresin sədri, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov beynəlxalq tədbirdə 20-yə yaxın ölkədən 500-dən çox mütəxəssisin iştirak etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, konqres çərçivəsində 20 paneldə bu sahə üzrə 132 mütəxəssisin məruzələri dinləniləcək. Həmçinin “Flow cytometry və Genetika” kursu və “Tibb Bacıları Simpoziumu” (II TBS) keçiriləcək.

Beynəlxalq konqres öz işini panel sessiyalarla davam etdirib. Üç gün ərzində mövzu ilə bağlı məruzələr dinlənilib, çıxışlar olub, müzakirələr aparılıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru, "Azərbaycan Hematologiya Mütəxəssisləri" İctimai Birliyinin sədri Valeh Hüseynov jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycanda irsi qan xəstəlikləri arasında hemoqlobinopatiyalı, talassemiyalı və hemofiliyalı xəstələr aktuallıq kəsb edir. Statistik göstəricilərə görə, əvvəlki illərə nisbətən həmin xəstəliklərin rastgəlmə tezliyində azalma müşahidə edilir.
V.Hüseynovun sözlərinə görə, müsbət tendensiyanın müşahidə olunmasında nikaha daxil olan cütlüklərin müayinəsi xüsusi rol oynayır: "Bu, uzaq perspektivə hesablanmış bir proqramdır və artıq öz bəhrəsini verməyə başlayıb.
Maarifləndirmə işlərinin aparılması nəticəsində talassemiyalı xəstələrin doğulma tendensiyasında da azalma müşahidə olunur.
İrsi qan xəstəliklərində erkən müraciətdən daha çox, həmin xəstəliklərin profilaktikası mühüm əhəmiyyət kəsb edir. Həmin xəstəliklər irsi keçdiyi üçün nikahdan öncə cütlüklərin maarifləndirilməsi çox önəmlidir. Bunun üçün də nikahdan əvvəl cütlükləri testlərdən keçirməklə riskləri onlara əvvəlcədən izah edirik. Düşünürəm ki, atılan addımlar sayəsində gələcəkdə xəstə uşaqların doğulma sayında ciddi azalma qeydə alınacaq".
Tədbirdə iştirak edən Türk Hematoloji Dərnəyinin rəhbəri professor Muhlis Cem Ar jurnalistlərə müsahibəsində deyib ki, Türk Hematoloji Dərnəyinin digər ölkələrlə yaxın münasibət quraraq qarşılıqlı öyrənmək, təcrübələri paylaşmaq, gənc hematoloqları yetişdirmək sahəsində böyük hədəfləri var. Bu baxımdan Azərbaycanın qurum üçün önəmini vurğulayan natiq konqres çərçivəsində “Azərbaycan Hematologiya Mütəxəssisləri” İctimai Birliyi ilə Türk Hematoloji Dərnəyi arasında ikili təhsil və elmi araşdırmaya dair anlaşma sənədi imzalanması haqqında məlumat verib: “Beləliklə, iki ölkənin hematoloqları ortaq təhsil, ölkənin hematoloji təhsil standartlarının inkişaf etdirilməsinə çalışacaqlar. Bundan sonra da fərqli layihə və tədbirlərdə əməkdaşlıq edəcəyimizə inanıram”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova