Şəkərli diabet xəstələri COVID-19 əleyhinə peyvənd vurdurmalıdırlar
Yeni növ koronavirus (COVID-19) infeksiyasını xroniki xəstəliklərdən, xüsusən də qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkənlər daha çətin keçirir. COVID-19 infeksiyasının əsasən yaşlılarda və xroniki xəstəlikləri olanlarda daha ağır və ölümcül olduğu bildirilir.
Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov şəkərli diabet zamanı COVID-19 riski, diabet xəstələrinin koronavirus əleyhinə vaksinasiyası barədə sualları cavablandırıb.
- Şəkərli diabet COVID-19 riskini artırırmı?
- Suala dəqiq cavab vermək mümkün deyil, çünki bu mövzuda hələ kifayət qədər araşdırma aparılmayıb. Lakin bütün infeksiyaların metabolik nəzarəti pozduğu məlumdur. Ona görə də qan şəkəri monitorinqi zəif olan diabet xəstələrində COVID-19 infeksiyasına yoluxma riski yüksək ola bilər.
Araşdırmalar göstərir ki, şəkərli diabetdən əziyyət çəkənlərdə riski təyin edən əsas amillər xəstənin yaşı, qan şəkərinin miqdarı və digər yanaşı xəstəlikləridir. Ona görə koronavirus infeksiyasının nəzarətsiz şəkərli diabet xəstələrində daha ciddi şəkildə irəliləyəcəyini söyləmək mümkündür.
- Bəs COVID-19 diabet riskini artırırmı?
- Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 infeksiyası da normal keçir. Lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələrinin koronavirusa yoluxması daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir.
- Pandemiya zamanı diabet xəstələri nə etməlidirlər?
- Təcili hal olmadığı təqdirdə, şəkərli diabet xəstələrinə vaxtaşırı şəkər müayinələrini təxirə salmalarını tövsiyə edirik. Xəstənin qan şəkərini daha tez-tez izləməsi, kifayət qədər maye qəbul etməsi və ümumi sağlam qidalanma tövsiyələrinə riayət etməsi çox vacibdir. Pandemiya dövründə xəstələrin əksəriyyəti pəhrizlərinə uyğun qidalanmadıqları üçün onlarda çəki artımı ilə yanaşı, şəkər, xolesterin və təzyiqin yüksəlməsi də müşahidə edilir. Xəstələrə evdə və ya açıq havada gündə ən azı 5 min addım atmağı tövsiyə edirik. Gəzinti həm qan şəkərinin tənzimlənməsini, həm də çəki nəzarətini və psixoloji sağlamlığı təmin edəcək. Təbii ki, şəkər xəstələri pandemiya zamanı dərman qəbulunu davam etdirməlidirlər.
- Diabet xəstələri koronavirus əleyhinə vaksin vurdura bilərmi? Bu xəstəlik vaksinasiya üçün əks-göstəriş deyil ki?
- Şəkərli diabet xəstələri COVID-19 əleyhinə peyvəndi mütləq vurdurmalıdırlar. Özümüzün, əzizlərimizin, doğmalarımızın həyatını riskə atmaq istəmiriksə, qaydalara uyğun davranmalı və vaksinasiyada iştirak etməliyik.