Qeyri-yoluxucu xəstəliklər 70 yaşadək insanların əsas ölüm səbəbidir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrinin qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə öz üzərlərinə götürdükləri öhdəlikləri necə yerinə yetirməsi ilə bağlı yeni məruzə ilə çıxış edib.
Hesabatda bildirilir ki, ürək-damar, onkoloji, xroniki respirator xəstəlikləri və şəkərli diabet kimi qeyri-yoluxucu xəstəliklər dünyada 70 yaşdan aşağı insanların ölümünün əsas səbəbidir.
Məruzədə qeyd edilir ki, bir çox ölkələr siqaret və spirtli içkilərin istehlakı səviyyəsinin azaldılması, fəal həyat tərzinin təbliği, sağlam qidalanma üzrə tədbirlər hesabına böyük uğurlara nail ola bilib. Bəzi yerlərdə tütün məmulatları üçün verginin artırılması sayəsində ictimai səhiyyə sisteminin maliyyələşdirilməsi möhkəmlənib.
“Bir çox dövlətlər, o cümlədən bəzi yoxsul ölkələr sübut edir ki, irəliləyişə nail olmaq və qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarını azaltmaq tamamilə realdır. Amma bu uğurlar orta və aşağı gəlirli dövlətlərdə kifayət deyil və dəyişkən xarakter daşıyır”, - deyə ÜST-nin baş direktorunun köməkçisi Oleq Çestnov bildirib.
ÜST-nin məlumatına görə, Yer üzündə bütün ölüm hallarının 60 faizi xroniki xəstəliklərlə əlaqədardır. Təkcə 2012-ci ildə qeyri-yoluxucu xəstəliklər dünyada 38 milyon insanın həyatına son qoyub.
2011-ci ildə BMT Baş Assambleyasının qeyri-yoluxucu xəstəliklər probleminə həsr edilmiş ilk yüksək səviyyəli iclası keçirilib. Bunun nəticəsi olan siyasi bəyannamədə bu xəstəliklərin profilaktikası və nəzarəti məsələləri prioritet olub. Bu problemlə bağlı ikinci iclas 2014-cü ildə keçirilib. Nəticə olaraq xroniki xəstəliklərlə mübarizə sahəsində BMT-yə üzv ölkələrə milli məqsədlər hazırlamaq tapşırılıb. Baş Assambleya üçüncü yüksək səviyyəli iclasını 2018-ci ildə keçirməyi planlaşdırır. İclasda 2025-ci ilədək dövrdə milli məqsədlərin yerinə yetirilməsində irəliləyişin qiymətləndirilməsi nəzərdə tutulur.
Xəbəri paylaş