Səhiyyə nazirinin müavini: Gələn ilin ortalarınadək bütün dərmanların qiyməti tənzimlənəcək
Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, ölkəmizdə dərmanların qiymətinin tənzimlənməsi prosesi gələn ilin ortalarına qədər başa çatacaq və qiyməti tənzimlənməyən preparat qalmayacaq.
Dərman preparatlarının yeni qiymətlə satışında müəyyən problemlərin olduğunu bildirən Elsevər Ağayevin sözlərinə görə, hələlik satışda qiyməti düzgün göstərilməyən, qeydiyyatdan keçməyən preparatlar var: “Qısa vaxtda problemlər aradan qaldırılacaq. Bunun üçün bir qədər zamana ehtiyac var”.
İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə apteklərdə monitorinqlərə başlanıldığını qeyd edən nazir müavini deyib: “Məqsədimiz odur ki, həm əhaliyə satılan dərmanlar keyfiyyətli olsun, həm də onların qiyməti aşağı düşsün.
E.Ağayev onu da bildirib ki, bu gün Azərbaycanın dərman bazarında qeydiyyatdan keçən preparatların 57 faizi Avropanın payına düşür. Hindistandan və digər Asiya ölkələrindən isə az miqdarda dərman alınır.