2 nömrəli Tibb Kolleci Rusiyanın “AVERON” şirkəti ilə əməkdaşlıq edəcək
2 nömrəli Bakı Baza Tibb Kollecində Rusiya Federasiyasının Yekaterinburq şəhərində fəaliyyət göstərən “AVERON” Elm-İstehsalat Kompleksinin nümayəndələri ilə görüş keçirilib.
Əvvəlcə kollecin direktoru Dilarə Məmmədəliyeva “AVERON” şirkətinin əməkdaşları Mariya Kuroçkina və Anatoli Akulenkonu tibb təhsili müəssisəsinin fəaliyyəti ilə tanış edib.
Görüşdə tərəflər arasında elm və təhsil, xüsusilə də “Diş texnikliyi (Stomatologiya)” ixtisası üzrə əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələlərini ehtiva edən saziş imzalanıb. Qarşılıqlı əməkdaşlıq haqqında sazişin şərtlərində bilik, ideya və kadr mübadiləsi, ümumi maraq sahələrində birgə potensialın artırılması proqramlarının planlaşdırılması, birgə seminar, layihə və konfransların hazırlanması və təşkili məsələləri də nəzərdə tutulub.
Daha sonra qarşılıqlı əməkdaşlığın istiqamətləri çərçivəsində “AVERON Elm-İstehsalat Kompleksinin nümayəndələri tərəfindən 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Ortopedik stomatologiya” şöbəsində təhsil alan 12 tələbə arasında “Bir addım irəli” adlı X Beynəlxalq müsabiqənin seçmə mərhələsi keçirilib. Qaliblər diplomlar və hədiyyələrlə təltif ediliblər, bütün digər iştirakçılara isə sertifikatlar təqdim olunub. Seçmə mərhələsində 1-ci yerin qalibi seçilən Lələkişizadə Lələkişi Yekaterinburq şəhərində keçiriləcək “Bir addım irəli” adlı X Beynəlxalq müsabiqənin yekun mərhələsində iştirak etmək hüququ qazanıb.
Daha sonra kollecin akt zalında “AVERON” şirkətinin yaranma tarixi və istehsal etdiyi tibbi-stomatoloji avadanlıqlar, sökülən modellərin fərqli üsullarla alınma qaydaları, müasir materiallar haqqında məlumat verilib, videoçarx nümayiş etdirilib.
Sonda kollecin direktoru Dilarə Məmmədəliyeva yüksək keyfiyyətli diş texniklərinin yetişdirilməsi işində “AVERON” Elm-İstehsalat Kompleksi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, həm öz adından, həm də müəllim və tələbə heyəti adından qonaqlara dərin təşəkkürünü bildirib.
Öz növbəsində, qonaqlar belə mühüm və böyük tədbirin təşkilində göstərdiyi peşəkarlığa görə kollecin direktoruna “Təşəkkürnamə” təqdim ediblər.