Tibb İşçiləri Günü qeyd olundu
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat Nazirliyi yaradılıb və nazir vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.
Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində səhiyyənin idarə olunmasında islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təmir və bərpası, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər ölkəmizdə bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Azərbaycanda 750-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub.
Heydər Əliyev Fondunun diabetli, talassemiyalı və digər xəstələrə göstərdiyi qayğı, onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaq sağlamlığının mühafizəsinin yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.
Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək, həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin həyata qaytarılmasında böyük fədakarlıq göstəriblər. Birgə səylər nəticəsində son vaxtlar infeksiyaya yoluxanların sayı əhəmiyyətli dərəcədə azalıb. Hazırda Azərbaycanda bu virusa qarşı sürətlə davam edən peyvəndləmə prosesində ölkəmiz MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir.
Xəstələrə şəfa vermək, onları xilas etmək, normal həyata qaytarmaq çətin, məsuliyyətli, gərəkli, eyni zamanda, nəcib, xeyirxah, müqəddəs işdir. Bu ağır yolu seçən və ona ömürlük sadiq qalan, bu mürəkkəb missiyanı şərəflə yerinə yetirən tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.
17 iyun – Tibb İşçilərinin peşə bayramı münasibətilə Azərbaycan Tibb Universitetində (ATU) tədbir keçirilib.
Toplantını açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu bayram münasibətilə həmkarlarını təbrik edib, bu günün tarixindən danışıb: “Hər il peşə bayramımızı müxtəlif formatlarda qeyd etməyə çalışmışıq. Amma keçən il həyatımızda, ümumiyyətlə, tariximizdə qeyri-adi bir il oldu. Artıq il yarıma yaxındır davam edən COVID-19 pandemiyası istər ölkəmizdə, istərsə də dünyada həyatın bütün sahələrinə, o cümlədən tədris prosesinə ciddi təsir edib. Məhz həkimlər, tibb işçiləri pandemiya ilə ağır mübarizənin ön cəbhəsində böyük fədakarlıq göstəriblər. Bu gün ölkəmizin çətin dövrdən az itkilərlə çıxmağı bacardığını, vaksinasiya prosesi baxımından regionda ön yerdə olduğunu deyə bilərik”.
Professor G.Gəraybəyli Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il işğalda olan torpaqlarımızın azad edildiyi 44 günlük Vətən müharibəsinə xüsusi toxunub, ATU-nun çox sayda əməkdaşının bu şərəfli tarixdə imzası olduğunu vurğulayıb.
Tibb İşçiləri Günündə Səhiyyə Nazirliyinin kollegiya iclasının keçirildiyini bildirən rektor səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayevin ATU-nun kollektivinə təbrik və salamlarını çatdırıb: “Səhiyyə nazirinin birinci müavini ATU-nun ölkədə istər tibb təhsili ilə, istərsə də öz klinikalarında vətəndaşların sağlamlığının keşiyində dayanması ilə səhiyyəmizin ümumi inkişafında böyük rol oynadığını vurğuladı, yeni-yeni uğurlar dilədi”.
Universitetin 90 illik yubileyinin ötən ilə təsadüf etdiyini deyən G.Gəraybəyli təəssüf hissi ilə qeyd edib ki, məlum səbəblərdən, əvvəlcədən planlaşdırılan tədbirlərin yalnız kiçik bir hissəsini və yalnız onlayn həyata keçirmək mümkün olub. Rektor ATU-nun yubileyi münasibətilə ölkə rəhbərliyi tərəfindən 21 nəfərin, Səhiyyə Nazirliyi tərəfindən isə 20 nəfər əməkdaşın təltif olunduğunu xatırladıb.
Sonra universitetin ictimai-siyasi həyatında fəal iştirak edən, o cümlədən pandemiya ilə mübarizədə və Vətən müharibəsində ön sıralarda olan bir qrup əməkdaşa Tibb İşçiləri Günü münasibətilə rektor G.Gəraybəylinin əmri ilə Fəxri fərman və pul mükafatı təqdim olunub.
Daha sonra ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov çıxış edərək bildirib ki, ATU-nun 90 illik yubileyi münasibətilə 2021-ci il aprelin 26-da Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin Qərarına əsasən, səhiyyə sistemində çoxillik səmərəli və qüsursuz əmək fəaliyyətinə görə 15 nəfər əməkdaş Fəxri fərmanla təltif olunub.