Faydalı qidalar
Amerikalı alimlər ömrü uzadan məhsulları açıqlayıblar
Tədqiqatçılar artıq çoxdandır bəzi insanların orta statistik adamdan çox yaşamasının sirrini tapmağa çalışırlar.
Stenford Universitetinin alimləri müəyyən ediblər ki, rasionunda müəyyən məhsullar olan insanların ömrü 20 il uzana bilər. Bu nəticəyə gəlməyə imkan verən yeni araşdırmada 40 yaşdan yuxarı 11 min kişi və qadın iştirak edib. Onlar hər gün yediklərini təsvir etmək üçün gündəlik tutublar. Bunun nəticələrini təhlil edən alimlər müəyyənləşdiriblər ki, ölüm hallarının çoxuna düzgün olmayan qidalanma səbəb olub. Həmçinin onlar aydınlaşdırıblar ki, meyvə-tərəvəz, qoz-fındıq yeyən adamlar özlərini pis hiss etməkdən az şikayət ediblər və 20 il çox yaşayıblar.
Tədqiqatçılar əmindirlər ki, meyvə-tərəvəz, qoz-fındıq insanın ömrünü uzadır, çünki bu məhsullar ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır və bütövlükdə orqanizmə müsbət təsir göstərir.
Onu da qeyd edək ki, tədqiqatda əvvəllər insult və ya ürək tutması keçirmiş insanlar iştirak ediblər. Tədqiqatçılar əvvəllər xəstə olmuş adamları məxsusi olaraq seçiblər ki, qidalanma ilə sağlamlığın əlaqəsi haqqında daha dəqiq məlumat ala bilsinlər.
Yarma, meyvə və balıq insult riskini 30 faiz azaldır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bunların 7 milyonu ölümlə nəticələnir. Sağ qalan insult xəstələri arasında əlillik faizi də çox yüksəkdir. Hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi xəstəliyin risk amilini artırır. Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. İnsult keçirənlərin sayı 55 yaşdan sonra iki dəfə artır.
Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Səhhətinə biganə qalmayan hər bir insan üçün bu xəstəlikdən qorunmaq asandır. Zərərli vərdişlərdən uzaq olan, düzgün qidalanan, sağlam həyat tərzi keçirən, siqaret və içkidən uzaq olanların insult keçirmək riski sıfıra bərabərdir. Vaxtında həkim müayinəsindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat gəzmək nəinki insult riskini azaldır, həmçinin insanın əmək qabiliyyətini artırır.
İnsultun profilaktikasında düzgün qidalanmanın böyük rolu var. Mütəxəssislər hesab edirlər ki, mütəmadi olaraq yarma, meyvə və balıq yemək insult riskini 30 faiz azaldır.
Acı yemək vaxtsız ölümün qarşısını alır
Amerikalı alimlərin fikrincə, ədviyyat onkoloji xəstəliklər riskini azaldır, arıqlamağa kömək edir. Müxtəlif ədviyyat növləri ayrı-ayrı xəstəliklərin müalicəsində faydalıdır. Məsələn, diyetoloqlar ürək-damar xəstəliklərindən və şəkərli diabetdən əziyyət çəkənlərin yeməyinə sarıkök (kurkuma) və ya tərkibində sarıkök olan karri ədviyyatı əlavə etməyi məsləhət görürlər. Kayen bibəri isə həzm sistemi problemlərinə kömək edir.
Başqa bir tədqiqat sübuta yetirib ki, çili bibəri miqreni sakitləşdirir. Bu ədva qanın baş beyinə axmasına kömək edir və sinir uclarını fəallaşdırır.
Harvard Universitetinin alimləri 7 il ərzində Çinin 500 min sakinini müşahidə edərək bu qənaətə gəliblər ki, hazır yeməklərə acı ədviyyatın qatılması ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini azaldır. Tədqiqatlar acı yeməklərin vaxtsız ölüm ehtimalını 14 faiz azaltdığını sübut edib.
Kivi yorğunluq və depressiya ehtimalını azaldır
Gündə cəmi iki kivi yemək depressiyanın inkişafı riskinin azalmasına kömək edir. Üstəlik, orqanizm faydalı vitaminlərlə qidalanır ki, bu da əməyin səmərəliliyini artırmağa imkan verir.
Yeni Zelandiyadakı bir klinik tədqiqat mərkəzində bununla bağlı həyata keçirilmiş araşdırmanın nəticələri “Science” jurnalında dərc edilib. 50-dən çox respondent üzərində müşahidə aparan, layihə iştirakçılarının sağlamlıq durumunu təhlil edən ekspertlər bu qənaətə gəliblər ki, gündə iki kivi yemək yorğunluğu azaltmağa və orqanizmi enerjili saxlamağa imkan verir.
Ekspertlərin sözlərinə görə, kivinin tərkibində viruslu xəstəliklərin və soyuqdəymənin qarşısını alan çoxlu maddələr var.
Səhər dondurma yemək beyin fəaliyyətini yaxşılaşdırır
Yaponiyalı tədqiqatçıların fikrincə, səhərlər dondurma yeyən adamlar ağıl və fərasətləri ilə seçilirlər.
Gündoğan ölkə alimlərindən Yosihiko Koqanın araşdırmasının nəticəsi barədə “Daily Mail” nəşrində dərc olunan məqalədə deyilir ki, dondurma insanların reaksiya sürətini artırır və onlarda psixi qıcıqlanmanı zəiflədir.
Y.Koqanın eksperimentə cəlb etdiyi könüllülər səhər yeməyi olaraq dondurma yeyib və bundan sonra məntiq testləri yerinə yetiriblər. Məlum olub ki, dondurma insanların reaksiya sürətini artır və onlarda psixi qıcıqlanmanı zəiflədir.
Y.Koqa həmçinin qeyd edib ki, dondurma yedikdən sonra insanlarda yüksək tezlikli alfa dalğaların bolluğu müşahidə olunur. Alimin gümanına görə, “yüksək döyüş hazırlığı”nı dondurmanın temperaturu yaradır. Buna görə də o, başqa bir qrupu eksperimentə cəlb edib. İştirakçılara naharda bir stəkan soyuq su təklif edilib. Bundan sonra eksperiment iştirakçıları böyük səviyyədə sayıqlıq və əqli qabiliyyət göstəriblər. Lakin onların göstəriciləri səhər yeməyində dondurma yeyənlərin göstəricilərinə çata bilməyib.
Bununla belə, alim xəbərdarlıq edir ki, səhər yeməyində dondurma yeyərkən insan onun yüksək kalorisini və müəyyən xəstəliklərdə zərərini nəzərə almalıdır.
İdeal səhər yeməyi necə olmalıdır?
Ümumiyyətlə, səhər yeməyi qidalanma rejimində mühüm əhəmiyyət daşıyır.
Ekspertlər kompleks sınaqlar zamanı ideal səhər yeməyinin necə olduğunu müəyyən ediblər. Belə ki, Avstraliyanın bir neçə klinik mərkəzində təcrübə aparılıb, qadınlar və kişilər üçün səhər yeməyinin əhəmiyyəti müəyyən olunub.
Mütəxəssislər səhər yeməyinin insana enerji verməsi barədə fikirlərin doğru olduğunu sübuta yetiriblər. Onlar belə qənaətə gəliblər ki, səhər yuxudan oyanandan sonra ilk yemək tarazlı olmalıdır. Səhər yeməyinin vəzifəsi həzm sistemini yükləmədən orqanizmi faydalı maddələrlə təmin etməkdir. Onlar bildiriblər ki, planetimizin əhalisinin 50 faizindən çoxunun səhər yeməyinə münasibəti düzgün deyil. Bu səbəbdən də ağır xəstəliklərin inkişaf riski artır.
Bildirilir ki, səhər yeməyindən əvvəl bir stəkan isti su içmək, səhər yeməyi üçün isə bal qatılmış yulaf sıyığı, yaxud süd məhsullarından hazırlanmış yemək ən ideal variantdır.
Yazıda informing.ru, who.org, mednews.info, healthvesti.com, azertag.az, bbc.com saytlarının materiallarından istifadə olunub.