Ötən ay 50 min nəfərə qızılca-məxmərək əleyhinə peyvənd edilib
Mart ayında ölkəmizdə 50 min nəfər qızılca-məxmərək əleyhinə peyvənd alıb. Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva məlumat verib. O bildirib ki, Səhiyyə Nazirliyinin 27 fevral 2019-cu il tarixli “Respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi barədə” əmri ilə ölkənin səhiyyə orqanlarına bu sahədə fəaliyyətin gücləndirilməsi barədə tapşırıqlar verilib.
Direktor müavini son dövrlərdə bu sahədə görülən tədbirləri nəzərə çatdıraraq deyib: “Ölkəyə 160 min doza qızılca-məxmərək əleyhinə vaksin gətirilib. Mart ayında şəhər və rayonlarda peyvənd olunmayanlar arasında immunlaşdırma tədbirlərinin aparılmasına başlanılıb və artıq 50 min nəfərə yaxın əhali qızılca-məxmərək əleyhinə peyvənd edilib.
Bu sahədə fəaliyyət göstərən mütəxəssislər Respublika GEM tərəfindən təlimatlandırılıb və təşkilati-metodiki sənədlər hazırlanaraq müvafiq səhiyyə müəssisələrinə göndərilib. Nəzarət və metodiki kömək məqsədilə qızılca-məxmərək əleyhinə peyvənd işlərini həyata keçirən səhiyyə müəssisələrinə ərazi GEM-lərinin mütəxəssisləri təhkim olunub”.
Qeyd etmək lazımdır ki, immunlaşdırma tədbirlərinin səmərəli həyata keçirilməsində əhalinin fəallığı böyük əhəmiyyət kəsb edir. İmmunlaşdırmaya cəlb olunan hər kəs bilməlidir ki, onun vaxtında vaksinasiya olunması həm özünün, həm də yaxınlarının ağır fəsadlar törədə bilən qızılca xəstəliyindən qorunmasını təmin etməyə yönəlib.
A.Əliyeva xatırladıb ki, 2013-cü ilin iyulundan ötən ilin noyabrınadək ölkəmizdə qızılca xəstəliyi qeydə alınmayıb və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycana xəstəliyin eliminasiyası statusu verilib. Lakin 2018-ci ilin payızında Avropanın bir sıra ölkələrində, eyni zamanda, ölkəmizlə həmsərhəd ərazilərdə qızılca xəstəliyinin yayılması və intensiv miqrasiya nəticəsində Azərbaycan əhalisi arasında (əsasən 20-40 yaşlı insanlarda) qızılca xəstəliyi qeydə alınmağa başlayıb. Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən qızılca aşkar edilmiş xəstəlik ocaqlarında epidemioloji təhqiqatların aparılması, xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, vaxtında və effektiv müalicəyə cəlb edilməsi, həmçinin maarifləndirici işlərin aparılması sayəsində xəstəliyin geniş əhali kütləsinə yayılmasının qarşısı alınsa da, tək-tək hallarda nisbətən yaşlı əhalinin xəstəliklə üzləşmə halları baş verib. Xəstəliyin ictimai səhiyyə sahəsində ciddi fəsadlar törədə biləcəyi ehtimalını nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən vaxtında effektiv profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb.