ATU dünya əczaçılarını konqresə topladı

ATU dünya əczaçılarını konqresə topladı

XX əsri ölkəmizdə əczaçılığın inkişafında intibah dövrü hesab etmək olar. Çünki bu yüzillikdə Azərbaycanda bu sahədə əhəmiyyətinə görə bənzəri olmayan hadisə baş verib - əczaçılıq üzrə ali təhsilin bünövrəsi qoyulub və artıq 80 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir.
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli “Əczaçılığın müasir problemləri” mövzusunda V Beynəlxalq Elmi Konqresin açılış mərasimindəki çıxışı zamanı deyib.
Rektor xatırladıb ki, məhz 1938-ci ildə ölkəmizdə Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil olunub: “İftixarla qeyd etməliyəm ki, keçmiş SSRİ-nin türkdilli respublikaları, həmçinin qonşu Türkiyə və İranla müqayisədə ali əczaçılıq təhsili üzrə ilk qurum məhz Azərbaycanda yaranıb və sonradan müharibənin başlaması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılıq fakültəsinə çevrilib”.
G.Gəraybəyli qeyd edib ki, ölkəmizdə əczaçılıqla məşğul olan mütəxəssislərin, demək olar, hamısı ATU-nun Əczaçılıq fakültəsinin yetirmələridir: “İndiyədək bu fakültənin 6 mindən artıq məzunu olub və onlar əsasən müalicə-profilaktika müəssisələrində işləyirlər. Bu fakültə Azərbaycanla yanaşı, digər ölkələr üçün də ali təhsilli əczaçılar və elmi-pedaqoji kadrlar hazırlayıb. Tibb Universitetinin Əczaçılıq fakültəsi ölkəmizdə bu sahədə yeganə elmi tədqiqat mərkəzinə çevrilib. Elmi araşdırmaların həyata keçirilməsi üçün Əczaçılıq kimyası kafedrasının nəzdində müasir əczaçılıq laboratoriyası qurulub. Ölkəmizdə əczaçılıq sənayesinin yaradılması və inkişafında da fakültənin və onun hazırladığı kadrların böyük rolu olub”.
Professor G.Gəraybəyli Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, ali əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr olunmuş elmi konqresin işinə uğurlar arzulayıb.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxışında son əsr ərzində Azərbaycanda əczaçılığın inkişafından danışıb və qeyd edib ki, bu inkişafda, əczaçı kadrların hazırlanmasında yubileyi qeyd olunan fakültənin böyük rolu olub: “Əgər 100 il əvvəl Azərbaycanda cəmi 50 aptek var idisə, indi onların sayı 2900-ə çatıb. Topdansatış müəssisələrinin sayı 100-dən çoxdur. Yeni əczaçılıq müəssisələri də yaradılır. Əgər 1998-ci ildə Azərbaycanda yalnız bir dərman istehsalı şirkəti var idisə, indi onların sayı dəfələrlə çoxdur. Hətta xarici ölkələrdən Azərbaycana dərman istehsalı sahəsində investisiya qoymaq istəyən şirkətlərin də marağı artır”.
Nazir müavini qeyd edib ki, bu gün Səhiyyə Nazirliyi istehsalçıdan istehlakçıya kimi dərman vasitələrinin keyfiyyətinə və effektivliyinə nəzarəti həyata keçirir. Bu istiqamətdə işlər daim təkmilləşdirilir. O, ATU-da son illər aparılan islahatların əczaçılıq təhsilinin gələcək inkişafına müsbət təsir göstərəcəyini də vurğulayıb.
Sonra Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasının müdiri, Azərbaycan Əczaçılar Assosiasiyasının sədri Tahir Süleymanov ölkəmizdə bu sahənin tarixi haqqında danışıb. Qeyd edib ki, zəngin təbii şəfaverici faktorlara və Şərq təbabəti təcrübəsinə əsaslanan Azərbaycan əczaçılığı qədim, dərin köklərə malikdir. Onun sözlərinə görə, hələ Qafqaz Albaniyası dövründə hazırlanmış məlhəmlərin və cövhərlərin Roma imperiyasına ixrac edilməsinə dair saziş də bağlanmışdı. T.Süleymanov 1850-ci ildə ölkəmizdə ilk dəfə olaraq Bankə qəsəbəsində aptek yaradıldığını xatırladaraq, əczaçılığın keçdiyi inkişaf mərhələlərindən söz açıb.
Açılış nitqlərindən sonra “Əczaçılığın müasir problemləri” mövzusunda V Beynəlxalq Elmi Konqres işinə başlayıb. Toplantıda əczaçılıq elminin bütün sahələri, eləcə də yeni dərman vasitələrinin yaradılması istiqamətində aparılan elmi-tədqiqat işləri, həmçinin praktik əczaçılığın maraq dairəsində olan problemli məsələlər müzakirəyə çıxarılıb, məruzələr edilib.
Türkiyənin Lokman Həkim Universitetinin rektoru, professor Bülent Gümüşel , Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Özbəkistanın S.Y.Yunusov adına Təbii Maddələrin Kimyası İnstitutunun direktoru, professor Şamansur Saqdullayev, Fransanın Marsel Universitetinin Əczaçılıq fakültəsi, Farmakoqnoziya və etnofarmakologiya kafedrasının müdiri, professor Evelin Olivye, Kiprin Yaxın Şərq Universiteti Səhiyyə Elmləri İnstitutunun müdiri, professor K.Hüsnü Can Başer, Tbilisi Dövlət Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı Ana Çinçaradze, ABŞ-ın Cənubi Florida Universitetinin Əczaçılıq fakültəsinin dekan müavini, professor Yaşmant Pathak, Təbriz Tibb Elmləri Universitetinin Kliniki farmakologiya kafedrasının müdiri Haleh Rezae və digər iştirakçılar müxtəlif mövzularda məruzələr səsləndiriblər.
Onlayn tədbirdə əczaçılıq sahəsində dövlət siyasətini həyata keçirən qurumlar, özəl sektorun nümayəndələri, tədqiqatçılar, tədrislə məşğul olan professor-müəllim heyəti və tələbələr iştirak ediblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova