Dünya şöhrətli mütəxəssis əczaçılıq üzrə təlimlər keçdi
Azərbaycanda əczaçılıq sektorunun inkişafı, onun dünyada qəbul olunmuş yüksək standartlara uyğunlaşdırılması bu sahədə əsas vəzifələrdəndir. Bu hədəflərə çatmaq üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dünya ölkələrinin dərman vasitələri üzrə tənzimləyici orqanı olan PIC/S Əczaçılıq Müfəttişliyi üzrə Beynəlxalq Əməkdaşlıq Sisteminə üzv olmağı qarşısına məqsəd qoyub.
Bu istiqamətdə atılan addımlardan biri bu günlərdə Mərkəzin əməkdaşları üçün təşkil edilmiş “Əczaçılıq müfəttişliyi üzrə beynəlxalq əməkdaşlıq sistemi” və “Dərmanların keyfiyyəti üzrə GMP standartları” mövzularında təlimlər oldu.
Ən önəmlisi isə, təlimlərin dərman istehsalının keyfiyyət göstəricisi olan GMP standartı üzrə dünyada tanınmış məsləhətçi Robert Trayb tərəfindən keçilməsi idi.
Qeyd edək ki, Robert Trayb Ümumdünya Səhiyyə Təşkilatının Əczaçılıq üzrə Ekspert Komitəsinin üzvüdür, 2001-2004-cü illərdə isə Komitənin məruzəçisi olmuşdur. Tanınmış mütəxəssis PIC/S-ə üzv olmaq istəyən dünya ölkələrinə köməklik göstərir, onların müvafiq qurumlarına sistemlərin və prosedurların təkmilləşdirilməsi, əməkdaşların hazırlığı və s. baxımından yardım edir.
Treninqlər zamanı AEM-in əməkdaşlarına PIC/S sisteminin xüsusiyyətləri, bu quruma üzv ölkələrdə əczaçılıq təftişləri, dərmanların lazımi qaydada istehsalı prosesinin yoxlanması, bu sistemə yeni qoşulan ölkədə zəruri tədbirlər və s. məsələlər açıqlandı.
Təlimlər bitdikdən sonra Robert Trayb AEM-in GMP üzrə müfəttişləri ilə ayrılıqda görüşdü, onların suallarını cavablandırdı, fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, AEM-də bu təlimlərin perspektivləri yüksək qiymətləndirilir. Belə ki, əməkdaşların müvafiq hazırlığı PIC/S-ə qəbul edilmək üçün vacib şərtdir. Bu sistemə üzv olmaq isə Azərbaycana onun imkanlarından bəhrələnmək üstünlüyü qazandıracaq. Digər tərəfdən, Robert Trayb kimi dünya əhəmiyyətli mütəxəssislərlə əlaqələr qurmaq, onlardan məsləhət almaq, bələd olduqları beynəlxalq təcrübədən bəhrələnmək gələcəkdə Azərbaycanda əczaçılıq sektorunun inkişafına geniş imkanlar yaradacaq.