Milli Məclis “Tibbi sığorta haqqında” Qanunda dəyişiklikləri müzakirə edib

Fevral ayında Milli Məclisin 2025-ci ilin yaz sessiyasının bir neçə plenar iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclaslarda səhiyyə ilə bağlı məsələlərə də baxılıb.
Parlamentin yaz sessiyasının ilk iclasında spiker Sahibə Qafarova yaz sessiyasının qanunvericilik işləri planını diqqətə çatdırıb.
“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, layihə icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə təklif olunub. Bu baxımdan “Tibbi sığorta haqqında” Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim yardımı üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciəti sadələşdirilir.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Parlamentin növbəti plenar iclasında həmin qanun layihəsinə ikinci oxunuşda baxılıb. Qanun layihəsi haqqında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. O, bildirib ki, sənədin əsas məqsədi icbari tibbi sığorta xidmətlərinin optimallaşdırılması, əhalinin məmnunluğunun və əlçatanlığının artırılması, ilkin tibbi xidmətin səviyyəsinin yüksəldilməsidir.
Birinci oxunuşdan sonra layihə ilə bağlı heç bir irad və təklifin daxil olmadığını deyən komitə sədri sənədin dəstəklənməsini xahiş edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Milli Məclisin fevral ayındakı son iclasında qanun layihəsinə üçüncü oxunuşda baxılıb və o, səsə qoyularaq qəbul edilib.