Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif edilib
![Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif edilib](/uploads/posts/2025-02/mmm.jpg)
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunarkən Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif edilib.
Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Komitə sədri bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” Qanuna dəyişikliklə bağlı məsələnin daxil edilməsini təklif edib. Bildirib ki, dəyişikliklərdə tibbi xidmətdə konkret nəyin reklam edilməsinə icazə verilib-verilməməsi müəyyənləşdirilməlidir: “Məsələn, dünyanın əksər ölkələrində həkimin şəxs olaraq reklamı qadağandır. Bu, həkim etikasının pozulmasıdır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır”.
M.Quliyev bildirib ki, bir sıra televiziya kanallarındakı şou proqramlarda tibbi xidmətlər, ayrı-ayrı həkimlər və klinikalar reklam olunur: “Hətta verilişlərin sponsorluğunu da həkimlər edirlər. Əlbəttə, tibb sahəsində xidmətlərin reklamına qarşı deyilik, ancaq müəyyən çərçivələri, normaları var”. Komitə sədri hesab edir ki, son dövrlərdə plastik cərrahiyyə, bədən şəkilləndirmə, mədəkiçiltmə əməliyyatlarında ölüm, ağırlaşma hallarıının baş verməsində reklamların, şou proqramların mənfi təsiri var.
Deputat Aqil Abbasov da televiziya kanallarında həkimlərin və dərmanların reklam olunmasının əleyhinə çıxıb. Bildirib ki, yaxşı həkimin reklama ehtiyacı yoxdur. Deputat yaz sessiyasında “Reklam haqqında” Qanuna bu nöqteyi-nəzərdən yenidən baxılmasını təklif edib.
Parlamentin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, sahibkarlıq sahəsində yoxlamaların olmaması saxta tibbi xidmətlərin, standartlara cavab verməyən müəssisələrin artmasına səbəb olur.
Deputat bildirib ki, özəl tibb müəssisələri ölkələrdə tibbi keyfiyyətin artırılmasında lokomotiv rolunu oynayır: “Ancaq sahibkarlıq subyektlərində yoxlamaların olmamasından sui-istifadə edənlər də çoxdur. Bu halların aradan qaldırılması üçün müzakirələrin aparılmasına, bəlli qayda və qanunların düzənlənməsinə ehtiyac var”.