Hindistanda ana və körpələr arasında yayılan tetanus xəstəliyi ləğv edilib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistan hökumətinə analar və yeni doğulmuş körpələr arasında yayılan tetanus infeksiyası, həmçinin digər bir təhlükəli yoluxucu xəstəlik – zöhrəvi qranulema üzərində tam qələbə ilə əlaqədar sertifikat təqdim edib.
Bu barədə BMT-nin saytında bildirilir ki, bir neçə onillik bundan əvvəl bu ölkədə yenidoğulmuşlar arasında 200 minədək tetanus halı qeydə alınırdı. İndi isə bu təhlükəli xəstəliyə nadir hallarda rast gəlinir. Hazırda Hindistanın 675 bölgəsində hər min uşaqdan cəmi biri bu xəstəliklə doğulur. ÜST-nin regional direktoru Punam Ketrapal Sinqh bununla əlaqədar söyləyib ki, belə əhəmiyyətli uğur bütün analara və körpələrə tibbi xidmətə müraciət etmək imkanı yaradılması sayəsində mümkün olub: “Bu təkcə Hindistan üçün deyil, bütün bəşəriyyət üçün qələbədir. Çünki bu ölkədə dünya əhalisinin altıda bir hissəsi yaşayır”.
Bu ilin mayında Hindistanda səfərdə olan ÜST ekspertləri araşdırmadan sonra təsdiq ediblər ki, yerli həkimlər zöhrəvi qranulema xəstəliyinin də qarşısını ala biliblər. Ekspertlər bildirirlər ki, bu infeksiya çirkli həyat şəraiti ilə bağlıdır və bir qayda olaraq ən yoxsul təbəqəni hədəfə alır.
Hindistan ÜST-nin diqqətdən kənarda qalan tropik xəstəliklər üzrə proqramının iştirakçıları arasında bu infeksiyaya ilk qalib gələn ölkədir. Doktor Punam Ketrapal Sinqh əhalinin maarifləndirilməsi və xəstəliklərin erkən aşkarlanması istiqamətində Hindistanın Səhiyyə Nazirliyinin səylərini yüksək qiymətləndirib, digər ölkələri ondan nümunə götürməyə çağırıb.
Hindistandan sonra İndoneziya da tetanus üzərində qələbə barədə bəyanat verib. Beləliklə, Cənub-Şərqi Asiyanın bütün ərazisində əhalinin bu qrupu – analar və yeni doğulmuş körpələr arasında bu xəstəlik ləğv edilib.