Ölkəmizin 14 rayonunda uşaq psixi sağlamlıq bölmələri yaradılıb

Ölkəmizin 14 rayonunda uşaq psixi sağlamlıq bölmələri yaradılıb

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar müsahibə verib.

- Fuad müəllim, Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar oxucularımıza bu sindrom barədə danışmağınızı istərdik.
- Autizm spektrli pozuntular (ASP) sosial qarşılıqlı münasibətlərdə, sosial ünsiyyət təşəbbüsü və dəstəklənməsində daimi çatışmazlıq yaşanması, həmçinin bir sıra məhdud, təkrarlanan və dəyişməyən maraq və davranış modeli ilə xarakterizə olunur. Pozuntu inkişaf dövründə, adətən erkən uşaqlıq vaxtı başlayır. Sosial tələbatlar məhdudlaşmış imkanlara üstün gələnə qədər isə simptomlar tam şəkildə təzahür etməyə bilər. Bu çatışmazlıq şəxsi, sosial, təhsil, peşə və ya digər fəaliyyət sahələrində çətinlik yaradır. Beləliklə, autizm spektrli pozuntusu olan şəxslər sosial təmasdan yayınır, digər insanları başa düşməkdə və öz emosiyalarını ifadə etməkdə çətinlik çəkirlər.

- Azərbaycanda autizm sindromu olan nə qədər uşaq var?
- 2020-ci ilin hesabatına görə, qeydiyyatda olan autizimli uşaqların sayı 1383, atipik autizimli (autizm spektri pozuntusunun atipik təqdimatlı bir növü) uşaqların sayı isə 46 nəfərdir. Bundan əlavə, hesabat dövründə 0-13 yaş aralığında həyatında ilk dəfə müraciət edən autizimli uşaqların sayı 367, ilin sonunda isə atipik autizimli uşaqların sayı 10 nəfər olub.

- Hamiləlik zamanı doğulacaq körpənin autizm sindromlu olmasını öyrənmək mümkündürmü?
- Hesab edilir ki, autizm beynin müxtəlif nahiyələrində sinir hüceyrələri arasında sinaptik əlaqələrin pozulmasına səbəb olan fərqli gen mutasiyaları ilə əlaqədardır.
Autizmi ana bətnində öyrənmək mümkün deyil. Dünyanın heç bir ölkəsində bunu dəqiq təyin edən üsul və test mövcud deyil. İlkin mərhələdə uşağın kontaktına diqqət yetirmək lazımdır. Əgər uşaq suallara cavab vermirsə, ünsiyyətdən çəkinirsə, bu zaman valideyn narahat olmalıdır. Valideynlər 2-5 yaş arasında övladlarına diqqət yetirməlidilər, çünki körpələrin ünsiyyət qurması adətən 2 yaşdan başlayır. Autizmin aşkarlanması gecikdikcə, müsbət nəticə almaq çətinləşir.

- Autizm spektrli pozuntular necə müəyyən olunur?
- Belə pozuntuların diaqnostikası üçün müxtəlif psixoloji testlərdən istifadə edilir. Məsələn, autizmin qısa zamanda aşkar edilməsi (skrininq) üçün M-CHAT şkalası (autizmin erkən uşaqlıq dövründə aşkarlanması), autizm simptomlarının daha ətraflı araşdırılması üçün isə ASP Qiymətləndirilməsi Şkalası tətbiq edilir. Bütün bu şkalalar yalnız mütəxəssislər tərəfindən tətbiq edilə bilər. Valideynlər isə ilk növbədə uşağın ümumi inkişafına nəzarət etməli və ən kiçik problem zamanı belə dərhal mütəxəssisə (uşaq psixiatrı və ya psixoloqa) üz tutmalıdırlar.

- Autizmin dərman müalicəsi varmı?
- Təəssüf ki, günümüzdə autizmin medikamentoz müalicəsi yoxdur. Lakin davranışın tətbiqi təhlili, strukturlaşdırılmış təhsil, loqoped terapiyası, sosial vərdişlərin öyrədilməsi, məşğulluq terapiyası kimi səmərəli psixopedaqoji proqramlar mövcuddur. Həmin proqramlar vasitəsilə müəyyən irəliləyiş əldə etmək mümkündür.
Ölkəmizin 14 rayonunda uşaq poliklinikalarının bazasında uşaq psixi sağlamlıq bölmələri yaradılıb. Müəssisələrdə uşaq psixiatrı, psixoloq, psixopedaqoq, sosial işçi, loqopedin daxil olduğu multidisiplinar komanda fəaliyyət göstərir. Həmin mütəxəssislər uşaq və yeniyetmələrdə psixi sağlamlıqda rast gəlinən digər problemlərlə yanaşı, autizm spektrli pozuntusu olan uşaqlara da yardım göstərirlər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova