MDB-nin həyat keyfiyyəti normativləri müəyyənləşdirilib

Belarus Respublikasının paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin beynəlxalq təcrübəyə uyğun olan həyat keyfiyyəti normativləri layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.
Bu barədə qurumun Minsk qərargahının mətbuat xidmətinə istinadla AZƏRTAC-ın yaydığı məlumatda bildirilir ki, toplantıda Azərbaycan Respublikası, Belarus Respublikası, Qırğız Respublikası və Rusiya Federasiyasının həyat keyfiyyəti normativləri layihəsinə təklif və qeydləri müzakirə edilib və bundan sonra iştirakçılar layihəni yenidən işləyib razılaşdırıblar.
MDB-nin həyat keyfiyyəti normativləri rifah, əhalinin sosial müdafiəsi, səhiyyə, təhsil, yaşayış şəraiti, məhsul və xidmətlərin keyfiyyəti, ekoloji vəziyyət, hüquqi müdafiə, mədəniyyət, bədən tərbiyəsi və idman, turizm istiqamətləri üzrə hazırlanıb.
Ekspert qrupunun iclasının materiallarını baxılma və dövlətdaxili razılaşdırma üçün Birliyin üzv ölkələrinin hökumətlərinə göndərmək, sonra razılaşdırılmış sənədi müəyyən edilmiş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə çıxarmaq qərara alınıb.
Qeyd edək ki, həyat keyfiyyətləri normativlərinin işlənib-hazırlanması vəzifəsi 2020-ci ilədək olan dövrdə MDB-nin iqtisadi inkişaf strategiyasının birinci mərhələsinin həyata keçirilməsi üzrə tədbirlər planında müəyyən edilib.
Xəbəri paylaş