Azərbaycanın tibb işçiləri ötən il “OpenWHO” platformasında 15 min kursa qoşulublar
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlığı ilə keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihələri çərçivəsində ÜST-nin Azərbaycan nümayəndəliyi Yeni Klinikada sertifikatların təqdimatı və təhvil-təslim mərasimi təşkil edib.
Tədbir pandemiya ilə mübarizədə həmin layihələrin dəstəyini vurğulamaq, davamlı tibbi təhsil sahəsi üzrə tibb müəssisələrinin və tibb işçilərinin fəaliyyətlərini qiymətləndirmək, eləcə də infeksiyanın qarşısının alınması və nəzarət üzrə ləvazimatların təhvil-təslimi məqsədilə keçirilib.
Toplantıda səhiyyə nazirinin müavini Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, həmçinin ölkənin müxtəlif bölgələrindən olan tibb işçiləri iştirak ediblər.
Hər iki layihə çərçivəsində ötən il ərzində COVID-19 pandemiyası ilə mübarizə sahəsində görülmüş işlər və əldə olunmuş əsas nailiyyətlər təqdim edilib. Bildirilib ki, qısa müddət ərzində ölkə üzrə 15 təlim mərkəzində 7 mindən çox tibb işçisi “COVID-19 vaksinasiyası”, “COVID-19 xəstələrinin stasionarda idarəolunması”, “Təməl Həyat Dəstəyi” və “Təkmil Həyat Dəstəyi” mövzuları çərçivəsində üzbəüz təlimlər keçib.
Bununla yanaşı, ÜST-nin Azərbaycan nümayəndəliyi onlayn öyrənmə imkanlarını təbliğ edərək, “OpenWHO” platformasında Azərbaycan səhifəsini təqdim edib. “OpenWHO” təcili yardım xidmətini təkmilləşdirmək məqsədilə ÜST ekspertləri tərəfindən hazırlanmış onlayn kurslar təklif edən interaktiv, sübuta əsaslanan, bilik ötürülməsini hədəfləyən platformadır. Təkcə 2021-ci ildə Azərbaycanın tibb işçiləri bu platformada 15 min kursa qoşulublar.
Tədbir zamanı 50 tibb müəssisəsi və tibb işçisi Aİ-ÜST layihələri çərçivəsində davamlı tibbi təhsil istiqamətində göstərdikləri dəstəyə və fəal iştiraka görə təltif edilib. Sonda tibb müəssisələrində infeksiyaların qarşısının alınması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində TƏBİB-ə 1000 əl gigiyenası dispenseri, 2 min litr əl dezinfeksiyaedici vasitə, 3 min kiçik əl dezinfeksiyaedici (100 ml) və 3 min kəmər klipi təhvil verilib.
“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən 2020-ci
ilin aprelindən etibarən həyata keçirilən COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və gündəlik immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin iyunundan etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsini həyata keçirməyə başlayıb.