Günvurma ilə əlaqədar 100-ə yaxın çağırış olub
“Yay mövsümü başlayandan indiyədək günvurma ilə əlaqədar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) 60-ı kişi, 32-si qadın, 7-i azyaşlı olmaqla, cəmi 99 nəfər müraciət edib. Onlardan 64 nəfəri stasionar müalicəyə cəlb olunub, 35 nəfərə yerində tibbi yardım göstərilib. Müraciət edənlərin həyati təhlükəsi olmayıb”.
Bu haqda bizə Bakı şəhəri TTTYS-nın baş həkimi Rauf Nağıyev məlumat verdi.
Müsahibimiz dedi ki, yay fəslində stansiyaya həm günvurma, həm də istivurma ilə əlaqədar müraciətlər olub: “Günvurma ilə istivurmanın əlamətləri eyni olsa da, baş vermə səbəbləri fərqlidir. İstivurma hər hansı səbəbdən qapalı, isti şəraitdə olan, günvurma isə açıq günəş şüaları altında qalan adamlarda baş verir. Azyaşlı uşaqlar, xəstə insanlar, yaşlılar, hamilə qadınlar, artıq çəkidən əziyyət çəkənlər, istidə, açıq havada ağır fiziki işlə məşğul olanlar belə hallar üçün daha həssas qruplardır və onların vəziyyəti daha tez pisləşə bilər”.
R.Nağıyev günvurmadan qorunmaq üçün əhali arasında maarifləndirmə işinin aparılmasının zəruriliyini vurğuladı. O, günvurma halının yüngül başağrısı, ürəkbulanma, halsızlıq, ətraf mühitə reaksiyanın zəifləməsi ilə özünü büruzə verdiyini diqqətə çatdırdı. Bildirdi ki, saat 11-dən 17-dək açıq günəş şüaları altına çıxmaq olmaz: “Həmin saatlarda dənizə, hovuza girmək, günəş vannası qəbul etmək, çöldə idmanla məşğul olmaq və s. məsləhət görülmür. Hava çox isti olduqda əsasən sərin yerlərdə, otaqlarda olmaq lazımdır. Nəqliyyat vasitələrində kondisioner yoxdursa, mütləq pəncərə açıq saxlanılmalıdır. Əgər kimsə açıq havaya, günəş şüaları altına çıxmağa məcburdursa, baş örtüklərindən, çətirdən, gün eynəklərindən istifadə etməlidir. Açıq rəngli və təbii materiallardan, əsasən pambıq, kətan parçalardan tikilmiş geyimlər seçilməlidir. Bununla yanaşı, gün ərzində 2-3 litrə qədər maye, mineral və təbii sular qəbul olunmalıdır. İnsanlar günün isti saatlarda yola çıxarkən, susuzluq hiss etməsələr belə, özləri ilə mütləq sərin su götürməlidirlər. Yay aylarında qida rasionuna da xüsusi diqqət yetirilməlidir. Yüksək kalorili, ağır yeməklərdən imtina etmək lazımdır. Tərəvəzdən hazırlanmış yeməklərə üstünlük verilsə, yaxşı olar”.
Baş həkim onu da vurğuladı ki, günvurma zamanı ilkin tibbi yardım kimi zərərçəkəni kölgəyə və sərin otağa aparmaq, geyimini yüngülləşdirmək lazımdır: “Zərərçəkənə soyuq su vermək, paltarının yaxasını açmaq, üzünü və sinəsini soyuq su ilə silmək, başına, boynuna, qollarına yaş dəsmallar qoymaq məsləhətdir”.
R.Nağıyev bütün bunlarla yanaşı, vaxt itirmədən təcili yardım çağırılmasını tövsiyə etdi.
Baş həkim onu da bildirdi ki, iyul ayının əvvəlində Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş yanğın nəticəsində bir çox yerlərdə, o cümlədən Bakı metropolitenində elektrik enerjisinin kəsilməsi ilə əlaqədar TTTYS da gücləndirilmiş iş rejimində çalışıb. Yaranmış problemlə bağlı olaraq, TTTYS-nın 34 briqadası metro stansiyalarının qarşısında növbə çəkib. Daha çox işlək olan metro stansiyaları ərazisində 2-3 briqada yerləşdirilib. Baş vermiş hadisə səbəbi ilə TTTYS-ya ümumilikdə 24 müraciət daxil olub, onlara lazımi tibbi yardım göstərilib. Zərərçəkənlərdən 6 nəfəri xəstəxanaya yerləşdirilib. R.Nağıyev onu da qeyd etdi ki, bu məsələ ilə bağlı bəzi şayiələr yayılsa da, qatarların tunellərdə qalması və sərnişinlərin evakuasiyası zamanı ölüm hadisəsi baş verməyib.
Ü.FƏRZƏLİYEVA