ÜST Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində səhiyyə ehtiyaclarını öyrənir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası son hərbi əməliyyatların mülki əhaliyə, onun sağlamlığına təsirlərini öyrənmək, ən çox təhlükə altında olan əhali qruplarını və sahələri müəyyənləşdirmək üçün Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində səfərdə olub.
ÜST-nin Azərbaycandakı ofisindən bildirilib ki, missiya çərçivəsində nümayəndə heyəti yerli icra hakimiyyəti orqanlarını və səhiyyə müəssisələrini ziyarət edib, ÜST-nin lazımi dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirmək üçün tibb işçiləri və digər şəxslərlə müzakirələr aparıb.
ÜST-nin 7 nəfər yerli və xarici ekspertindən, Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrindən ibarət missiyanın üzvləri beşgünlük səfər çərçivəsində Bərdə, Tərtər, Ağdam və Gəncədə olublar. Münaqişədən birbaşa zərər çəkmiş insanlara gigiyena dəstləri və tibbi maskalar paylanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin yekunlarına dair brifinq keçirilib. Bildirilib ki, ÜST missiyasının münaqişədən zərər çəkmiş bölgələrə səfərlə bağlı gəldiyi ilkin nəticələrə görə, Qarabağ münaqişəsi və COVID-19 pandemiyasının təsiri Azərbaycanın səhiyyə sistemi üzərində ağır yük yaradıb və əsas səhiyyə xidmətlərinin göstərilməsinə təsir edib. Bölgədəki 12 xəstəxana, ailə sağlamlıq mərkəzi və tibb məntəqəsində olan ÜST ekspertləri son aylarda səhiyyə işçilərinin üzərinə böyük yük düşdüyünü və onların bu çətinliklərə qarşı qəhrəmancasına mübarizə apardığını qeyd ediblər. Bəzi tibb müəssisələrinə münaqişə zamanı ziyan dəyib və nəticədə onların pasiyentlərinin bir hissəsinin təxliyə edilməsi ehtiyacı yaranıb. Peyvəndləmə, xroniki xəstəliklərdən əziyyət çəkənlərə qulluq, ana və uşaq sağlamlığı kimi əsas səhiyyə xidmətlərinin göstərilməsində fasilələr olub. Səhiyyə işçiləri arasında COVID-19-a yoluxma hallarında artım baş verib və onların bəziləri həyatını itirib.
“Səhiyyə sahəsində çatışmazlığı daha çox münaqişə bölgələrinə yaxın yerlərdə, xüsusilə Tərtər və Ağdamda müşahidə etdik. Bu da gözlənilən idi. Həmin ərazilərdə uzun illərdir münaqişə səbəbindən gərginlik var. Səhiyyə işçilərinin həmin yerlərdə özlərini təhlükəsiz hiss etmələri və tibbi xidmət göstərmələri üçün şərait çətindir”.
Bunu brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O, məsələnin uzunmüddətli həlli üçün səhiyyə işçilərinin yenidən planlaşdırılmasını lazım bilib, bununla bağlı həm Səhiyyə Nazirliyi, həm də TƏBİB ilə birgə çalışmaq istədiklərini söyləyib. Hande Harmancının sözlərinə görə, münaqişədən zərər çəkmiş ərazilərdə müəyyən olunan ən başlıca çətinliklərdən biri psixi sağlamlıq və psixo-sosial dəstəyə artan ehtiyacın səhiyyə sistemi tərəfindən qarşılanmasındakı məhdudiyyətlərdir. ÜST yerli və Azərbaycandakı BMT tərəfdaşları ilə bu məsələlərdə ölkəni dəstəkləmək istiqamətində çalışmağa davam edəcək.
“Münaqişə COVID-19 pandemiyası ilə birlikdə bu ərazilərdə səhiyyə sistemi üçün ciddi çətinliklər yaradıb və tibb işçilərinin iş yükünü əhəmiyyətli dərəcədə artırıb. Yerli qurumlar mövcud imkanları ilə maksimal dərəcədə əllərindən gələni etməyə çalışırlar. Səhiyyə işçilərinin təhlükəsizliyi bizim üçün vacibdir. Onlar davamlı olaraq COVID-19-a yoluxma təhlükəsi ilə üz-üzədirlər. Biz pandemiyanı nəzarət altına almaq istəyiriksə, elm və sübutları rəhbər tutaraq birgə çalışmalı və yeni şəraitdə yaşamağa öyrənməliyik”, - deyə missiyanın rəhbəri Mari Benner bildirib.
Missiyada Səhiyyə Nazirliyinin nümayəndəsi Nurəddin Abdullayev deyib ki, səfər çərçivəsində Tərtər, Bərdə, Ağdam və Gəncədə olarkən müharibədən zərər çəkmiş əhali arasında psixoloji durumun gərgin olduğunu müşahidə ediblər. Həmin ərazilərdəki əhaliyə müəyyən psixoloji yardım və dəstək lazımdır. O bildirib ki, hesabat hazırlanandan sonra bununla bağlı müəyyən addımlar atılacaq.
Missiya çərçivəsində Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə səfərin çox faydalı və səmərəli olduğunu söyləyən TƏBİB-in nümayəndəsi Ramin Bürcəliyev cəbhə xəttində, müharibədən yeni çıxmış və COVID-19 ilə mübarizə aparan bölgələrdə səhiyyə ehtiyaclarını yerində öyrənmək və resurslarla həmin ehtiyacları qarşılamaq imkanını yüksək qiymətləndirib, tezliklə həmin ərazilərdə səhiyyə ehtiyaclarının təmin olunacağına və müsbət nəticələr əldə ediləcəyinə inandığını deyib. O bildirib ki, bu il COVID-19-la mübarizə aparılan bir zamanda ərazi bütövlüyümüzün bərpası uğrunda müharibənin başlanması nəticəsində səhiyyə xidməti hər iki cəbhədə gücləndirilmiş iş rejiminə keçib: “Həm yaralıların müalicəsi, reabilitasiyası, həm də koronavirusa yoluxan vətəndaşların müalicəsi aparıldığından, bütün tibbi personal cəlb olundu. Türkiyə və digər ölkələrdən istər könüllü, istərsə də dəvətlə tibbi personal gətirildi. ÜST də öz dəstəyini heç zaman əsirgəmədi, buna görə ona minnətdarıq”, - deyə R.Bürcəliyev vurğulayıb.