“Görünməyən qəhrəmanlar: Ağxalatlılar” filmi təqdim olundu
Mədəniyyət Nazirliyinin sifarişi, “Azərbaycanfilm” kinostudiyası və İctimai televiziyanın birgə təşkilatçılığı ilə ərsəyə gələn “Görünməyən qəhrəmanlar: Ağxalatlılar” filminin təqdimatı keçirilib.
Tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov çıxış edərək 17 İyun - tibb işçilərinin peşə bayramı münasibətilə səhiyyə sahəsində çalışan hər kəsi təbrik ediblər. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdıqları mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi strategiyanın uğurla davam etdirilməsi xüsusi vurğulanıb. Natiqlər son illərdə Azərbaycan səhiyyəsinin inkişafından, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən, yeni tibbi texnologiyaların tətbiqindən və aparılan digər islahatlardan danışıblar.
Tibb İşçiləri Günü münasibətilə bir qrup tibb işçisi təltif edilib.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilən səhiyyə işçiləri adından ölkə başçısına minnətdarlıq ünvanlanıb.
Sonda “Görünməyən qəhrəmanlar: Ağxalatlılar” filmi nümayiş olunub.
Film 44 günlük Vətən müharibəsində ön və arxa cəbhədə əzmlə mübarizə aparan tibb işçilərinə ithaf olunub. Ekran əsərinin qəhrəmanları real həyatda Vətən müharibəsində əsgər və hərbçilərə xidmət göstərmiş tibb personalıdır.
Filmin ideya müəllifi Fariz Əhmədov, rejissoru Ayşad Səfərəliyev, ssenari müəllifi Seyran Mahmudoğlu, operatoru Zeynalabdin Həsənov, montajçısı Əsgər Rəhimov, səs rejissoru Hafiz İbrahimli, redaktoru Arif Məmmədov, prodüsserləri Fariz Əhmədov və Yalçın Verdiyevdir.
Tədbirdə Səhiyyə, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in nümayəndələri, tibb işçiləri və kino xadimləri iştirak ediblər.