COVID-19-a yoluxanların əksəriyyəti vaksin olunmayanlardır
Hazırda COVID-19 ilə bağlı epidemioloji vəziyyətin mənfi dinamikasını müşahidə edirik. Bu, bir tərəfdən, gündəlik yeni yoluxma hallarının çoxalması, infeksiyanın aşkar olunması üçün götürülən spesifik test nümunələrində pozitiv nəticələrin faizlə miqdarının, eyni zamanda, aktiv xəstə sayının artımı və xəstəlikdən sağalan insanların yeni xəstələnənlərlə müqayisədə az olması ilə özünü göstərir.
Bunu öz müsahibəsində Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi Təyyar Eyvazov deyib.
- Yoluxma sayındakı artımın səbəbi nədir?
- Buna səbəb olan bir neçə əsas amil var. Pandemiya təcrübəsini nəzərə alsaq, görərik ki, yoluxma hallarının azsaylı olduğu dövrlərdə hər dəfə karantin qaydalarında yumşalmalara getdikdə müəyyən vaxt keçdikdən sonra yenidən yoluxma sayında artım baş verir. Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır. Məhz yumşalmalar buna gətirib çıxarır. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif kütləvi tədbirlərin keçirilməsinə icazə verilib, metronun fəaliyyəti bərpa olunub, iri ticarət mərkəzləri işləyir. Lakin əhalinin müəyyən hissəsində qapalı məkanlarda maska taxılması, sosial məsafə gözlənilməsi və s. kimi qoruyucu tədbirlərə laqeyd münasibəti izləməkdəyik. Vətəndaşlar həm yorulub, həm də arxayınlaşıblar. Digər səbəb isə virusun daha yoluxucu mutasiyasının ölkəmizə daxil olmasıdır. Ən sürətli yayılan “delta” ştamının bu artıma töhfə verməsi göz önündədir.
- Yeni ştamların klinik göstəricilərində hansı fərqlər var?
- Təbii ki, yeni ştamlar klinik gedişi və digər çalarları ilə əvvəlkilərdən müəyyən qədər fərqlənir. Müşahidələr göstərir ki, “delta” ştamı klassik ştamdan iki dəfə çox yoluxucu olmaqla yanaşı, daha qısamüddətli gizli dövrdən sonra özünü büruzə verir. Xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir. Yəni bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı, burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir. Bu, insanları bir qədər çaşdırır, onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət edilir. Xəstələrin müəyyən qismində virus yükü daha yüksək olur, vəziyyətin qəfil pisləşməsi daha tez - birinci həftədə baş verir. Ancaq sonrakı gedişat, xüsusən də fəsad və ağırlaşmalar eynidir. Ümumilikdə, bu variantın daha ağır keçməsi haqda mülahizələr olsa da, bunlar hələlik tam sübut sayılmır. Ancaq qeyd olunan fərqlər əsasında xəstədə məhz “delta” ştamının olmasını təsdiqləmək olmaz. Bunun üçün xüsusi laborator müayinələr mövcuddur.
- Yoluxma sayının artımının qarşısını almaq üçün nə etmək lazımdır?
- Qorunmağın “qızıl” qaydalarına ciddi əməl edilməsini vurğuladım. Digər faktor əhalidə infeksiyaya qarşı immunitetin formalaşmasıdır. Bildiyimiz kimi, bu, iki yolla baş verir: infeksiyaya yoluxaraq təbii yolla və vaksinasiya vasitəsilə. Nə qədər çox əhali kütləsi bu prosesə cəlb olunarsa, epidemioloji durumu bir o qədər nəzarətdə saxlamağa imkan yaranar. Dünya təcrübəsi bunu deməyə əsas verir ki, pandemiyadan xilas olmağın yeganə yolu məhz əhalinin kütləvi vaksinasiyasıdır. Yəni virus yayanın ətrafında infeksiyaya həssas olmayan şəxslərin sayı artdıqca epidemioloji zəncir qırılır və sonda yoluxma hallarının sayı azalır. Onu da qeyd etmək istərdim ki, COVID-19 infeksiyasına qarşı mövcud peyvəndlərin effektivliyi müxtəlif olsa da, 100 faizli qoruma yoxdur. Yəni peyvənd olunmuş şəxslərin əksəriyyəti ya yoluxmur, ya da yoluxarsa belə, infeksiyanı simptomsuz, xəstəliyi daha yüngül keçirir, xəstəxanaya yatırılma hallarının, xüsusən də ağır gedişlərin sayı əhəmiyyətli dərəcədə azalır. Qətiyyətlə demək olar ki, vaksinasiya dünyada yüz minlərlə insanı ölümün pəncəsindən xilas edib. Lakin vaksin olunmuş şəxslər yoluxmadan tam sığortalanmadığı üçün onlar da digərləri kimi qoruyucu vasitələrdən istifadə etməlidirlər.
- Vaksinlər COVID-19-un yeni mutasiyalarına təsir göstərə bilirmi?
- Bu barədə müxtəlif araşdırmalar aparılır. Ümumdünya Səhiyyə Təşkilatı istifadəsinə icazə verilmiş bütün vaksinlərin mövcud ştamlara qarşı təsirli olduğunu bəyan edib. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, bu vaksinlərin effektivlik göstəricisi yeni ştamlara münasibətdə bir qədər az olsa da, hələ ki yetərli səviyyədədir. Onu da qeyd etmək lazımdır ki, yalnız kütləvi vaksinasiya yolu ilə virusun artıb-çoxalmasını əngəlləməklə yeni mutasiyaların əmələ gəlməsinin qarşısını almaq mümkündür.
- Ölkədə vaksinasiya prosesi hansı səviyyədədir?
- Son aylarda bu proses daha sürətli gedir. Operativ Qərargah hər gün 40-60 min nəfərin peyvənd olunması haqqında məlumat paylaşır. Ümumilikdə, 5 milyondan çox vətəndaş peyvənd olunub. Onların 2 milyondan çoxu ikinci dozanı vurdurub. Vaksinin qoruyuculuğu ikinci dozadan bir müddət sonra formalaşır. Epidemik prosesin qırılması üçün isə daha çox, yəni kütlənin təxminən 70-80 faizinin tam vaksin olunması məqbul sayılır. Onu deyə bilərəm ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir. Yadda saxlamaq lazımdır ki, az olsa da, peyvənd olunmağa əks-göstərişi olanlar mövcuddur. Peyvənd olunanların sayı artdıqca həmin əhali qrupu da qorunmuş olur.
- Vaksinin üçüncü dozası nəyə görə lazımdır?
- Risk qruplarının - tibb işçiləri, yaşı 60-dan yuxarı olan vətəndaşlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərin immunitetlərini yüksək səviyyəyə qaldırmaq üçün üçüncü – gücləndirici doza tövsiyə olunub. Bir sıra ölkələr – Türkiyə, Rusiya, İsrail və Avropa ölkələri də üçüncü dozanı tətbiq etməyə hazırlaşırlar. Həssas qrupun yoluxma və ya xəstələnmə zamanı bu xəstəliyi daha ağır keçirmə ehtimalı çox olduğundan, həmin şəxslər arasında hospitalizasiya və ölüm hallarının sayını azaltmaq üçün onlara üçüncü doza tövsiyə olunur. Bu, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in birgə bəyanatında öz əksini tapıb. İkinci doza vurulduqdan 6 ay sonra həmin şəxslər üçüncü dozanı qəbul etmək üçün müraciət edə biləcəklər. Nəzərə alsaq ki, Azərbaycanda vaksinasiyaya yanvarın 18-də başlanılıb və ikinci doza fevralın 15-dən başlayaraq vurulub, deməli avqustun 15-dən etibarən 6 ay tamam olur. Vaksinasiyanın ilk günlərində peyvənd olunmuş şəxslər bu ayın 15-dən etibarən üçüncü doza üçün müraciət edə bilərlər. Bu, məcburi deyil, sadəcə olaraq bir tövsiyədir.
Qüvvətləndirici doza üçün ölkədə koronavirus əleyhinə tətbiq olunan istənilən vaksin növündən istifadə edilə bilər. Yəni birinci və ikinci dozaların hansı vaksin növündən olması fərq etmir.
- Payız-qış mövsümündə qrip kimi, COVİD-19 infeksiyasının da daha geniş yayılacağını demək olarmı?
- Məlum olduğu kimi, soyuq aylarda respirator virus infeksiyalarına yoluxma hallarında artım qeydə alınır. Buna da infeksiyanın mövsümiliyi deyilir. COVID-19 infeksiyasının mövsümiliyi haqqında danışmaq hələ tezdir. Çünki pandemiyanın başlanmasından cəmi il yarım keçib. Bunu zaman göstərəcək ki, həmin infeksiya həqiqətən mövsüm xarakterlidir, yoxsa yox. Lakin hər halda, soyuq aylarda insanların həyat tərzində dəyişiklik müşahidə edilir. Yəni onlar daha çox qapalı məkanlara üz tuturlar və təmaslar sıx olur. Nəticədə, yoluxma ehtimalı daha çox artır. Buna görə də payız aylarında yoluxma hallarının artımını proqnozlaşdıra bilərik. Lakin nəzərə almaq lazımdır ki, burada əngəlləyici faktor vaksinasiya prosesidir. Əgər əhalinin vaksinasiyası yetərli sayda olsa, müəyyən qədər artımın qarşısı alına bilər. Nəticədə, koronavirusa yoluxma halları ötən ilin noyabr-dekabr aylarında qeydə alınan saylar qədər olmaz. Yoluxma o həddə çatarsa belə, peyvəndləmənin hesabına xəstəxanalara yerləşdirilənlərin, ağır halların və ölümün sayı az olar.
- Qeyd etdiniz ki, az olsa da, peyvənd olunmağa əks-göstərişi olanlar mövcuddur. Kimlərə peyvənd vurdurmaq olmaz?
- Hamilələrin və süd verən anaların, kəskin allergik xəstələrin və müxtəlif orqanların xəstəliklərinin kəskinləşmə dövrünü yaşayanların, həmçinin kimyaterapiya müalicəsi alan onkoloji xəstələrin koronavirus əleyhinə peyvəndlərə qarşı birmənalı olaraq əks-göstərişləri var. Vətəndaşlar “Əks-göstəriş sertifikatı” almaq üçün ərazi üzrə poliklinikalara müraciət etməlidirlər. Poliklinika onların məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Xüsusi Komissiyaya təqdim edir və komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikatı” verilir. Bu sertifikat müddətli təyin edilir, onun qüvvədə olma müddəti anamnezdəki məlumatlardan asılıdır. “Əks-göstəriş sertifikatı” verilənlər bir müddət sonra xəstəliyin gedişindən asılı olaraq peyvəndə göstəriş yarandıqda vaksinasiya oluna bilərlər. “Əks-göstəriş sertifikatı” istisna hallarda müddətsiz verilə bilər, lakin belə xəstələrin sayı çox azdır.