Öddaşı xəstəliyinin yaranmasında və inkişafında sosial amillərin rolu
Aparılan elmi-tədqiqat işlərinin və müşahidələrin təhlili göstərir ki, son vaxtlar əhali arasında öddaşı xəstəliyi (ÖDX, xolelitiaz) durmadan artır. 2014-cü ildə Qastroenteroloqların XXIV Beynəlxalq konqresində verilən məlumata görə, bu xəstəliyə dünya əhalisinin 10-15 faizində rast gəlinir. Əgər artım belə templə davam etsə, 2050-ci ilə kimi bu göstərici 20 faizə çatacaq. Əhali arasında yayılmasına görə ÖDX ancaq ürək-damar və şəkərli diabet xəstəliklərindən geri qalır, həzm traktı xəstəlikləri içərisində isə liderdir. Hər il dünyada 1,5-1,6 milyon insan öddaşı xəstəliyi səbəbindən xolesistektomiya əməliyyatına məruz qalır. Rusiyada bu rəqəm 110 min, ABŞ-da 600 min, Azərbaycanda isə 4-5 min civarındadır. ABŞ kimi inkişaf etmiş ölkədə bu xəstəlikdən hər il on minə yaxın insan həyatını itirir. Ona görə ÖDX xoşxassəli xəstəliklər qrupuna aid olsa da, onun geniş yayılması, etiologiyasında gender faktorunun, yaşın, qidalanma rejiminin, bir sıra ekoloji amillərin, urbanizasiya və s. proseslərin iştirakı problemə daha çox tibbi-sosial baxımdan yanaşmağı tələb edir.
Risk amilləri: Bir sıra fundamental epidemioloji tədqiqatların nəticələrinə görə, xolelitiazın yaranmasında önəmli rol oynayan risk faktorları içərisində ilk yerlərdən birini gender amili tutur. Belə ki, xəstəliyin qadınlar arasında yayılma göstəricisi 17, kişilərdə isə 8 faizdir. Reproduktiv yaşda 4:1 olan bu nisbət ahıl və qoca yaşlarda müəyyən qədər aradan qalxır. Qadınlarda bu xəstəliyə daha çox təsadüf edildiyini 5F formulu ilə göstərirlər. Belə ki, öddaşı xəstəliyinə əsasən 40 yaşı ötmüş (Forty), çox doğmuş (Fertile), kök (Fat), sarışın (Fair) qadınlarda (Female) rast gəlinir.
Qadınlarda və kişilərdə öddaşı xəstəliyinin rastgəlmə tezliyi arasındakı fərq cinsi yetişkənlik dövründən sonra cinsi hormonların təsiri və disproporsiyası ilə əlaqədar müşahidə edilir. Sübut olunub ki, menopauza dövründə hormonal sistemdə dəyişikliklər öd kisəsinin yığılma funksiyasının azalmasına, habelə ödün fiziki-kolloidal vəziyyətində ciddi disbalansa səbəb olur. Kişilərdə isə öd daşının yaranmasında hormonal pozuntunun hər hansı rolu müəyyən edilməyib. Qadınlarda çoxsaylı hamiləliklər, abortlar, doğuşlar xolelitiazın əmələ gəlməsində (75-82,3%) böyük rol oynayır. Bu, orqanizmdə hormonal fonun dəyişməsi nəticəsində öd kisəsinin təqəllüs (yığılma) funksiyasının zəifləməsi, öd turşuları ifrazının azalması, ödün fiziki-kimyəvi, reoloji xüsusiyyətlərinin dəyişməsi və s. amillərlə əlaqədardır. 50 faiz hallarda hamiləlik dövrünün USM görüntülərində öd yollarında öd çöküntüsü (biliary sludge, BS), əksər vaxt isə mikrolitiazlar aşkarlanır. Hamiləliyin son 3 ayında uşaqlığın təsiri ilə artan qarındaxili təzyiq öd kisəsinin təqəllüs qabiliyyətinin zəifləməsinə və öd yollarında durğunluğa səbəb olur. Bundan əlavə, hamiləlik ödün fiziki-kimyəvi xüsusiyyətlərində əsaslı dəyişikliklər yaradır. Tədqiqatlara görə, mütəmadi oral kontraseptiv preparatlar qəbul edən qadınların da öd yollarında əksər vaxt BS və mikrolitiaz qeydə alınır. Onlarda ÖDX daha tez formalaşır və digər qadınlardan 2 dəfə çox təsadüf olunur.
Qadınlarda ödün tərkibində biokimyəvi destabilizasiya yaradan metabolik pozuntuların əsas səbəbi qanda estrogenlərin səviyyəsinin artmasıdır. Bu hormonlar qaraciyər reseptorlarında lipoproteinlərin əmələ gəlməsini stimullaşdırır, bağırsaqlardan xolesterinin sorulmasını və onun ödə sekresiya olunmasını gücləndirir. Öddə xolesterinin normadan artıq olması isə qadınlarda ÖDX-nə daha çox rast gəlinməsinə gətirib çıxarır. Maraqlıdır ki, 70 faiz hallarda hamiləlik vaxtı öd yollarında müşahidə edilən çöküntülər doğuşdan sonra olmur.
Öddaşı xəstəliyini əmələ gətirən əsas risk amillərindən biri də yaş faktorudur. ÖDX yaşlı nəsil arasında həzm traktı orqanlarının ən çox yayılmış patologiyası olsa da, son vaxtlar ona uşaqlarda da (5%) rast gəlinir. Tədqiqatlar göstərir ki, valideynlərində xolelitiaz olan uşaqların ödünün tərkibində xolesterinin miqdarı daha çox olur. Bu xəstəliyə ana xətti ilə genetik meyillilik üstünlük təşkil edir.
Yaşla əlaqədar ÖDX-nin artması öd kisəsində gedən involyativ dəyişikliklərlə əlaqədardır. Belə ki, kisənin böyüməsi, uzunluğunun artması (divarda əzələ tonusunun və elastikliyin azalması hesabına) tədricən əzələ qişasında atrofiyaya və arteriyanın endotelinin fibrozlaşmasına səbəb olur. Bunlar öd kisəsinin motor-evakuator funksiyasının azalmasına və öd durğunluğuna gətirib çıxarır. Yaşlılarda uzunmüddətli alimentar yükə davamlılıq zəifləyir, ekzogen xolesterin metabolizmi əhəmiyyətli dərəcədə yavaşıyır, orqanizmin xolesterinə tələbatı azalır. Nəticədə, həddən artıq xolesterin ödlə xaric olunur, bu da ödün tərkibində ciddi disbalans yaradır.
Öddaşı xəstəliyinin əmələ gəlməsi ilə qidalanma rejimi arasında da çox sıx əlaqə müəyyən olunub. Qidanın tərkibindəki heyvani yağlar, xolesterin, rafinə olunmuş karbohidratlar ödü xolesterinlə həddən artıq zənginləşdirir. Qida rasionunda kəskin qida əlavələrindən istifadə və vitamin çatışmazlığı (xüsusən E vitamini) xolestazın meydana çıxmasında mühüm rol oynayır. Tərkibində toxuma lifləri olmayan və ya az olan qidalar bağırsağın tranzit funksiyasını pozur, bu da ikincili öd turşularının daha çox sorulmasına səbəb olur və nəticədə ödün litogenliyi yüksəlir. Balanslaşdırılmamış qida qəbulu, çox yemək, artıq çəki, piylənmə xolelitiazın artması üçün zəmin yaradan əsas risk amillərindəndir. Bədən çəki indeksinin 35-dən yüksək olması istər kişilərdə, istərsə də qadınlarda öd daşlarının yaranma riskini 20 dəfədən çox yüksəldir.
Kortəbii arıqlama zamanı qida tərkibində bəzi əsas ərzaqların azaldılması, onların disproporsiyası, həmçinin uzunmüddətli aclıq da öd turşularının enterohepatik sirkulyasiyasını pozur, nəticədə, ödün litogenliyi artır. Normal qidalanma rejimi bərpa olduqdan sonra isə öd çoküntüsü təxminən 4 həftə ərzində öz-özünə aradan qalxa bilər.
Xolelitiazın inkişafına hipodinamiya və adinamiya da təsir edir. Bəzi qrup insanlarda, məsələn, həftədə 40 saat televizora baxanlarda (təqaüd yaşda), oturaq işi olanlarda ÖDX-nin əmələgəlmə riski 2 dəfə çoxdur. Bu xəstəliyə ağır fiziki əməklə məşğul olanlar arasında daha az rast gəlinir.
Əsasən inkişaf etmiş və urbanizasiya prosesi getmiş ölkələrdə təsadüf olunduğu üçün xolelitiazı sivilizasiya xəstəliyi də hesab edirlər. Hazırda orta səviyyədə yaşayan Hindistan, Çin, Pakistan, İndoneziya, Rusiya, Braziliya və s. ölkələrdə əhali arasında şəkərli diabet, piylənmə, ateroskleroz, hipertoniya kimi xəstəliklərlə yanaşı, öddaşı xəstəliyinin də artımı müşahidə olunur. Bu, aktiv urbanizasiya, meqapolisin stresli həyatı və böyük şəhərlərin litogen xarakterli qida rasionu, ekoloji faktorlar və s. ilə əlaqədardır.
ÖDX-nin əmələ gəlməsi və inkişafında ödün kimyəvi tərkibinin pozulması xüsusi rol oynayır. Qeyd edək ki, bu daşların yaranması ilə bağlı 2 nəzəriyyə var. Birinci nəzəriyyəyə görə, qaraciyərin özündə ilkin olaraq patoloji dəyişikliyə uğramış litogen xüsusiyyətli öd sekresiya olunur, nəticədə, öd çökərək xolesterin daşlarını əmələ gətirir. Digər nəzəriyyəyə əsasən isə, öd kisəsinin disfunksiyası nəticəsində kisədə durğunluq və çöküntü olur, beləliklə, öd daşları yaranır. Ancaq tədqiqatlar göstərir ki, öd daşlarının əmələ gəlməsində yuxarıda qeyd olunan faktorlarla yanaşı, digər etio-patogenetik mexanizmlərin də rolu var. Belə ki, ödün tərkibində onu kolloid vəziyyətdə saxlayan öd turşularının və fosfolipidlərin miqdarının azalması və xolesterinin çoxalması onun litogenliyinin artmasına və daş əmələ gəlməsinə səbəb olur. Ödün kimyəvi tərkibi və onun fiziki-kolloid xüsusiyyəti müəyyən dərəcədə yaşla əlaqədardır. 40 yaşa qədər ödün litogenliyi əsasən qaraciyərdə xolesterin sintezinin güclənməsi ilə təmin olunursa, 50 yaşdan yuxarı litogenlik öd turşularının sintezinin azalması, ödün özlülüyünün və səthi gərilməsinin artması hesabına baş verir. 40-50 yaşlarda isə bu iki sistem arasında sanki stabillik olur.
Öd daşları 90 faiz halda xolesterin, 2-3 faiz halda kalsium duzu, 3-5 faiz halda isə piqment tərkibli olur. Əgər daşların tərkibində xolesterinin miqdarı 50 faizdən artıqdırsa, xolesterin daşları, 20-50 faiz olarsa, qarışıq daşlar, 20 faizdən az olarsa, piqment daşları hesab edilir. Avropada 90 faiz halda xolesterin daşlarına, Azərbaycanda isə qarışıq daşlara rast gəlinir.
Xəstəliyin klinik əlamətləri daşın harada yerləşməsindən, ölçüsündən, tərkibindən, miqdarından, paralel olaraq infeksiyanın qoşulmasından, öd yollarının funksional vəziyyətindən, həzm traktının başqa sistemlərinin nə dərəcədə zədələnməsindən asılıdır. Daş öd yollarında olarsa, ağrı daha intensiv və davamlı şəkildə, adətən mexaniki sarılıq əlamətləri ilə (skleranın saralması, sidiyin tündləşməsi və s.) özünü göstərir. Ağrı tutmaları adətən qidalanma rejimi pozulduqda (çox, yağlı qida qəbulu, yumurtadan istifadə və s.), fiziki və əsəbi gərginlik nəticəsində meydana çıxır, adətən ürəkbulanma, qusma, qarında köplə müşayiət olunur. Həmçinin yüksək hərarət, üşütmə də ola bilər ki, bu da xolangit və ya xolesistitin olmasına dəlalət edir.
Ahıl və yaşlı adamlarda ÖDX adətən latent gedişli olur, 70-80 faiz halda başqa patologiyanın əlamətləri ilə maskalanır.
Xəstəliyin tam və dəqiq diaqnozu kompleks yanaşma yolu ilə, xəstənin şikayətləri, ətraflı fiziki yoxlamalar, bir sıra laborator və instrumental müayinələr əsasında müəyyən edilir. Diaqnozun vaxtında qoyulması çox vacibdir. Müayinələr nəinki diaqnoz qoymağa, həmçinin xəstəliyin mərhələsini, daşların miqdarını və hepatobiliar sistemin funksional vəziyyətini dəyərləndirməyə imkan verir. Anamnestik məlumatları dəyərləndirərkən xəstəliyin müddəti, ağrı tutmalarının tezliyi, üşütmə və hərarətin, habelə sarılığın, yanaşı xəstəliklərin olub-olmaması mütləq araşdırılmalıdır.
Xəstəliyin yeganə müalicə üsulu 120 ildən çox tarixi olan xolesistektomiya əməliyyatıdır. Son dövrlər öddaşı xəstəliyinə görə əməliyyatların sayı xeyli artaraq, cərrahi müdaxilələr siyahısında ilk yerlərdən birini tutur. Ancaq qeyd etməliyik ki, xolesistektomiya orqanizmdə öddaşı xəstəliyi ilə əlaqədar müşahidə edilən bir sıra patofizioloji pozuntuları kompensasiya etmir, əslində digər yeni qastroenteroloji problemlər yaradır ki, bu da postxolesistektomik sindrom adlanır. Bu baxımdan, öddaşı xəstəliyinin əmələ gəlməsinin, inkişafının qarşısını almaq məqsədilə, yuxarıda sadalanan risk faktorlarını nəzərə almaqla, ödün fiziki-kimyəvi xüsusiyyətinin yaxşılaşdırılması, biliar traktın motor funksiyasının bərpası istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsi daha vacibdir.
Beləliklə, öd daşlarının əmələ gəlməsinin daşların öd kisəsində görünməsindən çox əvvəl başlayan mürəkkəb və uzun proses olduğunu nəzərə alaraq, problemi tibbi-bioloji və sosial-gigiyenik baxımdan araşdırmaq, xəstəliyə səbəb olan risk amillərini aşkarlamaq, vaxtında, düzgün kompleks profilaktik tədbirlər həyata keçirməklə xəstəliyin qarşısını almaq mümkündür.
Əliniyaz Məmmədov
Tibb elmləri doktoru, professor