Naxçıvan tibb müəssisələrinə təcili yardım maşınları verilib

Naxçıvan tibb müəssisələrinə təcili yardım maşınları verilib

Naxçıvan Muxtar Respublikasının (MR) səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobili təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib.
Mərasimdə Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov çıxış edərək, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlərdən, infrastrukturun yenilənməsi, tibbi-informasiya sisteminin yaradılması üzrə görülən işlərdən danışıb. Bildirib ki, yeni təcili tibbi yardım avtomobillərinin təqdimatı da muxtar respublikada səhiyyənin inkişafı sahəsində tədbirlərin davamıdır. Niyazi Novruzov MR-nın səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, əhalinin sağlamlığının qorunması sahəsində məsuliyyətlə çalışacaqlarına söz verib.
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov təcili tibbi yardım avtomobillərinin təqdim olunması münasibətilə səhiyyə müəssisələrinin kollektivlərini təbrik edərək deyib ki, ölkəmizdə və muxtar respublikada səhiyyənin inkişafı üçün görülən işlər əhaliyə nümunəvi tibbi xidmət göstərməyə imkan verir. Dövlət başçısının diqqət və qayğısı ilə yeni xəstəxanaların tikilməsi, müasir tibbi avadanlıqların və təcili tibbi yardım avtomobillərinin alınması, həkimlərin ixtisasının artırılması və digər tədbirlər səhiyyənin inkişafına səbəb olub. Artıq muxtar respublikada tibb müəssisələrinin 96 faizi tamamilə yenidən qurulub, müasir iş şəraiti yaradılıb. Görülən işlərin nəticəsində infeksion xəstəliklərin qarşısı alınır, ana və uşaq ölümü minimum səviyyədədir. Bu nailiyyətlər münasibətilə səhiyyə işçilərini təbrik edən Ali Məclisin Sədri deyib ki, səhiyyə sahəsində ən mühüm məsələlərdən biri də təcili tibbi yardım xidmətinin təşkilidir. Bu sahənin əhəmiyyəti nəzərə alınaraq, muxtar respublikada təcili tibbi yardım xidmətinin təşkili diqqətdə saxlanılır. Ali Məclisin Sədri təqdim olunan 15 təcili tibbi yardım avtomobilinin bu sahədə xidmətin keyfiyyətini yaxşılaşdıracağına, muxtar respublikanın səhiyyə işçilərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəmalə İbrahimova minnətdarlıq edərək deyib ki, Sədərək rayonunda tibbi xidmətin təşkili sahəsində ardıcıl tədbirlər görülür. Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəlib. Sədərək RMX-na təcili tibbi yardım avtomobilinin təqdim olunması bu sahədə fəaliyyətin səmərəli təşkilinə imkan verəcək.
Məlumat verilib ki, Türkiyə istehsalı olan təcili tibbi yardım avtomobillərində xəstələrin təxliyəsi zamanı ilkin tibbi müdaxilə və reanimasiya tədbirlərinin aparılması üçün lazımi şərait var. Avtomobillər oksigen balonları, hərəkətli araba və xərəklər, ilkin tibbi yardım çantaları, dərman vasitələri və digər avadanlıqla təchiz olunub. Yüksək texniki imkanlara malik olan təcili tibbi yardım avtomobilləri istənilən hava və yol şəraitində xəstələrin təhlükəsiz təxliyəsinə imkan verəcək.
Yeni təcili tibbi yardım avtomobilləri Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Mərkəzi Uşaq Xəstəxanasına, Təcili Tibbi Yardım Mərkəzinə, Şərur Rayon Uşaq Xəstəxanasına və bütün rayon mərkəzi xəstəxanalarına təqdim edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova