Bütün ölkə ərazisində könüllü qanvermə aksiyası təşkil edilib
Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə ölkəmizin bir çox şəhər və rayonlarında könüllü qanvermə aksiyası təşkil edib. Aksiya Məhərrəm ayının 10-u – Aşura günü ilə əlaqədar keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının Bakı şəhəri və müxtəlif regionlarda yerləşən bölmələri tərəfindən təşkil olunub. Bakıda qanvermə aksiyaları paytaxtın 8 məscid və ziyarətgahında baş tutub. Eyni zamanda, müxtəlif şəhər və rayonlarında, o cümlədən Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Bərdə və Qubada qan ianə etmək üçün məntəqələr yaradılıb.
Qan verən şəxslər ilk olaraq həkim müayinəsindən keçiriliblər. Onların yaşının, çəkisinin, fiziki sağlamlığının qan verə bilmək üçün uyğunluğu yoxlanıb, eləcə də təzyiqi və bədən hərarəti ölçülüb, bundan sonra vətəndaşın qan verib-verə bilməyəcəyi müəyyənləşdirilib.
Aşura günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən də könüllü qanvermə aksiyaları keçirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səyyar qanvermə məntəqələri Naxçıvan şəhərində 3 məsciddə, həmçinin bir sıra Rayon Mərkəzi Xəstəxanalarında, kənd həkim ambulatoriyalarında, kənd məscidi və ziyarətgahlarda yaradılıb.
Aksiya zamanı sanitar-gigiyena qaydalarına ciddi əməl edilib, donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Tədarük edilən qan infeksion xəstəliklərə görə yoxlanır və müvafiq qurumlara təhvil verilir.