“Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah”

Bakıda Azərbaycanın əczaçılıq sənayesinə həsr olunmuş ilk beynəlxalq tədbir keçirilib
Heydər Əliyev Mərkəzində Azərbaycan Səhiyyə Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib.
Nazirliyin mətbuat xidməti və AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycanda əczaçılıq sənayesinin tarixinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində Azərbaycan əczaçılıq sənayesinin inkişafına həsr olunan tədbirin mahiyyətini vurğulayıb. O qeyd edib ki, qədim əlyazmalar Azərbaycanda o dövrdə xalq təbabətinin və dərmanşünaslığın təşəkkül tapmasından xəbər verir. XIX əsrin ortalarında ilk qərb tipli aptek yarandıqdan sonra dərman istehsalı apteklərdə cəmlənib: “XX əsrdə Azərbaycan əczaçılıq sənayesinin tarixində yod və endokrin preparatlarının istehsalı xüsusi yer tutub. Dünyada yeganə müalicəvi neft olan Naftalan neftindən müxtəlif preparatların hazırlanması üçün 1934-cü ildə Bakıda xüsusi laboratoriya, daha sonra isə Naftalan zavodu yaradılıb. 1938-ci ilin sonunda Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil edilib və rektoru görkəmli dövlət xadimi, professor Əziz Əliyev təyin olunub. Həmin illərdə Bakı Kimya-Əczaçılıq Zavodu, Endokrin Preparatlar Zavodu kimi əczaçılıq sənayesi müəssisələri yaradılıb".

Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə əczaçılıq istehsalı müəssisələrinin qurulmasını xüsusilə vurğulayan nazir qeyd edib ki, əczaçılıq sənayesinin qanunvericilik bazasının formalaşdırılması məqsədilə “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında əczaçılıq sənayesinin İnkişafı Konsepsiyası” hazırlanıb.
“Müasir Azərbaycan, o cümlədən ölkəmizdə səhiyyə sahəsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi və gərgin zəhməti sayəsində hərtərəfli inkişaf edir. Bu illər ərzində dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edən “Dərman vasitələri haqqında” Qanun qəbul olunub, bununla yanaşı, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabətqabiliyyətli məhsulların istehsalına imkan yaradan sənaye parkları fəaliyyətə başlayıb, yerli istehsalın təşviqi məqsədilə qanunvericilikdə stimullaşdırıcı tədbirlər nəzərdə tutulub. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin dövlət qeydiyyatı məqsədilə aparılan ixtisaslaşdırılmış ekspertizanın müddəti 90 təqvim gününədək azaldılıb. Qanuna yeni maddə əlavə edilərək xarici qeydiyyatın tanınması üzrə prosedur müəyyən olunub”, - deyə nazir bildirib.
Səhiyyə naziri vurğulayıb ki, milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, yaradılmış əlverişli biznes mühiti, cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır: “Azərbaycan Respublikasının ərazisində yaradılan xüsusi iqtisadi zonalarda müasir texnologiya və avadanlıqlarla təchiz edilən əczaçılıq müəssisələri qurulur, xarici tərəfdaşlarla birgə əczaçılıq müəssisələrinin təsis edilməsinə dair əməkdaşlıq müqavilələri imzalanır”.
Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin ölkəmizdə əczaçılıq sahəsində aparıcı elmi tədqiqat mərkəzinə çevrildiyini söyləyən Teymur Musayev elmi-tədqiqat işlərinin aparılması məqsədilə Əczaçılıq kimyası kafedrasının nəzdində Azərbaycan Elm Fondunun dəstəyi ilə müasir əczaçılıq laboratoriyasının qurulduğunu deyib. Əczaçılıq təhsili baxımından Macarıstanın Semmelveis və Peç universitetləri ilə imzalanan əməkdaşlıq memorandumlarının əhəmiyyətini vurğulayan nazir bu sənədlərin bilik və təcrübə mübadiləsini, akademik heyətin peşə hazırlığının artırılmasını nəzərdə tutduğunu bildirib. Onun sözlərinə görə, ötən il Səhiyyə Nazirliyində yaradılan işçi qrupu tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb. Konsepsiyanın Tədbirlər planına uyğun olaraq 2025-2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq.
Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma əczaçılığın Macarıstan – Azərbaycan əməkdaşlığının əsas komponentlərdən biri olduğunu deyib, əczaçılıq məhsullarının Macarıstanın Azərbaycana ixracının 49 faizini təşkil etdiyini vurğulayıb. O bildirib ki, “Scandens" əczaçılıq zavodu Azərbaycanda ilk dəfə olaraq yerli dərman vasitələrinin, o cümlədən Macarıstanın tanınmış dərmanlarının istehsalına başlayacaq. Belə ki, "Gedeon Richter" şirkəti "Scandens Pharmaceutical Industries Ltd" ilə müqaviləli istehsala başlayacaq.

Bu konfransı “Macarıstanın Azərbaycanda əczaçılıq sənayesinin inkişafına töhfə vermək istəyinin bariz göstəricisi” adlandıran səfir Macarıstanın iki ən tanınmış dərman şirkətinin 1990-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərdiyini xatırladıb. Bildirib ki, əczaçılıq sənayesi yalnız ticarət və texnologiya sahəsi deyil, eyni zamanda, insan həyatına, sağlamlığına birbaşa təsir edən strateji sektordur: “Bu sahədə təhsil, idarəçilik, elmi tədqiqatlar və biznes arasında sıx əməkdaşlıq olduqca vacibdir”. O, ölkəsinin Peç Universitetinin və Azərbaycan Tibb Universitetinin əczaçılıq mütəxəssislərinin hazırlanmasında əməkdaşlığa başlamaq niyyətində olduğunu qeyd edib.
Səfir Tamaş Torma bildirib ki, bu tədbir həm simvolik, həm də strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir: “Tədbirin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi çox anlamlıdır.
Keçmişin təcrübəsi və bu günün reallıqları bizə gələcəyin prioritet istiqamətlərini daha dəqiq müəyyənləşdirməyə kömək edir. Macarıstan bu sahədə dünya üzrə seçilən ölkələrdəndir. Ölkə hazırda dünyanın 20-ci ən böyük dərman ixracatçısıdır və əczaçılıq sənayesi burada yüksək inkişaf mərhələsindədir. Kimyaçılar və əczaçılar bu yolda bir çox Nobel mükafatına layiq görülmüş, insanlığa misilsiz töhfələr vermişlər. Bu uğurlar Macarıstanın elmi və sənaye potensialını təsdiq edir”.
Macarıstanın 1993-cü ildən etibarən Azərbaycana dərman ixrac edən ilk ölkələrdən olduğunu bildirən səfir əlavə edib ki, bu gün iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir: “Azərbaycanlı tələbələrin bu sahədə Macarıstanda təhsil alması, o cümlədən Macarıstanın İstedad Fondunun bu istiqamətdəki dəstəyi bizə gələcəkdə daha ixtisaslı, dünya səviyyəli mütəxəssislərin yetişəcəyini göstərir”.
Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, əczaçılıq sənayesi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında əsas strateji rol oynayır: “Ölkəmizdə bu sektorun inkişafı ictimai sağlamlıq, tibbi innovasiyalar, xəstəliklərin qarşısının alınması və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına birbaşa təsir edir. İcbari tibbi sığortanın əsas məqsədi əhalinin sağlamlığının müdafiəsi, keyfiyyətli tibbi xidmətlərə bərabər, davamlı çıxışı təmin etməkdir. Tibbi xidmətin keyfiyyətində təkcə həkimin, tibb işçisinin deyil, dərmanın əlçatanlığı və effektivliyi də rol oynayır”.
Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın dərman təminatı böyük sistemin bir hissəsidir: “Bu sahədə ilk gündən əsas prioritetlərdən biri xüsusi xroniki və geniş yayılmış xəstəliklər üçün dərmanların davamlı təminatı və xəstənin müalicə prosesinin yarımçıq qalmamasıdır”, - deyə o əlavə edib. Onun sözlərinə görə, hazırda xidmətlər zərfi çərçivəsində bir sıra tibbi xidmətlərlə yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım zamanı stasionar müalicə prosesində, eləcə də ambulator şəraitdə aparılan tibbi prosedurlar zamanı istifadə olunan dərman vasitələri, anesteziya xidməti və tibbi sərfiyyat materialları icbari tibbi sığorta hesabına qarşılanır. Eyni zamanda, resept əsasında təyin olunan ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təminatı istiqamətində işlər aparılır. Bununla bağlı mərhələli yanaşma tətbiq ediləcək. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri, növbəti mərhələdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin resept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulur”.
Agentliyin rəhbəri qeyd edib ki, əczaçılıq sənayesinin inkişafı təkcə texniki və ya logistik məsələ deyil, birbaşa cəmiyyətin sağlam gələcəyinin təminatıdır: “Vətəndaşa xidmət edən hər bir sahədə birlik, əməkdaşlıq və qarşılıqlı anlayış çox vacibdir. Əminəm ki, bu tədbir əczaçılıq sənayesi sahəsində dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarını genişləndirəcək və gələcək birgə təşəbbüslərə yol açacaq”,- deyə Z.Əliyev bildirib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçısının Sərəncamı ilə ölkəmizdə 30 hektar ərazidə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradıldığını diqqətə çatdırıb: “Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib. Bu layihələrin icrası əczaçılıq sənayesinin inkişafını və yerli istehsalı artırmağı hədəfləyir. Bu günədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib”.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov əczaçılıq sənayesinin müasir səhiyyə sisteminin əsas sütunlarından biri olduğunu qeyd edib: “Ötən müddət ərzində KOBİA tərəfindən mikro və kiçik sahibkarlara 200-dən çox startap şəhadətnaməsi verilib. Onların arasında səhiyyə müəssisələrində elektron idarəetmənin təşkili, tibbi xidmətlərin mobil tətbiqlər üzərindən göstərilməsi, ekoloji standartlara uyğun fəaliyyətin proqram təminatı ilə idarə olunması, eləcə də tibbi xidmətlərə qeydiyyat, nəzarət və analiz imkanlarını əhatə edən rəqəmsal platformaların inkişafını nəzərdə tutan layihələr də mövcuddur”. Onun sözlərinə görə, əczaçılıq sənayesinin inkişafında dövlət dəstəyi ilə yanaşı, özəl sektorun təşəbbüsləri də həlledici əhəmiyyət daşıyır. Sahibkarların bu sahəyə marağı, yeni investisiyaların cəlb olunması istehsal imkanlarının genişləndirilməsi baxımından çox vacibdir. Dövlətin yaratdığı şərait sayəsində özəl sektor bu sahədə fəallaşır və yerli istehsalın gücləndirilməsinə töhfə verir.
Orxan Məmmədov bildirib ki, bu gün Azərbaycan bazarında dərman vasitələri ilə təminat əsasən idxal hesabına həyata keçirilir: “Bu amil bir tərəfdən idxaldan asılılığa işarə etsə də, digər tərəfdən ölkəmizdə əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanların olduğunu göstərir. Belə ki, daxili tələbatın hələ tam qarşılanmaması bu sahədə yeni istehsal sahələrinin qurulması, yerli sahibkarların təşəbbüslərinin dəstəklənməsi baxımından real fürsətlər yaradır. Çünki istehsal ediləcək məhsullar üçün alıcı axtarışlarına çıxmağa ehtiyac qalmayacaq. Əldə olan imkanlardan səmərəli istifadə etməklə, ilkin mərhələdə daxili bazarın ehtiyaclarını qarşılamaq, daha sonra isə ixrac potensialı üzərində düşünmək lazım gələcək. Bu yanaşma həm sahibkarlar üçün geniş fəaliyyət meydanı açır, həm də ölkənin dərman təhlükəsizliyi və iqtisadi dayanıqlığı baxımından strateji əhəmiyyət daşıyır”, - deyə O.Məmmədov vurğulayıb.
KOBİA sədrinin sözlərinə görə, Azərbaycanda tibbi məhsullar istehsal edən müəssisələrin yaradılması ölkənin tibb sənayesinin inkişafı və qeyri-neft sektorunun payının artması baxımından mühüm əhəmiyyət kəsb edir: “Həmçinin əczaçılıq sektorunun inkişafı ölkəmizdən valyuta axının azalmasına, yeni sərmayələrin cəlb edilməsinə də xidmət edəcək. Odur ki, bu gün sahibkarlarımız yalnız mənfəət əldə etməklə deyil, eyni zamanda, ölkəmizin dərman təhlükəsizliyinin təmin olunmasına, əhalinin sağlamlığının qorunmasına və ölkənin ixrac portfelinin şaxələndirilməsinə mühüm töhfələr verməlidirlər”.
Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Azad İqtisadi Zonanın investisiya və ticarət imkanlarına dair çıxış edib. O qeyd edib ki, burada tikilən aeroportun beynəlxalq hava limanı olmasına qərar verilib. “Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişdiyi nöqtədə yerləşir. Hava limanı 750 hektar ərazini əhatə edəcək. Tikiləndən sonra bizim investorlar üçün bütün nəqliyyat logistika məsələlərinin həlli çox sadə və əlverişli şəraitdə həll olunacaq”, - deyə V.Ələsgərov bildirib.
Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikinin tikilib istifadə verilməsi nəzərdə tutulub.
Macarıstan Milli Səhiyyə Sığorta Fondunun departament rəhbəri Akoş Karsay, Peç Universitetinin Əczaçılıq fakültəsinin dekanı Andraş Fittler, “Egis” şirkətinin kommersiya direktoru Çaba Paç və “Pannon pharma” şirkətinin baş icraçı direktoru Pallos Yojef Peter təmsil etdikləri qurumlarla bağlı təqdimatlarla çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, qlobal səviyyədə effektiv səhiyyə həllərinə tələbat artdıqca əczaçılıq sənayesi dövrün çağırışlarının qarşılanmasında ön sıralarda dayanır.
Sonda Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Abiddin Hüseynov yeni qeydiyyatdan keçmiş “Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası” ictimai birliyinin təsisçisi Küşvər Xudadatovaya qurumun dövlət qeydiyyatına alınmasına dair şəhadətnaməni təqdim edib.
Xəbəri paylaş