Avropa İttifaqı və ÜST Azərbaycanda COVID-19-la ön cəbhədə mübarizəni zəruri tibbi ləvazimatlarla dəstəkləyir

Avropa İttifaqı və ÜST Azərbaycanda COVID-19-la ön cəbhədə mübarizəni zəruri tibbi ləvazimatlarla dəstəkləyir

Azərbaycandakı tibb işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə ölkəyə respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar gətirilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST tərəfindən ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır.
Virusla ön cəbhədə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyi üçün göndərilən bütün avadanlıqların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsi yoxlanışdan keçirilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə böyük yardım paketinin bir hissəsi olan bu avadanlıqları Səhiyyə Nazirliyinə təhvil verib.
“İndi təcrid deyil, beynəlxalq həmrəylik və liderlik nümayiş etdirmək vaxtıdır. Avropa İttifaqı və üzv dövlətlər birlikdə “Avropa Komandası” olaraq Aİ-nin Şərq qonşuluğunun dayanıqlığını və ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialını gücləndirmək üçün COVID-19 pandemiyasının qarşısını almağa, virusu aşkarlamağa və mübarizə aparmağa kömək edir”. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Rahim Əliyev isə söyləyib ki, COVID-19 sərhəd tanımadığı kimi, ona qarşı mübarizə də sərhəd tanımamalı, mütəşəkkillik, həmrəylik, qarşılıqlı yardım, qazanılan müsbət təcrübədən istifadə təməlləri üzərində qurulmalıdır: “Səhiyyə Nazirliyi adından Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı rəsmilərinə, eləcə də Xarici İşlər Nazirliyinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Birmənalı olaraq, insanların sağlamlığının qorunması ən alicənab və nəcib işdir”.
Nazir müavini söyləyib ki, Səhiyyə Nazirliyi bu ləvazimatların ölkə daxilindəki tibb müəssisələrinə paylanmasını təmin edəcək.
ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı deyib: “Tibb işçiləri COVID-19 pandemiyasına qarşı mübarizədə ön cəbhədədirlər və bu da onların virusa yoluxma riskini artırır. Onlar bizim qəhrəmanlarımızdır, lakin onların da qorunmağa ehtiyacı var”. ÜST nümayəndəsi əlavə edib ki, Avropa İttifaqının səxavətli töhfəsi olan bu qoruyucu vasitələr ölkəmizdəki tibb işçilərinin gündəlik fəaliyyətlərində üzləşdikləri riskləri azaltmağa, onları, xəstələri və bu virusdan zərər görə biləcək digər şəxsləri qorumağa dəstək göstərəcək.
Fərdi qoruyucu vasitələrin ianəsi hazırda 188-dən çox ölkə və əraziyə yayılan COVID-19 pandemiyasına qarşı Avropa İttifaqının mübarizə tədbirlərinin tərkib hissəsidir. 27 mart 2020-ci ildə Avropa İttifaqı Azərbaycan daxil olmaqla Şərqi Avropanın və Qafqazın altı ölkəsində COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və mübarizə aparmaq məqsədilə 30 milyon avro dəyərində yardım paketi ayırdığını elan edib.
Bu vəsait ilkin olaraq zəruri ləvazimatların alınması, tibb işçiləri və virusa qarşı ön cəbhədə mübarizə aparan digər şəxslər üçün təlimlərin keçirilməsi kimi fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə ediləcək. Uzunmüddətli perspektivdə bu yardım ölkənin ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsinə yönəldiləcək.
Layihə Avropa İttifaqının və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova