Stomatologiya yenilikləri: dişin ağrısız və... həkimsiz müalicəsi

Stomatologiya yenilikləri: dişin ağrısız və... həkimsiz müalicəsi

Uşaq vaxtından hər kəsin ən yaddaqalan ağrısı diş ağrısıdır. Stomatoloqun qəbuluna getmək tək uşaqlar üçün deyil, bir çox hallarda böyüklər üçün də faciədir.
İnsanların əksəriyyəti üçün bir nömrəli düşmən olan ağrı ilə mübarizədə təxminən 180 il əvvəl böyük sıçrayış olub. Belə ki, məhz həmin vaxt ABŞ-nin Boston şəhərində həkimlər ilk dəfə anesteziya altında əməliyyat ediblər.
Ötən yay isə yenə də Bostonda stomatoloqun iştirakı olmadan stomatoloji əməliyyat aparılıb!
Süni intellekt əsasında avtomatlaşdırılmış stomatoloji texnologiyalar sahəsində lider olan “Perceptive” Boston şirkəti bəyan edib ki, dünyada ilk dəfə olaraq özünün orijinal robotlaşdırılmış sistemindən istifadə etməklə insan üzərində tam avtomatlaşdırılmış stomatoloji prosedur həyata keçirib.
Bu hadisə stomatoloji yardım sahəsində irəliyə doğru böyük addımdır. Bu prosedur qabaqcıl vizualizasiyanı, süni intellekti və robot texnikasını inteqrasiya etməklə stomatoloji müalicənin yeni növünü yaradıb.

Bu necə baş verir?
Robot-stomatoloq özündə üç əsas tərkib hissəsini ehtiva edən kompleks sistemdir. Bunlardan biri çənənin, dişlərin, damaqların və ağız boşluğunun digər toxumalarının dəqiq həcmli təsvirini almağa imkan verən optik kogerent tomoqrafiya texnologiyası ilə qabaqcıl 3D əl skaneridir. Təhlükəli rentgen şüaları əvəzinə bu skaner işıq şüaları dəstəsindən istifadə edir.
Süni intellekt əsaslı proqram təminatı vizual məlumatları təhlil edir, bununla problemin tipini və dəqiq yerini, eləcə də müalicə üsulunu müəyyənləşdirir.
Robotlaşdırılmış əl alınmış təsvirlər əsasında və “canlı” stomatoloqun təlimatını nəzərə almaqla əməliyyatı həyata keçirir.

İlk əməliyyat necə keçib?
Robotun ilk işi pasiyentə diş qapağının yerləşdirilməsi proseduru olub və o, bu işin öhdəsindən cəmi 15 dəqiqə ərzində uğurla gəlib. Adi halda belə əməliyyat təxminən iki saat vaxt və iki dəfə həkim qəbuluna gəlmək tələb edir.
Nəzərə almaq lazımdır ki, robot müstəqil fəaliyyət göstərmir. Ağız boşluğu skan olunduqdan sonra stomatoloq pasiyentlə müalicə planını müzakirə edir, o, prosedura razılıq verdikdən sonra isə robotlaşdırılmış sistemi konkret pasiyentə uyğun tənzimləyir. Öz növbəsində, “robot əl” praktik təlimatları dəqiq yerinə yetirir.
“Facebook”un yaradıcısının atası, 30-illik stomatoloji təcrübəsi olan həkim Edvard Zakerberq bu kəşflə bağlı təəssüratlarını bölüşərək deyib: “Robotlaşdırılmış sistem elə yaradılıb və testdən keçirilib ki, hətta pasiyent əməliyyat vaxtı tez-tez hərəkət etdikdə belə, həkim proseduru təhlükəsiz icra etsin”.

Bu nəyə gərəkdir?
Diş həkiminin iş saatlarına dəfələrlə qənaət edən, müalicənin keyfiyyətini yaxşılaşdıran bu üsul həm də əməliyyat vaxtını azaltmaqla onun qiymətini ucuzlaşdırır, bu isə stomatoloji yardımı aztəminatlı ailələr üçün əlçatan edir.
Bununla belə, stomatologiyanın kütləvi robotlaşdırılması hələ gələcəyin işidir. Bir əməliyyatın uğurla keçirilməsinə baxmayaraq, bu robot hələ ki ABŞ-nin Ərzaq məhsullarına və dərmanlara nəzarət xidməti (FDA) tərəfindən təqdir edilməyib. Robotu icad etmiş şirkət özü isə onun təsdiqlənmək üçün FDA-ya təqdim olunacağı dəqiq tarixi açıqlamır. Ən nikbin hesablamalara görə, yeni qurğu üzərində işlərin yekunlaşdırılması və onun praktik səhiyyə praktikasına tətbiqi üçün illər lazım ola bilər.
Hətta “dantist robotun” tətbiqinə ən yaxın vaxtlarda icazə verilsə belə, köklü surətdə tam yeni olan bu avadanlığın alınması və quraşdırılması üçün, eləcə də onuna işləyə bilən personalın hazırlanmasına böyük sərmayələr tələb olunacaq. Bu isə xüsusilə dünyanın kasıb bölgələri üçün çətin problem ola bilər.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova